Modern.az

İranın Qarabağ vasitəçiliyi - Tehran Bakı ilə Yerevanı barışdıra biləcəkmi...

İranın Qarabağ vasitəçiliyi - Tehran Bakı ilə Yerevanı barışdıra biləcəkmi...

9 Fevral 2018, 13:57

Dünyada və regionda yerləşən nüfuzlu ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe daim Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə paralel başlayan müharibə və onun nəticələri bu gün də  rəsmi Bakının ən ağrılı problemi, Qafqaz regionunun ən təhlükəli münaqişəsi kimi aktuallığını qoruyur.

 

Modern.az saytı qonşu dövlətlərin, nüfuzlu dünya mərkəzlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi silsilə yazılarla oxuculara təqdim edir.

Bu dəfə İranın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini təqdim edirik.

  

İran Dağlıq Qarabağ münaqişəsinin həllində çox önəmli rol oynayır. Təkcə İranın Qarabağla sərhədlərə malik olması faktı bu arqumentə önəmli təsir göstərir.

Tarixə nəzər saldıqda XIX əsrin əvvəllərində hazırki Dağlıq Qarabağ ərazilərinin Rusiya ilə İran arasında mübarizə meydanına çevrildiyini görə bilərik. 1805-ci ildə Qarabağ Rusiyanın tərkibinə daxil oldu və bu hadisə 1813-cü il Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələri ilə təsdiqləndi.

 

İranın Qafqaz ölkələrinə təsiri 1991-ci ildə Sovet İttifaqının dağılması və Qafqaz respublikalarının müstəqillik qazanmasından sonra özünü yenidən biruzə verdi.

 

Xüsusən 1992-ci ilin mayında İran Qarabağ münaqişəsi ilə bağlı çox ciddi təşəbbüs göstərdi. İranın xarici işlər naziri Əli Əkbər Vəlayəti və ovaxtkı prezident Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezi Bakı və Yerevana səfər edərək, sülh yaratmaq üçün səy göstərmişdilər.

   

1992-ci ilin mayın 7-də Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirmişdilər. Yaqub Mahmudov həmin görüşdə önəmli razılaşmaların əldə olunduğunu xatırlayırdı.

“Biz atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı önəmli saziş imzalaya bildik. Həmin sənədə Ter-Petrosyan, Rəfsəncani və mən imza qoyduq”.

 

Hər üç ölkə prezidentinin imzaladığı sənəddə 1 həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu.

Lakin həmin razılaşma imzalandıqdan 1 gün sonra, mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri Şuşanı ələ keçirərək, Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu. Tehranı tərk edən zaman aeroportda bu barədə məlumat alan Yaqub Məmmədov həmin hadisəni belə xatırlayır:

“Aeroportda olarkən Rəfsəncaniyə Şuşanın işğalı ilə bağlı məlumat verdim və Ter-Petrsosyandan bu hadisənin necə baş verməsi ilə bağlı məlumat istədim. Rəfsəncani mənim yanımda Ter-Petrosyana zəng vurdu və farsca ondan baş verənlər barədə soruşdu. O isə cavabında Şuşaya hücumdandan məlumatsız olduğunu və şəhərin azad olunması ilə bağlı əlindən gələni edəcəyini dedi. Lakin təəssüf ki, sonrakı hadisələr Şuşanın qaytarılmasına mane oldu”.

 

Münaqişənin həllində neytral mövqe sərgiləyən rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv rol da oynamayıb, əsasən müşahidəçi rolunda çıxış edib. 1994-cü il mayın 12-də hərbi əməliyyatların dayandırılması ilə bağlı “Bişkek protokolu” imzalandıqdan sonra İranın Qarabağ münaqişəsindəki rolu davamlı xarakter alıb. 1997-ci ilə qədər Əli Əkbər Rəfsəncani Bakı və Yerevanla diplomatik kanallar vasitəsilə əlaqə saxlayıb və həll prosesində Rusiya ilə birgə hərəkət edib.

 

Lakin 1997-ci ildə Rəfsəncaninin prezidentlik postundan getməsindən sonra bu aktivlik azalmışdı. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun 1997-ci ildən başlayaraq danışıqlar prosesinə əsaslı təsir göstərməsi Tehranın səylərinin arxa plana keçməsinə səbəb olmuşdu. Məhəmməd Hatəmi, Mahmud Əhmədinejat və Həsən Ruhaninin prezidentliyi dövründə də müəyyən aktivlik müşahidə edilib, lakin İranın 1997-ci ilə qədərki aktivliyi həmin səviyyəyə çatmamışdı.

 

2010-cu ilin yazında Tehran danışıqlar prosesində öz vasitəçilik yardımını təklif etmişdi. 2010-cu il aprelin 19-da İranın xarici işlər naziri Mənuçehr Mottəki münaqişə tərəflərinin mövqeyini yaxınlaşdırmaq üçün Tehranda görüş təklifi vermişdi. Həmin ilin avqustunda Yerevana və noyabrında Bakıya səfər edən İran prezidenti Mahmud Əhmədinejat vasitəçilik təklifini bir daha təkrarlamışdı. Lakin bu səylər istənilən nəticəni verməmişdi.

2016-cı ilin aprelində Dağlıq Qarabağda hərbi əməliyyatların başlanmasından sonra İran həmsərhəd ölkə kimi bölgədəki gərginliyə reaksiya verdi. Belə ki, İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı apardı. Bundan başqa, erməni mövqelərindən atılan mərminin İran ərazisinə düşməsi və dağıntılar törətməsindən sonra Tehran Yerevana ciddi xəbərdarlıq etdi.

 

“Şərqi Azərbaycanın ərazisi təhlükəsizdir. Lakin biz istənilən aqressiyaya qarşı sərt reaksiya verəcəyik”.


İran Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu gözləməyə çalışır. Türkiyənin simasında NATO ölkəsinin aktivləşməsini arzulamır. Çünki zaman-zaman səsləndirilən sülhməramlı qüvvələrin münaqişə ərazisinə yerləşdirilməsi rəsmi Tehranın maraqlarına heç cür cavab vermir.

Bu fonda Azərbaycanın cənub qonşusu 2 əsas detalı qabardır:
1. Münaqişə alternativsiz olaraq sülh yolu ilə həll olunmalıdır.
2. İran münaqişənini nizamlanmasına yalnız region ölkələrinin qoşulmasını istəyir və Cənubi Qafqaza kənar qüvvələrin təsirini arzulamır.

İranı həm Azərbaycanla, həm də Ermənistanla sıx bağlayan səbəblər var. Bu amil Tehranın Qarabağ münaqişəsinin həllində obyektiv vasitəçi obrazının yaranmasında rol oynaya bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi