Modern.az

Əmrah Fəqanoğlunun SƏMİMİYYƏT DÜSTURU

Əmrah Fəqanoğlunun SƏMİMİYYƏT DÜSTURU

9 Fevral 2018, 22:37

Zaman 90-cı illərin əvvələri idi, məkan “Azərbaycan” nəşriyyatı, jurnalistlərin gəzib-dolaşdığı qəzet qoxulu dəhlizlər, redaksiyalar...

 

Əmrah Fəqanoğlu ilə tanışlığımız da, məhz bu dönəmə, bu ərəfəyə təsüdüf edib. İndi aradan 25 ildən artıq bir dövr keçdikdən sonra çörəyin qıt olduğu o illərdə insanların səmimiyyətinin bol olmasını  və o illərdə qurulan münasibətlərin, yaranan dostluqların daha etibarlı, uzunömürlü, təmənnasız olduğnu daha dərindən dərk edəndə içimdə yaranan xoş təəssüratlara görə, yaddaşımda iz buraxan Əmrah Fəqanoğluna, onun səmimiyyətinə minnətdar oluram.

 

Əmrah Fəqanoğlu peşəkar jurnalistdir, qələminə sadiq, sözünə sahib yazı adamıdır. Yazılarında cümlələrini “qəlizləşdirib” özünü peşəkar təqdim etmək istəyən “jurnalist”lərdən deyil. Uzun illər mətbuat cəbhəsində külüng çalan, can qoyan Əmrah Fəqanoğlunun yazılarının fərqliliyinin, oxunaqlığının, şirinliyinin sirri onun səmimiyyətindədir. O öz yaılarını ürəyinin yükündən başqa heç nə ilə yükləmir. Düşündüyü kimi, hiss etdiyi kimi, vicdanının səsinə qulaq asaraq beyninin məhsulunu ortaya qoyur. Yazılarındakı tənqidi, təbliği, təhlili peşəkarlıqla təqdim edir.

 

Əmrah Fəqanoğlu vətən sevgisini, yurd sevgisini əlində bayraq edib, şüar kimi səsləndirən “vətənpərvərlər”dən də deyil. O, dövlətinə sədaqətlə xidmət edən öz ölkəsinin sadə vətəndaşı, Azərbaycanı qəlbində yaşadan böyük ürək sahibidir. Ən başlıcası, vətəpərvərliklə bağlı yazılarında pafosdan çox-çox uzaqdır.

 

 

Əmrah Fəqanoğlunu sevdirən, onu sevimli dost statusunda saxlayan mehribanlığı, qayğıkeşliyi, tanıdığı və tanımadığı insanlara diqqətlə yanaşmasıdır. O, başqasının sevincinə, kədərinə ürəklə şərik olmağı bacarır. Çünki ürəyi var, dürüst adamdır, əməli saleh insandır.

 

Hələ gənc yaşalarından qardaş itkisi kimi ağır və kədərli bir hadisəni yaşayan Əmrah Fəqanoğlu üçün ömür yolları çox da rəvan olmayıb. Həyat öz sərt üzü ilə onu da sınağa çəkib. Bəzən milyonlar arasında sanki kimsəsiz bir şəhərə çevrilən Bakıda Əmrah Fəqanoğlu çox əziyyətlər çəkib. Ancaq iradəsi, dözümü, səbri, ən çətin məqamlarda belə Tanrıya şükür etməsi bu çətinlikləri arxada qoyub.

 

Nə xoş ki, Əmrah Fəqanoğlunun çalışdığı kollektivlərdə rəhbərlik zəhmətə qatlaşan, işinə məsuliyyətlə yanaşanlara dəyər verməyi bacarıb. Təsadüfi deyil ki, o, bu gün də vaxtilə çalışdığı “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin adını böyük hörmət və ehtiramla çəkir, bu gün strukturunda çalışdığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin qayğısından ağızdolusu danışır.

 

Əmrah Fəqanoğlu gözəl ailə başçısıdır. O, ömür-gün yoldaşı ilə birgə Kənan və Aydan kimi iki övlad böyüdərək cəmiyyətimizə dəyərli vətəndaşlar bəxş ediblər.

 

Sözsüz ki, Əmrah Fəqanoğlu haqqında daha çox xoş fikirlər söyləmək olar. Amma tək o yetərlidir ki, o, özünü dərk edəndən bu günə qədər öz əməlləri, yazıları, lap elə adicə həyat tərzi ilə səmimiyyətin düsturunu yazıb.

 

Bu gün Əmrah Fəqanoğlunun doğum günüdür. Yuxarıda qeyd etdiyim kimi, tanışlığımız 90-cı illərdən başlayıb. Mən də bu rəqəmi rəmzi qəbul edərək dəyərli dostuma ən azından 90 il ömür arzulayıram. Təbii ki, təbriklərimə qoşulanlar, ömür payı arzulayanlar da az olmayacaq. Bunları da nəzərə alsaq, 100 yaş yaşamağa haqqın var, Əmrah Fəqanoğlu...

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub