Modern.az

Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir  

Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir   

29 Yanvar 2018, 14:30

Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Modern.az xəbər verir ki, regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının icrasının bu il başa çatdığını deyən Prezident İham Əliyev dördüncü proqramla bağlı işlərə başlanacağını bildirib.

“Dövlət proqramlarının icrası çox uğurla gedib və  qarşıda duran vəzifələr icra edilib” deyən ölkə başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırıb. 2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar biriliyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini, inkişaf parametlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən olduğunu bildirib.

Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artımaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb, içməli su və kanalizasiya problemləri uğurla həll olunub, kənd təsərrüfatının inkişafı üçün meliorativ tədbirlər görülüb, 4 su anbarı tikilib, 12300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdıralacaq. Bundan əlavə, ölkədə 7 aeraport, Ələt dəniz ticarət limanı, Gəmiqayırma zavodu inşa olunub.
Son 14 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində də ciddi artım əldə olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb.


 Bütün bunların isə ölkəmizə siyasi və iqtisadi müstəqillik verdiyini deyən Prezident İlham Əliyev bildirib ki, son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Ölkəmizdə demoqrafik proseslərin də sürətlə getdiyini, ötən 14 ildə əhalimizin 1,5 milyon nəfər artdığını deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu dövrdə maaş və pensiyalar dəfələrlə artıb, önəmli sosial layihələr icra olunub, minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya-idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, “Asan xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sahəsində bir inqilaba çevrilib. Kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin üzunmüddətli və uğurlu inkişafını şərtləndirib. Bakı-Tbilisi-Qars dəmir yolunun bölgədə nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihə olduğunu deyən dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətini vurğuladı, bütün bu layihələrin ölkəmizin uzunmüddətli inkişafına şərait yaratdığını bildirib.

Sonra Lənkaran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Düzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Vahid Hüseynov və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev görülən işlərlə bağlı məruzə ediblər.


Prezident İlham Əliyev yekun nitqində qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Yeni torpaq sahələrinin suvarılacağını, avtomobil yollarının çəkiləcəyini, 6 rayon mərkəzi xəstəxanasının, 137 modul tipli məktəbin, 4 olimpiya-idman mərkəzinin tikiləcəyini, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində olacağını bildirib.

Yeni iş yerlərinin açılmasının daimi proses olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev özünüməşğulluq, həmçinin, Ailə Biznesinə Asan Dəstək - ABAD proqramının əhəmiyyətindən danışıb. Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı görülən işləri vurğulayıb. Qarşıdakı dövrdə 3 “Asan xidmət” mərkəzinin, xalça fabriklərinin açılacağını, yeni sənaye müəssisələrinin fəaliyyətə başlayacağını deyən Prezident İlham Əliyev turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verib. Azərbaycanda iqtisadi və maliyyə vəziyyətinin sabit olduğunu, ölkədə gedən islahatların uğurlu nəticələr verdiyini və beynəlxalq səviyyədə təqdir olunduğunu deyən dövlət başçısı bir daha vurğulayıb ki, ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir və dövlətimizi daha da gücləndirir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir