Modern.az

Ucqar kəndin gənc müəllimi: “Məktəbin odun sobasını qalayanda əllərimi yandırmışam” - LAYİHƏ  

Ucqar kəndin gənc müəllimi: “Məktəbin odun sobasını qalayanda əllərimi yandırmışam” - LAYİHƏ   

7 Fevral 2018, 13:55

“Şagirdlər hər ay direktorun yanına gedib deyirlər ki, Gülnar müəllimə getsə, onu qoymayın


Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 


Modern.az
 saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.


Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.
 

Budəfəki müsahibimiz Daşkəsən rayonu Dəstəfur kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat fakültəsinin müəllimi Gülnar İsmayılovadır. 

Layihəmizin qonaqları olan başqa həmkarlarından fərqli olaraq, o, ucqar kəndə gəlişini, burada keçən həyatını böyük maraqla bizə danışıb. Ürəyi doludur… Bacardığımız qədər çalışırıq ki, sözünü kəsməyək. Doğrudur təbii ki, biz də lazım olan yerdə müdaxiləmizi edir, növbəti sualımıza keçirik. Amma bu gün meydan onundur - ucqar kəndin ürəyi dolu olan gənc müəlliminin…

Əziz oxucu, mən sizi o meydanda tək buraxacam. Amma dediyim kimi, lazımı məqamda məni də burada görəcəksiniz. İnanın ki, bu meydanda Daşkəsən məktəbinin gənc müəlliməsilə baş-başa qalanda qətiyyən darıxmayacaqsınız:


Qısa dosye...

-1994-cü ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 7 saylı Laçın orta məktəbində almışam. 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fükültəsini  bitirib, 2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanlarında iştirak etdim. İmtahanların nəticələrinə uyğun olaraq, Daşkəsən rayon Dəstəfur kəndinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi qəbul olundum. Hazırda bu məktəbdə işimi davam etdirirəm.



Tapıntı

-Şahmatla məşğul olmuşam, “ikinci dərəcə”m də var. Amma sonradan davam etdirmədim. Maraqlarıma gəldikdə isə psixologiya və fəlsəfə ilə çox maraqlanıram; yaradıcı ruha sahib insanları tanımaq mənə həmişə maraqlı gəlib. Müəllim olmağımın səbəblərindən biri də uşaqların rəngli dünyalarında özümü tapmağımdır. .. Və mən bu gün özümü tapdığım bir yerdəyəm...

Əvvəllər ucqar kənddə işləmək heç ağlımdan da keçməyib. Amma güclü iradəm var, indiyə qədər nəyi istəmişəmsə, ona da nail olmuşam. Eləcə də müəllim olmağı da qarşıma məqsəd qoymuşdum və ona da çatdım.  Qərarlarımdan çox az hallarda peşmanlıq çəkirəm. Nadir hallarda… Müəllim olduğum üçün isə heç zaman peşmanlıq çəkmədim. Əksinə, yaxşı ki, hər şey bu cür oldu” deyib, məmnunluq duyuram. Məncə, bu, həm də, özünü tapmağın verdiyi bir məmnunluqdur.


Oraların sehri, rəngli  cazibəyə sığınmaq

Layihəmizin çox qonağı olub. Hamısının da müllimlik peşəsinə hədsiz sevgisinin şahidi olmuşuq. Əks halda, ucqar kəndə yollanmazdılar. Amma Gülnar xanımdakı hisslər tamam başqadı: onun üçün müəllimlik iş yox, özünü tapmaq, var olmaq üçün sığındığı ruhani məkandır:

-Mənim üçün əsas olan müəlliməlikdir - rəngli dünyaları mənə göstərən, onu seçdiyimin peşmanlığını heç zaman yaşatmayan bir müqəddəs iş… Ona görə də mənim üçün  ucqar kənd, yaxud şəhər məktəbi, heç bir fərqi yoxdu. Əksinə, düzünü desəm, ucqar kənddə müəllim olmaq daha maraqlıdı. Yaxınlarından,  doğmalarından, böyüdüyün şəhər mühitindən uzaqlaşıb tamam başqa dünyanın sehri içində yaşayırsan… 
Bu zaman səni hamıdan ayrı salan uzaqlıq şəxsən mənə daha maraqlı görünür. Hər halda, bu qədər uzaqlığın da bir maraqlı tərəfi olmamış deyil. Onu sadəcə, yaşamaq lazımdı. Odur ki, elə ilk günlərdə də bu barədə fikirlərimi qətiləşdirmişdim: hara qəbul olunacaqdımsa, oraya da gedəcəkdim… Elə də oldu… O zaman mənim üçün sadəcə “oralar” kimi görünən, indi isə sehirli məkan kimi tərk etmək istəmədiyim Daşkəsəkənin Dəstəfur kəndi gedəsi olduq…

Buranı seçməyimdə xüsusi bir səbəb olmadı. Valideynlərim də, mən də dağ rayonunu istəyirdik. Ona görə də, ucqarlardan birini seçdik. Heç nə təsadüfi deyil, sonradan bildim ki, ruhum məni hər zaman özündə daşıdığı rənglər dünyasının, rəng cazibəsinin  qoruduğu bir kəndə tərəf aparıb.



“Rəngli dünyaya” aparan yol

-Amma o zaman  kəndə, oranın məsum uşaqlarına bu dərəcədə alışacağımı bilmirdim. Hər şeyin hələ sonralar şahidi olacaqdım. Nəticələrdən sonra kəndə getdik. Yol boyu mənim üçün hələ də “oralar” kimi görünən Dəstəfur kəndi, insanlarının necə olması barəsində təsəvvürləri bir-bir göz önümdən keçirirdim: qırmızı yanaqlı, “potuk” kənd uşaqları, əlində çomaq yaşlı kənd qocaları təsəvvürümdə canlanırdı.

İçimdə qəribə həyəcan, həyəcan qarışıq sevinc  və bir də adını bilmədiyim hisslər hökm sürürdü. Elə bil, mənə dünyanı bağışlamışdılar. Ya da özüm uşaqlıqdan bu yana aradığım rəngli bir dünyanı nəhayət ki, tapmışdım…


“Fidanlar” və həmin Gülnar

Bəzi məqamlar var ki, onlar ancaq yaşantı zamanı müəyyən olunur. Gənc müsahibin yaşantısı onun iki fərqli dünyada mövcud olduğunu nəzərə çatdırırdı: biri, hamımızın yaşadığı və onun da adi insanlar  kimi yaşadığı dünya, o biri isə qəhrəmanın yalnız özü və “fidanlar” dediyi uşaqların olduğu bilmədiyimiz bir dünya...Yəqin, oradakı Gülnar müəllimə də, bir ayrı insandır...

-Həyatımda yeni bir səhifə açılırdı da, deyə bilərəm. Kənddəki həyatımla, şəhər həyatım çox fərqlidi. Oradakı Gülnar da bir ayrı Gülnardı… Sanki daha xoşbəxt  və daha çox danışan…

Mən o kənddə görmədiyim, eşitmədiyim çox şeylə qarşılaşmışam. Təsəvvür edirsiniz, ilk dəfə kəndə gələndə, uşaqlar məni tanımadıqları halda “müəllimə xoş gəlmisiz, iki həftədir, yolunuzu gözləyirik”, dedilər. O qədər xoşbəxt olmuşdum ki! Bu cür “məsumiyyət muzeyləri”ndən qopan saf işıq məni çox xoşbəxt etdi. Ümumiyyətlə, uşaqları çox sevirəm; dünyalarını, rəngarəngliklərini, səmimi baxışlarını, saf gözlərini, məsum təbəssümlərini… Axı hər kəs içində bir uşaqdır. Məni görən kimi “müəllimə, sizi gözləyirdik” deyən uşaqlar da ruhumdakı uşaqlığa doğru getdiyim yolda məni salamlayan fidanlar idilər… Mən onlara “fidanlarım” deyirəm. Məncə, onlar həmin gün təkcə öz müəllimələrini yox, onlarla eyni metafizik, rəngli dünyada bərabər olan bir  Gülnarı da salamladılar…


Kiçik haşiyə - bir Malik müəllimimiz vardı…

-Orta məktəbdə bir Malik müəllim vardı. Bizə həmişə gözəl hekayələr, maraqlı əhvalatlar danışardı. Bilmədiyim nə varsa, sual verib soruşurdum. Ona çox qibtə edirdim. İndi uşaqlarla dərsdənkənar maraqlı söhbətlər edəndə, həmin müəllimimi xatırlayıram.

 

Ağrı rəngindəki tablolar  

Bütün bunlar çox gözəl... Amma realda yaşanan elə çətinliklər var ki, onu heç cür gizlətmək mümkün deyil. Daşkəsinin Dəstəfur kəndindəki bir evdə  atası ilə qalan Gülnar müəllimə artıq kənd həyatının demək olar, bütün üsullarını öyrənib: bulaqdan su gətirir, çörək bişirir, meşədən meyvə yığır, bəzən odun da yarır... Şəhər mühitində böyüyən bir xanıma bu işləri ancaq bir dəyər gördürə bilərdi-Sevgi! O da uşaqlara-daha doğrusu,  fidanlarına olan sevgi ilə silahlanıb bu işləri görür:

-Düzünü desəm, çətinliklərim çox olur. Axı kənd yeridi, necə olmasın ki?! Hələ də ki, ucqar kənd; oranın daşlı-kəsəkli yolları, rayon mərkəzindən 18 km uzaqlıqda olması və başqa məsələlər….

Amma qaldığımız ev normaldı. Atamla qalıram, mənim ən birinci dəstəkçim də elə atamdı.  “Normal” desəm də, əlbəttə ki, kənddəki bir çox problemlər bizim evdən də yan keçmir. Kənddə qaz yoxdu, işıqlar günlərlə keçə bilər… Artıq bulaqdan hər gün su gətirməyə öyrəşmişəm. Kənddə ən bəyəndiyim şey isə gecələr ulduzlar, gündüzlər isə uşaq gülüşləridi.

Odun peçi qalamağı, xəmir yoğurub çörək bişirməyi, armudu, almanı necə dərməyi və daha nələr, nələr…- bunların hamısını kənddə öyrənmişəm.

Boş vaxt tapan kimi – bu, çox az olur- həftəsonları atamla meşəyə gedib, birgə vaxt keçiririk. Payız vaxtı meyvə yığmağa yollanırdıq daha çox. Hə, yaxşı yadıma düşdü, bir dəfə də qoz ağacından yıxılmışam.

 


Kənd məktəbinin izləri

-Məktəbimiz odun peçiylə isinir. Amma dağın başında yerləşdiyinə görə soyuq olur. Mən də üşüyən adam... Arada sobanı özüm qalayıram. Neçə dəfə olub ki, əlimi də yandırmışam. İki aydır ki, hələ də yanıq izi əlimdən getmir. Hər dəfə də o izə baxdıqca gülürəm. Heç zaman ağlıma gəlməzdi ki, nə zamansa Dəstəfura gəlib, orada dərs danışa-danışa “peç” qalayıb əlimi yandıracağam.

 

“Prinses və altı cücə”

-İlk günlər məktəbdə bir az həyəcan vardı. Birdən-birə dərs keçməyə başlamışdım. Normalda az danışan adamam. Burada çox danışmaq mənə qəribə gəlirdi. Amma sonradan öyrəşdim. İnsan hər şeyə öyrəşir.

İlk dərs günümü dünənki kimi xatırlayıram. Uşaqların mənə “müəllim” demələrinə çox təəccüblənirdim. “Müəllim” sözü mənim üçün böyükdür. Baxmayaraq ki, indi hamıya müəllim deyirlər. Amma müəllim hikmətdir, yol göstərəndir, alidir, eşqdir.
 

Şagirdlərimlə çalışıram ki, səmimi münasibətimiz olsun. Onların hər hərəkətindən nə demək istədiklərini başa düşməyə çalışıram. …Və onlar da müəllimələrini çox sevirlər. Özləri belə deyir, təsəvvür edirsiz, haqqımda kitab da yazıblar - “Prinses və altı cücə”. O qədər xoşbəxt olmuşdum ki, indi həmin xoşbəxtliyi sözlə ifadə edə bilmərəm. Sinfə girəndə uşaqların gözlərinin içi gülür. Bunlar, əsrarəngiz hisslərdi.


Uşaqlar kənddə ilk qarı çox səbirsizliklə gözləyirlər. Elə mən də bu il qarı onlarla bərabər gözlədim. Qartopu da oynadıq, deyib-gülüb əyləndik də... Bilirsiz, uşaqlar onda mənə nə dedilər? - Dedilər ki, “bizimlə qar topu oynayan ilk müəllim sizsiniz. Başqa müəllimlər bizimlə heç vaxt oynamayıblar”. Ehh, fidanlar fidanlar…



Dərs üçün haşiyə

-Şagirdlərin dərsə davamiyyəti və münasibəti normaldı. Şəxsən məni qane edir. Sədi Şirazinin bir sözü var: “Nə elə sərt ol ki, səndən qaçsınlar, nə də elə yumşaq ol ki, səni əzməyə çalışsınlar”. 
Mən dəçalışıram ki, şagirdlərlə münasibətimdə balansı, Konfutsi demiş qızıl ortanı qoruyub saxlayım.

Onlarla dərsdənkənar kitab təhlilləri aparırıq. Hər həftə bir kitabı oxuyub müzakirə edirik. Oradakı obrazları, personajları incələyirik. “Niyə” sualı çox olur. Çox istərdim ki, bunu bütün müəllimlər etsinlər. Bütün bunların  şagirdlərin dünya görüşlərində, böyük rolu olacağına inanıram.


Bir dəfə də..


-Bir dəfə uşaqlara esse yazmağa tapşırmışdım- Mənim ailəm mövzusunda. Atası rəhmətə gedən Aytac adlı şagirdim belə bir cümlə yazmışdı: “Bizim ailəmiz kiçik olsa da, ürəklərimiz böyükdü”. Bu cümlə məni çox duyğulandırmışdı. Elə böyük düşündüyü üçün onu öpüb təşəkür etmişdim...



Sonluq

-Kənddən nə zaman ayrılacağımı düşünəndə çoz üzülürəm. O doğma fidanları, səmimi ortamı, saf sevgini qoyub getmək asan olmayacaq. Uşaqlar gedib ayda bir dəfə də olsa, direktordan xahiş edirlər ki, “Gülnar müəlliməni qoymayın getsin, getmək istəsə də sənədinə “peçat” vurmayın”. 
Hər dəfə tətilə çıxanda “müəllimə, getməyin” deyirlər. Mən də  gülümsəyib, “narahat olmayın, qayıdacağam” cavabını verirəm.

Elə mənim də hələ ki,  getmək fikrim yoxdu. Qalmaq istədiyim bir yerdəyəm.

 

P.S. Məncə də, Gülnar müəllimə hələ o kənddən gedə bilməz. Çünkü, o hazırda öz işi ilə, sevgisi ilə, oradakı yaşamı ilə hər bir şagirdinin ürəyində hələ bitməmiş bir kitabı yazdırır – “Prinsses və altı cücə”...

 

E. Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir