Modern.az

Deputat əhalini əmanətlərlə bağlı İşçi qrupuna müraciət etməyə çağırdı

Deputat əhalini əmanətlərlə bağlı İşçi qrupuna müraciət etməyə çağırdı

14 İyul 2011, 14:10

“Əhalinin banklarda batan əmanətlərinin qaytarılması məsələsi hökümətlə birgə həll olunmaldır” Modern.az bildirir ki, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova iyulun 14-də parlamentin yaz sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

Məsələ ilə bağlı yaradılmış İşçi qrupun üzvü, deputat Çingiz Əsədullayev isə bildirib ki, əhalinin əmanətlərinin qaytarılmasında bəzi problemlər var.
“15  ildir bu məsələ gündəmdədir. Bəzi problemlər var. Problem təkcə maliyyə mənbəyi ilə bağlı olan məsələ deyil. Azərbaycanın bu borcu qaytarmağa imkanı var. Amma problemi hansı üsullarla həll edə biləcəyik? İndi bu məsələ müzakirə olunur. İki ildir İşçi qrup yaradılıb.  Mən də onun üzvüyəm. Çox istərdim ki, məsələ ilə bağlı ictimaiyyət öz rəyini İşçi qrupuna çatdırsın”-deyə deputat qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında” sərəncam imzalayıb. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilib.
Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

Sərəncamdan uzun illər ötsə də əmanətlərin qaytarılma mexanizmi hələ də müəyyənləşdirilməyib.
1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar