Modern.az

İş yerində seksual təzyiqə məruz qalan qadınlar - Onları susmağa məcbur edən SƏBƏBLƏR

İş yerində seksual təzyiqə məruz qalan qadınlar - Onları susmağa məcbur edən SƏBƏBLƏR

30 Yanvar 2018, 09:02

Hər gün minlərlə qadın işdə, evdə, küçədə şiddətə və müxtəlif zorakılıqlara məruz qalır. Qadına zorakılığın təməl səbəbləri arasında cinsəlliyin də olduğu önə çəkilir.

“BMT-Qadınlar” strukturunun icraçı direktoru Fumzile Mlambo-Nqkuka iş yerində qadınlara qarşı baş verən zorakılıq halları ilə bağlı danışarkən bildirib ki, qadınlara münasibətdə zorakılığın uzunmüddətli nəticələri olur:

“Analarının, bacılarının döyüldüyünü, seksual təzyiqlərə məruz qaldığını görən uşaqlar bədbəxt böyüyür və özləri də bu cür zorakılığa meyilli olurlar. Hazırda təqribən 600 milyon qadın zorakılığın cinayət sayılmadığı ailələrdə yaşayır”.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2019 və ya 2020-ci ilə qədər iş yerində zorakılığa və təqiblərə son qoyulmasına kömək edəcək qlobal standartlar işləyib hazırlamaq niyyətini açıqlayıb. Çünki qadınlar iş yerində tez-tez zorakılıqla qarşılaşırlar. Avropa İttifaqı ölkələrində qadınların təqribən 40 faizi işdə seksual təqibin müxtəlif formaları ilə üzləşdiyini bildirir. Belə zorakılıq riski əməkçilərin müəyyən qrupları, məsələn, ev xidmətçiləri və əməkçi-miqrantlar arasında xüsusilə yüksəkdir.


Oxşar problemlər Azərbaycanda da yaşanır... Araşdırmalara görə, tez-tez öz rəhbərləri tərəfindən nələrəsə vadar edilən, haqqı tapdalanan, psixi, mənəvi və hətta cinsi təzyiqlərə məruz qalan azərbaycanlı qadınlar var.


Bu barədə Modern.az-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ölkəmizdə belə hallar çox da ictimailəşdirilmir:


“Bu, ümumiyyətlə çox açılmayan mövzudur. İstənilən qadına-təhsilindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq üstüörtülü mesajlar verənlər, iradəni, əlçatanlığı, hisləri yoxlamaq üçün təkliflər irəli sürənlər var. Bu münasibətlərin təqib formasına keçilməsi halları da müşahidə edilir. Yəni “sən mənim seksual ehtiyaclarımı ödəməlisən, yoxsa mənim şirkətimdə işləyə bilməyəcəksən”. İş yerlərində sırf bu tipli mesajlar alan qadınlarımız az deyil. Amma məsələ ictimailəşdirilmir. Bəzən də təkliflər cəmiyyətdə müəyyən reputasiyaya malik olan insanlar tərəfindən edilir. Hansı ki, qadın onun bu əməllərini ifşa etsə belə, əksəriyyət tanınmış obraza bürünmüş kişinin tərəfində olacaq”.

 

Hüquq müdafiəçisi deyib ki, məhz iş yerini itirmək, əmək haqqının kəsilməsi qorxusundan əksər qadınlar xoşagəlməz təkliflərlə bağlı səsini çıxarmır, susmağa məcbur olurlar:

“Bundan narahat olanlar isə sadəcə iş yerini tərk edib gedir və heç kimə bu barədə nə isə demir. Kimlərsə zəiflik göstərir, bu münasibətlərə razılaşır və rəhbərlikdən asılı qalır. Seksual təhrikli mesajlar, atmacalar olur. Qeyd edim ki, bu tip məsələlərdə əldə fakt olmalıdır. Fakt olmayandan sonra hansısa quruma, hüquq-mühafizə orqanlarına, polisə müraciət etmək olmaz. Ortada zorlama faktı olanda kiməsə nəyisə sübut edə bilərsən. Amma bu telefon yazısı, mesajlaşma deyilsə, sübut etmək çətin olur. Son vaxtlar qadınlarımız özlərində cəsarət tapıb bu tip mesajlaşma, səs yazıları ilə polisə müraciət edirlər. Təbii ki, məxfilik baxımından onların kimliyinin, iş yerlərinin açıqlanması etik deyil”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi