Modern.az

Cəmi 49 il yaşayan sənət fədaisi - Hamlet Xanızadənin ANIM GÜNÜ  

Cəmi 49 il yaşayan sənət fədaisi - Hamlet Xanızadənin ANIM GÜNÜ   

3 Fevral 2018, 13:39

Bu gün Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin vəfat etdiyi gündür.

Modern.az xəbər verir ki, Hamlet Bəbir oğlu Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində doğulub. Atası Bəbir Xanızadə onu aktyor kimi görmək istəmirdi. Amma balaca Hamletin aktyorluq həvəsi hər şeyə qalib gəlir. Hamlet Xanızadə uşaqlıqdan teatra, kinoya meyilli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlayıb.

Hamlet Xanızadə deyəndə ilkin olaraq yada “Topal Teymur” obrazı düşür. Onun ifa etdiyi “Topal Teymur”un qəddar görkəmi hələ də tamaşaçıların yaddaşından silinməyib. Aktyor bu obrazın ifası üçün özünəməxsus orijinal üslub seçib.

Hamlet Xanızadə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"nda Molla Abbası, Nəriman Həsənzadənin "Atabəyləri"ndə Nizamini, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında doktor rollarını ifa edib. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində də oynayıb.

Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmindəki Gizir obrazını da Hamlet Xanızadə canlandırıb.  Gəray bəyin "vuran əli" olan Gizir tədbirli insandır. O, hər şeyi götür-qoy etməyi bacarır. Aktyor qəhrəmanının bu xüsusiyyətlərini qabartmaqla, onu filmin əsas qəhrəmanları səviyyəsinə qaldırır.

İlk dəfə kinorejissor Həsən Seyidbəylinin "O qızı tapın" filmində oynayıb. Özünü təsdiq edəndən sonra kinorejissor Kamil Rüstəmbəyov Hamlet Xanızadəni "Axırıncı aşırım" filminə çəkib.

"Axırıncı aşırım"da  onun rolu o qədər böyük olmasa da, bu bolşevik obrazını Hamlet Xanızadə çox istedadla ifa edib.

Hamletin ən uğurlu ekran qəhrəmanlarından biri "Arxadan vurulan zərbə" filmindəki İmaşdır. İmaş da baş qəhrəman deyil, ancaq o öz oyunu ilə obrazı elə yüksək səviyyədə təqdim edir ki, onu əsas qəhrəman səviyyəsinə çatdırır.

Hamlet Xanızadə "Babək" filmində xəlifə Mötəsimi də canlandırıb.

"Qətl günü" filmindəki Sədi Əfəndi ümumiləşmiş yazıçı, filosof obrazıdır. Biz onu xəstə vəziyyətdə görürük və bu insanın düçar olduğu xəstəlikdən sağalmayacağını da duyuruq. Aktyor zamanın min bir əzablarından keçmiş bu insanın bütün ağrılarını məharətlə yaşayır, onu sevdirir. Yusif Səmədoğlunun eyniadlı romanı əsasında lentə alınmış "Qətl günü" filminə Hamletin dəvət olunması təsadüfi deyildi. Sədi Əfəndi həyatın sınaqlarından keçmiş, sənətkar taleyi yaşamış bir obrazdır. Bu obraz mürəkkəb olduğu qədər də ziddiyyətlidir. Tarixin ağrılı dövründə, 30-cu illərin repressiyalarının qurbanı olan yüzlərlə sənət adamının ümumiləşmiş obrazı hesab olunur. Hamlet Xanızadə Sədi Əfəndinin ifası üçün çox orijinal detallar tapıb, onun bütün iztirab və yanğılarını sifətindəki cizgilərlə verə bilir.

Görkəmli aktyor 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı