Modern.az

Abxazlar gürcüləri hiddətləndirdilər...

Abxazlar gürcüləri hiddətləndirdilər...

Təhsil

14 İyul 2011, 16:27

Abxaziya informasiya agentliyi “Apsnipress”in verdiyi məlumata görə, qondarma “Abxaziya Respublikası”nın parlamenti Gürcüstanın etirazlarına baxmayaraq, prezident seçkisinin vaxtını avqustun 26-na təyin edib.

Kökü XVII əsrə dayanan Gürcüstan-Abxaziya münaqişəsi zamanla davam edib. 2008-ci ilin iyulunda Rusiya Gürcüstanın müharibəyə hazırlaşdığını iddia edərək Abxaziya və Osetiyaya qoşun yeridib. Rusiya qırıcıları qısa müddətə Cənubi Osetiyadan Gürcüstanın hava sərhəddinə soxulub bombardman həyata keçiriblər. Həmin il aprelin 26-da Rusiya rəsmi olaraq Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət olaraq tanıdı.

İndi Abxaziyada separatçı rejim seçkilərə ciddi hazırlıq görür. Separatçı rejimin parlamenti “Abxaziya dövlətçiliyin yetkinlik mərhələsini keçir, biz demokratik seçkilərlə ölkəmizi tam demokratik dövlət halına gətirəcəyik” deyə bəyan edib. Hazırda qondarma respublikanın prezidentinin səlahiyyətlərini yerinə yetirən  Aleksandr Ankvab, baş nazir, Serqey Şamba və hazırki müxalifətdən olan Raul Khajimba seçkilərdə əsas namizədlərdir.

Bu proses Gürcüstanda istər hakimiyyət, istərsə də xalq arasında ciddi narazılğa səbəb olub.

Rəsmilər Gürcüstan ərazisindəki qondarma dövləti və onun heç bir seçkisini tanımadığını bildiriblər.

Bu hadisə sadə insanları ciddi narahat edir.

Jurnalist Tamar Mşvenieradze: “Mən “Abxaziya” adlı dövlətin varlığını heç cür qəbul edə bilmərəm. Elə bir dövlət olmayıb və olmayacaq da”.   

23 yaşlı ingilis dili müəllimi Tamuna Qiqaşvili: “Heç bir insan öz dövlətinin ərazisində başqa dövlətin qurulmasını qəbul edə bilməz. Mən heç vaxt “Abxaziya” adlı dövləti qəbul edə bilmərəm. Bu “seçkilər” heç də xoş xəbər deyil”.

Abxaziyadakı seçkilər Gürcüstan vətəndaşı olan azərbaycanlıların da narazılığına səbəb olub. Tələbə İntiqam Hacıyev: “Mən Gürcüstan vətəndaşı kimi ölkəmin ərazisində qondarma bir dövlətin yaradılmasını rədd edirəm. Oradakı “seçkilər”in baş tutması savaşa yol aça bilər”.

Media işçisi Tino Altunaşvili: “Ölkəmizə qarşı edilən bu hörmətsizliyin, dünyanın nüfuzlu təşkilatları tərəfindən qarşısı alınmalıdır”.

Vətəndaş Zura Cavcavadze: “Bu savaş deməkdir”.

2008-ci ildəki  müharibə nəticəsində Gürcüstan 228 mülki, 184 hərbi qulluqçusunun öldüyünü və ya itkin düşdüyünü bildirib. Rusiya isə 64 hərbi qulluqçusunun və Cənubi Osetiyadan olan 162 mülki şəxsin öldüyünü açıqlayıb.

Vüqar Quliyev
Tiflis

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır