Modern.az

Yerli QHT-lər xarici QHT-lərdən nəyi öyrənməlidir?

Yerli QHT-lər xarici QHT-lərdən nəyi öyrənməlidir?

24 Noyabr 2009, 18:24

Demokratiyanın ən gərəkli amillərindən biri vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasıdır. Bəs Azərbaycanda bu məsələ nə yerdədir? Bizim QHT-lər xarici QHT-lərdən nəyi öyrənməlidir?

Modern.az saytı bu sualla bir neçə QHT rəhbərinə müraciət edib.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni son illər milli QHT-lərin böyük nailiyyətlər əldə etdiyini deyib: “Son yüz il ərzində biz sovetlər birliyinin tərkibində olmuşuq. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra beynəlxalq standartlara uyğun QHT-lər formalaşdırılıb. Bizdə beynəlxalq təcrübə-Türkiyə, Avropa ölkələrinin təcrübəsi öyrənilir. 2000-ci ildə MDB-də ilk dəfə olaraq Azərbaycanda “QHT-lər və ictimai birliklər haqqında” qanun qəbul edilib. Bu qanuna müvafiq olaraq Azərbaycanda 3 mindən artıq QHT qeydiyyatdan keçib.  Beynəlxalq təşkilatlar yalnız öz mandatlarına uyğun olan istiqamətləri maliyyələşdirirlər. Ona görə də bu vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verib və beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanıb. Əvvəlki illərlə müqayisədə indi QHT-lərin fəaliyyətində çox böyük nailiyyətlər var. Milli QHT-lər xaricilərdən heç də geri qalmayıb. Müqayisə etsək hətta milli QHT xarici QHT-dən irəlidədir”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu beynəlxalq əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib: “Bizim təşkilatın xarici təşkilatlarla yaxşı əlaqələri var. Avropa, Braziliya, Amerika və digər ölkələrin QHT-i ilə əlaqələr yaradırıq. Təşkilatımız Beynəlxalq Qadın Komitəsinin üzvüdür. Bu komitədə biz Azərbaycanı təmsil edirik. Milli QHT-lər beynəlxalq təşkilatlarla nə qədər çox əlaqə yaradarsa, bu, bir o qədər fayda verər.Ən əsası isə vətəndaş cəmiyyətinin quruculuğunda irəliləyərik”.

 

“Ümidli Gələcək” Gənclər Təşkilatının sədri Nabil Seyidov QHT idarə edilməsinin tam formalaşmadığını bildirib: “QHT sektoru Azərbaycanda yeni olduğu üçün həm layihələrin idarə edilməsi, həm də donor axtarışı yaxşıdır.Nadir biznes qurumları var ki, onlar QHT-lə əməkdaşlıq yaradır. QHT menecmenti Azərbaycanda tam şəkildə formalaşmayıb. Ali məktəblərdə də belə bir ixtisas yoxdur. QHT-lərin idarə edilməsi böyük bacarıq tələb edir. Çünki bu, mürəkkəb strukturdur. Ona görə də yerli QHT-lər çalışırlar ki, xarici QHT –lərin təcrübəsindən istifadə etsinlər. Dövlət qurumları QHT-dən artıq çəkinmir, əksinə çalışır ki, onları bu işə cəlb etsin. Bu da müsbət bir haldır.

Əvvəlki illərlə müqayisədə Azərbaycanda QHT-nin fəaliyyəti daha da inkişaf edib. Ancaq bu istiqamətdə istəyimizə nail olmaq üçün mütləq beynəlxalq təcrübə öyrənilməlidir. Ona görə də QHT-lər beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə böyük diqqət ayırır. Son zamanlar xarici təşkilatlarla yerli təşkilatlar birlikdə bir sıra layihələrdə həyata keçirib. Dövlət büdcəsindən QHT-lərə maliyyə vəsaitinin ayrılması bu sahənin inkişafına təkandır. Amma QHT-lərin inkişafı onda baş verər ki, Azərbaycanda «Sosial sifariş haqqında” Qanun qəbul edilsin”.

 

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər