Modern.az

Azərbaycan həbsxanalarında məhkumlar meyvə-tərəvəz YETİŞDİRİR

Azərbaycan həbsxanalarında məhkumlar meyvə-tərəvəz YETİŞDİRİR

Ölkə

30 Yanvar 2018, 11:16

Azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanları genişləndirilir.

 

Bu barədə Modern.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

 

M.Sadıqov bildirib ki, xüsusilə son bir il ərzində bu sahədə kifayət qədər tədbirlər görülüb:

 

“Bu müddət ərzində yeni istehsal sahələri yaradılıb. İstehsal sahələrinin genişləndirilməsi həm məhkumların fərdi əməklə məşğul olması, həm də xalq istehlakı mallarına olan tələbatın ödənilməsi üçün olduqca əlverişlidir. Müəssisələrdə müxtəlif çeşiddə mebellər, çarpayılar, masalar və digər əşyalar istehsal edilir. Həmçinin, cəza çəkmə müəssisələrində istixanalar təşkil olunub. Bu istixanalarda meyvə-tərəvəz yetişdirilir. Bununla bağlı son bir il ərzində ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı 40 faizə qədər artıb. Məhkumların müəyyən bir hissəsi törətmiş olduqları cinayətlə böyük zərər vurublar. Bu zərərlərin də ödənilməsi üçün kifayət qədər gözəl şərait yaradılıb”.

 

M. Sadıqov deyib ki, məhkumlar bu istehsalat müəssisələrində əməyə cəlb edilməmişdən əvvəl kurslarda təlim keçirlər:

 

“Bizim bütün cəza çəkmə müəssisələrimizdə texniki peşə məktəbləri var. Əgər xüsusi kvalifikasiya tələb olunan işdirsə, məhkumlar həmin məktəblərdə müvafiq ixtisaslara yiyələnirlər. Eyni zamanda, bu və ya yeni istehsalat təşkil ediləndə məhkumun xüsusi biliyi tələb edilirsə, məhkumlar kurslara cəlb edilir. Kursları bitirən məhkumlara sertifikat verilir. Həmin sertifikat əsasında çalışmağa başlayırlar”.

 

M.Sadıqovun sözlərinə görə, məhkumların qazandıqları vəsait onların bank hesabına köçürülür:

 

“Məhkumlara əmək haqqı əvvəlki illərdə də indi də heç vaxt əlbəəl ödənilmir. Məhkumlar tərəfindən qazanılmış vəsait onların şəxsi hesablarına köçürülür. Məhkumların öz istəyinə bağlı olaraq, vəsait onların ailə üzvlərinə, yaxın qohumlarına verilə bilər. Bunun üçün məhkum ərizə ilə cəza çəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməlidir”.

 

Xidmət rəsmisi qeyd edib ki, bütün istehsalat müəssisələri cəza çəkmə müəssisələrinin daxilindədir:

 

“Penitensiar Xidmətin tabeçiliyində olan məntəqə tipli cəza çəkmə müəssisələri də var. Onların əksəriyyəti kənd təsərrüfat yönümlüdür. Onların əkin sahələri var, heyvandarlıqla, maldarlıqla məşğul olurlar. Əkin sahələrində meyvə-tərəvəz yetişdirilir. Bununla həm vaxtlarını səmərəli keçirirlər, həm də faydalı işlə məşğul olmuş olurlar”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar