Modern.az

Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi - III Yazı

Cəfər Cabbarlının yaradıcılığında erməni məsələsi - III Yazı

8 Fevral 2018, 12:48

Erməniləri müsəlmanlara, türklərə, azərbaycanlılara qarşı qaldırmaq üçün erməni Muradın oğlunu öldürürlər...

 

Erməni Muradın oğlunu kim öldürüb? Camaata məlum deyil ki, kim öldürüb, haçan öldürüb? Ancaq camaata məlum olan odur ki, onun oğlunu öldürüblər. Qubernator istəyinə nail olub. Onun “İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri də erməni” planı həyata keçibdir. Ağamyan isə erməni kilsəsində danışır: “Qardaşlar, xristianlar, ermənilər, bu gün bizim üçün milli bir yasdır. Düşmənlər Türkiyədəki işlərdən doymayıb, burada da öz vəhşiliklərini davam etdirirlər. Bu bizim milli namusumuza toxunan qanlı bir ləkədir. Qoy düşmənlərimiz bilsinlər ki, erməni milləti hələ ölməyib. Bu gün bu cənazənin qarşısında bütün erməni milləti başını açıb, düşmənlərə bildirir ki, o öz intiqamını almadıqca, silahını yerə qoymayacaqdır. Hərgah bu yolda son nəfəsə kimi ölmək lazım gələrsə, mən Ruben Ağamyan sizin qabağınızda olacağam”. Baş verən hadisəyə camaatla (kütlə ilə) yanaşı, keşiş, qubernator və polismeyster də qoşulur. Kütlə şüarlar söyləyir: “Yaşasın Ağamyan, yox olsun türklər! Yox olsun müsəlmanlar! Ölsün düşmənlər!” Keşiş də öz keşişliyini belə göstərir: “Ey Allah-taalanın mömin bəndələri, sizi and verirəm İsanın müqəddəs ruhuna, bizim arvadlarımızın, körpə uşaqlarımızın namusunu düşməndən qoruyun!..” Araqarışdıranlar üçün – qubernator, polismeyster üçün şanslı bir məqam yaranır. Onların istəkləri reallaşır. Ancaq qubernator özünü elə aparır ki, guya heç nədən xəbəri yoxdur. O deyir: “Cənab Ağamyan, bu nə faciədir?” Sonra polismeysterdən soruşur: “Səndən soruşuram: bunu kim öldürmüşdür?” Polismeyster cavab verir: “Tatarlar öldürmüşdür, general həzrətləri! ... Bir saat bundan əvvəl, Tatarski küçəsində, dörd, beş nəfər üstünə atılıb, güllə ilə vurmuşlar”. Əlbəttə, qubernator da, polismeyster də öz yalanlarını, fırıldaqlarını gizlətmək üçün min oyundan çıxırlar. Polismeyster onu da deyir ki, vuranlar tutulmamış, aradan çıxmışlar. Həm də özü özünü təkzib edərək Qubernatorun “... vuran haradadır, görən olmuşdurmu?” sualına belə cavab verir: “Buradadır, general həzrətləri. Görən olmamışdır. Mən bu gecə onu Saratova göndərirəm”. Yalan-palanla baş aldadanların növbəti bir  oyunu da qubernatorla polismeyster arasında belə baş verir:

“Qubernator. Polkovnik, siz onu başqa yerə göndəriniz.

Polismeyster. Haraya, general həzrətləri?

Qubernator. Qəbrə! Qoy bu sirri də özü ilə aparsın.

Polismeyster. Baş üstə, general həzrətləri!”


Bu dialoqda qubernatorun bu sözlərinə diqqət edin: “Qəbrə! Qoy bu sirri də özü ilə aparsın”. Sual olunur: hansı sirr? Ölənin kim tərəfindən öldürülməsində hansı sirr var? Hər şeyin yalan, böhtan, başaldatmaq üzərində qurulduğunu görməmək olmur.


Beləliklə, qubernator da, polismeyster də, Ağamyan da öz rollarını oynayırlar, həm də uğurla oynayırlar.


Sən hər şeydən əvvəl ermənisən...


Niyə hər şeydən əvvəl ermənisən? Ona görə ki, ermənilərin elə ki, milli maraqları yaranır, onda digər işlərini unudur keçirlər milli maraqlarını müdafiəyə etməyə. Onlar erməni olduqlarını hər şeydən qabağa çəkirlər. Bu məqamı Cəfər Cabbarlı “1905-ci ildə” əsərində çox dəqiq veribdir. Bu mənada Ağamyanla inqilab yolunda vuruşan milliyyəti erməni olan Eyvaz arasındakı söhbətə diqqət yetirək:


“Ağamyan. Bərk dayan, Eyvaz. Heç bir şeydən qorxma. Burada artıq millətimizin var-yoxu karta qoyulmuşdur: ya onlara verər Allah, ya bizə...

Eyvaz. Lakin unutmayın ki, mən inqilab yolunda vuraşan bir əsgərəm.

Ağamyan. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən. Bizim hər yerdə adamımız olmalıdır. Sən ki bir dəstənin başında durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki, mənim filan yerdə adamım vardır.

Eyvaz. Adamın? Kimdir o sizin adamınız?

Ağamyan. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır”.


Ağamyan gənc bir erməninin, inqilabçı - işçi Eyvazın beynini zəhərləyir. Onun beyninə millətçilik toxumu səpir. Ermənilərdə bu xislət həmişə olubdur. Beşikdən başlayaraq uşaqlarının beynini millətçilik, şovinistlik hissi ilə doldururlar. Körpəlikdən övladlarının beynini elə zəhərləyirlər ki, onlar böyüyəndə harda çalışmalarından, işləmələrindən asılı olmayaraq, erməni olmalarını hər şeydən üstün tuturlar. Məhz bu cür təbliğatı Ağamyan Eyvaza da edir. Bunu “1905-ci ildə” əsərində Ağamyanla Eyvaz arasındakı dialoq da təsdiq edir:


“Eyvaz. Siz gülməli sözlər danışırsınız, cənab Ağamyan! Mənim üçün sizinlə Salamov arasında heç bir fərq yoxdur. Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam.

Ağamyan. İki millət üz-üzə durub ölüm-dirim vuruşu aparırkən, bir ermənidən belə bir sözü eşitmək?! Sən ermənisən, qəti vuruşda ermənilərin qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı vardır.

Eyvaz. Siz qızışmayın, cənab Ağamyan! Bu sözlər ilə mənə təsir edə bilməzsiniz. Mənim həqiqət sandığım kitabda türk, erməni sözü yoxdur, işçi var, fabrikat var. Birincilərlə qardaşan, ikincilərlə düşmən.

Ağamyan. Doğrudan da, sən axı materialistsən.

Eyvaz. Mən materialistəm.

Ağamyan. Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola bilər?

Eyvaz. Sən bunu edə bilməzsən, çünki sənin fabrikant təbiətin bunun ziddinədir.”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir