Modern.az

Yeniyetmə cinayətləri – Valideynlər ittiham edildi, SSRİ dövrü nümunə GƏTİRİLDİ

Yeniyetmə cinayətləri – Valideynlər ittiham edildi, SSRİ dövrü nümunə GƏTİRİLDİ

Hadisə

12 Fevral 2018, 10:48

Xəbər verdiyimiz kimi, fevralın 7-də Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində silsilə oğurluq cinayətləri törədən şəxslər saxlanılıb.

 

Fevralın 7-də gecə saatlarında Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

 

İdarənin xidmətdə olan əməkdaşları hadisə yerinə çatıb və obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşları ttərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

 

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu, eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub. Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub. 

 

Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında yerləşən bir neçə market və aptekdən oğurluq etdiklərini etiraf ediblər.

 

Saxlanılan şəxslərin Sabunçu rayonda etdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. 

 

Saxlanılan şəxslər barəsində toplanan materiallar prosessual qərar qəbul edilməsi və araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Bundan başqa Bakıda fevralın 9-da bir gecədə 4 obyektdən oğurluq edən yeniyetmələr saxlanılıb. Yetkinlik yaşına çatmayan bu şəxslərin tutulana qədər elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub.

 

Son zamanlar adı cinayət işlərində, xuliqanlıq və ya bu kimi mənfi hallarda adlanan yeniyetmələrin sayında artım müşahidə edilir.

 

Daxili İşlər Nazirliyinin rəsmi məlumatları da belə deməyə əsas verir.

 

Bəs yeniyetmələrin cinayətə meylli olmalarının səbəbləri nələrdir?

 

Kriminalist-ekspert Mahmud Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, heç kim anadangəlmə cinayətkar olmur, eləcə də yeniyetmələr:

 

“Lakin sonrakı həyat tərzi, valideynlərin, məktəbin tərbiyəsi, müəyyən sosial-iqtisadi problemlər, o cümlədən həmin insanların dünyagörüşündəki zəiflik artıq cinayətə meyllilik əmələ gətirir.

 

Tərbiyə və təhsil bir paraleldə inkişaf edən amillərdir. Tərbiyənin müəyyən bir qismi ailə ilə əlaqəlidirsə, 60-70 faizi təhsillə bağlıdır.

 

Əgər təhsil səviyyəsi bərbad vəziyyətdədirsə, bu, istər-istəməz yeniyetmələrin əxlaqının korlanmasına, az və ya böyük əhəmiyyətli hüquq pozuntularına yol vermələrinə səbəb olacaq. Azərbaycanda da müəyyən məqamlarda dövlət məmurları etiraf edir ki, təhsil səviyyəsi aşağı düşüb. Yeniyetmə, gənc və ya yaşlı – fərqi yoxdur bütün insanlar mürəkkəb xarakterli varlıqdır. Elə yeniyetmə var ki, onun iradəsi zəifdir, savadı demək olar ki, yox səviyyəsindədir, o cümlədən ailəsində sosial-iqtisadi problemlər var. Bunların nəticəsində yeniyetmələr az əhəmiyyətli hüquq pozuntusuna yol verir, daha son böyük əhəmiyyətli, son nəticədə isə cinayət işinə səbəb olur. Bilirsiniz, bu həyat tərzidir. Valideynlər də bu işdə müəyyən rol oynayır. Onların ciddi nəzarəti olmayanda mənfi sonluqlar müşahidə edilə bilir. Yaxud məktəb təlim-tərbiyəni düzgün quranda yeniyetmənin başı qarışır”.

 

M.Hacıyev qeyd edib ki, cinayətkarların respublika səviyyəsində hərəkət dinamikasına Daxili İşlər Nazirliyindəki Əməliyyat Statistika İdarəsi cavabdehdir:

 

“Bu baxımdan ötən illərlə müqayisədə yeniyetmələrin cinayət işlərində adlarının hallanmasının artıb və ya azaldığını onlar deyə bilərlər.

 

Amma sovetlər dövründə yeniyetmələrin cinayətə meyli daha az idi. Təbii ki, mən də o dövrə qayıtmaq istəməzdim. Amma fakt odur ki, həmin zaman belə hallar çox nadir baş verirdi.

Məsələn, o vaxt orta məktəblərin fəaliyyətini tənzim edən ayrıca Maarif Nazirliyi var idi. Yəni indiki kimi bütün məsələlər yalnız Təhsil Nazirliyinin üzərində deyildi. Digər tərəfdən son 3-4 ildir, məktəb daxilində azyaşlıların, yeniyetmələrin xuliqanlıq hərəkətləri, çaxnaşmaları müşahidə edilir. Əvvəllər bununla bağlı fərqli struktur var idi. Milisin (polisin) tərkibində uşaq inspektorları mövcud idi və onlar adətən xanımlardan seçilirdi. Mənzil istismar idarələrinin metodistləri ilə uşaq inspektorları birgə işləyirdi”.

 

Ekspert deyib ki, inspektorların xanım olmasının səbəbi onların uşaqlarla daha yaxşı ünsiyyətə girə bilmə bacarığına görə idi: “Metodistlər, inspektorlar, icra nümayəndələri mütəmadi olaraq məktəblərə gedirdilər. Onlar kompleks halda işlərini qənaətbəxş qurmuşdular. Ayda iki-üç dəfə deyil, gündəlik məktəblərlə əlaqə saxlayırdılar. Kişilərin polis geyimində məktəblərə girməsi uşaqlarda pis əhval yarada bilərdi.

 

Bu səbəbdən qeyd etdiyim kimi xanım inspektorlar məktəblərə gedirdi. Müstəqillik dövründə isə həm təhsil, həm də hüquq mühafizə orqanlarında struktur dəyişikliyi oldu. Bəzi islahatlar özünü doğrultsa da, bəziləri doğrultmadı. Bu da müəyyən qədər boşluqların yaranması ilə nəticələndi. Məsələn, əvvəllər hər 100 tələbələrdən birinin cibindən bıçaq tapmaq olardı ya olmazdı.. Amma indi orta məktəb şagirdlərini yoxlasanız, hər üç nəfərdən ikisinin üzərində bıçaq var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu