Modern.az

"Cümhuriyyətçi jurnalistlər" aksiyası başladı - FOTOLAR  

"Cümhuriyyətçi jurnalistlər" aksiyası başladı - FOTOLAR   

5 Fevral 2018, 14:17

"Şərq" qəzetinin kollektivi ölkə başçısı  İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsini əsas tutaraq "Cümhuriyyətçi jurnalistlər" layihəsinə start verib.

Bununla bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a danışıb:


“Kollektiv olaraq “Cümhuriyyət ili” çərçivəsində yeni  layihə ilə çıxış etmək qərarına  gəldik. “Cümhuriyyətçi jurnalistlər” adlı layihəmizə artıq başlamışıq və ilk növbədə biz Fəxri xiyabanda Cümhuriyyət dönəmində fəaliyyət göstərən jurnalistlərin məzarını ziyarət etdik. Fəxri xiyabana ziyarət çərçivəsində ilk olaraq, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarına baş çəkmişik. Çünki Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol Həsən bəy Zərdabidən başlayır və onun irsinin Azərbaycan mətbuat tarixi üçün önəmi hər kəsə bəllidir.

Həmçinin, biz Cümhuriyyət dövründə fəalliyyət göstərən və Cümhuriyyət quruculuğunda iştirak edən Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Zülfüqar bəy Hacıbəyli,  Cəfər Cabbarlı, Əzim Əzimzadənin, Əli Nəzmi, Abdulla Şaiq və digər şəxsiyyətlərin məzarları ziyarət etmişik”.

A.Aşırlı layihənin gələcək istiqamətlərindən də söz açıb:

“Layihə çərçivəsində sonda biz Azərbaycan milli istiqlalının öncüllərindən olan, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ideyasının müəllifi, böyük ideoloq Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki doğulub boya- başa çatdığı evə baş çəkdik.  Həmin ev artıq uşaq bağçası kimi fəaliyyət göstərir. Rəsulzadənin Novxanıdakı evi əsl muzey ediləcək yerdir. Düzdür, orada  müəyyən lövhələr olsa da, yanlışlıqlar da mövcuddur. Görünür,  lövhələr 1992-1993-cü illərdə vurulub, bu səbəbdən müəyyən səhvlər  müşahidə etdik.  Lakin uşaq bağçası öz qədimiliyini də qoruyub saxlayıb, hətta qapıları dəyişilməyib. Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin önündə layihəmizin birinci mərhələsini yekunlaşdırdıq.

Yəni layihə davam edəcək. Cümhuriyyətçi  jurnalistlərin varislərini bir araya  gətirmək istəyirik. Həmçinin, onlar da müəyyən təkliflər irəli sürüblər.

Növbəti dəfə biz Əliağa Şıxlinskinin məzarını ziyarət etməyi düşünürük. Çalışacağıq ki, mayın 28-nə qədər işlərimizi yekunlaşdıraq və  tədbirlərimizi əhatə edən kitab dərc edək. Bu da “Şərq” qəzetinin Cümhuriyyət ilinə verdiyini töhfə olacaq”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi