Modern.az

Zərnigar Ağakişiyeva hamıdan küsmüşdü - Dostları: “Telefonlara da cavab vermirdi”

Zərnigar Ağakişiyeva hamıdan küsmüşdü - Dostları: “Telefonlara da cavab vermirdi”

9 Fevral 2018, 13:04

Xəbər verdiyimiz kimi Azərbaycanın xalq artisti, məşhur aktrisa Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib. Tanınmış aktrisanın cəsədi ötən gün Bakıda yaşadığı mənzildə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. 

Zərnigar Ağakişiyeva ilə bağlı onun  dostları Modern.az saytına danışıb.


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda məsləhətçisi, jurnalist Ramilə Qurbanlı
bildirib ki, Zərnigar Ağakişiyeva hər kəsə küskün idi:


“Biz onun 70 illiyini restoranda qeyd elədik. İstəmirdi, küskün idi, mən Sənubər İsgəndərovaya dedim ki, bunu eləməliyik və təşkil elədik. Özünə də çox xoş oldu və razılaşdı.

Ondan sonra çox az görüşdük. Bir dəfə evində oldum, amma tez-tez zəng edərdim, həmçinin özü zəng edirdi, danışırdıq. İçərişəhərdə onun sevdiyi bir kafe vardı, deyirdi “gəl gedək o kafedə bir oturaq”.  Mənim vaxtım məhdud olduğundan bu gündən sabaha qalırdı hər dəfə. Sonra da soyuqlar düşdü, o, çıxa bilmədi.  İndi ona görə özümü qınayıram ki, kaş ki, gedəydim”.


R.Qurbalı qeyd edib ki, Zərnigar Ağakişiyeva son vaxtlar telefonlara da cavab vermirdi:


“Qapını heç kimə açmırdı. Mən onun ölümünü belə də təsəvvür edirdim. Amma çalışırdım ki, diqqətdə saxlayım, belə olmasın, lakin özü çəkildi, qapandı - adətən tənha sənətkarların taleyi belə olur. Allah o dünyasını versin, gözəl sənətkar və çox gözəl insan idi. Ürəyini adama çıxarıb verə bilən insan...”.

Azərbaycan teatr və kino aktyoru, rejissor  Ramiz Məlikov deyib ki, Zərnigar Ağakişiyeva həqiqətən gözəl aktrisa idi:

“Mən Zərnigar xanımla  artıq uzun müddətdir, görüşmürdüm. Çoxdandır münasibətlərim olmayıb, amma o, böyük sənətkarımız idi.

Baxdığım tamaşalarda Zərnigar xanımın surəti parlaq şəkildə yadımda qalıb. “Atayevlər ailəsi” filmində  baş qəhrəmanı canlandırırdı. Allah rəhmət etsin”.


Qeyd edək ki,  Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014 ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər