Modern.az

Zəlimxan Yaqub: "Xalq özü hərəkətə gəlməli, hakimiyyəti narahat etməlidir" (MÜSAHİBƏ)

Zəlimxan Yaqub: "Xalq özü hərəkətə gəlməli, hakimiyyəti narahat etməlidir" (MÜSAHİBƏ)

16 İyul 2011, 10:36

“Bu yaşımda iki oğlumla Qarabağ müharibəsində öndə olacağam”

“ATƏT-in nümayəndələri hər dəfə Azərbaycana gələndə özümü təhqir olunmuş hesab edirəm...”

Torpaqlarımızın işğaldan azad edilməsində hər birimizin üzərinə konkret yük düşür. Ancaq bəzən elə görünür ki, sanki bu məsələdə bir qatışıqlıq var. Sanki media ictimaiyyətin, ictimaiyyət hakimiyyətin vəzifəsini və s. yerinə yetirmək istəyir. Modern.az bu məsələ ilə bağlı media rəhbərləri, ictimai xadimlər və dövlət rəsmilərinin fikirlərini dərc edəcək.

Budəfəki müsahibimiz sabiq millət vəkili, Azərbaycan Aşıqlar birliyinin sədri Zəlimxan Yaqubdur. 

-  Zəlimxan müəllim, necə hesab edirsiniz, bu gün biz fər olaraq torpaqlarımızın erməni işğalından azad olunması üçün üzərimizə düşən yükü daşıya bilirikmi?

- Artıq bu məsələ Qafqaz  ərazisindən çıxaraq super dövlətlərin diqqət mərkəzinə keçib. İndi Azərbaycan vətəndaşları bütün varlığı il bu dəhşətləri dərk etməli, bütün varlığını Qarabağda qələbə uğrunda kökləməlidir. Çünki artıq 20 illik təcrübə bizə göstərir ki, nə ATƏT, nə BMT, nə Avropa Şurası, nə İslam Konfransı Təşkilatı, nə də dünyanın hər hansı bir ali təşkilatı Qarabağı alıb bizə verəcək.
BMT-nin  4 qətnamənin həyəta keçməməsi, ATƏT nümayəndələrinin 20 ildir regiona mənasız səfərləri, onların hər gəlişinin xalqda qəzəb-nifrət yaratmağı Azərbaycan xalqının bu böyük həqiqətləri dərk etməli olduğunu göstərir. Hər bir ailədə, məktəbdə, bağçada Qarabağ torpaqlarının qaytarılması ilə bağlı çox böyük təbliğat hissləri aşılanmalıdır. Təəssüflər olsun ki,  nə televiziya kanallarında, nə də mətbuatda Qarabağla bağlı ardıcıl, elmi, emosional, bədii şəkildə sistemli iş gedir. Bunun özü də böyük faciələr yaradır. Bəzən elə hallarla qarşılaşırsan ki, elə bil Qarabağ dərdi, fikri yoxdur. Həqiqət ondan ibarətdir ki, biz doqquz milyonluq Azərbaycan əhalisini doqquz milyon əsgərə çevirməliyik. Bu gün mən də çox böyük qürur hissi ilə deyirəm ki, güclu ordumuz, maddi-texniki imkanlarımız, büdcəmiz var. Ölkənin iqtisadiyyatı inkişaf edir və ölkə öz  gücü hesabına torpaqlarımızı işğaldan azad edə bilər. Bütün bu məsələlərlə yanaşı, çatışmayan bir şey də var, o da təbliğatdır. Bu gün güçlü təbliğat maşını işə düşməlidir, bu təbliğat təkcə Azərbaycanın daxilini yox,  50 miyonluq azərbaycanlını, diasporaları, ictimai təşkilatları, səfirlikləri, konsulluqları əhatə etməlidir. Biz dünya miqyasında ideologiya hücumuna keçməliyik. Mənim dediyim bu sözü 7-8 il bundan əvvəl  Prezident İlham Əliyev də deyib. Öz haqqımızı tələb etməliyik. Azərbaycan vətəndaşının bu məsələdə yaxasını kənara çəkməyə mənəvi haqqı yoxdur. Çünki Qarabağ əzəli Azərbaycan torpağıdır və minllərlə tarixi mənbələr də göstərir ki, ermənilər Qarabağa 150-200 il bundan əvvəl Türkiyədən və İrandan gəliblər. Bunu da Rusiyanın çar siyasəti edib. Yəni carizim də, Sovet dövləti də bizim əleyhimizə işləyib. Bu gün isə Rusiya da, Amerika da, Fransa da, ATƏT-in nümayəndələri də bizim əleyhimizə işləyir. Ona görə də biz bir dəfəlik bilməliyik ki, onlardan bizə kömək yoxdur. İndi Medvedevlə Obama görüşür, nə nəticəsi olacaq?!  Elə bir sənəd ortaya qoyacaqlar ki, qalaçağıq mat-məəttəl... Bizə xeyri də olmayacaq. Çünki nə ingilis, nə də rus, nə də fransalı türkün, Azərbaycan xalqının xeyrinə iş görəcək.
Hamı bir həqiqəti dərk etməlidir, bu həqiqət də ondan ibarətdir ki, biz təpədən dırnağa qədər silahlanmalıyıq, öz torpaqlarımızı özümüz almalıyıq. Tez-tez mətbuatda, rəsmi dövlət nümayəndələrinin çıxışlarında səslənir ki, Ermənistanda vəziyyət itqtisadi cəhətdən çox ağırdır. Çox gözəl, bundan istifadə edək. Bizdə isə iqtisadi yüksəliş meydana gəlir. Bizim bu yüksəlişi onların iqtisadi çökməsi ilə bağlı işə salaq, Tanrı bizə şans, fürsət verir. Bu qədər gücümüz, iqtisadiyyatımız, ordumuz, silahımz var, bəs nə gözləyirik?  Ona görə dövlət həm maddi, həm də mənəvi sərvətlərini səfərbər etməlidir Qarabağ uğrunda.
Şəxsən bu yaşımda tam səmimi, məsuliyyətlə və şərəflə deyirəm ki, iki oğlumla birlikdə Qarabağ müharibəsi başlayanda ön cərgədə olacağıq.
Qarabağ məsələsi hər bir ailənin ana mövzusuna çevrilməlidir, hər gün narahatçılığımızı ifadə etməliyik. Televiziya kanallarını açırsan, gündə 10 dəfə şoular, ət tökən verilişlər gedir, bir dəfə də olsun Qarabağla bağlı veriliş getmir. Bütün televiziya kanallarında bu məsələ sistemli şəkildə, tarixi mənbələrə, faktlara söykənərək işıqlandırılmalıdır. Ermənilər İrəvanı aldılar mərkəz etdilər, indi də Dağlıq Qarabağı almaq istəyirlər. Elə bilirsiniz bununla əl çəkəcəklər? Biz düşmənin mərkli niyyətinə, kimliyinə yaxşı bələd olmalıyıq. Onlar heç vaxt bəsdi deməyəçəklər, ermənilərə qalsa, gəlib hər yeri tutar, deyərlər burada bizimdir.
Mətbuata baxanda adam nifrət edir, nə qədər bir-birini didən, təhqir edən yazılar yazmaq olar. Qarabağla bağlı analitik yazılar nə vaxt yazılıb, nə vaxt təhlil olunub? Gör nələr,  hansı kəndlər, şəhərlər gedib. Deyirlər torpaqlarımızın 20 faizi işğal altındadır. Mən deyirəm ki, torpaqlarımızız 80 faizi işğaldadır. Çünki 20 faiz torpaqla qızıl, gümüş, mərmər yataqlarımız, dumduru sularımız, meşələrimiz gedib. Gedən ərazilər səhra deyil, dağlıq ərazilərdir, bu baxımdan deyərdim ki, varlığı etibarilə 20 faiz yox, 80 faiz torpaqlarımız gedib.
ATƏT-in nümayəndələri hər dəfə Azərbaycana gələndə özümü təhqir olunmuş hesab edirəm. Gülə-gülə, sevinə-sevinə, lətifə danışa-danışa gəlirlər,  elə bilirsən ki, rəsmi bir dövlətin ərazisinə ayaq  qoymurlar, harasa kef məclisinə gedirlər.  Bu  millət nə qədər şəhid verib, nə qədər qanlar tökülüb, bunlar isə 20 ildir ki bizi dolamaqla məşğuldurlar.

- Qarbağa dair ictimai fəallıqla bağlı hansı düçüncədəsiniz?

- Qarabağ məsələsi ilə bağlı ictimai fəallıq məni qətiyyən razı salmır, çox narazıyam. Çünki fəallıq yoxdur, görünmür. Elə Prezident məsələləri qaldırır, müzakirələr aparır, televiziyalar da vacib, dövlət əhəmiyyətli hadisələri göstərirlər, bununla da iş qurtarır. Yerlərdə müzakirələr, təhlillər getmir. Qarabağ məsələsinə münasibət açıqlanmır. Min dənə tədbir keçirən adam, bir dəfə Qarabağla bağlı tədbir keçirmir. İndi xaricdən turist axını var Azərbaycana. Onlara da Qarabağ məsələsi ciddi şəkildə çatdırlmalıdır. Azərbaycanda olan fəallıq çox primitiv şəkildədir.
Qarabağla bağlı narahatçılıq görünmür, elə bil belə bir torpaq olmayıb. O hadisədə anadan olanın bu gün 20 yaşı var. Artıq 20 il keçib. O gənclər Qarabağı tanımayacaq. Ona görə də hər dəqiqə ictimai fəallıq olmalıdır. Çox təssüflər olsun ki, ictimai fəallıq sıfır səviyyəsidədir. Dəfələrlə Prezidentimiz elan edib ki, biz  sülhün tərəfdarıyıq,  genefondu məhv etmək istəmirik,  Azərbayan iqtisadiyyatına zərbə dəyməsini istəmirik. Amma son qaçılmaz addım müharibədir. Biz Qarabağı müharibə ilə almasaq, heç kim bizə Qarabağı verməyəcək. Müharibə üçün də bütövlükdə millət hazırlıq işləri görməlidir. İdeoloji, mənəvi hazırlıq, ictimai fəallıq... Bunların hec biri görünmür, mən bundan narahatam.

- Bunun səbəbini nəylə izah etmək olar?

- Biganəliklə, laqeydliklə, pulgirliklə, vətənə məhəbbətin olmaması ilə... Vətən deyəndə gərək adamın dodağı çatlasın, bayraq deyəndə gərək ürəyin yerindən oynasın. Bunlar olmayandan sonra hansı ictimai fəallıqdan danışmaq olar. İctimai fəallığın özünü də hazırlamaq lazımdır, insanlara demək lazımdır ki, düşəmən ayaq üstədir, yatmır, yenə fürsət gözləyir ki,  parçalasın, didsin. Ayılın. Hər yanımızı düşmən bürüyüb.

- İctimai fəallığı kim artırmalıdır?

- Bir insanımızın başından bir tük əksik olanda  bütün mətbuat, bütün insanlar ayağa qalxmalıdır. Həm də getdikcə biganəlik yaranır. Bu biganəlik də ən böyük düşməndir bu xalqa. Ona görə bu problemi də aradan qaldırmaq lazımdır. Bütün televiziya kanlları hər səhər Qarabağla başalamalı, sonuncu verlişini Qarabağla bitirməlidir. Bax, bunlar olanda qələbəmiz çətin olmayacaq.   

- Hakimiyyətin bu məsələdə mövqeyini necə qiymətləndirirsiniz?

- Hakimiyyətin fəallığına mən yaxşı baxıram. Hakimiyyət dəfələrlə elan edib ki, biz qan tökmək istəmirik. Amma istənilən an beynəlxalq hüquq, insan haqqları bizə mənəvi imkan verir ki, müharibəyə başlayıb torpağımızı işğaldan azad edək. İşğalçı düşməndir. Hakimiyyət bu vaxta qədər ağıllı hərəkət edib, istəmir ki, Şəhidlər xiyabanı böyüsün, istəyir sülh olsun. Sülh olmayan halda mənə elə gəlir ki, xalq da, hakimiyyət də qərara gələcək ki, müharibə yolu ilə torpaqlarımız azad edilsin. 

- Məmur komandasının hərəkəri bu məqamda sizi qane edirmi?

- Məndə belə bir fikir formalışıb ki, yuxarı dairələrin hərəkəti Prezidentin hərəkəti ilə ta üst-üstə düşür. Prezident nə deyir, o da  olur. Prezidentin tapşırığını komanda canla, başla yerinə yetirməlidir. Mənə belə gəlir ki, yuxarıdan narazılıq etməyə ehtiyac yoxdur. Xalq özü hərəkətə gəlməlidir, xalq özü hakimiyyəti narahat etməlidir. Görürsən ki, bir adam ölür insanlar küçəyə çıxıb dünyanı dağıdırlar. Mənim torpağımın yarısı gedib, Şuşam, Üzeyir bəyim, Koroğlum, Qıratım gedib, papağım başımdan gedib. Lacın kimi qalam, Kəlbəcər kimi qızıl, mərmər xəzinəm gedib. Hansı birini deyim. Bu gün Azərbaycan xalqının qarşısında birinci vəzifə silahlanmaq olmalıdır. Təbii ki, silahla yanaşı, qeyrət də olmalıdır. Əgər qeyrət olmasa, tək silah kar etməyəcək.

- Ziyalıların cəmiyyəti hərəkətə gətirməsi ilə bağlı fikriniz necədir?

 - Qarabağ mözusunda yazıçılarımız hər zaman yazıb. Əvvəllər daha çox idi, indi bir az azalıb. Qarabağ övzusu hər zaman aktual olaraq qalacaq. Yazıçılar yazısını yazır. Yazıçı əsgər deyil, yazıçının səngəri masa, avtomatı da qələmdir. Yaxşı əsərlər yazılıb, bundan sonra da yazılacaq. Yazıçılardan daha çox xalq özü yazıçını da, dövlət xadimini də ayağa qaldırmalıdır. Bakıda toylarda olan siqnallardan adamın qulağı tutulur. O siqnaları da qədərində etmək lazımdır, şəhidlərin ruhundan ayıbdır.
Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində şeyxlə toy-yas adət-ənənələrini müzakirə edirdik. Qarabağ kimi dərdi, yarası olan millət bu qədər israfçılığa yol verərmi? Nə toyu toy, nə də yası yasdır. Hər şeydən öncə bilməliyik ki, Qarabağ kimi yaramız var, onu sağaltmaq lazımdır. BMT 4 qətnamə qəbul edib, amma onun heç birini icra etməyib. Amma Şərq ölkələrində ara qarışan kimi Amerika özünü ora çatdırır. Necə olur bir həftəyə, on günə Şərq ölkələrin altını üstünə çevirə bilir, amma 20 ildir Qarabağ məsələsini həl etmir. Rusiya, ABŞ istəmir ki, Qarabağ işğaldan azad olunsun. Bizə düşmən dairələr başımızın üstündə durub müxalifət adında təşkilat yaradıblar, gəlirlər gedirlər, onlara baxanda elə bil səhnədə klounlara baxıram.

Sədaqət SÜLEYMANOVA                 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu