16 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Məşhur ürək cərrahı: “Əməliyyat edərkən Azərbaycan və Avropa klassiklərinə qulaq asıram” - MÜSAHİBƏ
Məşhur ürək cərrahı: “Əməliyyat edərkən Azərbaycan və Avropa klassiklərinə qulaq asıram” - MÜSAHİBƏ
29.01.2018, 09:03

Rəşad Mahmudov: “Psixoloq yanına gedirəm”

 

Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, Rəşad Mahmudov Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik.

 

- Rəşad müəllim, görürük ki, işiniz çoxdur, xəstə qəbulları çox olur, yəqin buna görə gərginsiniz. Amma müsahibəyə giriş üçün bu sualı verək: Necəsiniz?

- Çox sağ olun, yaxşıyıq. Allah həmişə hamını yaxşı eləsin!

- Deputatlıq və həkimlik fəaliyyəti – ikisini bir yerdə necə çatdırırsınız?

 

- Həkimlik sənətimizdir. Hər bir insana həyatda Allah-Təala tərəfindən verilən missiya var. Bu missiya içində həkimlik sənəti mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Bir insan sənətini həyatının ayrılmaz parçası hesab edirsə, onun içərisində olduğu müddətdə özünü daha rahat hiss edər.

Bu nöqteyi-nəzərdən ürək cərrahiyəsi nə qədər riskli və məsuliyyətli olsa da, biz sənətimizi sevirik. Bizim sənətimiz sənətlər içərisində həyəcanı, çətinliyi və məsuliyyəti bir az çox olandır. Buna baxmayaraq artıq 22-23 il öyrəşmiş olduğum həyatın içərisində zövqlə bu işi görə bilirəm. Bununla da fəxr edirəm.

- Nə qədər peşənizi sevsəniz də, risklər, çətinliklər özü ilə narahatlıq da gətirir. Sizin əsas narahatlıqlarınız nədir?

- Nə qədər fiziki və zehni yorğunluq içərisində olsaq da, xəstə yaxşı olduğu müddətdə özünü rahat hiss edirsən. Xəstənin ağırlığı, xəstədə problemlərin olması, bəzən onlara kömək edə bilməmək həkimlik sənəti üçün ən ağrılı məqamlardan biridir. Bu insanın üzərinə böyük yük gətirir, psixoloji olaraq bizi çətinliyə salır. Amma şükürlər olsun ki, bizim sənətin hər nə qədər çətin tərəfləri olsa da, dünya statistikasına görə 98 faizə qədər xəstələrdən gözəl nəticə almaq olur. Bu da bütün narahatlığımıza ən gözəl dərmandır.

- Kömək edə bilməmək... Həmişə həkimləri təqsirləndirirlər, amma başqa səbəblər də ola bilər. İstərdik bu səbəblərdən danışasınız. Niyə kömək edə bilmirsiniz? Bu, tibbi avaqdanlıqların olmamasından, səhiyyəmizin problemlərindən doğur?

-Kömək edə bilməmək hansısa aparatın olmaması deyil. Bu gün dünyada, səhiyyəsi ən inkişaf etmiş Avropa və Amerikada belə ölümün əsas səbəbi ürək-damar xəstəlikləri ilə bağlıdır. Əgər texnologiya bu işi həll edirdisə, bu problem sıfırlanmalı idi. Bu xəstəliyin özünün ağırlıq dərəcəsinə bağlı olan şeylərdir. Bir həqiqəti etiraf edək. Ölkəmizdə texnologiya tərəfindən əskik olan heç bir şey yoxdur. Lakin texnologiya ilə yanaşı insan resurslarının gücünü daha da yüksəltmək lazımdır. İnsan bacarığı, insan təcrübəsi də önəmlidir. Şəxslər deyil, komandalar güclənməlidir, dünyada var olan bilgilərin üzərində davamlı şəkildə işlənməlidir.

Şükürlər olsun ki, mübarizə apardığımız xəstəliklərin böyük bir hissəsi uğurla nəticələnir. Bu da tibbin bugünkü inkişafı və bizə verdiyi imkanlar daxilində mümkündür.

- 22 ildir həkimlik fəaliyyəti ilə məşğulsunuz, bəs necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

- Deputatlıq fəaliyyəti mənim üçün yeni bir şey idi. Sənətimlə deputatlıq arasında müqayisə aparmaq bir qədər çətindir. Amma bunların bir-birinə bənzər də çox tərəfləri var.

Bu günə qədər ölkəmizdə ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin həm Naxçıvanda, həm digər regionlarda hazırlanmasında düşünürəm ki, az da olsa uğurlar qazanmışıq. Xəstəxanalarda gülərüzlü insan resurslarının yaradılması da yaxşı haldır. Həkimlik sənəti insana xidmət sahəsi  olduğuna görə, burada gülərüzlü və yüksək peşəkar insanların olması çox vacibdir. İşlərimiz davam edir, bununla yanaşı deputatlıq fəaliyyəti də həyatımda ən şərəfli illərdən biridir. Öz sənətimlə nə qədər qürur duyuramsa, deputatlıq fəaliyyətimlə də bir o qədər qürur duyuram. Deputatlıq fəaliyyətimdə aldığım enerji həkimlik işimi daha da həvəslə yerinə yetirməyə vadar edir. Eləcə də həkimlik fəaliyyətimdən almış olduğum enerji deputatlıq işimə öz müsbət təsirini göstərir.  Bu ikisini birlikdə tətbiq etmək təbii ki, psixoloji və zehni yüklər də gətirir. Yaşımızdan ötrü düşünürəm ki, Allahın verdiyi imkanlar daxilində bunların hər birini optimal şəkildə yerinə yetirməyə çalışıram.

- Parlamentdən aldığınız enerjinin bir qismini seçicilərinizə yönəldirsiniz. Deputatı olduğunuz Astara seçicilərinin problemi nədir? Onlar ən çox nədən şikayət edirlər?

- Son 3-5 ildir dünyanın üstünü almış qara bulud hər bir regiona, dövlətə təsir edir. Eləcə də Azərbaycana. Dünyada olan siyasi gərginliklərlə birlikdə iqtisadi gərginliklər də artmağa başladı. Bunlar hər bir ölkəyə və həmin ölkələrin vətəndaşlarına təsir edir. Mən sənətim etibarı ilə hər gün hər bölgədən olan insanlarla qarşı-qarşıyayam. Düşünmürəm ki, Astara regionu ilə digərləri arasında problem baxımından fərqlər olsun. Bu gün problemi olan insanlar əsasən işsizlikdən əziyyət çəkənlərdir. Onların sosial, səhiyyə problemlərinin həlli istiqamətində işlər aparılır. Bunu həll etmək dövlətimizin imkanları daxilindədir. Var olan qanunlar çərçivəsində səhiyyə problemi olan insanlara yardım etmək mənim üçün daha asandır. Boşluqları qapatmaqdan ötrü  xəstələr üçün əlçatanlılığı təmin etməyə çalışırıq.

Biz insanlara zamanında cavabların verilməsində maraqlıyıq. Mənə görə insanların şikayətlərinin çoxu onların müraciətlərinə vaxtında baxılıb-baxılmaması ilə bağlıdır. Anında reaksiya vermək çox vacibdir. Bəzən problemin həlli belə olmursa, bunu doğru şəkildə seçiciyə çatdırmağın özü də yaxşı haldır. Seçici özü də sənə təşəkkür edir və “nə gözəl ki, məni bilgiləndirdin, başa düşdüm” deyir.

- Dünyada və dünyanın bir parçası olan Azərbaycanda ürək xsətəlikləri artır. Gəlin, səbəblərindən söz açaq. Nədir axı ürək problemlərinə “stimul” verən amillər?

- Sadəcə çox geridə qalmış ölkələrdə ürək xəstəlikləri ikinci sıraya düşür. Çünki belə ölkələrdə insanların çoxu ürək xəstəlikləri qazanmadan başqa səbəblərdən həyatlarını itirir. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə birmənalı olaraq ürək-damar sistemi xəstəlikləri ölüm və əlilliyə səbəb olur. İkinci sırada isə onkoloji xəstəliklər gəlir, üçüncüdə isə digər xəstəliklər. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillər var. İllər keçdikcə, insanlar hərəkətdən uzaq həyat tərzi ilə yaşayırlar. İkincisi stress faktorudur. Stress təkcə almış olduğun məlumatın səndə yaradacağı həyəcan deyil. Stress həm də beyinə normadan çox informasiyanın daxil olmasıdır. 10-15 il bundan qabaq internetin olmaması bəlkə də insan sağlamlığı üçün ən faydalı şeylərdən biri idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığıdır. Qida çatışmazlığının həlli yönündə aparılan islahatlar daha çox süni və geni modifikasiya olunmuş məhsulları ön plana çıxarmaqla reallaşır. Bu da dünyada ürək-damar xəstəliklərinin gedişatına təsir edən amillərdən biridir.

Lakin tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizədə uğurlar da qazanılır. Bu xəstəliklərə qarşı mübarizədə uğur olmasaydı, bu gün orta ömür 100 il içərisində 35-dən 75-80-ə yaxınlaşmazdı.

Gəlin, digər bir amilə diqqət çəkək. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı artır. Əvvəllər bu problemi orta ömür 50 yaş olanda insanlarda çox az görürdük. İnsan yaşlandıqca problemləri çoxalır. Bu nisbi artım xəstəliyin çoxalması deyil.  Sadəcə insanın ömrü uzanıb. Yaşlı populyasiya dünyada artır, gənc populyasiya azalır. Yaşlı populyasiya ilə birlikdə xəstə sayının statistik dəyəri yüksəlir.

- Rəşad müəllim, aktiv həyat tərzi keçirib, gündəlik idmanla məşğul olanlar içərisində də ürəkdən vəfat edənlər olur. Söhbət aktiv həyat tərzindən gedirsə, o zaman belələri, hətta idmançılar niyə ürək tutmasından ölürlər?

- Çox maraqlı bir məqama toxundunuz. Əslində xəstəliyin çoxalmasının səbəbi risk faktorlarından əlavə onun üzəçıxarılma imkanlarının artmasından da ortaya çıxır. Əvvəllər bunların çoxundan xəbərimiz yox idi. Əvvəllər diaqnoz qoyulmadığına görə ani ölümlər olurdu və bu dünya statistikasında bir gün görsənirdi. Bu mənada 10-15 il əvvəllə müqayisədə diaqnostikanın və müalicənin imkanları 7-8 dəfə artıb.

İdmançılara gəlincə. Tam sağlam adamın ani ürək problemi olursa, bunun altında genetik xəstəlik faktoru dayanır. Avropada kimsə uşaq yaşlarından idmançı həyatına başlayırsa, o xüsusi analizlərdən keçirilir və genetik analizlər aparılır. Bu gün 10 yaşında bir uşaq professional idman həyatına başlayacaqsa, o, analizə gedir. Onun ürəyində ola biləcək problemlər, risklər öyrənilir. Və yüksək idman hərəkətləri zamanı onun ürəyinin dözümlülüyü ilə əlaqədar testlər həyata keçirilir.

- Bəs bizdə niyə həyata keçirilmir?

- Bununla bağlı xüsusi məlumatım yoxdur. Bunu daha çox idmanla əlaqəli assosiasiyalar, qurumlar cavablandıra bilər. Genetik testlər vasitəsi ilə insanın idmanda qazanacağı uğurların dərəcəsi belə ortaya çıxarıla bilir. İnsan genomu tam açılandan sonra bunlarla bağlı da uğurlar əldə edilib. Genetik testlə müəyyən olunur ki, uşaq 20 yaşından sonra ciddi şəkildə neqativə gedəcək və ya əksinə.

Yəqin ki, bizdə də bununla bağlı görülən işlər var. Azərbaycan cənab prezidentin  idmana göstərdiyi diqqət sayəsində çox böyük uğurlar qazanıb. Bunun gələcək planlarının daha sağlam şəkildə qurulması üçün professionallar tərəfindən həmin prosedurlar sistemli şəkildə tətbiq olunmalıdır.

- El arasında çox eşidirik ki, qadınlardan çox kişilər infarkt olurlar. Belə əsaslandırırlar ki, qadınlar daha çox ağladığına görə, mənəvi aləmlərindəki problemləri azalda bilirlər, kişilər isə yox. İnfarkt nisbəti ilə bağlı fikirlərinizi almaq istərdik: Qadınlarda çoxdur yoxsa kişilərdə?

- Qadınlarla kişilər arasında ciddi fərqlər var. Təbii ki, qadınlar menopoza girənə qədər. Yəni, menopoza girənə qədər qadınlarda estrogen deyilən maddənin birmənalı olaraq ürək-damar xəstəliklərinə qarşı qoruyucu hormon olduğu bilinir. 50-55 yaşlarına qədər qadınlarda infarkt olma riski kişilərə nisbətən dəfələrlə aşağıdır. Ancaq 55 yaşlarından sonra qadınlara estrogen hormonları azalmağa başlayır. Bundan sonra infarkt riski də çoxalmağa başlayır. 65 yaşda isə qadınlarla kişilərin infarkt olma riski bərabərə gəlib çıxır.

- Cəmiyyətdə, mediada Azərbaycandakı ürək əməliyyatların çox baha olması ilə bağlı fikirlər səslənir. Sizə dünya təcrübəsi ilə müqayisədə bahadırmı?

-  Sadəcə bir hadisə, bir ölkə üzərindən fikirlər yürütmək doğru deyil. Yüksək texnologiyalı istənilən əməliyyatlarla bağlı ölkələrdəki statistikalara baxmaq lazımdır. Bu gün kriteriya, texnoloji imkanlar olaraq Avropanın ən güclü xəstəxanalarından bir addım belə geri qalmayacaq gücə sahib olan  xəstəxanalarımız var. Bu gün Avropanın dövlət xəstəxanalarında və ya özəl xəstəxanalarda sığorta şirkətləri tərəfindən ödənilən maliyyəyə baxdığımız zaman görərik ki, qiymətlər Azərbaycandan dəfələrlə yüksəkdir. İnsanlarda bəzən belə düşüncə yaranır: Avropadır, ona görə bahadır. Xeyr, belə deyil. Avropa bir qəpiyini belə lazımsız yerə dövlət sığortasından xərclətməz.

Xərclər, vergilər, ən yüksək texnologiyalı avadanlıqların, materialların istifadə olunması, tibb personalının davamlı üzərində işləmək imkanı, onların sosial problemləri istiqamətində normal əməkhaqqı sisteminin qurulması, bütün bunlara görə vergilərin verilməsi... Avropada belədir.  Xəstəxanalar ciddi bir şəkildə yüksək xərc tələb edən və bahalı avadanlıqların olduğu yerlərdir. Yüksək servis xidməti istəyən xərclər üst-üstə qoyduğumuz zaman düşünürəm ki, Azərbaycanda var olan qiymətlər yüksək deyil.

Bu həftə ərzində Avropanın, İsrailin tibb assosiasiyalarının rəhbərləri Bakıya gələcək. 2018-ci ildə 50 ölkənin iştirakı ilə Avropa Tibb Assosiasiyaların Forumunun Azərbaycanda keçirilməsinə nail olacağıq. Bu mövzuda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman müəllimlə və səhiyyə naziri cənab Oqtay Şirəliyevlə müzakirələr aparılacaq.

Bu gün qiymətin bahalılığından çox xidmətin əlçatanlılığından söhbət getməlidir. Optimal inkişafın qarşısını almayacaq və inkişafa təkan verə biləcək sığorta sistemi olmalıdır. Dövlətimiz də hazırda bunun üzərində çalışır. Bu sistem tətbiq olunandan sonra xəstə üçün tibbi xidmətin bahalı olub-olmamasının önəmi olmayacaq. Sığortalı olmayan bir xəstənin gedib özünün ödəmə etməsi çətinliklər yaradır.

Azərbaycanda xidmətə görə qiymətlər ucuzdur. Eyni xidmətin məbləği İstanbulda, Avropanın istənilən mərkəzində dəfələrlə bahadır. Bu gün ölkədə anjuqrafiyanın qiyməti 300-600 manat arasında dəyişir. Bu da ortalama olaraq 300 dolların altındakı rəqəmlərdir. Bu Avropada 2 min 3 min dollardır və 12 min dollara qədər dəyişir.

- Azərbaycanda ürək-damar xəstəliklərindən ən çox hansı region əziyyət çəkir?

- 2 cür bilgi var: təcrübə ilə əldə olunan və elmi əsaslara dayanan bilgi. Elmi əsaslara söykənən bilgidə elmin altında doğru hesablamalar aparılmalıdır. Doğru bir şəkildə bütün parametlərə biçilmiş düzgün statistika aparılmalıdır. Bu gün ölkə içərisində siz dediyiniz mövzu ilə bağlı geniş tədqiqatın aparıldığının şahidi deyiləm. Şəxsi düşüncəmə görə isə bölgələr arasında çox böyük bir fərq yoxdur. Ürək-damar xəstəliklərinin sayında demək olar ki, bərabərlik var. Amma xüsusiyyətlərində fərqlilik mövcuddur.

Mən Naxçıvanda bu günə qədər xeyli sayda açıq ürək əməliyyatı etmişəm. Naxçıvan dəniz səviyyəsindən yüksək olduğuna və atmosfer təzyiqi aşağı olduğuna görə, buranın insanlarında ürək damarlarının keyfiyyəti daha yaxşı görünür. Tibbi olaraq bunun izahı var. Dağlıq yerlərdə bu hal normaldır.

- Cəmiyyətdə səhiyyəyə olan münasibət birmənalı deyil. Bəzən səhv bəlkə də pasientdə olur, bu öz yerində. Bəs həkimlərimiz necə, məsuliyyətlidirmi?

- Çox dolğun və uzun cavab tələb edən bir məsələyə toxundunuz. Heç bir zaman düşüncələr və fikirlər birtərəfli ola bilməz. Əgər biz bu gün səhiyyəyə qarşı olan düşüncələri əsas götürsək, bununla problemləri həll etmək olmaz. Səhiyyədəki hər şeyi qara kimi göstərdiyimiz zaman da problemdən çıxış yolu tapa bilmərik. Bunlar düşünən beyinlərin oturub müzakirə aparması ilə həll olunan məsələlərdir. Amma bu gün işin təməlində insanların tibbə əlçatanlığı olmalıdır. Tibbi sığorta olduqdan sonra avtomatik şəkildə münasibətlər tənzimlənəcək. Xəstəxana “bir ödəmə olmayacaq” deyə dərd çəkmir, xəstə də ödəmə edə bilməmək problemini düşünmür. İşin bu mərhələsinə gələndən sonra tibb təhsili güclü olmalıdır. Bir reallığı qəbul edək. Azərbaycanda 1980-ci illərdən sonra, 2000-ci ilə qədər olan müddət içərisində tibb təhsilində çox ciddi əskikliklər oldu. Daha sonra islahatlarla birlikdə yeniliklər qazandıq. Lakin vaxtında buraxılan boşluqların izlərini bu gün hiss etməliyik. Hiss etməsək,  o  zaman biz inanmayacağıq ki, indi gördüyümüz işlər 10-15 il sonra nəticə verəcək.

Əsas mövzu tibb sahəsi üzrə diplom almaq deyil. Diplomdan sonrakı təhsilin doğru davamlılığını saxlamaq lazımdır. Ölkəmiz üçün ən aktual məsələlərdən biri həkimlərlə birlikdə tibb bacıları və tibb qardaşlarının hazırlanması ilə əlaqədar islahatları daha da gücləndirməkdir. Çünki xidmətin əsas yükü onların üzərindədir.

Azərbaycanda 2011-ci ilə qədər rezidentura proqramının olmaması ölkə səhiyyəsi üçün böyük deffekt idi. Bu, postsovet məkanı üçün xarakterik idi. 6 il tibb təhsili olan birini 1 illik kursla, internatura ilə həkim etmək dünyada uzun illərdir qəbul olunmayan məsələdir. Biz isə rezidenturanı 7-8 il bundan qabaq tətbiq etməyə başladıq, problemdən qurtulduq. Bu islahatların təsirini ölkə vətəndaşları önümüzdəki illərdə daha ciddi bir şəkildə hiss edəcək.

- Rəşad müəllim, bilirik ki, belə bir hüquqi öhdəliyiniz yoxdur, bu mənəvi məsələdir. Pulsuz əməliyyatlar etmisinizmi?

- Əslində dünyada pulsuz əməliyyat deyilən bir şey yoxdur. Dünyada pulun, ödəmənin kim tərəfindən edildiyi əməliyyatlar var. Yəni vətəndaş gəlib ABŞ-da əməliyyat olunur, ödəmə etmir. Lakin bu, o demək deyil ki, həmin əməliyyat pulsuz oldu. Həmin pul sığorta şirkəti tərəfindən, hansısa fond, xeyriyyə cəmiyyəti tərəfindən ödənilir.

Bizdə isə insanları bir şey çaşdırır. Elə bilirlər ki, dünyanın hansısa yerində pulsuz səhiyyə var. Dünyada pulsuz səhiyyə deyilən bir şey yoxdur. Ümumiyyətlə bu kəlimənin terminologiyasında problem var.  Dünyada pulun kim tərəfindən verildiyi səhiyyə var.

Heydər Əliyev Fondunun və Dövlət Neft Şirkətinin dəstəyi ilə minlərlə insan üzərində pulsuz, təmənnasız proseduralar həyata keçirmişik. 1500-2000-ə yaxın insanın pulsuz açıq ürək əməliyyatı etmişik. Mən komandanın bütün üzvlərinə təşəkkür etmək istəyirəm. Aprel döyüşlərinin üzərindən 10 gün keçdikdən sonra Füzulinin Böyük Bəhmənli kəndinə gedib orada 10 uşaq üzərində açıq ürək əməliyyatları tətbiq etdik. Deviz olaraq özümüzə bunu seçdik: “Uşaq ürəkləri Qarabağda döyünür”. Biz həm də dünyaya mesaj vermək istəyirdik ki, sülh istəyirik, qan yox.

- Bəzi həkimlər əməliyyat zamanı gərginliyini aradan qaldırmaq üçün mahnıya qulaq asır. Siz də belə edirsiniz?

- Bəli. Müasir əməliyyatxanalarda olduğumuza görə imkanlarımız daha da artıb. Uzun illər birlikdə işlədiyimizə görə komandanın üzvləri sənin ruh vəziyyətinə görə situasiyanı bilirlər. Əməliyyatın ağırlığına görə musiqilər seçib qoyurlar. Əməliyyat zamanı seçdiyimiz musiqi repertuarları genişdir. Biz 90 faiz əməliyyatlarda musiqidən istifadə edirik. Çox əməliyyatlarımızı musiqi sədaları altında həyata keçiririk.

- Ən çox hansı musiqiyə üstünlük verirsiniz?

- Sağlıq olsun, bir dəfə əməliyyatxanaya girib repertuarla tanış ola bilərsiniz. Ürək əməliyyatları zamanı daha çox Avropanın və Azərbaycanın klassiklərini dinləyirik. Çünki bu ruh halı üçün o musiqilər uyğundur.

- Deputat Nəriman Əliyevin ürək əməliyyatı 9 saat çəkib. Siz ümumiyyətlə ən çox nə qədər müddətdə əməliyyatda olmusunuz?

- Dayanmdan 24, 26 saata çatan əməliyyatlarımız olub.

- Buna necə dözmüsünüz?

- O işin həyəcanı bəzən başqa şeyləri yaddan çıxardır. Bunu yalnız yaşayan insan başa düşər.

- Tanınmış həkimsiniz, cəmiyyətdə və siyasi elitada kifayət qədər tanınırsınız. Gələcəkdə hər hansı bir vəzifə gözləyirsinizmi?

- Birincisi həkim kimi üzərimə kifayət qədər vəzifə və məsuliyyət düşür.Bundan əlavə mənim qanunverici orqan olan Milli Məclisdə üzərimə düşən məsuliyyət kifayət qədər böyükdür. Buna görə də gələcəkdə siz dediyinizlə əlaqədar plan və düşüncələrim yoxdur. Amma əlbəttə ki, dövlətimizin və dövlət rəhbərliyimizin verdiyi tapşırıq, etimad biz tərəfdən əmr kimi həyata keçiriləcək.

- Hansısa yeni qanun layihəsi hazırlamağı düşünürsünüzmü?

- Hazırda əsasən 2 məsələ üzərində iş gedir. Səhiyyə komitəsi bu işlə əlaqədar çox çalışır. Əsasən “Sağlamlığın qorunması haqqında” qanunda ciddi dəyişikliklərin, yeniliklərin olmasına ehtiyac var. İkinci məsələ ürək-damar xəstəlikləri ilə bağlıdır. Biz ürək damar xəstəlikləri ilə bağlı dövlət proqramının hazırlanmasına çalışırıq. Bu, ölkəmiz üçün çox vacibdir. Bu əlçatanlığı və inkişafı paralel saxlayan bir həqiqətdir.

- Rəşad müəllim, Azərbaycanda tanınmış psixoloqlarından biri bizə demişdi ki, onlar belə psixoloji testlərdən keçirlər, müayinə olunurlar. Siz necə, psixoloq yanına gedirsiniz?

- Bəli, mütləq. Ehtiyacımız olan zaman psixoloq yanına gedirəm. Normalda hər bir sağlam insanın da psixoloqa ehtiyacı var. “Psixoloqa ehtiyacımız yoxdur” dediyimiz zaman psixoloji problemlər başlayır. Ola bilər ki, psixoloq sənə başqa bir şeyə ehtiyacının olmadığını və doğru yolda olduğunu deyə bilər. Amma o demək deyil ki, psixoloqa ehtiyac yoxdur. Bunun özünü belə psixoloqdan eşitmək çox vacibdir. Xüsusilə həkimlik sənətinin tətbiqində psixoloji dəstəyə ehtiyac olur.

- Münasib bilirsinizsə, ailəniz haqqında da danışardınız.

- 3 övladım var. Hələ məktəb yaşlarındadırlar. İnşallah, arzumuz budur ki, istədikləri sənətləri seçsinlər, onu sevsinlər, ölkəsinə qiymətli insanlar yetişdirsinlər.

- Siz həkimliyin məsuliyyəti və ağırlığından danışdınız. Bu mənada istərdinizmi övladlarınız da sizin kimi həkim olsunlar?

- Bunlar fərdi hisslərdir. Deməkdə çətinlik çəkirəm. Tək arzum var. Övladlarım özlərini xoşbəxt hiss edəcəkləri sənətə həsr etsinlər. Əmin olsam ki, mənim keçirdiyim hisslərlə həkimlik sənətinə sahib olacaqlar, dünyadakı bütün insanların həkim olmasını arzulayardım. Mən həkimlikdən həddindən artıq zövq alıram, bütün çətinliklərinə baxmayaraq. Övladlarıma da bildirirəm ki, sevdikləri işlər qismət olsun onlara. Bir də sağlam vətəndaş olsunlar. Bu iki amil olduqdan sonra həyatda bacarmayacağın heçnə yoxdur. Və əlbəttə ki, sağlam bədənləri olmaq şərtilə.

 

Aqşin KƏRİMOV

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ    
16.07.2018, 12:29

Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ  

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”
16.07.2018, 12:23

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”

I və IV qruplar üzə qəbul imtahanı KEÇİRİLƏCƏK
16.07.2018, 12:09

I və IV qruplar üzə qəbul imtahanı KEÇİRİLƏCƏK

Əli Həsənov: “Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”
16.07.2018, 12:06

Əli Həsənov: “Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi
16.07.2018, 12:02

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi

Muxtar Babayev TürkPA-nın baş katibi ilə görüşüb
16.07.2018, 12:01

Muxtar Babayev TürkPA-nın baş katibi ilə görüşüb

Mafiya itin başına 70 min dollar qoydu
16.07.2018, 11:59

Mafiya itin başına 70 min dollar qoydu

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ
16.07.2018, 11:55

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
16.07.2018, 11:47

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı
16.07.2018, 11:45

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı

Binəqədi rayonunun rəhbərliyi iclasa toplaşdı
16.07.2018, 11:44

Binəqədi rayonunun rəhbərliyi iclasa toplaşdı

11 nəfər çimərlikdə boğulmaqdan xilas oldu
16.07.2018, 11:31

11 nəfər çimərlikdə boğulmaqdan xilas oldu

Komitə sədrindən XƏBƏRDARLIQ: “Azərbaycanda dini-radikal qruplar daha da aktivləşib”
16.07.2018, 11:29

Komitə sədrindən XƏBƏRDARLIQ: “Azərbaycanda dini-radikal qruplar daha da aktivləşib”

Tramp Putinlə görüşə gəldi
16.07.2018, 11:28

Tramp Putinlə görüşə gəldi

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir
16.07.2018, 11:23

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı   
16.07.2018, 11:17

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı  

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı
16.07.2018, 11:11

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq
16.07.2018, 11:08

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”
16.07.2018, 11:01

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”

Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi - FOTO  
16.07.2018, 11:01

Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi - FOTO  

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT
16.07.2018, 10:58

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı
16.07.2018, 10:51

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir
16.07.2018, 10:39

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı davam edir

Putin-Tramp görüşü ilə bağlı vacib AÇIQLAMA
16.07.2018, 10:37

Putin-Tramp görüşü ilə bağlı vacib AÇIQLAMA

Rezidenturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ
16.07.2018, 10:33

Rezidenturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Neft yenidən ucuzlaşır - SƏBƏB   
16.07.2018, 10:28

Neft yenidən ucuzlaşır - SƏBƏB  

ABŞ mətbuatı Gülənə münasibətini dəyişdi
16.07.2018, 10:23

ABŞ mətbuatı Gülənə münasibətini dəyişdi

Əhalinin Beynəlxalq Bankda 1.26 milyard manat əmanəti var
16.07.2018, 10:16

Əhalinin Beynəlxalq Bankda 1.26 milyard manat əmanəti var

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar
16.07.2018, 09:59

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Ermənistan atəşkəsi 96 dəfə pozdu
16.07.2018, 09:45

Ermənistan atəşkəsi 96 dəfə pozdu

Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi
16.07.2018, 09:38

Təbiətə ziyan vuranlar Baş Prokurorluğa verildi

Bu ölkədə etirazlarda ölənlərin sayı 10-a çatdı
16.07.2018, 09:36

Bu ölkədə etirazlarda ölənlərin sayı 10-a çatdı

Trampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaq   
16.07.2018, 09:24

Trampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaq  

Son iki gündə 11 qəza olub: 7 ölü, 22 yaralı
16.07.2018, 09:17

Son iki gündə 11 qəza olub: 7 ölü, 22 yaralı

Cüdoçularımız Almaniyada Avropa kubokunu qazandılar
16.07.2018, 08:59

Cüdoçularımız Almaniyada Avropa kubokunu qazandılar

ARXİV