Modern.az

Türkiyəli onko-ginekoloq Bakıya gəldi: “Keysəriyyə əməliyyatlarını azaltmaq lazımdır” - MÜSAHİBƏ  

Türkiyəli onko-ginekoloq Bakıya gəldi: “Keysəriyyə əməliyyatlarını azaltmaq lazımdır” - MÜSAHİBƏ    

7 Fevral 2018, 15:49

Dos. Dr. Eralp Başer İstanbulda Liv Hospitalda onko-ginekoloq vəzifəsində çalışır. 
 

Liv Hospital Türkiyəyə qonşu olan bir sıra ölkələrlə həm təhsil, həm də səhiyyə sahəsində  əməkdaşlığını artırmaq istəyir. Məqsəd  xəstəxananın təcrübəsini qardaş ölkələrə təqdim etmək, digər ölkələrdə olunmayan əməliyyatları reallaşdırmaq üçün bir körpü qurmaqdır.

 

Layihə çərçivəsində ilk səfər olunan ölkələrdən biri də Azərbaycandır. Modern.az saytı onunla söhbəti təqdim edir:


- Eralp bəy, Azərbaycana gəlməkdə məqsədiniz nədir?

- Bizim Azərbaycana gəlməkdə məqsədimiz Liv Hospitalda tətbiq olunan texnoloji avadanlıqlardan Azərbaycandakı qardaşlarımızın da faydalanmasını təmin etmək və eyni zamanda xəstə potensialımızı böyütməkdir. Biz bu səbəblərdən dolayı belə bir layihə gerçəkləşdirməyə başlamışıq. Bu layihə çərçivəsində Özbəkistan, Rumıniya, Ukraynada da səfərdə olmuşuq. Bakıda isə ümumiyyətlə ilk səfərimdir. Azərbaycan qardaş ölkə olduğu üçün özümü heç də yad hiss etmirəm.

-Onko-ginekologiya sahəsində Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliklər hansılardır?

- Əslində onko-ginekoloq baxımından bir çox müalicə üsulları Azərbaycanda da mövcuddur. Lakin laparoskopik üsulla edilən bütün qapalı əməliyatlar, Da Vinçi Robotik cərrahiyyəsi texnologiyası xüsusilə bizim klinikamızda reallaşdırlır. Bu üsuldan Türkiyədə də əksər xəstəxanalarda hələ ki istifadə olunmur. Bildiyimiz kimi, xərçəng xəstəliyinin müalicəsi üçün təkcə əməliyat yetmir. Bundan əlavə kimyaterapiya və radioterapiya kimi müayinələrə də ehtiyac duyulur. Biz ümumən bütün bu işləri komanda olaraq həll etməyə çalışırıq. Komandamızda mütləq şəkildə psixoloq, kimyaterapiya və radioterapiya mütəxəssisi, tibb bacıları və başqa ehtiyac olan bütün kadrlar fəaliyyətdə olur. Çünki xərçəng xəsətələri üçün güvənilir bir ortam çox vacibdir.

- Sizə daha çox hansı xəstəliklərlə və hansı yaş aralığında olan qadınlar müraciət edirlər?

- Mən onko-ginekoloq olduğum üçün ana bətnində və ya yumurtalıqlarda yaranan kütlələrlə bağlı müraciət edən xəstələr çoxdur. Bu xəstəliklərin diaqnozu isə təəssüf ki, bəzən əməliyatsız müəyyən olunmur. Yalnız əməliyyat edilərək diaqnoz qoyula bilər. Əlavə olaraq, xərçəng yaranma ehtimalı ilə bağlı da müraciətlər olur. Yumurtalıq kistaları, miomlar, uşaqlıq yolu qalınlaşması və s xəstəliklərdən də əziyyət çəkən xəstələrimiz çoxdur.

Ən çox menapoza giren qadınlar, yəni təxminən 40 və daha çox yaşı olanlar xanımlar müraciət edirlər. Ondan əlavə olaraq 35 yaşlarında miom ya da fibrom səbəbilə də baş çəkənlər də az deyil. Əksərən isə qeyd etdiyim kimi, xəstələrimiz orta və daha yaşlı olur.

- Azyaşlı uşaqlarda və yeniyetmələrdə nə kimi problemlər görülməkdədir?

- Daha kiçik yaşlı qızların ginekoloji problemləri üçün pediatrik baxımından da xidmət göstəririk. Uşaq yaşlarında daha çox adət görmə pozuntuları və yumurtalıq kistləri kimi problemlərlə müraciət edirlər.

Xərçəng ehtimalı olan uşaqlar çox az olur, amma yenə də, çox təəssüf ki, uşaqlarda da bu xəstəliyə rast gəlirik. Xərçənglə qarşılaşsaq belə, müayinə nəticələri uşaqlarda  adətən müsbət nəticələnir.

- Niyə həkimlər, adətən normal doğuma deyil, keysəriyyə əməliyyatına üstünlük verirlər?

- Əslində mən öz təcrübəmdə normal (vaginal) doğumu daha çox dəstəkləyən bir həkiməm. Bu üsulu ehtiyac duyulmadığı müddətdə seçim etmək də düşünürəm ki, hər kəsin ayrı-ayrı şəxsi maraqları var. Amma, məsələn yüksək risqli hamiləliyi olan ( və ya əkiz üçiz hamiləliyi olan və ya uşağı başıaşağı deyil də, tərs doğan) qadınlarda təbii olaraq həkim keysəriyyə əməliyyatını seçmək məcburiyyətində qalır. Normal doğum sırasında körpənin ürək döyüntüləri azalarsa və ya uşaq gərilmələrə rəğmən irəliləmirsə, belə olan halda da keysəriyyə əməliyyatı mütləqdir. Hesab edirəm ki, bəzi hallarda da qadınlar özləri normal doğum riskini azaltmaq üçün və ya doğumdan qorxduqları təqdirdə bu əməliyyata üstünlük verirlər.  Lakin bütün bunlara baxmayaraq, əlimizdən gəldiyincə keysəriyyə əməliyyatını azaltmaq lazımdır. Öz təcrümbəmdə də çox vacib olmadığı müddətcə bu əməliyyatını etmirəm.

- Keysəriyyə əməliyyatının riskləri nələrdir?

- Nəticə etibarilə bu açıq əməliyyatdır. Yəni keysəriyyə əməliyyatı da bütün əməliyyatların daşıdığı riskləri daşıyır. Ən əsas da anesteziyaya bağlı olan risklər bütün əməliyyatlarda olduğu kimi, bunda da qaçınılmazdır. Əlavə olaraq, qanama, yara yerində, kəsikdə iltihablanmalar və yırtıqların əmələ gəlməsi böyük risklərdir. Bunlar olmadığı təqdirdə isə keysəriyyə qadının günlük həyatına daha gec qayıtmasına səbəb olar. Təbii ki, bunlar müəyyən dərmanlar vasitəsilə müalicə olunaraq aradan qaldırılır, amma ən yaxşı hallarda belə qadınlar normal doğumdakından daha çox əziyyət çəkirlər. Bir şeyi də qeyd edim ki, normal doğum özü də heç risksiz deyildir. Onun da özünə görə müəyyən riskləri vardır. Burada diqqətli olmalı lazım olduğumuz isə heç bir mövzuda tələsik qərar verməməkdir. Əgər keysəriyyə lazımdırsa, normal doğuma yönləndirmək daha pis nəticələr verə bilər.

- Qeyd etdiniz ki, digər ölkələrdən, Qazaxıstandan, Özbəkistandan da tələbələriniz olur. Bu ölkələrin tələbələri ilə azərbaycanlı tələbələri müqayisə etsəz, hansıları daha bilikli adlandırardınız?

- Bu ölkələr demək olar ki, bir-birindən o qədər də fərqlənmir. Daha çox dünyaya açılan, internet üzərindən araşdırmalar aparan, sadəcə müəllimlərindən öyrəndiyi məlumatlarla kifayətlənməyib kitab oxuyan, özünü inkişaf etdirməyə çalışan tələbələr hər zaman üçün daha öndədir. Bu, ölkədən ölkəyə dəyişmir və tamamilə özünü inkişaf etdirməklə əlaqəli olan bir  prosesdir.


- Eralp bəy, qadından cərrahi yolla yumurtalıqların götürülməsinin erkən menopaza (aybaşıdan gənc yaşda kəsilmə)  səbəb olduğunu söylədiniz. Bəs qadınlarda erkən menopozun riskləri nələrdir?

- Estrogenqadın üçün çox önəmli hormondur. Dərinin gözəl olmasından, ürək-damar xəstəliklərinin qarşısının alınmasına, eyni zamanda sümüklərin kalsium tutumuna qədər qadınların metabolizması bu hormona bağlıdır. Erkən menopoz yaşayan qadınlarda sümük əriməsi riski daha gənc yaşda baş qaldırır. Məsələn, normalda 50 yaşlarında rast gəlinəcək vəziyyətə 40 yaşlarında təsadüf olunur. Beləliklə, sümük problemləri, xalestrol səviyyəsində pozuntular yaranır ki, bu da ürək xəstəliklərinə birbaşa olaraq vasitəçilik edir.

Erkən menapozun  digər  riski isə  yumurtalıqların fəaliyyətsiz qaldığına görə  uşaq sahib olma ehtimalının olmamasıdır. Belə qadınlarda uşaq sahibi olmaq üçün başqa bir qadının yumurta hüceyrəsi alınaraq yoldaşının sperması  ilə birləşdirilib həmin qadına nəql edilir ki, beləliklə də yumurtalıqları fəaliyyətsiz olan qadın uşaq sahibi ola bilir. Türkiyədə bu prosedurun  aparılması qadağandır.

- Son zamanlar Azərbaycanda suni mayalanma üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Bəs Türkiyədə vəziyyət necədir? 1 ayda təxminən neçə cütlük suni mayalanmadan yararlanmaq üçün müraciət edir?

- Türkiyədə də suni mayalanma üçün müraciət sayı kifayət qədər çoxdur. Hər 10 cütlükdən birində sonsuzluq xəstəliyinin olması ehtimalı var. Bu diaqnozu qoyduğumuz xəstələrdə xüsusi araşdırmalar aparırıq. Araşdırmalar zamanı bəlli olur ki, bəzi qadınlar çox sadə bir üsulla, peyvəndlərin düzgün vurulması ilə hamilə qala bilərlər. Amma bəzi cütlüklərdə bu mümkün olmur. Məsələn, bəzən kişilərdə sperma səviyyəsi çox aşağı ola və ya qadınlarda yumurtalama prosesi getməyə bilər. Artıq belə vəziyyətlər yarandıqda suni mayalanma üsulundan faydalanırıq. Təxmini olaraq 1 ay içərisində 40 və ya 50 cütlüyə suni mayalanma müalicə üsulu tətbiq olunur. Bu müalicələr nəticəsində qadının hamilə qalma şansı 70 %-dən daha yüksəkdir.

- Süni mayalanma nəticəsində doğulan körpələrlə normal doğuşla doğulan körpələr arasında sağlamlıq baxımından hansısa fərqlər varmı?

- Əslində bu hamiləlik normal yumurta hüceyrəsi və normal sperma hüceyrəsinin birləşməsi nəticəsində yaranan hamiləlik olsa da,  suni mayalanma tətbiq olunan qadınlarda risklər az da olsa, daha yüksəkdir. Məsələn, bəzi nadir anormallıqların, genetik görülən nadir xəstəliklərin suni mayalanma tətbiq olunan qadınlarda rast gəlinmə riski digər qadınlara nisbətən bir qədər çoxdur. Amma özəlliklə suni mayalanma nəticəsində dünyaya gələn uşaqlarda hansısa xüsusi  problemlərin olduğunu demək düzgün deyil.

- Müşahidələr göstərir ki, süni mayalanma tətbiqi nəticəsində dünyaya əksər vaxtlarda əkiz körpələr gəlir. Bunun hansısa xüsusi səbəbləri varmı?

- Burada ən önəmli rolu neçə embrionu xəstəyə nəql etməyiniz oynayır. Qadından yumurta hüceyrəsinin kişidən isə spermanın götürülüb birləşdirilməsi nəticəsində embrio yaranır. Hər süni mayalanma nəticəsində bu embriolardan 7-8 dənə əmələ gəlir. Əksər vaxtlarda bu embrioların sadəcə bir dənəsini qadına nəql edirik. Bəzən bir embrionu nəql etdiyiniz halda bu öz-özünə iki yerə bölünərək iki uşağın yaranmasına səbəb olur. Bunun qarşını almaq üçün də qadına mümkün qədər tək embrio nəql edilir. Bəzi hallarda isə 40 yaşından yuxarı xəstələrə daha çox sayda embrio nəqli lazım olur. Xəstə əkiz körpələrə hamilə qalanda erkən doğuş, eyni zamanda körpələrin qanlarının bir-birinə qarışma riskləri yaranır. Ona görə də bütün bu hallar baş verməsin deyə, daha çox tək uşağın olmasını hədəfləyirik.

- Eralp bəy, məlumdur ki, cərrahların bir qismi əməliyyat sırasında müxtəlif musiqilər dinləyirlər. Bəs siz əməliyyat edərkən musiqi dinləyirsinizmi? Hansı musiqiləri bəyənirsiniz?

- Əməliyyat zamanı seçimim hər zaman musiqidən yana olur. Bəzən əyləncə olsun deyə arabeskmusiqiləri açsam da, çox vaxt  pop və caz musiqiləri dinləyirəm. Əməliyyatlarımız uzun çəkdiyi üçün musiqinin xüsusi rahatlaşdırıcı təsiri var. Ona görə də musiqi olmadan əməliyyat edə bilmərəm. Müğənnilərdən isə ən çox Tarkanın ifasını bəyənirəm.

- Doğuş zamanı bəzən müəyyən anormal hadisələrə rast gəlinir. Məsələn, başları bir-birinə bitişik şəkildə əkizlər dünyaya gəlir. Bu kimi halların baş vermə səbəblərləri hansılardır?

- Əkizlərdə hüceyrələrin bir-birindən ayrıldığı dövr var ki, vaxtında ayrılma meydana gələndə uşaqlarda heç bir problem yaranmır. Ayrılma gecikəndə isə körpələrin orqanları bir inkişaf etməyə başlayır. Məsələn, körpələr eyni qarnı paylaşa bilirlər və nəticədə qarından bitişik doğulurlar. Bəzən başları, bəzən də  bütün gövdələri bitişik ola bilir. Belə doğulan körpələr bir qismi əməliyyatla ayrıla bilsə də, bəzilərində bu prosesi həyata keçirmək mümkün olmur. Məsələn, tək ürəkli iki körpəni bir-birindən ayırmağınız imkansız hesab olunur və təəssüf ki, onlardan sadəcə birini yaşatmaq şansınız var. Bununla belə bu cür hallar çox nadir görülən hadisələrə aid edilir.

- Ginekoloqa demək olar ki, müəyyən səbəblərdən də olsa bütün qadınlar müraciət edirlər. Bəs onlar yaxşı ginekoloq seçərkən nələrə diqqət etməlidirlər?

- Digər həkimlərdən fərqli olaraq ginekoloq seçərkən onun hər şeydən əvvəl yaxşı psixoloq olmasına fikir vermək lazımdır. Qadının nə demək istədiyini başa düşəcək, onu sakitləşdirəcək bir həkim, eyni zamanda qadın özəl sirrlərini danışa biləcəyi üçün  sirr saxlaya bilən bir dinləyici olmalıdır. Bunların xaricində işinin peşəkarı olmalı, düzgün müalicə edə bilməlidir. Amma dediyim ki, mənə görə  ən önəmli olan ginekoloqun yaxşı bir dinləyici, sirdaş olmasıdır.

- Bildiyimiz qədərilə ailəlisiniz, qarşı cinsin nümayəndələri ilə tez-tez təmasda olursunuz. Bu ailənizdə hər hansı bir problemə səbəb olub?

- İşimlə əlaqədar qadınların çəkdikləri ağrıları, sıxıntıları gördükcə, onlara olan hörmətim daha da artır. Amma bunun özəl həyatıma hər hansı bir təsiri yoxdur. Çünki bu bir peşədir və həkim olaraq hadisəyə daha professional yanaşıram. Evə gəldiyiniz zaman işinizlə bağlı hər şeyi xəstəxanada qoymuş olursunuz.

- Eralp bəy, ginekoloq kimi hamilə qadınlara nələri tövsiyyə edərsiniz?

- Qadınlar hamilə qalmamışdan əvvəl mütləq şəkildə sağlam olmalıdırlar. Hamilə qalanda vücud iki orqanizm olur. Ona görə də hamilə qalmamışdan əvvəl uşaq zərər görməsin deyə, artıq çəki varsa, ondan azal olunmalı, triod və ya şəkər xəstəliyi varsa nəzarət altına alınmalıdır. Hamilə qaldıqdan sonra siqaretdən və spirtli içkidən uzaq durmaq çox önəmlidir. Çünki siqaret və spirtli içkidən istifadə  erkən doğuşa, hamiləliyin pozulmasına səbəb olur.

Qadınlar bu dönəmdə qidalanmalarına da önəm göstərməlidir. Hamilə qadınların daha çox yemək yeməsinə ehtiyac yoxdur. Gündəlik 300 qram kalori daha çox qəbul etsələr bu uşaq üçün yetərli olacaq.

Hamiləlik dönəmində qadınlar ola bildiyi qədər hərəkətli yaşam sürməlidir. Çox durğun həyat onlara da, uşağa da zərər verir. Eyni zamanda xanımların ən azı ayda 1 dəfə həkimə gedib müayinə olunmalarında fayda var.

Bütün qadınlara hamilə qalmamışdan öncə tiroid hormonlarını yoxlatdırmağı tövsiyə edirəm. Hamiləliyin 5-ci həftəsində  uşaqların ürək döyüntüsünün eşidilməsiylə bərabər mütləq tiroid hormonları nəzarətdə saxlanılmalıdır ki, müalicənin lazımlı olub-olmadığı  müəyyən edilsin.

- Nə zamansa xərçəng xəstəsi olmuş qadın hamilə qala bilərmi?

- Bəli, qala bilər. Amma bu xərçəngin növünə görə dəyişir. Bəzən bizə hamiləlik dövründə  xərçəng diaqnozu qoyulan xəstələr müraciət edirlər. Uşağa zərər verməyəcək şəkildə qadına kimya-terapiya verməyimiz lazım gəlir.

 Xərçəng müalicəsi almış bir qadın isə sonrakı dönəmdə hamilə qalanda  biz o xərçəngin yenidən yaranma riskinə qarşı çox diqqətli davranırıq. Burda da xərçəngin növü əsas götürülür. Bəzi xərçənglərin ilk bir ildə, bəzilərinin isə ilk iki ildə təkrarlama ehtimalı var. Həmin qadınlara xərçəngin yaranma ehtimalının olmadığı zamanda hamiləliyə icazə veririk. Hamiləlik zamanı da bu xəstəliyin təkrarlanıb təkrarlanmayacağını izləyirik. Amma qadında uşaqlıq və yumurtalıq varsa belə qadınların hamilə qalması təbii ki mümkündür və doğulan uşaqlarda heç bir problem olmur.

- Son zamanlar yumurtalıq vərəmi geniş yayılıb. Bu xəstəliklə bağlı nə deyə bilərsiniz?

- Yumurtalıq vərəmi çox zaman xərçəng xəstəliyi ilə səhv salınır. Bu xəstəliyə biz təsadüfi diaqnoz qoyuruq. Yumurtalıq vərəmi zamanı qarnın içində su toplanması, şişlərin yaranması kimi vəziyyətlərə rast gəlinir. Biz xəstəni xərçəng zənn edib  yumurtalıqlarını götürməli olduğumuzu deyirik və əməliyyata giririk. Amma əməliyyat zamanı görürük ki, bu xərçəng yox, yumurtalıq vərəmidir. Sadəcə olaraq xərçəngə çox bənzəyir. Bunu da yalnız əməliyyatda aşkar etdiyimiz üçün xəstədə xərçəngin müalicəsini dayandırırıq. Əməliyyatdan sonra vərəm xəstəliyinə görə müalicə edilir və xəstəlik tamamilə sağalır. Lakin bu xəstəliyin əməliyyata girmədən xərçəng və ya vərəm olduğunu ayıra bilmək mümkün deyil.

- Hamiləlikdə hansı xəstəliklər qadın üçün önəmli risk faktorudur?

- Hamiləlik zamanı əsas risk faktoru ciddi ürək-damar xəstəlikləridir. Ürəyində anadangəlmə problemləri olan qadınların hamilə qalmamışdan öncə bunun riskli olub-olmayacağı barədə həkimləriylə məsləhətləşmələri vacibdir. Onun xaricində yüksək qan təzyiqi xəstəsi olan xanımların da hamiləliyi riskli sayılır.  Digər xəstəlik isə nəzarətsiz şəkər xəstəliyidir. Əgər qadın bu xəstəlikdən əziyyət çəkirsə və buna nəzarət etmirsə bu  hamiləlik  olduqca risklidir.

- Özündə hansı əlamətləri görən xəstələr mütləq şəkildə ginekoloqa müraciət etməlidir?

- Qadınlarda diqqət edilməli olan əsas məsələ adət dönəmləridir. Bir qadın 13-14 yaşında adət görməyə başlayır ki,  bu da ilk başlarda nizamsız ola bilər. 17-18 yaşından etibarən isə aydan-aya normal şəkildə adət görməlidir. Lakin bu yaşdan etibarən aybaşı tsiklində nizamsızlıq yaranarsa, adəti ayın 5-ində görüb 15-ində  bir də görərsə və ya menstruasiya zamanı çox şiddətli ağrıları varsa, eyni zamanda iki adət dönəmi arasında anormal qanaxmalar olarsa həkimə mütləq şəkildə müraciət olunmalıdır. Bunların xaricində xroniki olaraq keçməyən qasıq ağrısı  və ya qarında səbəbsiz yerə şişliklər varsa müayinə olunmaqda fayda var. Təbii ki bunlar qadının  xərçəng xəstəsi olduğunu göstərmir. Ola bilər ki, bütün bunların altında yatan  ya endometrioz xəstəliyi, ya kista, ya mioma, ya da fibromadır. Bir sözlə, dəqiq diaqnoz qoymağın tək yolu düzgün müayinə olunmaqdan keçir.

- Qan rezusu mənfi olan qadınla, qan rezusu müsbət olan kişi ailə həyatı qurarsa, həmin cütlüyün  uşaq sahibi olma şansı nə qədərdir?

- Burada əsas məqam  uşağın qan qrupudur. Qadının qan qrupu rezus-mənfi, kişinin qan qrupu  rezus-müsbət olarsa və uşaq atasının qan qrupunu götürərsə, bu zaman uşağın qanı qadının qanına qarışa bilir və nəticədə qadının vücudu  uşağa qarşı antikor ( qoruyucu maddə)  yaradır. Bu uşaqda hər hansı problemə rast gəlinmir. Amma qadın ikinci dəfə hamilə qalarsa və yenə uşağın qanı atanın qan qrupundan olarsa, bu dəfə qadında öncədən yaranan  antikor  uşağın qanına keçərək hemolizə (hemoqlabinin qan plazmasına çıxması ilə müşayiət olunan eritositlərin qılafının dağılması prosesi) səbəb ola və nəticədə uşaq qansız qala bilər.

Əgər cütlüklərdə qan uyuşmazlığı varsa, qadın mütləq hamiləlik zamanı peyvənd olunmalıdır. Hamiləlikdən sonra da mütləq şəkildə uşağın qan qrupu yoxlanılır. Əgər uşaq atanın qan qrupundandırsa,  peyvənd mütləq vurulmalıdır, amma ananın qan qrupunu götürübsə bu zaman peyvəndə ehtiyac yoxdur.

Nəzrin Rüstəmova
Nəzrin Cavid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi