Modern.az

Qarabağ partizanı Məmməd Məmmədovun anası: “Hamı deyir ki, sənin oğlun bu cəzaya layiq deyil”

“Qarabağ partizanı” Məmməd Məmmədovun anası: “Hamı deyir ki, sənin oğlun bu cəzaya layiq deyil”

Ölkə

1 Fevral 2018, 15:31

Modern.az saytı ömürlük məhkumlar barədə silsilə yazılara davam edir.

Onlar kimdir, nəçidirlər, niyə ömürlük məhkumluq həyatına məruz qalıblar? Bu haqda onların ailə üzvlərinin söhbətindən məlumat alacaqsınız. 

Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir…” deyə irad tuta da bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük barmaqlıqlar arasına düşməyə razı olar...

Azadlıqdan məhrum edilən şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu cəza ömürlükdürsə, vəziyyəti daha da ağırlaşdırır. 


"Ömürlüklər" layihəsinin budəfəki müsahibi Qobustan qapalı həbsxanasında cəza çəkən “Qarabağ partizanları” dəstəsinin üzvü Məmməd Məmmədovun anası Təranə Məmmədovadır.

“Qarabağ partizanları” adlanan dəstənin necə yaradılması məlum olmasa da, dəstəyə Rövşən Bədəlov adlı bir gənc rəhbərlik edib. “Qarabağ partizanları”nın əsas məqsədi əldə etdikləri silahla Ermənistanın işğal etdiyi ərazilərimizə keçərək, partizan müharibəsi aparmaq olub.


Dini təmayüllü olduğu ehtimal edilən qrupun əksər üzvlərinin 2001-ci ildə Gürcüstan ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim keçdiyi bildirilir. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, partlayıcılar aparmağı, çətin şəraitdə döyüş aparmağı, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəyiblər. Qruplaşmaya daxil olan gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarıblar.


Qarabağa yola düşməyə hazırlaşan “partizanlar” 2003-cü ilin avqustunda Bakıda parkda yığışarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar. Qaçmağa çalışan dəstə üzvü, hal-hazırda ömürlük həbsdə olan Məmməd Məmmədov bir neçə tərəfdən atəşə tutulub. O, özünü müdafiə etmək, mühasirədən çıxmaq üçün havaya atəş açdığını deyir. Lakin istintaq materiallarına görə, Məmməd hüquq-mühafizə orqanı əməkdaşlarından birini qətlə yetirib, birini isə ağır yaralayıb.
Məmməd Məmmədov bildirib ki, onları həbs etmək üçün gələn MTN-nin əməliyyat qrupuna daxil olmayan və parkda nəzarətdə olan polis nəfəri onun tərəfindən deyil, məhz MTN əməkdaşları tərəfindən qətlə yetirilib.
“Qarabağ partizanları”  2003-cü ilin avqust ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü  ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. 20 yaşlı Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib.

Modern.az saytı ömürlük məhkumun anası Təranə Məmmədova ilə söhbəti təqdim edir:

 

- Təranə xanım, sizi tanıyanlar, qohumlarınız, dostlarınız oğlunuz barəsində nə düşünür? Onu necə tanıyırdılar?

- Hər kəs onu sakit, ürəyi təmiz, ağıllı birisi kimi tanıyırdı. Məmmədin o vaxt 20 yaşı var idi, ancaq özündən böyük insanlara da məsləhətlər verərdi. Heç kim inanmazdı ki, o, bir gün həbs oluna bilər. Ya da cinayət törədər. Elə bu gün də o, tanışları tərəfindən eyni cür xatırlanır. Hamı deyir ki, sənin oğlun bu cəzaya layiq deyil.

- Həbs olunduğu vaxtı unutmursuz yəqin ki…

- 2003-cü il idi. İndiyə qədər yadımdadır. Məhkəmə prosesi də, orada yaşananlar da… Oğluma ömürlük həbs cəzası verdilər. Eşitdiklərimə, gördüklərimə inana bilmirdim. Sanki yuxu kimi gəlirdi mənə. Oğlum “Qarabağ partizanları” dəstəsində idi. 22 nəfər olublar. Qarabağa getmək istəyirdilər. Hamısı həbs olunsa da, çoxu azadlığa çıxıb. Dəstənin başçısı da hal-hazırda azadlıqdadır. Bircə mənim oğluma ömürlük həbs cəzası vermişdilər. Mən burada bir ədalət görmürəm.

- İstintaq materiallarına görə oğlunuz hüquq-mühafizə orqanının əməkdaşlarından birini qətlə yetirmişdi…

- Belə bir şey olmayıb. O adamı mənim oğlum öldürməyib. Özünə deyəndə ki, əfv ərizəsi ilə müraciət et, etiraz edir. Deyir ki, “ana, mən axı cinayət törətməmişəm? Mən niyə günahlandırılıram?”.
Mənim oğlum heç bir siyasi fəaliyyətlə də məşğul olmayıb. Gənc olub, o dəstəyə qoşulub. Ancaq ayrılıqda cinayəti yoxdur.

- Dəstənin digər üzvlərinin hamısı azadlıqdadır?

- Bəli, elə mən də bunu başa düşmürəm. Niyə oğlum həbsdə qalsın? Əgər onların hamısı birlikdə olubsa, mənim oğlum niyə mənim yanımda deyil? Dediyim kimi, o, heç bir cinayət törətməyib.

Oğluma verilmiş cəza ilə qətiyyən razı deyiləm. Çox ağır cəza veriblər balama. O, bu cəzaya layiq deyildi. Onun xəyalları vardı, gənc idi. Bu il 15 il olacaq ki, Məmməd həbsxanadadır. Bu necə ədalətdir? Nəsə edibsə, bilmədən edib. Ayrı da cinayəti yoxdur. Buna heç sübut da yoxdur. Oğlum sübutsuz-dəlilsiz cəzalandırılıb. Məhkəmə gedişini də xatırlayıram, prokurorun heç bir sübutu yox idi. Sadəcə, qərarın qüvvədə qalmasını istədi və qərar təsdiq olundu.

- Məhkəməni heç cür unuda bilmirsiniz…

- O iyrənc ab-havanı necə unuda bilərəm? Və verilən qərardan sonra keçirdiyim o hisslər… Onları söz ilə ifadə etmək mümkün deyil. Həmin məhkəmədən sonra mən 10 gün oğlumu görə bilmədim. Heç bilmədim ki, o, hansı həbsxanadadır. 10 gün bütün həbsxanaları gəzib onu axtarmışam, tapa bilmımişəm. Oğlum elə bilib ki, mən ölmüşəm. Fikirləşib ki, yəqin ölmüşəm ki, ona baş çəkmirəm.
Məhkəmədən sonra onu 20 gün Bayıl həbsxanasında saxlamalı idilər. Apellyasiya dövrü üçün. Ancaq onu birbaşa Qobustana apardılar. Mənim bundan 10 gün sonra xəbərim olub. Heç çəkiləsi dərd deyil. Mənə 10 gün oğlumun harada olduğunu demədilər, təsəvvür edin. Oğlum da mənim kimi qərarı çox pis qarşıladı, ədalətsizlik hesab etdi. Oğlum da deyirdi ki, ona Apellyasiya Məhkəməsinə müraciət  etməyə imkan vermədilər.

- Heç əfv ərizəsi ilə müraciət etmisiniz?


-
15 il ərzində müraciət etmədiyim yer qalmayıb. Amma heç bir ərizəyə baxılmayıb. Oğlum həbs olunandan bir dəqiqə belə dayanmamışam. Çalışmışam ki, oğluma köməyim dəysin. Onun günahsız olduğunu bilirəm. İnşallah, bir gün mənim də müraciətlərimə cavab verilər.

- Evdə tək qalırsınız…

- O, mənim hər şeyim idi. Artıq 15 ildir ki, evdə tək qalıram. Köməyim yox, mənə baxan yox… Get-gedə də qocalıram. Onsuz yaşamaq mənə əzab verir. Əvvəllər deyirdim ki, 100 il yaşayaram. O gedəndən sonra bəlkə ömrüm 50 il qısaldı. Ağlamaqdan, dərd etməkdən, düşünməkdən də bezmişəm. Bunları danışmaq belə mənə ağırdır.

- Bəs onsuz bütün bu illər ərzində qəbul edə bilmisiniz ki, oğlunuz ömürlük məhbusdur?


- Hələ də qəbul etmirəm. 15 il olub, nə inana bilirəm, nə də qəbul edirəm. Hələ də gözüm yollarda qalıb. Sanki oğlum indi qapını açacaq kimi hiss edirəm. Mən də ona sarılacam, hər şeyi unudacam. Xəyallarımda bu anı hər gün yaşayıram. Hələ ki xəyallarımda…


- Onunla əlaqə saxlamaqda çətinlik çəkmirsiniz ki? Həbsxanada görüşə bilirsiniz?

- Telefonla əlaqə saxlayıram. İki aydan bir isə gedib özüm həbsxnada görüşürəm. Dörd saat vaxt verirlər. Ayrılmış vaxtdan narazılığım yoxdur. Amma onu orada əvvəllər incidirdilər. Oğlum üç dəfə əməliyyat olunub. Hər hansı bir işlə əlaqədar təcili görüşə heç vaxt ehtiyacım olmayıb. Yəni belə bir müraciətim olmayıb. Əgər olarsa, ümid edirəm ki, icazə verərlər.
 

- Oğlunuz şikayətləri barəsində sizə yəqin danışır…

- Əsas şikayəti elə məhkəmənin qərarı ilə bağlıdır. Heç cür razı deyil. Amma arada deyir ki, ona yaxşı baxmırlar. Şəraitindən narazıılıq etdiyi də olur.
 

- Məmməd həbs olunandan sonra sizə və ya oğlunuza yaxınlarınızın münasibəti dəyişibmi?

- Yox, əksinə onlar da mənim kimi düşünür. Heç kim onun həbs edilməsi ilə razılaşmır. Ağlımıza gəlməyən hadisə başımıza gəlib. Qohumlarımın münasibəti eyni olaraq qalır. Hətta köməklərini də əksik etmirlər.

- Həmin vaxtlar çox əsəb keçirmisiniz yəqin ki…

- Özü də necə… Ömrüm azı 50 il azaldı bəlkə də. O hadisədən sonra keçirmədiyim xəstəlik də qalmadı. Ürək xəstəliyinə tutuldum, ayaqlarım tutuldu. Məhkəmədən sonra təzyiqim yüksəldi. Demək olar, hər gün təzyiqim qalxır. Müalicə olunuram, amma xeyri yoxdur. Bilirəm ki, tək çarəm oğlumdur. O mənim yanımda olmayana kimi sağalan da deyiləm.
 

- Sevdiyi xanım var idimi? Xatırlayırsınız?


-
Bunu dəqiq deyə bilmərəm. O, çox erkən yaşlarında həbs olunub. Ola bilər ki, istədiyi vardı, amma mənə deməyib. Bu haqda onunla heç vaxt söhbət etməmişəm.
 

- Bəs bir gün onun yenə yanınızda olacağına inanırsınız? Ümidiniz var?

- İnşallah ki, mənim də bir gün üzüm güləcək. Prezidentimiz bir müddət öncə məhkumlarla bağlı sərəncam imzalayıb. Ümid edirəm ki, onun bizə də yazığı gələcək. Biz axı anayıq. Düz 15 ilə yaxındır oğlumun həsrətindəyəm. Mənim nə çəkdiyimi baş düşməzsiniz, bu çox çətindir. Yəqin ki, bizə də rəhm ediləcək. Mən ümid edirəm, inanıram.Prezidentimiz bizi də düşünəcək.

Övlad yaddan çıxa bilərmi? Hər gün,hər dəqiqə onu xatırlayıram. Heç özümdə də olmuram o vaxt.  O, mənim tək övladımdır, atası rəhmətə gedib, evdə tək qalmışam, sizcə necə olar? Onu xatırlayanda dünyam dəyişir. Darıxıram, hər gün, hər saniyə olmadığını hiss edirəm. Yoldaşlarını görürəm bəzən… Çox pis oluram. Mənim oğlum da onlarla bərabər idi. Mənim oğlum da onların yanında olmalıydı.


- Təranə xanım, sonda demək istədiyiniz nəsə var?

- Yenə mən müraciət etmək istəyirəm Prezidentimizə, Mehriban xanıma. Xahiş edirəm, bizim də üzümüzü güldürsünlər. Hər dəfə əfv sərəncamı veriləndə, amnistiya aktı qəbul ediləndə gözlərim yollarda qalır.  Fikirləşirəm ki, siyahıda mənim də övladımın adı olar bəlkə. Ancaq sonda görürəm ki, yoxdur, dünyam başıma yıxılır. Yenə nə vaxtsa əfv olacaq deyə gözləyirəm. Ümidimi itirmirəm. İnşallah təkcə mən yox, bütün analar öz övladlarına qovuşar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi