Modern.az

“Namizədliyimə ironiya ilə yanaşanlar seçkidən sonra məni ilk təbrik edənlər oldular”- Nardaranlı deputatla MÜSAHİBƏ  

“Namizədliyimə ironiya ilə yanaşanlar seçkidən sonra məni ilk təbrik edənlər oldular”- Nardaranlı deputatla MÜSAHİBƏ   

30 Yanvar 2018, 08:55

Dilarə Cəbrayılova: “Deputat və məktəb direktoru olmağıma baxmayaraq, evdə köməkçim yoxdur”


Milli Məclisin deputatı Dilarə Cəbrayılova həm də Bakı şəhərindəki 295 saylı məktəbin direktorudur.

295 saylı məktəb Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşir. Deməli, məktəbdə oxuyan qızların təhsilə maraq göstərməsi və bunun ailələr tərəfindən dəstəklənməsi xüsusi diqqət mərkəzində olan məsələdir.

Ona görə də həmişə qapalı təsir bağışlayan Nardaran mühitində təhsilli qızlardan tutmuş, xanım deputatın Milli Məclisdəki fəaliyyətinə qədər bir çox məsələləri müzakirə etmək istədik.

Beləliklə, Modern.az-ın növbəti müsahibi Dilarə Cəbrayılovadır.

- Dilarə xanım, elə söhbətimizə də rəhbərlik etdiyiniz Nardaran məktəbindən başlamaq istəyirik. Bildiyiniz kimi, Nardaran kəndi həmişə diqqət mərkəzindədir. Xüsusilə, qadınları bir qədər təhsildən uzaq ortamda təsəvvür edirik. Doğrudanmı, vəziyyət bu gün də biz düşündüyümüz kimidir? Qızlar təhsilə nə dərəcədə meyillidir?

- Uzun illərdir ki, Nardaran qəsəbəsində qızların təhsildən yayınma halları geniş vüsət alıb.Qızların təhsildən yayınması  ailələrin, həm də cəmiyyətin problemidir.Hazırda qızların təhsilə meyilli olması müşahidə edilir. Görünür, apardığımızdüzgün təbliğat öz təsirini göstərib. Düzdür, şagirdlər arasında 9-cu sinfə qədər təhsil alıb sonra peşə məktəblərində oxumağa üstünlük verənlər çoxdur. Nardaranda çox az sayda uşaq 11-ci sinfə gəlməyə maraqlıdır. Qəsəbə əhalisinin əksəriyyətinin əsas məşğuliyyəti kənd təsərrüfatı olduğu üçün uşaqlar ali təhsil almaqdan daha çox kənd təsərrüfatı ilə məşğul olmağa üstünlük verirlər. Bu günlərdə Nardaran qəsəbəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdi. Tədbirdə son zamanlarda  qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işləri,təhsilin nəticələri müzakirə olundu.Bütün sahələrdə əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyi bildirildi. Düzü, nəticələrdən zövq aldım.

- Nardaranlı olaraq böyüdüyünüz və yaşadığınız mühiti daha yaxşı təsəvvür edə bilərsiniz. Maraqlıdır, necə oldu ki, qızların təhsil almasına əngəl olan qapalı mühitdə siz ali təhsil ala bildiz?

-Bakıətrafı kəndlərdə qızların təhsil alması həmişə arxa plana keçib. Məzunu olduğum sinifdə 32 şagird olmasına baxmayaraq, iki nəfər ali təhsil alıb. İndi isə çox böyük irəliləyiş var. Qəsəbədə yerləşən məktəblərin ali təhsil ocaqlarına üz tutan məzunlarının sayı gündən-günə çoxalmaqdadır. Təkcə 295 nömrəli tam orta məktəbi bitirmiş 40 məzundan 27-si universitetlərə daxil olub. 27 nəfərin içərisində xaricdə təhsil alanlar da var.  Bu tələbələrin arasında artıq qızların üstünlük təşkil etməsi sevindirici haldır.İxtisasca ədəbiyyatçıyam. Belə bir kəlmə var: xoşbəxt o adamdır ki, işə gülə-gülə gedib-qayıdır. Əgər mənə sual versələr ki, ikinci dəfə ixtisas seçmək lazım gələrsə, hansı ixtisası seçərsiniz?! “Müəllim” deyərdim. Müqəddəs müəllim adına sahib olmaq üçün yenə də bu peşəni seçərdim. Çünki bu peşənin vurğunuyam.

- Peşəyə vurğunluğunuz sizi  məktəb direktoru səviyyəsinə qədər yüksəldə bilib. Təəssüflə bir məqamı qeyd etməliyik ki, bəzi məktəb direktorları onlara həvalə olunan kresloda elə oturublar ki, sanki şahlıq dövrünü yaşayırlar. Belə olan halda, o tip direktorların  müəllimlə,  şagirdlə işləmək bacarığı da normal olmur.  Bəs sizdə necədir?Özünüz də müəllim kimi fəaliyyət göstərirsinizmi?

- Əlbəttə, indi də  müəllim kimi fəaliyyətimi davam etdirirəm. Hətta mənə vaxtımın azlığını səbəb göstərərək, müəllimişləməməyi məsləhət görürlər.Direktor təkcə kabinet adamı olmamalıdır. Ümumiyyətlə, məni kabinetdə çox az-az görmək olar. Günümü müəllimlərin, şagirdlərin arasında keçirirəm. Hər gün pedoqoji heyətlə, şagirdlərlə ünsiyyətdə olmaqməktəbin,şagirdlərin gündəlik  qayğıları ilə daha dərindən tanış olmağa şərait  yaradır. Direktor elə şərait yaratmamalıdır ki, şagird onu qəddar birisi kimi qəbul etsin. İndi o zəmanə deyil ki, yumruğunu şagirdin gözü qarşısında stola vurub zor tətbiq edəsən. Məktəbdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün demokratik mühit,təlim-tərbiyə işinin düzgün təşkili edilməsi əsas amillərdəndir.


- Tez-tez bəzi məktəb direktorları barədə xoş olmayan xəbərlər yayılır. Bəzən xoşagəlməz videogörüntülər, müəllimlərdən rüşvət tələb etmə və sairə hallar üzə çıxır.

- Məncə bu cür hallar bəzən mətbuatda şişirdilir.5 ildir ki, məktəb direktoruyam, 22 ildir pedaqoji fəaliyyətlə məşğulam. Belə təsadüfü hallara çox az rast gəlinir.

- Bəzən 60 yaşa yaxın şəxslərin direktor, ya da müəllim  kimi fəaliyyəti də xoş qarşılanmır. Sanki gənc kadrlara yerlərini həvalə etməkdən çəkinirlər?

- Heç də belə düşünmürəm. Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də bu gün uğurlu gənclər siyasətidir. İndi bir çox sahələrdə gəncləşmə gedir. Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bunu ikiəlli alqışlayıram. Düşünürəm ki, belə də olmalıdır.  Əgər 65 yaşında müəllimin səhhəti vəzifəsini yerinə yetiməyə yol verirsə, onun pedaqoji fəaliyyətlə məşğul olmasında problem görmürəm.Təhsilin şagirdin taleyində mühüm rol oynadığını nəzərə alsaq, sağlamlığı tədris prosesinin keyfiyyətinin aşağı düşməsinə şərait yaradan  müəllimin şagird qarşısına çıxması qətiyyən yolverilməzdir.

- Direktor olaraq valideynlərlə ünsiyyətə mütəmadi olaraq can atırsınızmı? Çünki Nardaran mühitində qızların təhsil almasına məhz valideynlər əngəl olur.

-2012-ci ildə məktəb direktoru kimi fəaliyyətə başlayanda demək olar ki, siniflərdə şagirdlərin 70%-ni oğlanlar təşkil edirdi. Qızların sayı çox-çox aşağı idi. Həmin il qərara gəldik ki,  ümumməktəb valideyn iclası keçirək. Qohum-qonşu qınağına tuş gəlməmək üçün qızlarını təhsildən yayındıran valideynlərlə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdik. Hədəfim təhsil alan qızların sayını çoxaltmaq idi. İndi məktəbdə 898 şagird təhsil alır. Onların yarıdan çoxu qızlardır. Maraqlı bir məlumat da verim. Mənim oxuduğum illərdə sinfimizin qızlarının yarıdan çoxu nişanlı idisə, indi məktəbimizdə bir nəfər də olsun nişanlı qız yoxdur.

- Nardaranda dinə meyil də çox güclüdür. Məktəbdə hicablı qızların təhsil alması ailələr tərəfindən necə tənzimlənir? Eyni zamanda, həmin qızların hicabsız məktəbə gəlmələrinə cəhd etmisinizmi?

-Ali məktəbə ən yüksək bal toplayıb daxil olan qızların arasında hicablı qızlar çoxluq təşkil etməsə də, bu hallar mövcuddur. Əgər 5 il bundan qabaq ana, nənə gəlib deyirdisə “mənim qızım ya da nəvəm məktəbə gəlməyəcək”, indibunun tam əksi müşahidə olunur.
Son zamanlarda qəsəbədə gedən işlər nəinki Nardaranın simasını,hətta insanların təfəkkür tərzini də dəyişib. İndi hamı başa düşür ki, bu gün ali təhsil alan gənc 10 ildən sonra Nardaran üçün böyük bir mütəxəssisdir. Qızların hicabsız məktəbə gəlmələrinə gəlincə, buna cəhd etməmişəm. Çünki bununla bağlı nazirliyin xüsusi göstərişi yoxdursa və həmin qızlar dərslərini daha yaxşı oxuyub ali məktəbə daxil olurlarsa, niyə əngəl yaradım?!

- Təhsil sahəsindəki problemlərdən çox danışdıq. Xatırlayırsınızsa, sizinlə müsahibəmiz yanvarın əvvəlinə planlaşdırılsa da, oğlunuzun hərbi xidməti başa vurub evə qayıtması görüşümüzü təxirə saldı. Telefonda sevincdən doğan həyəcanınızı hiss etməmək qeyri-mümkün idi.

- Bu elə bir hissdir ki, ancaq yaşamaq lazımdır. Vətənə sevgi müqəddəsdir. Kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, hər kəsin, o cümlədən dövlət məmurunun, deputatın da övladı hərbi xidmət keçməlidir, bu bir vətəndaşlıq borcudur.Amma bu borcu yernə yetirməklə də iş bitmir. Vətənə qulluq etmək bundan sonra da davam edir.


- Oğlunuz təhsilini harda bitirib?


- Gəncə Dövlət Universitetinin yerüstü nəqliyyat fakültəsini bitirib. Amma onun ən böyük arzusu general olmaqdır. 

- Görünür, yaxşı mənada inadkarlıq edir. Övladlarınızın istəklərinə qarşı çıxırsınız? Yəni tələbkar anasınız?

- Əksinə, övladlarımın hansısa məsələdə inadkarlıq etməsinə,qətiyyətgöstərməsinəsevinirəm. Vaxtilə bu inadkarlıq məndə də olub.Bu gün cəmiyyətdə tutduğummövqeyi qətiyyətimə borcluyam. Bir dəfə orta məktəbdə riyaziyyat müəllimim,sonralar isə çalışdığım məktəbin direktoru olan Ağasəid müəllimin kürsüsündə əyləşmişdim. Oğlu içəri daxil olub dedi ki, “qalx ayağa, ora sənin yerin deyil”.Mən isə “bura iddialı deyiləm, amma baxarsan, mən də nə vaxtsa direktor olacam” dedim. Üstündən bir neçə il sonra məni direktorluğa namizəd gördülər. O zamankı təhsil naziri Misir Mərdanov mənimlə görüşü zamanı “qızım, elə çalış ki, ildə ən azı 3 nəfər şagird ali məktəbə daxil olsun” dedi.Mən isə deyilən sözləri özümə vəzifə kimi qəbul etdim. Son zamanın nəticələri isə aliməktəbə daxil olanların sayının ildən-ilə artdığını göstərir.


- Siz YAP-dan seçilən deputatsınız. Maraqlıdır, ilk siyasi fəaliyyətiniz necə yarandı?

- Yeni Azərbaycan Partiyası Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış bir təşkilatdır. Nardarandan YAP-a üzv olan ilk qadın mən olmuşam.2015-ci ildə YAP tərəfindən deputatlığa namizədliyim irəli sürüldü və seçkilərə qatılmağa qərara gəldim.

- Pedaqoji fəaliyyət dövründə direktor olmaq istəyi anlaşılandır. Amma Milli Məclisin deputatı olmaq istəyi təşəbbüs olaraq kimdən gəldi? Xüsusilə, Nardaran kimi mühitdə yaşayan bir qadının deputatlıq sevdasına düşməsi necə qarşılandı?

- Vətən üçün,xalq üçün yaşamaq,qurub-yaratmaq bir xoşbəxtlikdir.Ümumiyyətlə, anamın arzusu hər zaman məni yüksək vəzifələrdə görmək olub. Bəlkə də anam öz arzularını mənim üzərimdə reallaşdırmaq istəyib. Hətta neçə illər bundan öncə deyirdi ki, “mənim qızım deputat olacaq”. Anamın illər öncə məni millət vəkili görmək arzusu bu gün həqiqətə çevrilib. Kənddə bəzi insanlar qadının deputatlığa namizədliyinin irəli sürülməsinə ironiya ilə yanaşırdılar. Amma deputat seçiləndən sonra ilk təbrik edənlər məhz onlar oldu. Seçkilərdə uğur qazanmağım üçün   göstərdikləri dəstəyə görə seçicilərimə minnətdaram. Bu dəstək həm YAP-a,həm də dövlətə və dövlət başçısına  olan inamın göstəricisidir.

- Artıq parlamentdə təmsil olunan xanım deputatların sayı semkilərdən-seçkilərə artır. Bunu necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərirlər.  Müstəqil dövlətimizdə qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu onu göstərir ki, qadınlarımız hər zaman irəliyə baxmağı bacarırlar. Parlamentdə 20 qadındeputat təmsil olunur. Onların arasında olmaq məni ruhlandırır və qürurlandırır.

- Deputat həmkarlarınızla münasibətlər necədir?

-Təbiətcə heç kəslə intriqaya girməyə meyilli insan deyiləm. Çox vaxt yanımda olan insanların təcrübəsindən yararlanmağa və nəticə çıxarmağa çalışıram.

- Bəs parlamentdə kiminlə yanaşı əyləşirsiniz?

-Aqiyə xanım Naxçıvanlı ilə. Məhz parlamentdə onunla yanaşı əyləşdiyimə görə özümü xoşbəxt hesab edirəm. Aqiyə xanım anamla həmyaşıddır. Onu özümə dayaq hesab edirəm. Aqiyə xanım canlı məktəbdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüyəm. Hər dəfə  onunla  söhbət zamanı dəyərli fikirlər öyrənirəm. Digər deputat xanımlarla da münasibətlərim yaxşıdır.


- Milli Məclisin deputatı olaraq seçicilər əsasən hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Adətən aliment, təhsil ödənişləri, sosial problemlərlə bağlı müraciətlər olur. Bir millət vəkili kimi çalışıram ki, problemlərin həll olunması üçün vaxtında müvafiq qurumlara müracət ünvanlayıb, məsələlərin həllinin tapmasında köməklik göstərim.

-Dilarə xanım, həmişə işgüzar xanımların ailədəki rolu da maraqlı olur. Sizin işdən sonrakı halınız necədir?! Mətbəxdə nəsə hazırlamağa vaxt və həvəs olurmu?!  Ailə üçün qolunuzu çırmalayıb nəsə edirsinizmi?

-  Xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Azərbaycan qadını həmişə evinin, ailəsinin və mətbəxinin xanımı olub. Mənim deputat və məktəb direktoru olmağıma baxmayaraq, evdə köməkçim yoxdur. Bütün işlərimi özüm görürəm. Ailəm üçün yeməkləri də özüm bişirirəm. Hətta qış üçün tədarükümü belə edirəm. Uşaqların sağlam böyüməsi baxımından da evdə hazırlanan yeməklərlə qidalanması vacib şərtlərdən biridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi