Modern.az

Zərnigar Ağakişiyeva Qubada dəfn olundu

Zərnigar Ağakişiyeva Qubada dəfn olundu

Aktual

9 Fevral 2018, 16:55

Azərbaycanın Xalq Artisti Zərnigar Ağakişiyeva fevralın 9-da Qubada dəfn olunub.

Şəhər qəbiristanlığında keçirilən dəfn mərasimində mərhumun sənət yoldaşları, qohumları, yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Modern.az-ın məlumatına görə, 72 yaşında ürək çatışmazlığından dünyasını dəyişən mərhum aktrisa vəsiyyətinə uyğun olaraq valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib, bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunda çıxış edib. Bir il sonra teatrın aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın yaratdığı bütün obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilən Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Azərbaycanın Xalq Artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2015-ci ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb. Z.Ağakişiyeva Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı