Modern.az

“Bu insanda paxıllıq yox idi” - Xanəndələrin Ağaxan Abdullayevlə bağlı XATİRƏLƏRİ

“Bu insanda paxıllıq yox idi” - Xanəndələrin Ağaxan Abdullayevlə bağlı XATİRƏLƏRİ

6 Fevral 2018, 16:36

Bu gün  mərhum xanəndə, Azərbaycanın xalq artisti Ağaxan  Abdullayevin doğum günüdür.

O, 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Sonralar məşhurlaşan xanındə Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

A.Abdullayev 25 dekabr 2016-cı ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Sənətkarın həmkarları onunla bağlı xatirələrini Modern.az-la paylaşıb.


Xalq artisti Mənsum İbrahimov
deyib ki,  Ağaxan Abdullayev Azərbaycan klassik muğam sənətinin görkəmli nümayəndələrindən biri idi:

“O, çox böyük sənətkar, şəxsiyyət idi. Mən hələ Ağaxan müəllimi Asəf Zeynallıda oxuyan vaxtımdan tanıyırdım. Yəni hardasa 30 ildən çoxdur ki, tanışlığımız var idi. Elə oldu ki, biz onunla dəfələrlə xarici ölkələrdə, Azərbaycanın müxtəlif bölgələrində  səfərlərdə olduq. Muğam Televiziya Müsabiqələri başlayandan, 2005-ci ildən  münsif yoldaşı idik. Müsabiqələr zamanı bölgələrdən uşaqların seçilməsində, məclislərdə , dövlət tədbirlərində-demək olar ki, hər yerdə birlikdə olmuşuq.

Ağaxan Abdullayev həm də gözəl insan idi. Yaxşı insan olmaq hər kəsə qismət olmur. Ağaxan müəllim gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Bu insanda paxıllıq hissi yox idi və hər zaman yaxşılıqla məşğul olur, insanlar üçün əlindən gələni edirdi. Mən ancaq onda gözəl keyfiyyətlər görmüşəm. Ağaxan Abdullayev həmçinin gözəl ailə başçısı idi, övladları, nəvələri var. Təəssüf ki, aramızdan çox tez getdi. Xalqımızın , dövlətimizin sevimli sənətkarı idi. Dəfələrlə şahidi olmuşam ki, Azərbaycanın istənilən bölgəsinə gedəndə onu necə hörmətlə qarşılayırdılar. Təbii ki, özü fikizi cəhətdən aramızda olmasa da, ruhən həmişə bizimlədir. Çünki onun qoyub getdiyi sənət, səs, ifalar hər zaman xalqımızın qəlbində yaşayacaq”.

Xalq artisti Arif  Babayev qeyd edib ki, Ağaxan Abdullayev haqqında danışmağa çox sözü var:

“O, gözəl sənətkar, ailə başçısı idi. Yəni hərtərəfli adam idi. Ağaxan əsl xanəndə idi, mən deyən xanəndələrdən. Onda kişi hökmü var idi. Uzun müddətdir dostluq edirdik. Təəssüflər olsun ki, çox tez dünyasını dəyişdi. Axır günlərində Ağaxan oğluna toy edəndə onu görüb çox pis oldum. O, bizim sıramızdan gedəndə-dünyasını dəyişəndə bir neçə gün özümə gələ bilmədim. Ağaxan haqqında nə qədər desən danışmaq olar. Onun səsi hər zaman xalqımıza lazım olacaq və onu qoruyub saxlamaq lazımdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı