Modern.az

İlham Əliyevin bəyanatları Ermənistanda xof yaratdı

İlham Əliyevin bəyanatları Ermənistanda xof yaratdı

Qarabağ

12 Fevral 2018, 11:54

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən 6-cı qurultayı zamanı İrəvan, Zəngəzurla bağlı verdiyi bəyanatlar Ermənistanda əməlli-başlı qorxu yaradıb.

 

“...Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” – Prezident İlham Əliyev çıxışı zamanı belə bildirmişdi.

 

Ölkə başçısının bu mesajı ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul etdikdən (7 fevralda) bir gün sonra verməsi onu göstərir ki, rəsmi Bakı dünya ictimaiyyətinə və Ermənistana ciddi xəbərdarlıq edir.

 

Ermənistan mətbuatı isə yazıb ki, Azərbaycan rəhbərinin açıqlaması rəsmi Bakının strateji hədəflərinin göstəricisidir. Buna görə də, Ermənistan 2016-cı ilin aprelində cəbhədə yaşadığı məğlubiyyətin acısını çıxarmamış ikinci silləni aldı desək, yanılmarıq.

Ermənistanın “168 jam” qəzeti bu xüsusda Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb.

 

Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb.

 

“Bu, təkcə ordunun hərəkətə keçməsi, silahların cəbhəyə göndərilməsi demək deyil. ilk növbədə rəqabətə davamlı dövlət modelinin yaradılmasıdır. Bu gün Azərbaycan 90-cı illərdəki ölkə deyil və İlham Əliyev bu sözləri söz xətrinə söyləmir.

 

Ortada Bakının strateji hədəfləri var və Azərbaycan rəhbərliyi bunu gizlətmir. Ermənistan buna qarşı nə etməlidir? Hazırda Ermənistandakı siyasi və iqtisadi sistem dövlətin davamlı olmadığını göstərir. Gələcəkdə dövlət olaraq qalmaq üçün təhlükəsizlik skeleti yaradılmalı, müasirləşdirmə prosesi aparılmalıdır. Azərbaycanın qarşısında gücsüz duruma düşməmək üçün vacib addımlar atılmalıdır.

 

Ermənistanın resurslarını səfərbər etmək lazımdır. Ən vacib məqam xarici dəstəyin alınmasıdır. Çünki bizi Azərbaycandan yalnız xarici dəstək xilas edə bilər, əks təqdirdə, Bakı strateji hədəfinə nail olacaq. Elə etməliyik ki, Azərbaycan ”İrəvan strateji hədəfimizdir" deyəndə bu, beynəlxalq etiraza səbəb olsun və dünya bunu İrəvan yox, Moskva, Vyana və Brüssel olaraq qəbul etsin", - deyə o bildirib.

 

Ermənistanın ekspert çevrələrinin həyəcan dolu açıqlamaları rəsmi İrəvanın da mövqeyini əks etdirir. Düzdür, Ermənistan tərəfi dəfələrlə özü haqqında mif yaratmağa çalışaraq guya güclü, istənilən hücuma hazır olduqlarınə bəyan edir. Lakin bu, Ermənistan siyasətinin daxili auditoriyaya hesablanmış zahiri parıltısıdır. Məsələnin məğzini isə Ermənistanın ekspert çevrələri daha yaxşı anladır.

 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Prezident İlham Əliyevin açıqlamasına şərh verməyə çətinlik çəkib və ölkə mətbuatını çıxışları emosional kontekstdən çıxarmağa çağırıb.

 

Eyni mövqe ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan da çıxış edib.

 

Lakin Ermənistanın aparıcı mətbuat orqanları ölkələri üçün həyəcan təbili çalırlar. Ermənistanın nüfuzlu 1in.am analitik portalı yazır:

 

“Ermənistanın dövlət orqanları və ekspert çevrələri İlham Əliyevin çıxışını təhlil etməkdən yayınmamalıdır. Bu bəyanatın mesajı bəllidir, perspektivi aşkardır.

 

Analiz etmək lazımdır ki, İlham Əliyevin sözləri sırf seçkiqabağı kampaniya deyil, onun bəyanatında çox ciddi əminlik var. Bu əminlik onu göstərir ki, hərbi gücü artan Azərbaycan nə zamansa Ermənistanda olan əraziləri geri almağı bacaracaq. Bizim dövlətin biabırçı vəziyyətə düşməsinin səbəblərindən biri də Azərbaycan Prezidentinin özünə güvənməsidir. Bu çıxış Ermənistanın boşalması və iflasının təzahürü fonunda verilib”.

 

Ermənistan mediası hökuməti intensiv hərbi diplomatiyaya və hərbi hərəkətlərə səsləyib.

 

Bu arada, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllin dair dair yekun qərar Bakının və İrəvanın əlindədir.

 

Səfirin “Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret resepti ola bilməz” deməsi isə Ermənistan üçün əsl zərbədir.

 

Çünki bu həm də Ermənistan havadarsız olarsa, Azərbaycanın onu daha çox sıxışdıracağı və Qarabağ cəbhəsində uğurlu əməliyyatlar apara biləcəyinə işarədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu