Modern.az

Müəllimin hər sözü uğura aparan yoldur

Müəllimin hər sözü uğura aparan yoldur

Təhsil

29 Yanvar 2018, 12:11

Almara Hümbətova,            
Təhsil İnstitutunun dissertantı,
kimya müəllimi, fəal ictimaiyyətçi
 


“Əziyyətlə gələn bilik həqiqi bilikdir və o hər zaman səninlə olacaq”
(E. Elmer)

 

Müəllim peşəsi öz mahiyyəti və əhəmiyyətinə görə cəmiyyətdə xüsusi yer tutur. Çünki, müəllim əməyinin xüsisiyyəti ondan ibarətdir ki, onun obyekti və məhsulu insandır. Deməli, millətin gələcəyi müəllimlərin əlindədir. Onlar həkimi, alimi, mühəndisi, fəhləni yetişdirdiyinə görə, həmişə mərkəzdə duracaq. Gənc nəslin bəşəriyyətin əldə etdiyi elmi – texniki və əxlaqi – mənəvi sərvətlərə yiyələnməsi, vətəndaş kimi yetişməsi bir sıra mühüm amillərlə ölçülür. Bunların sırasında təlimin imkanları şəksizdir. İntellektual fəaliyyət mədəniyyətinə, metodiki hazırlığa malik olan müəllimin qarşısında yeni tədris proqramları əsasında, dərsdə elmiliyin təmin edilməsini, şagirdlərin idrak fəallığının artırılmasını, onların müstəqilliyinin təmin edilməsini, kimya elmi sahəsindəki yeniliklərlə, bilikləri bir – biri ilə uzlaşdıraraq, yeni bilik yaratmaq, yəni yaradıcı təfəkkürü inkişaf etdirmək, şagirdlərin təhsili, tərbiyəsi və şəxsiyyətin inkişaf etdirilməsi vəzifələrinin kompleks həlli və. s. kimi mühüm vəzifələr durur. Bu məsələlərin həllində valideynlərin köməyi vacibdir.

         
 Mədəniyyətin səviyyəsi əməyə məhəbbətdən asılıdır. Bu mənada pedaqoji işdə şəxsi nümunə əvəzsiz rol oynayır. Dərs, müəllimin ümumi və pedaqoji mədəniyyətinin güzgüsüdür, onun bilik səviyyəsinin göstəricisidir. Müəllim öz üzərində daim çalışaraq, elə etməlidir ki, daxil olduğu sinifdə, auditoriyada maraq dairəsinə çevrilsin, əlbəttə ki, biliyi ilə.

          
Müəllim böyüməkdə olan gənc nəslə qayğı ilə yanaşmaqla, tələbkar, prinsipial və ədalətli, mədəni olmalı və etik normalara əməl etməlidir. Şagirdlərinin qəlbinə yol tapa bilmək, özünü şagirdlərə sevdirmək, valideyn və ictimaiyyətlə dil tapa bilmək, pedaqoji mərifətə malik olmaq müəllimin pedaqoji fəaliyyətinin əsas xüsusiyyətlərindəndir. Nəzakət, sadəlik, təvazökarlıq, təmislik, mənəvi saflıq, paklıq və ülvilik rəmzi olan müəllim şəxsiyyəti və onun pedaqoji ustalığının dərinləşməsində yüksək əxlaqi və iradi keyfiyyətlərinin mühüm rol oynaması, təlim və tərbiyənin müasir problemlərini həyata keçirə bilmək üçün hərtərəfli pedaqoji qabiliyyətə malik olmalıdır. Eyni zamanda zahiri görkəmi, həyata baxışı, danışıq tərzi, dərin biliyi, hərtərəfli dünyagörüşü, özünün mənəvi dünyası ilə fərqlənən müəllim dərslərində yeni texnologiya və metodlardan istifadə edərək, nəticəd, həmişə uğur qazanır. Məlumdur ki, hər bir dərsliyin təhlilə ehtiyacə vardır. Əgər müəllim bilikli olmasa, pedaqoji və vicdan məsuliyyəti daşımasa, onda yaxşı bilik vermək niyyəti yoxdursa, ürəyi səmərəli dərs demək eşqi ilə döyünməsə, keçdiyi mövzu tam təfsilatı ilə onun özünə  aydın deyilsə, heç bir dünyəvi təlim metodları, əyani vəsaitlər, praktiki təcrübələr və kompüter mövzu ilə əlaqədar şagirdlərə əsaslı biliklər aşılatmaqda həmin müəllimə kömək edə bilməz. Çünki, tədris prosesi nə qədər müxtəlif təminat, təchizat, metod və üsullar baxımından təkmilləşsə də, əsl müəllim faktoru dərsin səmərəliliyi üçün öz aktuallığında qalır və həmişə də qalacaqdır.

 Düzgün ünsiyyət şəraitində qurulan təlim prosesi şagirdlərdə müsbət motivlərin, təlimə müsbət münasibətin formalaşmasına, təlimdə əlverişli mənəvi – psixoloji iqlimin yaranmasına kömək göstərir. Müəllimin səmimiliyi, qayğıkeşliyi, diqqətliliyi, ədalətliliyi şagirdlərdə təlimə maraq, səy və məsuliyyət hissini artırır. Deməli, öyrətmək, tərbiyə etmək və inkişaf etdirmək kimi zəruri keyfiyyətlərin yəni başlıca vəzifələrin yerinə yetirilməsində təlim əvəzsiz vasitədir.

 

Dünyanı çiynində daşıyanlar

 

Tarix göstərir ki, hər hansı bir ictimai quruluşdan, hər hansı bir dövrdən asılı olmayaraq, bəşəri xidmət insanlığın şərəfidir. O insanın adı tarixdə əks olunub əbədiləşir ki, mövcud quruluşda, mövcud siyasi, iqtisadi və əxlaqi münasibətlərin həll olunmasının, fərd ilə cəmiyyət arasında ahəng yaradıb, onları ictimai mənafeyə xidmət üçün yönəltməyin, alicənablıq, xeyirxahlıq kimi nəcib sifətlərə malik olmaqla, yüksək vətənpərvərlik hisslərinin, bütün enerjisini vətənin çiçəklənməsi, xalqın rifah halının yüksəlməsinə istiqamətləndirməyi bacarsın. Hansı dövrdə olusa – olsun, belə adam dünyanın səsinə - səs verməyi bacarır, ülvi amallar uğrunda çarpışır, özünün böyük əməllər üçün yarandığını dərk edir. Hiss edir ki, insan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlmişdir.

               
Bütün vəzifələrdən ucada bir vəzifə durur, insanlıq vəzifəsi. Hər adam bu vəzifəni layiqincə yerinə yetirə bilmir. Yer üzündə bütün insanlar həyat adlı qatarın sərnişinləridir. İnsan bütün əməlləri ilə bu qatarda yol gedir. O qatar kimini mənzil başına çatdıra bilər, kimini də yarı yolda qoyar. İnsan bütün ömrü boyu gördüyü xeyirxah əməllərlə qəlblərdə özünə sevgi ünvanı qazana bilər. İnsan gözəlliyinin zirvəsi isə onun etdiyi yaxşılıqlar, savab işlərdir. Məhz bu əməllər insanı ali mərtəbəyə çatdıra bilər. Xoşbəxtlikdən bu gün cəmiyyətimizdə belə insanlar var və onların varlığı dünyanı saxlayır. Onların əkdikləri yaxşılıq toxumları insanların qəlbində zaman – zaman cücərir və yeni pöhrələr verir. Həyatda elə insanlar da var ki, sağlıqlarında əfsanələşirlər. Çünki, böyük şəxsiyyətin şöhrəti də böyükdür. Aqillər deyir ki, qayğının qapı – çəpəri yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə, hər yerdə onu hiss edirsən.

               
Ağac meyvə verəndə daha gözəl görünür. Necə ki, suyun gözəlliyinin zirvəsi şəlalədir, dağ ağ çalması ilə öyünə bilər, qartal qanadlarını gərib, sərt qayalara kölgə salanda məğrur görünür, nəinki dar qəfəsdə məzlum günə düşəndə. İnsan da belədir. Onun kimliyi isə əməlləri ilə ölçülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır