Modern.az

Azərbaycana kənd təsərrüfatında pul gətirən MƏHSULLAR  

Azərbaycana kənd təsərrüfatında pul gətirən MƏHSULLAR   

İqtisadiyyat

9 Fevral 2018, 10:51

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatı sahəsində yüksək nəticələrə nail olunacağını açıqlayıb.

Ölkə başçısı yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulduğunu, kənd təsərrüfatı sahəsinin yüksək templə inkişaf edəcəyini, fermerlərə dövlət tərəfindən lazımi dəstək göstəriləcəyini vurğulayıb. Maraqlıdır, qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə sayılan kənd təsərrüfatında ötən il hansı artımlara nail olunub?


Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə Modern.az
-a bildirib ki, 2017-ci ildə kənd təsərrüfatında 4,2 faiz artım qeydə alınıb:


“O cümlədən, bitkiçilik məhsulları 6,1 faiz, heyvandarlıq məhsulları 2, 7 faiz, tərəvəz istehsalı 10, 6 faiz, şəkər çuğunduru 22 faiz, tütün yarpağı 45,4 faiz, pambıq istehsalı 2,3 dəfə, meyvə istehsalı 2, 2 faiz,  üzüm istehsalı 12 faiz artıb. Yeni fındıq, xurma, nar bağlarının salınmasını xüsusi qeyd etmək yerinə düşərdi. Rəsmi statistikaya görə 971 hektarda yeni nar bağları, 11 min hektarda fındıq bağları, 471 hektarda xurma bağları salınıb. Ümumilikdə 2017-ci il üzrə kənd təsərrüfatında artımı əsas xarakterizə edən sahələr ixracyönümlü, sənayeyönmülü və yüksək əlavə dəyər yaradan sektorlardır”.


Nazirlik rəsmisi qeyd edib ki, bütövlükdə 2016-cı illə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracı 40 faiz artıb:


“Tərəvəz ixracında 60,8 faiz, meyvə ixracında 20,1 faiz, tütün xammalı ixracında 78,7 faiz, üzrə pambıq xammalı ixracında isə 5, 5 dəfə artım müşahidə olunub. İdxalda əsas yer tutan buğda 20 faiz artıb. Bildiyiniz kimi, yeni trend kimi heyvandarlıq məhsullarının ixracına başlanılıb.

Heyvandarlıq məhsullarının ixracı 2,5 dəfə artırılıb. Heyvandarlıq məhsullarının ixracı əsas etibarilə MDB bazarlarınadır. 2017-ci ildə əlamətdar hadisələrdən biri kimi MDB-dən kənarda ixrac əməliyyatlarına başladıq. Bura Yaxın Şərq ölkələri, Körfəz ölkələri, Birləşmiş Ərəb Əmirliklərini şamil etmək olar”.


F.Fikrətzadə qeyd edib ki, ixracəməliyyatları üzrə daha çox gəlir gətirən məhsulların da adını açıqlayıb:


“Ümumilikdə 571 tonluq kənd təsərrüfatı məhsulları ixracından 151,6 milyon dolları pomidor ixracından, 5 milyon dolları fındıq ixracından, 106 milyon dolları isə xurma ixracından daxil olub. Pambıq ixracı 5, 5 dəfə artaraq 33,8 milyona çatıb. Tütün xammalı 14,2 milyon dollar olub. Xüsusi olaraq qeyd etmək istərdim ki, ötən 16 milyon dollarlıq soğan ixracı həyata keçirmişik. Bu ilk təcrübə idi. Soğan əsasən, Rusiya, Türkmənistan, İraq, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib. Biz adətən hər il 1500 tonluq faraş soğan ixrac edirdik. Amma ötən il bütün il boyu soğan ixracı həyata keçirdik. Həm də baxmayaraq ki, əvvəllər Rusiya və Gürcüstandan soğan idxal edirdik. İndi il boyu həm Rusiyaya, həm Gürcüstana soğan ixrac etmişik”.


F.Fikrətzadə 2018-ci il üçün kənd təsərrüfatındakı hədəfləri də açıqlayıb:


“Bizim ənənəvi ixrac sahələrimiz pomidor, fındıq, xurma, pambıq və tütün məhsullarıdır. Bununla bağlı gözləntilərimiz belədir ki, pambıq istehsalını növbəti ildə daha da genişləndirək. Həmçinin ixrcda daha çox faraş tərəvəzə üstünlük verilir. Bununla bağlı yeni faraş tərəvəz istehsal edən istixanalar yaradılması davam edir. Əlavə olaraq, 400 hektar əlavə istixana salınır. Əkin sahələri genişləndikcə kənd təsərrüfatı məhsullarının ixrac potensialı da artır. İxrac coğrafiyasının genişləndirilməsi, həm də MDB bazarlarına ixrac həcminin artırılması hesabına kənd təsərrüfatı məhsulları üzrə ixracın davamlı olaraq artımı gözlənilir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır