Modern.az

Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması - Baş redaktorlar belə düşünür - RƏYLƏR

Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması - Baş redaktorlar belə düşünür - RƏYLƏR

Media

8 Fevral 2018, 17:43

Bəziləri internetin inkişafı ilə əlaqədar qəzet çapına ehtiyacın olmadığını iddia edirlər. Belə düşünənlərin sayı kifayət qədər çoxdur. Halbuki, radionun yarandığı illərdə və ya televiziya populyarlaşanda da bu cür fikirlər səslənirdi. Son vaxtlar internetin sürətlə inkişaf etdiyi dövrdə qəzetlərin çap olunmasının nə dərəcədə doğru və ya mühüm olması kimi suallarla qarşılaşırıq. 

Modern.az bununla bağlı media nümayəndələrinin fikirlərini təqdim edir:

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyir ki, texnologiyaların çox sürətlə inkişafı, sosial şəbəkələrin aktuallaşması qəzetin kağız variantına ehtiyacın azalacağı ilə bağlı tərəddüdlər yaradır: 

“1998-ci ildə həmkarlarım Qulu Məhərrəmli və Azər Həsrətlə birlikdə Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən “Nyu York Times” qəzetində çap qəzetinin sıradan çıxacağı barədə müzakirələr edilirdi. O zaman “525-ci qəzet”in saytı ölkədə fəaliyyət göstərən azsaylı qəzet saytlarından biri idi və kifayət qədər də populyar idi. Həmin vaxt və ondan sonrakı illərdə çap qəzetinin, kağızın, yazılı mətbuatın sıradan çıxmasının uzun illərin işi olduğunu, bunun hələ qeyri-mümkün olduğunu bildirirdim. Amma son 7-8 ildə sosial şəbəkələr ortaya çıxandan, internet saytlarının sayı artandan sonra mənim özümdə də tərəddüdlər yaranıb. Düşünürəm ki, texnologiyalar bu sürətlə inkişaf edirsə, artıq qəzetin kağız variantına ehtiyac azalacaq”.



Rəşad Məcid deyir ki, yeni media sürətlə inkişaf etsə də, mətbuatın təməl prinsiplərindən uzaqlaşması ilə bağlı onda bir sıra narazılıqlar da var. Çoxları qəzetlərin internet versiyasının operativ, dinamik olmasını, hər bir məsələyə dərhal reaksiya verməsini arzu edir. Ancaq baş redaktor hesab edir ki, əsas prinsip ciddi mətbuat orqanı, ciddi qəzet imicini qoruyub saxlamaqdır: 

“Bu halda isə İP və ya populyarlıq əldə etmək olmur. Bir çoxları düşünür ki, yaxın illərdə çap media sıradan çıxacaq. Mən qəzet redaktoru kimi çap qəzetinin sıradan çıxmasını arzulamıram. Qəzetlərin iqtisadi vəziyyəti çətin olub və bunu cənab prezident İlham Əliyevlə görüşlərimizdə çıxışlarımda da demişəm. Bildirmişəm ki, vaxtilə Heydər Əliyev yazılı mətbuatı xilas edib. Sonra isə prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu (KİVDF) yaratmaqla çap qəzetinin ömrünü uzadıb. Bu mənada, hələ ki, KİVDF müəyyən dərəcədə kağız qəzetlərin yaşamasına kömək edir. Hesab edirəm ki, getdikcə, yəqin ki, qəzetlərin sayı azalacaq, amma tamamilə sıradan çıxacağı bir qədər tez görünür. Güman ki, bu,  informasiya texnologiyalarının necə inkişaf edəcəyindən asılı olacaq”, - deyə Rəşad Məcid bildirib.

Rəşad Məcidin sözlərinə görə, ümumiyyətlə informasiyanın həddindən artıq olması kitaba da marağı azaldıb. Əsas məsələ formadan asılı olmayaraq nə, necə yazmaqdır, dəyərli yazmaq məsələsidir. Həmsöhbətimiz hesab edir ki, buna görə də zaman keçdikcə, yenə oxucuların ciddi mətbuata, ədəbiyyata ehtiyacı olacaq. Hansı formada olursa-olsun, internetdən, planşetdən, telefondan və ya kağızdan oxusalar da, ciddi media, dəyərli ədəbi nümunələr yenə öz sanbalını, öz sehrini qoruyub saxlayacaq.

 


"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, 
deputat Hikmət Baboğlunun mövqeyi isə bu baxımdan daha mühafizəkardır. Müsahibimiz hesab edir ki, internet resursları heç vaxt qəzeti əvəz edə bilməz:

“İnternet resursları alternativ informasiya mənbəyi ola bilər, çap mediasına rəqib də sayıla bilər, amma heç bir halda qəzeti əvəz edən vasitə ola bilməz. Çünki qəzet özünəməxsus bir çap məhsuludur, özünün tarixən, bu gün və gələcəkdə də ictimai-siyasivə elmi mədəni həyatımızda, bütövlükdə total olaraq həyatımızın bütün sahələrində oynayacağı mühüm rolla səciyyəvidir. Üstəlik, səlnaməçilik, arxivçilik, etibarlılıq və peşəkarlıq kimi bir çox keyfiyyətlər baxımından internet resurslarından qat-qat üstündür. Ona görə də, qəzeti tələsik dəfn etməyə çalışanlar bu düşüncələrinin yanlış olduğunu bir müddət sonra dərk edəcəklər. Qəzet hələ uzun illər öz maarifləndirmə, inteqrəetmə, məlumatlandırma, xəbərləşmə, təşkilatlandırma, təşviqetmə və sair kimi funksiyalarını uğurla həyata keçirməyə davam edəcək”, - deyə Hikmət Babaoğlu qeyd edib.



“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev
 isə hesab edir ki, artıq qəzetlərin məzmunu dəyişib. İndi qəzetlər xəbər çatdıran kimi deyil, xəbəri şərh edən, analiz edən kimi çıxış edirlər: 

“Bu, son vaxtlar geniş müzakirə olunan mövzudur. Məsələnin iki tərəfi var. Şübhəsiz ki, bu gün informasiyanın yayılmasında, alınıb-satılmasında internet media çox üstün mövqeyə malikdir. Yazılı mətbuatın internet mediası ilə rəqabət aparması az qala mümkünsüz kimi görünür. Amma bununla belə, yazılı mətbuatın, qəzetlərin də özünəməxsus yeri var. Baş verən texnoloji yeniliklər qəzetləri də yeni şəraitə uyğunlaşmağa vadar edir. Bu gün elə bir qəzet ola bilməz ki, onun saytı olmasın. Qəzetlərin saytları da onlayn formada fəaliyyət göstərirlər. Qəzetlərin məzmunu da internet mediası yaranmazdan öncəki dövrə görə xeyli dəyişib. İndi qəzetlər xəbər çatdıran kimi deyil, xəbəri şərh edən, analiz edən kimi çıxış edirlər. Şəxsən, biz daha çox analitik məqalələrə, araşdırmalara, yaxşı müsahibələrə yer veririk. Xəbərləri isə qəzetimizin saytında veririk”.


Amma bununla belə İlham Quliyev qəzetlərin həm də dövrün salnaməsini yaratdıqlarını deyir: 

“Hər hansı bir saytda qoyulan xəbərin iki saatdan sonra tapılması problem olur. Qəzetlər isə günün yazılı salnaməsini yaradırlar. Bu baxımdan, düşünürəm ki, qəzetlər internet mediasına uduzsalar da hələ uzun müddət media bazarında qalacaqlar”.



Jurnalist Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli
 internetin inkişafının, informasiya yayımının rəqəmsal müstəviyə keçməsinin qəzet sənayesinə də təsirsiz qalmadığını bildirir: 

“Xəbərlərin operativ şəkildə çatdırılması baxımından internet kağız üzərində yayılan xəbərləri xeyli qabaqlayıb. Həmçinin, bu gün qəzetlər, bir biznes strukturu olaraq 15-20 il öncəki qədər rentabelli deyillər, diqqət daha çox internet üzərində cəmləşib. İnternetin üstünlüyü barədə çox danışa bilərik. Amma bu, internetin qəzet anlayışını tamamilə sıradan çıxaracağı anlamına gəlməməlidir. Hər halda günümüzdə bu, tam real deyil və qısa zamanda qəzetlərin tamamilə sıradan çıxacağını proqnozlaşdırmaq olmaz”. 

Müşfiq Ələsgərli bunun səbəblərini belə izah edir: 

“Bizim qəzet dediyimiz anlayış iki mühüm hissədən ibarətdir: birinci hissə redaksiyalar və redaksiya heyətinin istehsal etdiyi məhsuldur, yəni xəbər. İkinci hissə isə istehsal olunmuş informasiyanın auditoriyaya çatdırılması vasitələridir, yəni informasiya kağız, yoxsa internet üzərindən çatdırılır? Birinci məsələdə - standarta uyğun, keyfiyyətli xəbər istehsalı məsələsində, hələ ki, qəzetlər internetdən geridə deyillər, bəlkə də, öndədirlər. Əlbəttə, söhbət xəbərlərin kəmiyyətində deyil. Ola bilsin ki, yeni media təmsilçiləri sayı baxımından daha çox xəbər istehsal edirlər, amma bu xəbərlər nə qədər keyfiyyətli, obyektiv, cəmiyyət üçün faydalıdır? Yəni, operativ xəbər, hələ keyfiyyətli, obyektiv, cəmiyyət üçün faydalı xəbər demək deyil. Bu məsələ müzakirə və müqayisə edilməlidir. İkinci məsələ - istehsal olunmuş xəbərin auditoriyaya çatdırılması məsələsində isə, kommunikasiya vasitəsi olaraq internet bir addım öndədir”.

Mətbuat Şurasının sədr müavini burada da nəzərə alınması vacib olan məqamlar olduğunu söyləyir: 

“Əvvəla, internet üzərindən yayılan xəbərlərin, qəzetlər tərəfindən istehsal olunmuş materialların sayı, heç də az deyil. Burada söhbət hazır istehsal olunmuş xəbərin kağız versiyada deyil, internet üzərindən çatdırılmasından gedir. Bəli, operativlik, əlçatımlıq baxımından internet kağızdan öndədir. Amma bu da hələ kağızın tam sıradan çıxması üçün əsas deyil”. 

Müsahibimiz arxivləşdirmə, təhlükəsiz qorunma baxımından, hələ ki internetin kağız qədər etibarlı olmadığını xüsusi vurğulayıb: 

“Günümüzdə, haker hücumlar, kiber cinayətlər kifayət qədər aktualdır və məlumat mərkəzlərində toplanmış onlayn informasiyaların yox edilməsi an məsələsi olur. Qəzetlər, kağız üzərində toplanan materiallar, arxivlər bizim salnaməmizdir, mədəniyyətimizdir, tariximizdir. İnternetdə təhlükəsizlik məsələsi nə qədər ki, istənilən səviyyədə qurulmayıb, az rentabelli olsa da, hələ ki, qəzetlərin yaşadılmasına ehtiyac var və yaşadılırlar da. Fikrimcə, bu, hələ zaman alacaq”.
 


Media eksperti, professor Qulu Məhərrəmli
də bu sahədə problemlərin olduğunu etiraf edir:

“İnternetin genişlənməsi, onlayn jurnalistikanın öz hüdudlarını genişləndirməsi və bütün dünyada internet medianın gəlişməsi, təbii ki, çap mediası, kağız mediası üçün  müəyyən problemlər yaradır. Amma bu, o anlama gəlmir ki, yazılı mətbuat öz son dövrünü yaşayır. Qərbin təcrübəsi göstərdi ki, bəli,  ilk dalğada hətta ən populyar qəzetlər, məsələn, “Vashington post”, “NyuYorkTayms”, “Guardian” kimi qəzetlər sanki ilk dövrdə nə edəcəklərini bilmirdilər. Amma zamanla hər şey öz qaydasına düşdü. Yaxşı, təcrübəli meneceri olan  qəzetlər onlayn internetin imkanından istifadə etməyə başladılar. İnteraktiv üsul onlara  imkan verdi ki, oxucuların fikirlərini, rəylərini ala bilsinlər,  onları qəzet səhifələrində əks elətdirə bilsinlər.  Hazırdaonlayn rejimdə işləyən  qəzetlər, onların çap versiyası, eyni zamanda, sayt formasında gündəlik  xəbərləri sürətlə  təzələyən qəzetlər də var. Yəni onlar elektron versiyada bunların hamısını məharətlə edə bilər, amma təbii ki ənənəvi qaydada qəzetlər də çap olunur”.

Media eksperti bildirir ki, rəqabətə tab gətirə bilməyən qəzetlər sıradan çıxıb:

“İndi ciddi auditoriya problemi var, amma internetlə öz çap imkanlarını genişləndirə, əlaqələndirə, tarazlıq yarada bilən qəzetlər öz oxucu auditoriyasını saxlaya bilir. Məsələn, qərbdə qəzetlər  məzmuna yenilik  gətirir, oxucular öz rəylərini verirlər,  bu və ya başqa məsələ ilə bağlı sorğularda iştirak edirlər və bunların da nəticəsi çox vaxt qəzetdə çap olunur. Yəni qəzet internet mediasını tamamlayır, internet mediası da bir növ qəzetin tirajlanmasına, satılmasına,  onun genişlənməsinə  şərait yaradır. Beləliklə, qarşılıqlı faydalanma var və qarşılıqlı faydalanma olan yerdə, təbii ki,  həmişə inkişaf olur. Odur ki, ölkəmizin mətbuat qurumları bu təcrübədənfaydalanmalıdırlar. Bu halda, birini digərinə qarşı qoymaq yox,  qarşılıqlı faydalanma şəraitində medianı inkişaf etdirmək mümkündür”. 


Anzulə Əmirova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?