Modern.az

“Bəxtiyar” filminin KADRARXASI - “Atam mənim qonorarımla özünə “Moskviç” aldı” - FOTOLAR

“Bəxtiyar” filminin KADRARXASI - “Atam mənim qonorarımla özünə “Moskviç” aldı” - FOTOLAR

5 Fevral 2018, 12:26

Modern.az saytı uzun fasilədən sonra “KADRARAXASI” layihəsini davam etdirir. Azərbaycan kino tarixinə möhür vurmuş, eyni zamanda müasir ekran əsərlərinin çəkiliş meydançasında baş vermiş maraqlı anlardan bəhs edən layihəmizdə bu dəfə “Bəxtiyar” filmindən bəhs edəcəyik. Qonağımız Bəxtiyarın uşaqlığını canlandırmış Oqtay Əfəndiyevdir.

Arayış: Oqtay Firudin oğlu Əfəndiyev 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünas, həmçinin 2009-cu ildən hüquq elmləri doktorudur. 1968-1971-ci illərdə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun beynəlxalq hüquq şöbəsində, 1971-1974-cü illərdə P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin beynəlxalq hüquq kafedrasında, 1974-1977-ci illərdə Hindistandakı SSRİ səfirliyində çalışıb.

1977-1990-cı illərdə Moskva Maliyyə İnstitutunun hüquq kafedrasında dosent, 1990-1991-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin hüquq şöbəsində aparıcı mütəxəssis, 1991-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq kafedrasının müdiri vəzifələrində işləyib. 
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadi hüquq kafedrasının dosent-məsləhətçisidir.

Xüsusi olaraq qeyd edək ki, Oqtay Əfəndiyev Azərbaycanın ilk ali təhsilli rəssam-memarı Zivər bəy Əhmədbəyovun yaganə övladı Firəngiz xanımın oğludur.  Z.Əhmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı işləyib. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memarlıq edib. Şamaxıdakı Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilib. Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər tərəfindən daimi təqibə məruz qalan Zivər bəy belə bir şəraitdə işləməyin mümkünsüzlüyünü respublika rəhbərliyinə bildirib və etiraz olaraq 1925-ci ilin 16 fevralında 52 yaşında özünə qəsd edib.

Babasının Azərbaycan mədəni irsinə bəxş etdiyi gözəl nümunələr nəvə Oqtay Əfəndiyevdən də yan keçməyib. O da öz növbəsində Bəxtiyar filmində həyat verdiyi kiçik obrazı ilə tarixə düşüb. Amma özü də etiraf edir ki, əksəriyyət onun bu filmdə çəkilməsindən, dahi Rəşid Behbudovla eyni xarakteri canlandırmasından xəbərsizdir...



“Bəxtiyar” filmi
1955-ci ildə kinorejissor, indiki Kinematoqrafçılar İttifaqının yaradıcısı, ilk rəhbəri, onlarla sənədli filmin, “Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi bədii filmlərin rejissoru Lətif Səfərov tərəfindən  ekranlaşdırılıb. Bu, L.Səfərovun kinoda ilk böyük işidir. Bununla belə, filmin çəkilişlərinə start veriləndə L.Səfərova hələ də bədii filmlər rejissoru adı verilməmişdi. Azərbaycan televiziyasında ilk nümayiş etdirilən film kimi tarixə düşən ekran əsəri və onun musiqiləri iki dildə səsləndirilib.


Bakı kinostudiyasında istehsal edilən musiqili film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun diqqətini cəlb edir. Lakin o, xüsusi musiqi təhsili almaq haqda verilən məsləhətlərə məhəl qoymur və valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, Bəxtiyar hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çıxışlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəticədə Bəxtiyarın səsi tutulur. Nəhayət, Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır. Film Saşa və Bəxtiyarın saf sevgisilə daha da ahəngdar olur.

 
Filmin ssenari müəllifləri Boris Laskin, Nikolay Rojkov, quruluşçu rejissoru Lətif Səfərov, operatoru Arif Nərimanbəyov, rəssamları Cəbrayıl Əzimov və Elbəy Rzaquliyev, bəstəkarı Tofiq Quliyevdir.

Rolları Rəşid Behbudov (Bəxtiyar), Tamara Çernova (Saşa), Faiq Mustafayev (Yusif), Ağasadıq Gəraybəyli (Ağabala ), Məmmədrza Şeyxzamanov (professor Rəcəbov), Münəvvər Kələntərli (Gülzar) və başqaları ifa edirlər.

 

Gələcəyin hüquqşünası SSRİ xalq artisti ilə eyni filmdə

 


Müsahibimiz, hüquq elmləri doktoru Oqtay Əfəndiyev o illəri xatırlayaraq, nostalji hislərə qapılır:

“Hazırda 80 yaşım var, xeyli yaşlanmışam. Amma buna baxmayaraq, işləməyə davam edirəm. İxtisasca hüquqşünasam, hazırda İqtisad Universitetində çalışıram. Mənim həyat fəlsəfəm, hüquqşünaslıq bacarığımdır. Hüquqşünaslıq geniş sahədir. Necə ki, həkimlik müxtəlif sahələrə bölünür, hüquqşünaslıq da elədir. Mənim ixtisasım beynəlxalq normalarla bağlıdır. Hamı kimi mənim də həyatım keşməkeşli olub. Yaxşı, maraqlı anlar da olub, neqativ hallar da. Bu da həyatın təbii axarıdır. Mənim uğurlarıma gəldikdə, onlar kifayət qədər çoxdur. İlk uğurum “Sevimli mahnı” yəni “Bəxtiyar” filmilə bağlıdır. Xoşbəxtlidən mən o dövrün nəhəng, tanınmış aktyorları, mərhum SSRİ xalq artisi Rəşid Behbudov kimi insanla eyni filmdə rol almışam.

Mən tam təsadüfən bu filmdə rol aldım. Həmin vaxt 134 saylı orta məktəbdə oxuyurdum. Keçmiş “Baksovet” metrosstansiyası ilə üzbəüz yerləşirdi məktəbimiz. Həmin vaxt Bəxtiyar obrazının uşaqlığını canlandıra biləcək uşaq axtarırdılar. O vaxt qayda belə idi ki, rejissorlar, filmin səlahiyyətli şəxsləri obraza uyğun uşağı tapmaq üçün məktəblərdə olurdular. Həmin vaxt mənim 15 yaşım vardı, yeniyetmə idim. Obraza uyğun bildiklərindən məni sınaq çəkilişlərinə dəvət etdilər. Sınaq çəkilişlərindən uğurla çıxdım və mən filmdə oyanamaq hüququ qazandım. Filmə baxanlar bilir ki, ilk dəqiqələr Bəxtiyar və dostlarının uşaqlığına həsr olunub. Hansı ki, mən çəpərə çıxıb professor Rəcəbovun başını qatmaq üçün orada mahnı oxuyuram. Saşa və Yusif də alma oğurlayırlar. Əslində uşaqlar həmin almaları hospitala, yaralılara aparmaq üçün toplayırdılar. Deyərdim ki, bu film həyatımın ilk uğuru idi. Çünki Azərbaycan kino tarixinə şedevr bir film kimi daxil olmuş ekran əsərində rol almaq hər uşağa qismət olmur. “Bəxtiyar” filmi kino tarixmizdə böyük uğur qazanmış 10 ekran əsərindən birincisidir. Bu film digərlərindən hər zaman fərqlənib və böyük tamaşaçı sevgisi qazanıb.”.

 

Bir neçə dubla alınan kadr...

 


“Bəxtiyar” bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, əsas rolda güclü və təmiz səsə malik müğənninin-Rəşid Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini qarantiyalayıb. Bəxtiyar obrazını yaratmış Rəşid Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərib. Ssenaridə baş qəhrəmanın daxili aləminin göstərilməsinə az yer ayrılsa da, xalq artisti Bəxtiyarın hiss və həyəcanlarını, düşdüyü çətin anlarda keçirdiyi sarsıntıları, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa çalışıb. Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlara baxmayaraq, yaradıcı qrup şən və məzmunlu musiqili film yaratmağa müvəffəq olub.

Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını nəzərə alsaq, onun rolunun öhdəsindən məharətlə gəldiyi qənaətini çıxarmaq olar. Film boyu obrazın replikaları çox olmasa da, aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gəlir. Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq "Bu nə deməkdir? O nə danışır?" deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri məhz bu cür məharətin nəticəsində alınıb. Səhnələr tam təsadüfi alındığı kimi də olduqca təbiidir. Bununla belə filmdə bir neçə dubla çəkilən kadrlar da az deyil. Xüsusilə Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi dəfələrlə təkrarlanan dubllar hesabına ərsəyə gəlib.


Filmin kütləvi səhnələrində iştirak etmək üçün institutdan bir qrup tələbə dəvət olunur. Onların arasında gənc tələbə Əkbər Fərzəliyev də olur. Əkbər Fərzəliyevin xatirələrindən:

“Sevincimdən sanki uçurdum... Bizi aparan avtobus çil-çıraqla bəzədilmiş, uzununa stollar düzülmüş bir bağa çatanda düşdük. Projektorların göz qamaşdıran işıqları, çəkiliş texnikası adamı heyrətə gətirirdi. Maşınlar uğuldayır, iri reproduktorlardan Rəşid Behbudovun mahnıları səslənir, xidməti işçilər ora-bura qaçır, rejissor ruporla onlara müxtəlif göstərişlər verirdi. Bu qarmaqarışıqlıqda bizə diqqət yetirən də yox idi. Bir az sonra çəkiliş meydanına yan alan “Volqa” maşınından Rəşid Behbudov düşdü. Dahi sənətkarın gəlişi ilə gurultulu alqışlar qopdu... Bir xeyli keçmiş dizel motorları işə düşdü, projektorlar yandırıldı, arxada kolluğu tüstülətdilər, yenə də Rəşidin mahnıları səsləndi. Rejissor Lətif Səfərov bütün meydançaya komanda verdi: “İşıq! Fonoqram! Pirotexnik! Motor!”.
Rəşid Behbudov radio ilə sinxron oxuduqca, operator Arif Nərimanbəyov arabacıqda xırda qoşa relslərin üstündə yeriyən kinokamera ilə onu müşayiət edir, biz isə stolların arxasından ayağa qalxıb əl çalırdıq. Böyük kino ilə ilk tanışlıq günü belə keçdi. Axşamüstü adımızı, soyadımızı qeydə aldılar ki, hərəmizə əməkhaqqı olaraq 3 rubl pul versinlər”.

 

Nazirlər Şurası sədrinin bağ evindəki çəkilişlər...

 


O.Əfəndiyev bildirir ki, Bəxtiyarın uşaqlığı ilə bağlı səhnələr çox məşhur dövlət xadiminin bağ evində lentə alınıb:

“Bizim kadrlar əsasən, dəniz kənarında, Zağulbada, Bilgəhdə çəkilib. Filmdəki bağ evi Azərbaycan SSR-nin dövlət xadimi və Azərbaycan SSR Nazirlər Şurasının sədri Teymur Quliyevin idi. Mənim bəxtim təkcə onda gətirmədi ki, Rəşid Behbudov kimi dahi ilə qarşılaşdım, bir filmdə çəkildim, həm də Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Münəvvər Kələntərli və başqa bu kimi sənətkarları, gözəl insanları tanıdım. Həmçinin, Rusiyadan dəvət alan Nataliya Alekseyevnanı canlandıran Tatyana Peltser, Saşanı oynayan Tamara Çernova çox möhtəşəm idilər”.

Filmin əsas qəhrəmanlarından biri, Bəxtiyarın uşaqlıq dostu, sonralar isə sevgilisi Saşa Verxovskayadır. Saşa bu filmdə əsas rollardan biridir və onu rus aktrisa Tamara Çernova canlandırıb. Tamara Azərbaycan dilini bilmədiyindən onun rolunu Azərbaycanın məşhur aktrisası Sofa Bəsirzadə səsləndirib. Tamara Aleksandrovna Çernova 1928-ci il yanvarın 2-də Rusiyanın Sverdlovsk şəhərində (indiki Yekaterinburq) anadan olub. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olub. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı əkiz bacısı və Klara adlı böyük bacısı var idi. 

Tamaranın 13 yaşı olanda Böyük Vətən Müharibəsi başlayıb. Çoxsaylı müharibə uşaqları kimi bu azyaşlı qız da zavodda fəhlə işləyib, hospitalda növbətçi olub. 
Müharibə qurtarandan sonra  onun atasını dağılan şəhərin bərpası üçün Kiyevə göndəriblər. Onunla birlikdə bütün ailəsi – həyat yoldaşı və üç qızı da bura gəlib. Orada, Ukraynanın paytaxtında gənc Tamara Lesa Ukrainka adına Kiyev Rus Teatrı yanında teatr studiyasına daxil olub. 1947-ci ildə təhsilini başa vuraraq, Leninqrada yollanıb. Bəxti burada da gətirib – o, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olunub. Bir il sonra Tamara kinoda ilk debütünü edib. Beləcə aktrisalıq həyatına qədəm qoymuş olub. Rejissor Konstantin Yudin onu “Qoçaq adamlar” hərbi dramında baş rola təsdiq edir. “Qoçaq adamlar” filminin təqdimatından sonra o, Moskva Bədii Akademik Teatrının məktəb-studiyasının ikinci kursuna qəbul olunur. Buranı 1953-cü ildə bitirdikdən sonra Mossovet adına Teatrın truppasında fəaliyyətə başlayır. 

Tamara 1955-ci ildə yenidən kinoekranlarda görünür. O, Azərbaycanda çəkilən “Sevimli mahnı” (“Bəxtiyar”) filmində Saşa Verxovskaya rolunu ifa edir. Tamara Rəşid Behbudovun tərəf müqabili olur. Çəkilişlər çox uğurla aparılır. R.Behbudov və T.Çernova bir-birini çox gözəl anlayır və rollarının öhdəsindən məharətlə gələrək, möhtəşəm ikili olurlar.

 

Saşanın uşaqlığını əslən bakılı olan L.Belıx, Yusifin uşaqlığını isə İ.Yüzbaşov canlandırıb:

“Saşanın uşaqlığını oynayan qızı filmdən sonra bir daha görmədim. Yaşayırmı, haradadır, heç bir məlumatım yoxdur. Bakılı qız idi. Soyadı Belıx idi. Bayılda yaşayırdı. Sonra ondan bir xəbər almadım. Balaca Yusif sonralar rejissor kimi fəaliyyət göstərirdi. Səhv etmirəmsə 1993-cü ildə dünyasını dəyişdi. Təəssüf ki, aramızdan çox tez ayrıldı”,-Oqtay Əfəndiyev deyir.

 


“Bu kiçik rol məni kifayət qədər məşhurlaşdırdı”

 

Gələcəyin hüquqşünasının valideynləri onun belə bir ekran əsərində rol almasına olduqca seviniblər:

“Film təklifi alanda valideynlərim çox şad oldular. Çox sevinirdilər və xoşbəxt idilər. Təkcə ona görə yox ki, böyük bir filmdə rol almışdım. Həm də bunun maliyyə tərəfləri də vardı. Onlar mənim rolumdan o dövr üçün kifayət qədər böyük məbləğdə pul qazanmışdılar (gülür).
Uşaq Bəxtiyar rolunda çəkildiyimə görə, mənə 6 min rubl ödəmişdilər. Atam həmin pula balaca “Moskviç” də almışdı. Yəni həmin dövr üçün böyük hadisə idi bu. Dostlarım, qohumlarımız, tanışlar-hamı çox sevinirdi. Baxmayaraq ki, kiçik rol idi, məni kifayət qədər məşhurlaşdırmışdı ətrafımdakı insanların içərisində.

Filmin çəkilişləri çox çəkdi. Mənimlə bağlı hissələr isə cəmi 2 həftə davam etdi. Yadımdadır, isti yay günləri idi. Bizimlə bağlı çəkilişlər Bilgəhdə, Zağulbada, Bülbülədə reallaşmışdı. İstiləndikcə çimərlikdə çimirdik, günlərimiz xoş keçirdi. Bir uşaq üçün bundan böyük nə xoşbəxtlik ola bilərdi...
Onu da qeyd edim ki, rejissor Lətif Səfərovun dediklərini dərhal yerinə yetirirdik. Hansısa səhnə alınmayanda bizə izah edirdi. Çox səbirli, təmkinli, mehriban insan idi. Təəssüf ki, vaxtsız olaraq dünyasını dəyişdi”.

 


Şövkət Ələkbərovanın ecazkar səsi

 

O.Əfəndiyev səsi olmadığını gülərək etiraf edir: “Mən professor Rəcəbovun bağında, çəpərdə “Ağacda leylək” mahnısını, hospitalda “Rusiya” mahnısını oxuyuram. Həmçinin, professorun təkidilə notları səsləndirirəm. Baxın, etiraf edirəm ki, səsim yox idi. Mən yalnız ağzımı açıb-bağlayırdım. Mahnını isə məlahətli səs sahibi, görkəmli sənətkar Şövkət Ələkbərova oxuyurdu. Əvvəlcədən Şövkət xanımın səsi yazılmışdı. Çəkiliş vaxtı mən də ona uyğun ağzımı açıb-yumurdum.

Mən fəxr edirəm ki, belə möhtəşəm kollektivlə birgə olmuşam. Filmin rəssamı Elbəy Rzaquliyev həm də bizim qonşu idi. Hər şey çox möhtəşəm idi.

O vaxt biz Çəmbərəkənddə Babamgilin evində yaşayırdıq. Çünki babam özünə qəsd edəndə evini anama vəsiyyət etmişdi. Mən babamla fəxr etmişəm. Yəqin həmin vaxt yaşasaydı, o da mənim barəmdə bunları deyərdi. Onu görməsəm də, anamın, böyük qardaşım Cahangirin söhbətlərindən babamı tanımışam. Anam onun adının əbədiləşdirilməsi arzusunda idi. Sağlığında bunları görməsə də, onun arzusu reallaşdı. Babamın şərəfinə metronun “Nizami” stansiyasının önündə abidə ucaldılıb. Babamın adının əbədiləşdirilməsinə görə, prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Abidənin müəllifi Natiq Əliyevdir. Biz onunla indi də əlaqə saxlayırıq.

“Bəxtiyar” filmində çəkilməyim təsadüfdür deyirəm, amma bəlkə də təsadüf deyil. Bəlkə də babamın, ailəmizin elmə, mədəniyyətə bağlılığı idi məni o filmə gətirən. Amma həm də qismət deyərdim. Anamın mənim həyatımdakı rolu çox böyükdür. 2011-ci ildə babamın abidəsi ucaldılanda, mən anamın qərbini ziyarət etdim. Və ona dedim ki, “sənin məndən istədiklərini yerinə yetirdim”. Bunları deyəndə çox xoşbəxt idim. Çünki anamın vəsiyyəti yerinə yetmişdi. Amma qeyd edim ki, bu işlərə rəhmətlik qardaşım Cahangir başlamışdı. Biz 3 qardaş idik. Cahangir, Fərid və mən. Mən ən kiçikləri idim. Allah ömür verib, hələ ki yaşayıram”.

 


Aktyorluq və hüquq arasında mübahisəli seçim

 

Müsahimiz bildirir ki, filmdən sonra valideynləri seçim zamanı xeyli mübahisə edib:

“Seçim etmək lazım idi. Ya aktyorluğun arxasınca getməliydim, ya da hüququn. Anamla atamın bu barədə mübahisəsi olmuşdu. Anam istəyirdi ki, mən aktyor olum. Atam dedi “at aktyorluğun daşını, hüquq elmi səni gözləyir, kino nədir?!”. Bizim ailəmiz hüquqşünas ailəsi idi. Beləcə mənim aktyorluğum başladığı yerdə də bitdi.
1958-ci ildə Hüquq fakültəsinə daxil oldum, 1963-cü ildə bitirdim. Daha sonra əsgərliyə getdim. Sverdlovskda aspiranturaya daxil oldum və elə orada namizədlik disseratsiyası müdafiə etdim. Məni Moskvaya dəvət etdilər və 1969-cu ildən 1990-cı ilə qədər orada çalışdım. 1990-cı ildə Bakıya qayıtdım. Bir müddət Sovet İttifaqının Hindistandakı səfirliyində işlədim. Orada mətbuat xidmətinin ateşşesi idim. Hindistanda 3 il çalışmaq mənim üçün çox böyük uğurdur. 1977-ci ildə Moskvaya Maliyyə İnstitutuna dəvət etdilər. Orada elmi-pedoqoji fəaliyyətimi davam etdirdim. Həmçinin, beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı kimi işlədim. Bakıya qayıdana qədər orada çalışmışam.
Bakıya bütün ailəmizlə qayıtdım. Övladlarım Moskvada doğulmuşdu. İki övladım var. Qızım sənin adaşındır - Gülşən, oğlum Elmir. Qızım iki il əvvəl bizə İsmayıl adlı nəvəmizi hədiyyə etdi”.

 


“Çəkilişlərin əksəriyyətində olmuşdum”

 

Hüquqşünas özünün kadrlarının çəkilişinin 2 həftə davam etməsinə baxmayaraq, mütəmadi olaraq böyük aktyorların da səhnələrinin çəkilişlərinə getdiyini vurğulayır:

“Rəhmətlik Lətif müəllim bilirdi ki, mənim filmə marağım var. Ona görə də çəkiliş olan günləri bir neçə dəfə məni çağırmışdı. Çox maraqlı idi mənə. O dekorasiyalar, min bir əziyyətlə baş tutan çəkilişlər. Deyim ki, çəkilişlər əsasən kinostudiyanın pavilyonunda, təbiətdə, neft buruqlarında, Bilgəhdə, Zağulbada, Bülbülədə çəkilmişdi.

Mən Rəşid Behbudov, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Münəvvər Kələntərlinin səhnələri çəkiləndə onları canlı görmüşdüm. Beynəlmiləl, isti, həyati film idi. Tofiq Quliyevin yazdığı musiqilər isə çox möhtəşəm idi.

Film, xüsusilə də onun tarixi Bakımızdan bəhs etməsi çox təsiredici və maraqlıdır. İndi nə qədər filmlər çəkilsə də o dövrdə çəkilən filmlərdəki qədər effektli alınmır. Filmin çəkilişləri bitəndə tamaşaçılar çox böyük sevgi ilə onu qəbul etdilər.

İndi də televiziyada filmə tamaşa edəndə çox nostalji hislər keçirirəm. O kiçik rol mənim böyük uğurlarımın başlanğıcıdır. Oskar almasa da, filmi xalq sevir. Nə vaxt film nümayiş olunsa, dostlarım o dəqiqə mənə zəng edir: “Oqtay baxırsanmı?”. Nəzərə alaq ki, film ildə ən azı 3-4 dəfə nümayiş olunur. Həm də özümdə filmin videoyazısı var, ürəyim istəyəndə təkrar-təkrar izləyirəm, amma bezmirəm. Düzdür, bu filmdə çəkilməyim barədə ilk dəfə geniş danışıram. Ümid edirəm ki, oxuculara da maraqlı olacaq söhbətimiz”.

 

P.S. Fotorlara görə Azərbaycan Film Fondunun baş mütəxəssisi Rəşad Qasımova dərin təşəkkürlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu