Modern.az

“Kaspi” qəzetinin gəncləri: “Nə yaxşı ki, bu redaksiyada işləyirik” - FOTOLAR  

“Kaspi” qəzetinin gəncləri: “Nə yaxşı ki, bu redaksiyada işləyirik” - FOTOLAR   

6 Fevral 2018, 14:26

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...


“Bizimkilər” rubrikasında budəfəki təqdimat “Kaspi” qəzetinin redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.


Beləliklə, “Kaspi” qəzetinin gənc əməkdaşları ilə tanış olaq.
 

“Özümü “Kaspi”nin sonbeşiyi adlandırardım”

Günel Azadənin qəzetlə yolları universitet təcrübəsi vaxtı birləşib:

 “1993-cü ildə Bakıda anadan olmuşam. 2011-2015-ci illərdə BDU-nun Jurnalistika fakültəsində bakalavr, 2015-2017-ci illərdə isə magistr pilləsində oxumuşam. Çılğın və pozitiv biri olduğumu deyirlər. Deməzdim ki, mən jurnalistikanı seçdim. Məncə, jurnalistika məni seçdi. İxtisas seçimi zamanı hamı kimi mən də 15 yer kodlaşdırmışdım. Demək ki, qismət jurnalistikaya imiş. Amma inanın, yatsam yuxuma da girməzdi ki, mən bu sahəyə gələcəm.
Müəllimə olmağı çox istəyirdim. Amma bugünkü peşəmdən də çox razıyam və işimi sevirəm. Hərdən düşünürəm nə yaxşı ki, elə mən jurnalist oldum.

Məni universitetdən 1 aylıq təcrübə üçün “Kaspi”yə göndərmişdilər. Elə o gün  bu gündür ki, “Kaspi”dəyəm. Özümü “Kaspi”nin sonbeşiyi adlandırardım. Çünki sözün həqiqi mənasında sonbeşiyəm. Bu redaksiyaya ən son mən gəlmişəm. Bir neçə gün sonra “Kaspi” ailəsinə daxil olmağımın 1 ili tamam olur. Həm yaş baxımından, həm də təcrübə baxımından ən balacalarıyam”.


Günel deyir ki, redaksiyada hərdən balaca olaraq ərköyünlüyü də tutur:

“Yazmaq istəmədiyim yazılar olur. Hətta bəzən elə olur ki, uzun bir müddət kompüterin monitoru ilə baxışırıq. Mən monitora, monitor mənə baxır. Amma əlimi klaviaturaya ki uzatdım və yazmağa başladımsa, onda da dayanmaq bilmirəm. Elə mövzular olur ki, onları həqiqətən yazmaq, o yazı vasitəsilə insanlara nə isə demək istəyirəm. O zaman doğrudan sevinirəm. Əgər yazdığım hər bir yazı ilə kimlərinsə maariflənməyinə səbəb oluramsa, bu məni çox xoşbəxt edir.

“Kaspi”də işlədiyim müddətdə elə də yaddaqalan bir çətinlik yaşamamışam. Şükür ki, “Kaspi” kimi bir kollektivdə işləyirəm. Bu baxımdan özümü çox şanslı sayıram. Nə yaxşı ki, mən jurnalist kimi fəaliyyətimə bu redaksiyadan başladım. Başda İlham müəllim olmaqla, hər kəs çox isti, səmimi münasibətlə məni öz aralarına qəbul etdilər”.

 ““Kaspi”də  işçiyə stimul verilir, daha yaxşı iş görmək istəyi yaranır”


Aygün Asimqızı isə
artıq 3 ildir ki, “Kaspi” qəzetində fəaliyyət göstərir:

“1990-cı ildə Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşam. Düzü, jurnalistikaya marağımın necə yaranması indi yadımda deyil. Amma onu bilirəm ki, uşaq vaxtı hansı müəllim öz fənnini sevdirməyi bacarırdısa, onun keçdiyi fənn üzrə müəllim olmaq istəyirdim. Amma 11-ci sinifdə hiss etdim ki, tamam başqa sahədə özümü görürəm. Bu isə jurnalistika idi, çox güman ki.

“Qızınkı müəllimlikdir” sözünü eşidə-eşidə universiteti başa vurandan sonra, qalırdı iş tapmaq. Universiteti bitirəndən sonra rayona getdim, 5-6 ay bekar qaldım, axırda evdəkilərin israrı ilə dedim rayon mətbuatında özümü sınayım. 15-20 gün getdim, amma qaynar mühit yox idi, ayda bir-iki yazı yazacaqdım, bu isə mənə görə iş deyildi. Və gəldim Bakıya, “Üç nöqtə” qəzetinə təcrübə üçün getdim, 10-15 gün keçmədi ki, bir işçi çıxıb getdi və onun yerinə məni işə götürdülər. Yəni, şansım gətirdi. 3 il orda çalışdım. 3-cü ilin sonlarına yaxın həmkarların çoxu məni “Kaspi”nin əməkdaşı kimi bilirdi, çünki kollektivdəki qızlarla ünsiyyətim var idi. Fikirləşdim ki, bu bir işarə ola bilər, vakansiya olduğunu eşitdim və müraciət etdim. O biri işdən çıxmamış burda işə başladım. Mart ayının sonu burda çalışdığımın 3 ili tamam olacaq”.


Gənc jurnalist işlədiyi mühitdən və kollektivdən razıdır:

“Buranı həm də ona görə sevirəm ki, öyrədici mühit var. İşləyə-işləyə öyrənirik. Çünki öyrəniləcək adamlar var, nəyisə bilməyəndə otaqdakılar mütləq onun izahını verirlər. Bir də burda işçiyə stimul verilir, daha yaxşı iş görmək istəyi sənin özündə yaranır. Mənim iş seçimində fikir verdiyim bir əsas məsələ də gözəl insanı münasibətlərdir ki, o da burda var. Kollektivin şokolad sevəni olaraq bir tərəfini də deyim ki, son vaxtlar şokolada pul vermirəm, hər dəfə ürəyim istəyəndə “kimdə şokolad var” deyirəm, olanlarını əsirgəməzlər. Belə kollektivi niyə sevməyim ki? Məncə, jurnalistikada çətin vaxtlar ilk iş yerində olur. Ona görə ilk başlayarkən bir az çətinlik yaşadım. Qapalı adam olduğum üçün (indi elə deyiləm) əlaqə qura bilmirdim, bunu aşmaq üçün zaman lazım oldu. Bir də, işimi çox gərginliyə salırdım. Məsələn, 5-ci gün rubrika yazısı verməliydim, onu öncədən müsahibimlə danışmırdım. Həmin gün müsahib axtarırdım. Bir dəfə heç kimi tapmadım, saat 4 idi, heç kimdən müsahibə ala bilməmişdim. Redaktorumuz Şahin Əliyev idi. Axırda gəldi dedi ki, özünü həlak eləmə, bir yazı verərik o səhifəyə. Dedim yox, 5-in yarısında müsahibə aldım, yazdım. Hamı getmişdi, redaktor yazını təhvil verməyimi gözləyirdi. Çox gec olsa da, yazdım”.

““Kaspi” mənim ilk növbədə məktəbim, sonra ailəm oldu”


Aygün Əziz
imzası ilə fəaliyyət göstərən gənc həmkarımız universiteti bitirən kimi “Kaspi” qəzetinə gəlib:

“1990-cı ildə Şirvan şəhərində anadan olmuşam. Orta təhsili Şirvan şəhərində aldıqdan sonra, Baki Avrasiya Universitetinin Jurnalistika fakültəsinə daxil oldum və bitirdim. Yadınızdadırsa, 90-ların uşaqlarının xatirə dəftəri olardı. “Hansı sənətin sahibi olmaq istəyərsən?” sualına həmişə “jurnalist” deyə cavab verirdim. Bəlkə də, uşaq olanda mahiyyətini dərk etmirdim, amma yenə də jurnalist olmaq istəyirdim. Mənə ixtisas yazmaqda kömək edən müəllimim jurnalistikanın yerinə filologiyanı seçmişdi. Mənə də məsləhət elədi ki, jurnalistika yazsan, qəbul oluna bilməyəcəksən. Filologiya daha yaxşıdır. Həm də jurnalistika yazmamağı ona görə əsaslandırırdı ki, bizim rayonda televiziya, qəzet yox idi. Deyirdi bitirib iş tapa bilməyəcəksən. Yadımdadır, çox pis olmuşdum. Kodlaşdırmanı yazanda bir rəqəm səhvilə filologiyanı yerinə jurnalistika yazılıb və təsdiqlənib.  Ondan sonra mən qismətə inandım.

Universiteti bitirən kimi “Kaspi”yə gəldim. Həyəcan və tərəddüd içində idim. Müəllimlərim həmişə deyirdi ki, jurnalistikanın ən çətin sahəsi qəzetdir. Mənə də “Kaspi”dən başlamaq qismət oldu və yaxşı ki oldu. Düzdür, universitet vaxtı bəzi mətbu orqanlara yazırdım, amma onu fəaliyyət hesab etmirəm”.


Aygün deyir ki, “Kaspi”də 1 həftə eləcə gəlib gün ərzində iş prosesini izləyib:

“Tək tapşırığım qəzet oxumaq, müxbirləri və sonda redaktə prosesini izləmək idi.  Çünki “Kaspi” kimi mühitdə çətinlik olmur. Hər kəs sənə həvəslə öyrətməyə çalışır. İstər baş redaktor olsun, istər redaktorlar, istərsə də müxbirlər. Səni həm motivasiya edirlər, həm də öyrədirlər. Həqiqətən jurnalist olmaq istəyənlər və bu sənəti məhz sevdiyindən gələnlər üçün “Kaspi”dən başlamaq böyük şans və xoşbəxtlikdir. “Kaspi” mənim ilk növbədə məktəbim, sonra ailəm oldu. İşlədiyim müddətdə çəkindiyim tək şey o idi ki, hər gün mövzunu necə tapacam. Öz-özümə deyirdim ki, hər gün insan necə müxtəlif mövzular tapa bilər... Sonra anladım ki, hər gün baxdığım gözlə, jurnalist gözü fərqlidir. Jurnalistin baxdığı hər şey mövzu ola bilir. 1 həftə sonra iclasda mənə mövzu verdilər. O qədər həyəcanlı idim, izah edə bilmərəm. İlk günlər universitetdə də müəllimim olan Lalə Musaqızı o qədər dəstək oldu ki, mənə.Onun borcundan çıxa bilmərəm.

“Kaspi”də əgər yazı yazıb, fəaliyyət göstərirsənsə, mütləq qonorarın verilir. Mən də qonorarımı alırdım. 4-5 ay “100” manat pul alırdım. Amma o qədər dəyərli və bərəkətli idi ki... İlk maaşımı anam hələ də saxlayır. İlk dəfə işləyəndə maaş fikirləşmirdim. Əgər sevdiyin işi, sevdiyin mühitdə görürsənsə, maaş o qədər də gözünə görünmür. Mənim ən böyük qazancım qəzetdə gördüyüm imzam, iş yoldaşlarım və “Kaspi” ailəsidir”.

 ““Kaspi” mənim media sahəsində ilk iş yerim olub”



Qəzetin digər gənc əməkdaşı Şəbnəm Mehdizadə də 3 ildir ki, burada çalışır:

“İlk olaraq bizi bura universitetdən təcrübə üçün göndərmişdilər. Bura gəlməzdən əvvəl jurnalistika sahəsində təhsil alsam da, təcrübəm yox idi. Çünki ixtisasıma həvəs göstərmirdim. Fikirləşirdim ki, məndən jurnalist olan deyil. Magistr üzrə dərəcə alıb ixtisasımı dəyişməyi düşünürdüm. Amma elə oldu ki, “Kaspi”yə gəldim. Təcrübə müddətində yazılar yazdım, kollektivlə münasibətlər quruldu. İş elə gətirdi ki,  təcrübədən sonradan burada işlədim. “Kaspi” mənim media sahəsində ilk iş yerim olub. Amma daha əvvəllər başqa sahədə işləmişəm. İşlə bağlı  çətinliyə gəldikdə isə bu müddət ərzində elə bir ciddi çətinliyim olmayıb. Olduğu zaman da redaktorlar həmişə köməklik edib problemi aradan qaldırmaqda bizə yardımçı olublar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu