Modern.az

”Azəriqaz” qaz təchizatı sistemində təhlükəsizlik qaydalarınana dair toplantılar keçirir

”Azəriqaz” qaz təchizatı sistemində təhlükəsizlik qaydalarınana dair toplantılar keçirir

24 Noyabr 2009, 18:37

ARDNŞ-nin ”Azəriqaz” İstehsalat Birliyi ölkənin qaz təchizatı sistemində təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə əlaqədar Bakı şəhər rayonları üzrə Qaz İstismar Sahələrində silsilə toplantılar keçirir.
Modern.az-ın məlumatına görə, bu silsilədən ilk yığıncaq Bakı şəhər Nəsimi və Nərimanov rayonları Qaz İstismar Sahələrinin işçilərinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Nazim Səmədzadə qış rejiminə keçidlə əlaqədar qaz təchizatı sistemində görülən tədbirlər haqqında geniş məlumat verib, bildirib ki, buna baxmayaraq, yerlərdə təbii qazdan istifadə qaydalarının pozulması hallarına da yol verilir. Bu halları doğuran səbəblərə toxunan N. Səmədzadə qeyd edib ki, ”Azəriqaz” İB-nin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsi tərəfindən təhlükəsizlik qaydalarının gücləndirilməsi haqqında “Tədbirlər Proqramı” hazırlanıb. Qurum rəhbərliyi proqramı təsdiq edib və bütün qaz istismar sahələrinə göndərib. N. Səmədzadə ərazi qaz istismar sahələrində proqramın diqqətlə öyrənilməsinin, nəzərdə tutulan tədbirlərə tam həcmdə əməl olunmasının vacibliyini vurğulayıb.
Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Kamal Tarverdiyev baş verən bədbəxt hadisələrlə əlaqədar yerlərdə müşavirələrin keçirildiyini, hər bir konkret hadisənin müfəssəl olaraq təhlil edildiyini, belə halların qarşısının alınması üçün müvafiq göstərişlər verildiyini söyləyib. K. Tarverdiyev daha sonra qış rejiminə keçidlə əlaqədar Qaz İstismar sahələrinin üzərinə düşən vəzifələrdən danışıb: “Proqrama əsasən, Qaz İstismar Sahələri işçilərinin üzərinə düşən vəzifələr əsasən, yaşayış evlərində və ictimai binalarda qaz avadanlıqlarına texniki baxış və xidmətin aparılması üzrə təlimatla əlaqədardır. Bundan başqa qaz təchizatının təhlükəsiz istismar edilməsi məqsədilə respublika ərazisində qüvvədə olan direktiv qaydalara və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlıqlarına texniki baxış və xidmətlərin aparılması üzrə” Təlimata əsasən, nəzarət gücləndirilmiş iş rejimində həyata keçirilməlidir. Abonentlərin maarifləndirilməsi işi də gücləndirilməlidir”.
Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin təhlükəsizlik üzrə mühəndisi Tahir Kazımov yerli isitmə sobalarının tüstü bacalarına və hamam otaqlarına olan təhlükəsizlik tələbləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib. O, daha sonra qeyri-yaşayış sahələrində quraşdırılmış qaz cihazlarına verilən tələblərə toxunub. Qeyd olunub ki, baş vermiş bədbəxt hadisələr vətəndaşlar tərəfindən mənzillərdə yenidənqurma işləri aparılarkən daxili qaz xətlərinə müdaxilə edilməsi, qaz xətlərinin mətbəx otaqlarından eyvanlara çəkilməsi, qeyri-qanuni cihazlardan istifadə olunması ilə bilavasitə bağlıdır: “Yaranmış vəziyyəti dəyişmək üçün bir sıra hallarda kəskin tədbirlər görməyə ehtiyac yaranır. Belə ki, qazdan istifadənin qaz təsərrüfatında təhlükəsizlik qaydalarına zidd olaraq davam etdirilməsi halları aşkar olunduqda pozuntular dərhal sənədləşdirilməli, tədbir görülməsi üçün müvafiq inzibati və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilməli və qazın verilməsi dayandırılmalıdır”. Qeyd edək ki, analoji toplantıların dekabrın 2-ə kimi Bakının digər rayon qaz istismar sahələrində də keçirilməsi nəzərdə tutulur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?