Modern.az

Parlamentdə məmur maaşının mübahisəsi-Hiddətlənən Rəsulzadə, iclası tərk edən deputatlar  

Parlamentdə məmur maaşının mübahisəsi-Hiddətlənən Rəsulzadə, iclası tərk edən deputatlar   

30 Yanvar 2018, 00:21

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə silsilə yazılarını davam etdirir. Bu dəfə yenə də AXC parlamentinin iclaslarının birində yaşanan maraqlı hadisəni oxucuların diqqətinə çatdıracağıq. Hadisə deyərkən, təbii ki, qeyri-adi bir əhvalat deyil, paramentdə edilən cəsarətli və tarixə həkk olunan çıxışlardan, müzakirələrdən danışacağıq. Belə gərgin müzakirələrdən biri də  Milli Şuranın banisi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. O, 1919-cu ilin 4 may tarixində, parlamentin sayca 33-cü iclasında müzakirəyə çıxarılan vacib məsələlərin qəbulu zamanı yaşanan mübahisələrə qarışmalı olur. Xəyalən də olsa, 1919-cu ilin mayına, Cümhuriyyətin parlament zalına səfər edək. O zaman parlamentdə 3 vacib qanun müzakirəyə çıxarılmışdı:

1. Gəncə bələdiyyə idarəsinə bir milyon rüblə borc verilməsi haqqında layiheyi-qanuniyyə;

2. Hökumət məmurlarının məaşlarının təzyidi haqqında layiheyi-qanuniyyə;

3. Sərmayə vergisi;

 

Sənədlilik baxımından qanunların adını olduğu kimi təqdim etdik. Amma hər üç qanunun müzakirəsi xeyli mübahisələrə səbəb olub. Hər üçünün də müzakirəsi zamanı verilən qərarla razılaşmayan deputatlar iclas zalını tərk etməyə qalxıb. Gəlin, iclasdan “reportaja” başlayaq:

Demək, hər üç qanun oxunub. Rəsulzadə ondan sonra söz alaraq, məsələyə münasibət bildirir: Təklif olunan bu üç maddədən 1-2-ci məmləkətin iqtisadiyyatından başqa vəziyyəti-siyasiyyəsi ilə əlaqədardır. Bu siyasət ilə uğraşmağa da, intixab edib inandığımız və məmləkətin təkiyəgahi olan hökumət vardır. Bu onun borcudur. Ona vaküzar olunmalıdır ki, bu siyasi məsələni həll edib lazımi tədbirlər görsün. Neft ticarəti üçün Həştərxan yolunun açılmasına lüzum olduğunu hökumət öz bəyənnaməsində söyləmiş olduğundan böylə nazik siyasi zamanlarda burada fəzlə izahatlarda bulunmaq artıqdır. Ona görə böylə nazik siyasi məsələlərdə vaqe olan təklifləri etimad etdiyimiz hökumətə demək və buna meydan verməyi artıq bilirik. Fəqət, 3-cü maddəyə onsuz da müvafiqət edib rəy verəcəyik.

 

Sədr - Söz Əhməd Cövdət bəy Pepinovundur.

 

Əhməd Cövdət bəy - Əfəndilər! Biz də öylə zənn ediriz ki, maliyyə nazirinin dediyi kimi bizə izahat verilməli idi. Fəqət, parlaman qət etdi ki, müzakirat bitsin, biz isə deyirik ki, müzakirat qət olunmasın və cəmaət tərəfindən vəkil olduğumuzda bizə gizli və aşkar da olsa məlumat verməlidir. Taki doğru tədbir görmək mümkün olsun. Təkliflərə gəldikdə Məmməd Əmin əfəndi söylədilər ki, birinci və ikinci təkliflər barəsində danışmaq artıqdır. Hökumət nümayəndəsi maliyyə naziri isə deyir ki, birincini qəbul etmək olar. Biz də bilirik ki, bu məsələ mühüm və nazikdir. Hər halda açıq olmazsa da qapalı iclas qura bilərik ki, orada hökumət nümayəndəsi izahat versin. Yoxsa gözümüz qapalı bu pulların buraxılmasına razı ola bilmərik. Camaət nümayəndələrindən heç bir şey gizlətmək olmaz. Əgər hökumət nümayəndəsi bizə izahat verməyə söz vermirsə və buna görə qapalı iclas olmasını lazım görürsə biz təklifimizi növbədən götürərik.

 

Rəis - təklifləri bir-bir səsə qoyuram...

 

Məmməd Əmin (yerindən) - Mən elə bilirəm təklif geri alınıb, qapalı iclasa buraxılmışdır.

 

Rəis - Yox, mən səhv etdim. Təqsir məndədir ki, bunu buraxdım. Mən üzr istəyirəm. Təklif imzasız olub.

Nakaz ilə düz deyildir. İmza atan özü danışar idi.

 

Məmməd Əmin (yerindən) - O vaxt müzakirə edə bilmərik.

Səslər - Fraksiya tərəfindən deyildir.

 

Məmməd Əmin (yerindən) - Nizamnamə ilə düz deyildirsə, səsə qoymaq olmaz.

 

Sədr - Söz maliyyə naziri Əliağa Həsənovundur.

 

Əliağa Həsənov - Əvvəlinci maddəni hər gah dedim ki, qəbul etmək olar. Mən öz fikrimi dedim. Əvvəlcə dedim ki, hökumətin bu barədə müzakirəsi olmayıbdır. Mən əvvəlinci maddə barəsində dedim ki, öz rəyimlə qəbul edə bilərəm. İkincinin buraxılması mümkün deyildir. Buyurdular qapalı iclasda izahat verilsin.

Ərz elədim ki, bu barədə müzakirə olunacaqdır. O vaxt rəyinizi deyərsiniz. O vaxt hökumət öz rəyini deyər, parlamanda mən güman edirəm ki, bir neçə ay saxlanıb duran şeyi bir neçə gün də saxlana bilər. Yenə təkrar edirəm ki, birinci maddə mənim öz rəyimdir.

 

Məmməd Əmin (yerindən) - Gözləyə bilmərik ki, imza edilsin. Təklif varsa qoyun səsə.

 

Sədr - Təklif var ki, məclis qapanıb qalan məsail yarına qalsın. Bu təklifi Abdulla bəy Əfəndizadə, Qarabəy Qarabəyli, Heybətqulu Məmmədbəyov imza etmişlər. Kim bunun əleyhinə danışmaq istəyir?

 

Məmməd Əmin (yerindən) - Məsələ bitdi, danışan yoxdur.

 

Sədr - Onda səsə qoyuram. Bu məsələ qurtarsın, qalanı sabaha qalsın. Hər kəs buna tərəfdardısa əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəy ilə təklif qəbul olunur. (Məbuslar qalxıb getmək istəyirlər, sədr zəng vurur) İltifat edin. İclası hələ qapamamışam. Məsələ həll olundu. Amma hələ iclası qapamadım. Təklifi səsə qoyuram (katibə). Təklifin birinci maddəsini oxuyunuz.

 

Katib - birinci maddəni oxuyur.

 

Sədr - Hər kəs bu arzunun tərəfdarıdırsa rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir?

Əksəriyyət rəyilə rədd olunur.

 

Məmməd Əmin (yerindən) - O biri ikisi işinə getdi?

 

Sədr - Xayır, bu birdir hələ o bir maddəbəmaddə səsə qoyacağam. (Katibə) İkinci maddəni oxuyunuz?

 

Katib - İkinci maddəni oxuyur.

 

Sədr - Hər kəs bunun tərəfdarıdırsa əlin qaldırsın. Sollar əllərini qaldırırlar. Kim əleyhinədir? (Əllər qalxır).

Əksəriyyət ry ilə 2-ci maddə rədd olunur. (Katibə) 3-cü maddəni oxuyunuz.

 

Katib - Oxuyur. (Əllər qalxır).

 

Sədr - İltifat ediriz, səsə qoymuşam. Əcələ edirsiniz. Əlan gəlir vergisi hökumət tərəfindən tələb olunur. Bu barədə mənə də kağız gəlib. Üzvlərin hamısına da. Güman edirəm Əhməd bəyə də gəlmişdir. Daha səsə qoymaq nəyə lazımdır.

 

Səslər - Bizə də gəlibdir.

 

Məmməd Əmin (yerindən) - Əhməd bəyə təbliğ üçün kürsüdən danışmaq lazım idi.

 

Qarabəy (yerindən) - Qoy səsə, o da rədd olunacaq.

 

Sədr - Hər kəs öz məlumatını verməlidir. Bunu nə üçün səsə qoyaq bilmirəm. Hər kəs gəlir vergisinin yığılmasını arzu edirsə,  əlini qaldırsın.

 

Məmməd Əmin (yerindən) - Açıq qapını zorlamıyacağız ki!

 

Sədr - Təklif olunur iki il. Rica edirəm müəlliflər göstərsinlər. Hansı illərdir.

 

Səslər - 17-18-ci illər üçün... 18-19-ci illər üçün.

 

Sədr - Biri deyir 17-18, digəri 18-19. Bu barədə maliyyə nazirinin sözü var.

 

Əliağa Həsənov - O cür təklifi səsə qoymaq olmaz. hökumət qalıqların penyəsilə bərabər yığılmasını qərara almışdır. İstər 15 ayın, istər 10 ilin qalığı olsun. Bu barədə də otuz minə qədər taza povestkalar gedib padatnı inspektorlara. Onlar tezlik ilə yığacaqlar. İndi təklif olunur 17-18-ci illər üçün yığılsın. Guya bu qayda ilə parlament qabaqki vergiləri müəaf edir. Bunu qəbul etmək olmaz. Əgər olunsa, tamam keçmiş qalıxlar müaf olunmuş olar.

 

Rəis - Söz Əhməd Cövdət bəyindir.

 

Əhməd Cövdət bəy - Biz öz təklifimizin üstündə dururuq. Çünki bu qanun 15-ci ildə qəbul olunmuşdu və bu vaxta kimi 17-18-ci illərin vergisi toplanmamışdır. Ona görə biz də bu iki sənənin vergisinin toplanmasını təklif edirik.

 

Sədr - Səsə qoyuram. Hər kəs 17-18-ci illərin gəlir vergisinin toplanmasına tərəfdardısa, rica edirəm əllərini qaldırsın.

 

Məmməd Əmin (yerindən) - Təshih olarmı?

 

Sədr - Kim bu təklifin tərəfdarıdirsə əlini qaldırsın. (Sollar əl qaldırır). Kim əleyhinədir? Rica edirəm iltifat ediniz. Sizin təklifiniz müəyyən surətdə verilməyibdir. Oxunur, bir azdan dəyişdirirsiniz. Deyirsiniz, düzəldirik. (Alqış). Müəyyən edin, bir də oxuyun, tərcümə edin. Mən özüm də başa düşmürəm.

 

Katib (oxuyur) - Sonra bizim təklifimiz müəyyəndir. Axırıncı illər üçün deyirik. [507 - 508]

 

Sədr - Səsə qoyuram. Hər kəs buna tərəfdardısa əlini qaldırsın. (Əllər qalxır). Lehinə 19. Hər kəs əleyhinədir əlini qaldırsın. Yoxdur. Kim səs vermir? Beləliklə, məsələ keçmir.

 

Məmməd Əmin (yerindən) - Rəy verməməyiniz xüsusunda danışmaq olarmı?

 

Sədr - Məsələ keçmədi.

(Məbuslar yerindən qalxıb getmək istəyirlər).

 

Sədr - Rica edirəm əyləşiniz. İki-üç məclisdir ki, komisyon üzvləri seçilmirlər. Komisyonlar onsuzda işləmirlər. Natamam olduqlarından daha işləmirlər. Rica edirəm namizədlər vərəqəsini sabaha hazırlayın. Seçək qurtaraq. Namizədlər məlumdur.

 

Məmməd Əmin (yerindən) - Mən söz istəmişəm. Səs verməməmiz barəsində.

 

Sədr - Ola bilməz, məclis qapanır. bu barədə məsələdən qabaq danışmalı idiniz.

 

Qara bəy - Məsələ daha keçdi.

 

Sədr - İclas qapanır.

Qeyd:Azərbaycan Cümhuriyyətinin stenoqramlarından götürülən iclas mətnində sənədliliyi qorumaq üçün natiqlərin dil-üslubu saxlanılıb.

 

E.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir