Modern.az

Aşığın deməyə sözü qalmayanda...

Aşığın deməyə sözü qalmayanda...

5 Fevral 2018, 11:42

Qulu Məhərrəmli,
filologiya üzrə elmlər doktoru, professor

 

Dilçilik institutunun orfoqrafiya layihəsinin tənqidinə qərəzli yanaşmasına cavab

  
 Əsilində “Orfoqrafiya qaydaları” layihəsinin bəzi maddələrini tənqid edən yazıma görə məni ittiham edən bu əcaib cavabla bağlı konkret kimə müraciət etməkdə çətinlik çəkirəm. Ona görə ki, yazıda imza yoxdur, mətn ümumən Dilçilik İnstitutunun saytında qurumun adından yayılıb ki, bu da piar və təbliğat təcrübəsində az-az rast gəlinən hallardandır. İstər-istəməz düşünürsən, görəsən mənim məqaləmdə qeyri-adi nə var ki, bu cür ajiotaj yaranıb?

   
Məqalədəki mülahizələrimi hiddətlə “təkzib” edən mətnin əvvəlində deyilir ki, “professor Qulu Məhərrəmlinin  “Ana dilimizdə 37 havası...” adlı yazısında Dilçilik İnstitutunun adı xüsusi olaraq hallandığına görə həmin qurum bu məsələyə rəsmi münasibət bildirməyi zəruri sayır”.

Heç anlamadım! Bəyəm orfoqrafiya məsələlərindən bəhs edən bir yazıda Kənd Təsərrüfatı Nazirliyinin deyil, Dilçilik İnstitutunun adının çəkilməsi belə təəccüblüdür? İkincisi, burada “xüsusi hallandırmaq” ifadəsi də yerinə düşmür, çünki bu yazıda cəmi bircə yerdə bu elm ocağının adı çəkilir. Üçüncüsü də, vaxtilə çalışdığım bu institutun səmimi kollektivi ilə, oradakı dəyərli alimlərlə, o cümlədən rəhbərliklə həmişə və indi də normal münasibətlərim olub. Amma indi söhbət şəxsi münasibətlərdən deyil, millətə aid olan taleyüklü bir məsələdən gedir. Gündəlikdə ana dilinin leksik və morfoloji quruluşuna təsir edə biləcək dəyişikliklər təklifinin müzakirəsidir. Ona görə də bu məsələdə müzakirə imitisiyası yaratmaq, “tənqidlər nəzərə alınır” vədi ilə  ictimaiyyətin başının altına yastıq qoyaraq öz bldiyini yeritmək, problemə inzibatçı təfəkkürü ilə yanaşmaq, əks fikirləri  süngü ilə qarşılayıb onları “populist xarakterlidir”, “qərəzlidir” kimi şablon ifadələrlə damğalamaq yolverilməzdir.

   
Təbii ki, bu deyilənləri Dilçilik İnstitutunda hər kəsdən daha gözəl bilən dəyərli alimlər var, onlar dil qaydalarında hansısa düşünülməmiş dəyişikliyin aparılmasının dilin daxili sisteminə necə zərbə vuracağını gözəl anlayırlar. Ona görə də belə alimlərin çalışdığı bir elmi müəssisənin kollektivinin yığışaraq bir ağızdan “filan yazı qərəzlidir” söyləməsi inandırıcı deyi. Əminəm ki, mənim vətəndaş narahatlığını ifadə edən yazıma “münasibət bildirmək” təşəbbüsü də, belə bəsit “cavab” da, elm adına yaraşmayan davranış tərzi də  Dilçilik İnstitutundan qaynaqlanmır, bura kənardan sırınır, bəlkə də diqtə olunur.

    
Son vaxtlarda Dilçilik İnstitutunu haqlı-haqsız tənqid edirlər, bu qurumu ana dilinin keşikçisi sayanlar orda-burda gördükləri dil qüsurları, yazı-pozu nöqsanları ilə bağlı fikir və iradlarını bu instituta ünvanlayırlar. İnstitut əməkdaşları da uyğun bildikləri hallarda bu tənqid və iradlara münasibət bildirib izahlar verirlər, amma heç kim bu irad, tənqid və qınaqlara  “qərəzli”, “populist” adı vermir. Ona görə də bu gün mütəxəssislərin, ana dilinə canı yanan qeyri-peşə sahiblərinin  orfoqrafiya qaydaları ilə bağlı mülahizələrini, tənqidi qeydlərini Dilçilik İnstitutuna düşmənçilik kimi qələmə vermək yanlışdır. Kimsə öz yanlışlığını bu institutun dəyərli alimlərini qalxan kimi qabağa verməklə,  ört-basdır edə bilməz. Bu işdə hərənin öz məsuliyyəti var. Ana dili milli varlıq məsələsidir, bu dilin varisi və daşıyıcıları hər birimizik, bu səbəbdən də süst və susqun olmamalı, sözümüzü deməliyik.

     
Orfoqrafiya Komissiyasında kimlərinsə xətrinə dəymiş məlum  yazıda mən Dilçilik İnstitutunun fəaliyyəti barədə danışmamışam, sadəcə yazmışam ki, “-iyyət, -iyyə” ilə bitən sözlərdə “y”-nın birini ixtisar etməyin təşəbbüsçülərindən olan,  AMEA-da və Milli Məclisdə böyük vəzifələr tutan  hörmətli akademik İsa Həbibbəylinin Dilçilik İnstitutuna ciddi inzibati təsiri vardır. Bəyəm hamının gözü qabağında olan bu fakt yalandır, yoxsa mən qərəzliyəm?

    
Əgər mən yazsaydım ki, məsələn, Dilçilik İnstitutu idarəçilik baxımından müstəqilliyini ititrir, onu hansısa institutun yedəyinə alırlar, bu quruma aid strateji məsələlər, o cümlədən kadr məsələləri başqa yerdə həll olunur, o zaman kimsə məni qınaya bilərdi.  Onda bu “təkzib”də yaza bilərdilər ki, deyilənlər böhtandır və s. Amma mən belə şeylər yazmamışam, yalnız Orfoqrafiya layihəsində narahatlıq doğuran, dilimizə ziyan vuracaq ciddi və prinsipial məsələləri, təhlükələri qabartmağa çalışmışam. Belə təhlükələr isə az deyil. Məsələn, hesablamışam (yanıla bilərəm) ki, təkcə 37-ci maddə keçsə, dilimizdə təxminən 600-dən çox əsas və düzəltmə sözün yazılışı dəyişəcək. Bunun bircə nəşriyyat, mətbuat və xüsusən tədris sistemində hansı fəsadlar yaradacağını anlamaq bəyəm çox çətindir?

    
İnstitutun mənə “cavab”ında polemika elementləri də var. Məsələn,  heyrətlə soruşurlar ki, məgər mən bilmirəm ki, “fonetika üzrə Azərbaycanın ən tanınmış alimi ... Ağamusa Axundov elmi şəkildə sübut etmişdir ki, dilimizin fonetik qanunlarına görə -iyyət, -iyyat şəkilçilərindəki qoşa y-dan yalnız biri yazılmalıdır”. Bilirəm əzizlərim, əlbəttə bilirəm! Amma siz də bilirsinizmi ki, Ağamusa müəllim 2004-cü ildə çap olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin  redaktoru və ön sözünün müəllifi olub, 2013-cü ildəki nəşrdə isə külli-ixtiyar sahibi kimi layihəhəyə rəhbərlik edib və bu lüğətlərin hər ikisində həmin şəkilçilər ənənəvi şəklinə uyğun olaraq qoşa “y” ilə verib. Böyük alim müəllifi olduğu “Azərbaycan dilinin izahlı lüğəti” adlı bircildliyində (2005) də eyni ənənəvi prinsipi qoruyub. Yəni görkəmli dilçi və həqiqi elm adamı olan A.Axundov indiki bəzi akademiklərdən fərqli olaraq, orfoqrafiya lüğətinin məna və missiyasını gözəl bilir,  ona “Kitabi-Müqəddəs” kimi baxır, yazıda tarixən daşlaşmış qaydaların və oturuşmuş sözlərin dəyişdirilməsinin dildə hansı fəsadlar törədəcəyinin məsuliyyətini aydın dərk edirdi.     


Təbii ki, bu məlum şəkilçilərlə bağlı ortada indi hansı ssenari varsa, bizim istək və iradəmizdən asılı olmayaraq o da gerçəkləşə bilər. Sadəcə, “cavab”da bir məqam var ki, onun üzərindən səssiz keçmək olmur. İnstitut bir “y”-ya keçməyin labüd olmasını, görün, həm də hansı arqumentlə əsaslandırır. Deyir ki, professor Firudin Cəlilov 15 ildən çoxdur ki, “-iyyət” tipli sözləri bir “y” ilə yazır. Bu nə məntiqdir, əziz dilçilər? Tutaq ki,  hörmətli Firudin bəy  orfoqrafiyaya  da “gələnəksəl kültür yöntəmi”ndən yanaşır və mövcud  dil qaydalarını pozaraq bəlli sözləri bir “y” ilə yazır. Bəyəm siz dildə bu qayda pozuntusunu bəyənirsiz?    


İnstitutun cavabında  daha bir “arqument” gətirib deyirlər ki, mən “fonetika üzrə mütəxəssis deyiləm” və guya bu səbəbdən də  “-iyyət, -iyyat” şəkilçiləri ilə bağlı fikirlərimin heç bir elmi əsası yoxdur. Yəni deyirsiniz ki, bir məkandakı pis qoxunu duymaq üçün mütləq sanitar-epidemioloq olmaq lazımdır? Yoxsa havanın soyumasını və çovğunun başlamasını görmək üçün hökmən meteoroloq ixtisasına yiyələnmək vacibdir?  Bəli, mən həqiqətən, birbaşa fonetika ilə deyil, bu sahə ilə sıx  bağlı olan şifahi nitq məsələləri, televiziya və radio dili, nitq mədəniyyəti problemləri və lüğətçiliklə məşğul oluram. Bir neçə izahlı lüğətin müəllifi və tərtibçisiyəm. Hazırda elektron lüğətlər toplusu olan və ana dili istifadəçilərinə pulsuz xidmət göstərən populyar azleks.az saytının baş redaktoruyam, yəni dildən uzaq adam deyiləm.

   
Gərək “fonetika mütəxəssisi” söhbətini qabardanlar bir az ehtiyatlı olsunlar, çünki bu məsələ bir az qəliz suallar doğurur. Məsələn, ona qalsa, indi Orfoqrafiya məsələsində təbii fəallıq göstərən institutun direktoru, insani keyfiyyətləri ilə diqqətimi cəlb etmiş Möhsün müəllim də fonetika  mütəxəssisi deyil, fars dili uzmanı, mətnşünasdır. Hörmətli İsa Həbibbəylinin isə ümumiyyətlə, dilçliyə və lüğət praktikasına heç bir dəxli yoxdur. Yəni dil haqqında məqalələrə imza qoymaq, sağa-sola müsahibələr paylamaq başqa şeydir, böyük alimlər olan Qəzənfər Kazımov, Fəxrəddin Veysəlli, Kamil Vəli, Nizami Cəfərov, Elbrus Əzizov kimi dili duymaq, mövcud dil proseslərini izləyib dərin təhlillər aparmaq,  sahə elminə və dil praktikasına fayda vermək tamam başqa şeydir.    


“Cavab” yazısında aşığın sözünün qurtarması da hiss olunur. Ona görə də mənim vaxtilə qısa müddətdə (iki il) Dilçilik İnstitutunda şöbə müdiri vəzifəsində çalışmağım, nəzərdə tutulan lüğətin hazırlanması prosesində iştirakım, Tərcümə Mərkəzinin bu yaxınlarda nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaksiya heyətinin üzvü olmağım barədə də “maraqlı” məlumatlar verilir. Demək istəyirlər ki, guya mən hansısa formada  Dilçilik institutuna qarşıyam. Bu, “y”-nın birini ixtisar etmək qədər kökündən yanlış düşüncədir. Belə cəfəng iddia da institutun özündən deyil,  uğursuz demaqogiya nümunəsi kimi əsl niyyət və sifətlərini gizlətməyə çalışan, kölgədə gizlənib su bulandırmağı bacaran köhnə intriqa ustalarından qaynaqlanır. Həmin “ustaların” məqsədi  boş yerə qarşıdurma yaradıb diqqəti əsas məsələdən və özlərindən yayındırmaqdır...


Biz ana dilimizin orfoqrafiya qaydalarına diletant yanaşmanın, tarixi ənənənin pozulmasının əleyhinə olduğumuz üçün danışırq. Nəticəsi düşünülməmiş təkliflərin gerçəkləşəcəyi təqdirdə dilimizdə çox dolaşıqlıqların yaranacağından, dil istifadəçilərinin bundan əziyyət çəkəcəyindən narahatıq. Həm də bu prosesdə dirijor çubuğunun avtoritar düşüncəli adamların, məsələyə dil duyğusu ilə deyil, məmur düşüncəsi ilə yanaşanların əlində olmasından, qərarların 37-ci il tərzi ilə qəbul ediləcəyindən əndişələnirik. Məqaləni də buna görə yazırıq və yazacağıq...                                     

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır