Modern.az

“Raykoma şikayət etmişdilər ki, Mikayıl Azaflının sazı alınsın” - MÜSAHİBƏ  

“Raykoma şikayət etmişdilər ki, Mikayıl Azaflının sazı alınsın” - MÜSAHİBƏ  

Müsahibə

13 Fevral 2018, 12:01

Gülarə Azaflı: “Həyat babama elə dərs keçib ki, ömrü boyu haqsızlığı nəzmə çəkib” 

 

Mən dustağa bir xəbər ver,

Açılıbmı yaz, ay bülbül?

Dərdim çoxdu, sənə deyim,

Qələm götür, yaz, ay bülbül...

 

           
Bu kədərli misraların müəllifi olan Aşıq Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu Zeynalov) 21 mart 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində dünyaya gəlib.

           
Mikayıl Azaflı sağlığında klassikləşən ustad aşıq olub. Aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan və klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkardır. 1984-cü ildə IV Aşıqlar qurultayında çıxış edib və Aşıqlar Birliyinin sədr müavini seçilib. Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilib, 1989-cu il martın 19-da Cəmiyyətin İdarə Heyətinin sədri İ.K.Arxipovanın dəvəti ilə Moskvaya gedərək Plenumda iştirak edib. 1989-cu il mayın 17-də "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. İlk şeirlər kitabı 1987-ci ildə "Qoca Qartal" adı ilə "Yazıçı" nəşriyyatında çap olunub. Kitab 1988-ci ildə Türkiyədə, 1993-2003-cü illərdə İranda eyni adla nəşr edilib. 2000-ci ildə "Azaflı yaradıcılığı dünyanın tarixi abidəsidir", 2008-ci ildə, demək olar ki, yaradıcılığının çox hissəsini əhatə edən "Qoca Azaflıyam", 2010-cu ildə "De, kimdən küsüm", 2013-cü ildə "Zindan məktubları" kitabları nəşr olunub.
Mikayıl Azaflı 1990-cı ilin oktyabrın 10-da dünyasını dəyişib, doğma kəndində, "Qərib Seyid" qəbiristanlığında dəfn edilib.

 

Görkəmli sənətkar haqqında onun qızı aşıq Gülarə Azaflı ilə söhbətləşdik. Modern.az Gülarə xanımla müsahibəni təqdim edir:

 

- Öncə Mikayıl Azaflının uşaqlıq dövründən söhbət açardız. Çünki tanınmış insanların və sənət adamlarının uşaqlıq illəri diqqət cəlb edir. Həmişə belə insanlar həyatın keşməkəşli dövrünü uşaqlıq illərində yaşayır.

           
- Babam (Azaflı ailəsində ataya baba deyirlər) uşaq vaxtından yetim olub. Mikayıl Azaflı atası Zeynalov Cabbar Zeynal oğlunu erkən itirib. O, anası Nənəxanımın himayəsində böyüyür. Babamgil iki qardaş olublar. Qardaşı iri süd qazanına düşərək yanıb. Babama bir müddət anası baxıb. Onun 3 yaşı tamam olanda anası Mikayılı əmisi Həsən kişiyə verib. Həsən kişi yaxşı saz çalarmış. Mikayıl babam ilk dərsini Həsən əmisindən alıb. Bir müddət sonra Həsən kişi də dünyasını dəyişib və babam onların övladlarına baxmalı olub. Həyat babama elə dərs keçib ki, ömrü boyu haqsızlığı nəzmə çəkib.

           
- Mikayıl Azaflının həyatında orta məktəb illəri xüsusi yer tutur. Həyatının ən ağır günləri bu illərdən başlayır. Ustad aşığın orta məktəb dövründə başına gələn həmin müsibətdən söhbət açardız.

           

- Babam həqiqətən Stalini çox istəyib. Bu sevgi həmin dövrdə digər insanlarda da olub. Yeddinci sinifdə oxuyanda Stalinin şəkilini kitabının üzərinə yapışdırır. Uşaqlardan biri bu şəkili eybəcər formaya salır və üzərinə mürəkkəb tökür. Bu hadisəni direktora xəbər verirlər. Babam direktora deyir ki, “mən eləməmişəm”. Direktor deyir: "Mənim sənə köməyim bu olar ki, qaç canını qurtar. Artıq NKVD-yə xəbər veriblər".
Bununla da babamın qaçaqlıq həyatı başlayıb. Babam deyirdi ki, meşələrdə gizlənirdi, ağacların başında yatırdı və yıxılmamaq üçün özünü kəmərlə ağaca bağlayırdı. Gecələr isə qəbiristanlıqda yatırmış. Çünki ən təhlükəsiz yer qəbiristanlıq idi. Bu ərəfələrdə babam Goranboyda qohumların yanına gedir. Bir ay burada qalır. Qaçmaq səbəbini qohumlarımız bildikdən sonra babamı saxlamırlar. Bu hadisə mənim anamla evlənənə kimi davam edir. Anam Şanba Əsrik kəndindəndir. Nənəm Mikayıl Azaflını üzə çıxararaq qaçaqçılıq həyatından qurtarır. Babamın təvəllüdünü dəyişərək başqa bir adamın yerinə Goranboy rayonundan müharibəyə göndərirlər. Babam danışırdı ki, “dil bilməməzlikdən verilən komandaları anlamırdıq və rus zabitləri buna görə başqa millətin əsgərlərini güllələyirdilər”. Babam da rus dilini bilmədiyi üçün bir dostu ilə çox çətinliklə oradan qaçır və  Bakıya gəlir. Bu xəbəri bir yolla Mircəfər Bağırova çatdırırlar. O  vaxta qədər bu xəbərlə Bağırovun yanına gələnlər çox olubmuş. Bu hadisə 1944-cü ildə olur. Onun gətirdiyi xəbərə heç kəs inanmır və onu həbs edirlər. Həbsin səbəbi babamın adının Tovuz rayonu siyahısında olmamasıdır. Çünki babamı müharibəyə Goranboydan aparırlar. Sağlığında Mikayıl Azaflı Əli Kafkasiyalı ilə bu haqda geniş söhbət edib.


- Sənətkarın ailəsi haqqında da ətraflı danışmaq yerinə düşərdi.

           
- Babamla anamın 4 övladı olub və mənasız bir səbəb üzündən ayrılıblar. Uzun bir müddət ayrı qalırlar. Bu zaman babam başqa bir xanımla ailə qurur. Ondan iki övladı olur. Babam uşaqlara xatir yenidən barışır. Bunun ayrıca bir əhvalatı var. Babamın Mirələkbər adlı bir dostu vardı. Bir gün babam onlara gedir və görür ki, bütün ailə bir arada deyib-gülüb xəngəl yeyir. Bu zaman babam doluxsunur. Mirələkbər babamdan bunun səbəbini soruşur. Babam əhvalatı Mirələkbər kişiyə danışır. Mirələkbər uzun müddətdən sonra atam və anamı barışdırır. Mən və bacım Brilliant doğuluruq və bundan sonra babama şər ataraq yenidən həbs edirlər. Həbsdən qayıdandan sonra isə daha üç bacım dünyaya gəlir.
Dilarə, Məzahir, Minayə, Hakim, Gülara, Brilliant, Nüşabə, Ulduz, Maral - bunlar Şanbadan olanlardı. Atamın Güləndam xanımdan Məlahət və Hökmran adlı iki övladı olub.

           
- Mikayıl Azaflı bir dəfə Aşıq Hüseyn Bozalqanlının qəbri üzərində yatır. Bu haqda aşıqlar çox danışıb. Həmin əhvalat haqqında söhbət açardız.

           
- Salyan aşıqları Tovuz aşıqlarına bağlama - qıfılbənd göndərirlər. Həmin bağlamanı heç kəs aça bilmir. Bağlamanı Aşıq Yusif kişiyə göndərirlər. Yusif kişi deyir ki, Mikayıl, elimizin, obamızın şairi indi sənsən və bunu ancaq sən aça bilərsən. Babam bu bağlamanı açır. Ancaq bir yerində ilişib qalır. Gecə yuxusuna Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlı girir. Üzlərini Mikayıldan döndərib deyirlər ki, səndən küsmüşük. O nə qıfılbənddir ki, aça bilmirsən. Səhər Azaflı oyanır. Aşıq Əkbərin yanına gedir. Və birlikdə Hüseyn Bozalqanlının məzarına gedirlər. Babam "Məzarına ziyarətə gəlmişəm, Yad ellər üstümə ayaq alıbdır" şeirini deyir və orada da yatır. Yuxuda Aşıq Hüseyn Bozalqanlı deyir: "Əsəd, Mikayıl gəlib, gör nə istəyir?" Aşıq Əsəd deyir: "Mən ondan küsmüşəm. Mikayıl ay və günü bölüb çıxa bilmir, mən ona nə deyim".
Beləcə bu bağlamanı açır və  babam buna cavab yazır. Hadisə təxminən 1954-cü ildə olub.

           
- Mikayıl Azaflının deyişmələri içərisində xüsusilə Molla Əhmədlə deyişməsi diqqət cəlb edir. Bu deyişmə necə yaranıb?

           
- Radioda aşıq musiqisinin yeni-yeni səsləndirilən vaxtları olub. Aşıq Şakirlə Aşıq Pənah çıxış edir. Tovuzun o vaxtkı birinci katibi Kərimov aşıqları çağırıb deyir: "Necə olur ki, Tovuz aşıqlar yurdu ola, amma radioda çıxış etməyələr. Siz də çıxış etməlisiniz". Aşıqlar yığışıb xor oxumaq istəyirlər, amma hansı sözü oxuyacaqları üstündə sözləri çəpləşir. Biri Səməd Vurğunun "Azərbaycan" şeirini, başqa biri isə Hüseyn Bozalqanlının "Yaşa-yaşa, Azərbaycan" şeirini təklif edir. Konsert pozulur. Azaflı bu münasibətlə "Bizim aşıqların xor düzəltməyi, Tükənməz aylara, illərə qaldı" şeirini deyir, aşıqlar inciyirlər. Raykoma gedib şikayət edirlər ki, Azaflının sazı alınsın. Özünə də aşıqlıq eləməyə qadağa qoyulsun. Təsadüfən o vaxt nəşr olunan "Kommunist" qəzetinin müxbiri gəlib ora çıxır. Deyir ki, bu şeir təhqir deyil, tənqiddir. Sonra aşıqlar kimə deyirlərsə ki, Mikayıla tənqidi şeir yazsın, heç kim razı olmur. O zaman aşıq Qəhrəman Molla Əhmədin yanın gedir. Xahiş, minnət edir ki, Mikayıla cavab versin. Molla Əhməd bir şərtlə razılaşır ki, onun adı olmasın. Şeiri "Bənnaçı" imzası ilə Mikayıla göndərirlər. Şeir Azaflının aşıqlara yazdığı "Qaldı" rədifli şeirinə cavabdır. "Nə müddətdir çalışırsan söz üçün. Hələ çatmamısan başa nə qaldı" misraları ilə başlayır. Aşıq Qəhrəman şeiri aşıqlar arasında yayır. Müəllifi məlum olur. Bundan sonra Molla Əhməd və Mikayıl Azaflı arasında deyişmə başlayır. Axırda Qəhrəman deyir ki, belə ara vurmaqla əcəb elədim. Mən belə etməsəydim, bu cür şeir-dastan yaranmazdı. Bundan sonra bu iki insanın səs-sorağı hər yana yayılır. Molla Əhməd çox güclü şeriyyəti olan və qorxmaz insan idi. Molla Əhməd yaşca Mikayıl Azaflıdan böyükdür. Azaflıya həcv də yazıb. Bir dəfə məclis yığılır və deyişmə başlayır. Axırda babam dodaqdəyməz, diltərpənməz, zindani, dilsiz təcnis ilə Molla Əhmədi bağlayır.

- Bildiyimizə görə, Azaflı Mikayıl həm də Səməd Vurğunun xeyir-duası ilə aşıqlıq sənətinə başlayıb. Onların görüşü necə alınıb?


- Bu hadisə babamın gənclik illərində olub. O vaxt babam Goranboyda olanda Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar məclisinə gələrdi. Bir gün Məzahir Daşqın Səməd Vurğunun gələcəyini deyir. Vurğun gəlir və şeir oxuyur. Babam da şeir oxuyur. Vurğun soruşur: "Ay bala, Şəmsəddindənsənmi?". Sonra ən böyük istəyinin nə olduğunu soruşur. Babam müəllim olmaq istədiyini deyir. İki kağız yazır. Birini aşıq Mirzəyə ki, bu adamdan yaxşı aşıq olar, onu şagirdliyə götür. İkincisini də Qazax müəllimlər seminariyasının direktoruna ki, onu seminariyaya qəbul etsin. Bir də öz xətti ilə "Saqiya" şeirini yazıb verir. Babamı seminariyaya qəbul edirlər. Amma təsadüfən kəndlərindən bir nəfər gəlib ora çıxır. Babamı görəndən sonra gedib direktora deyir ki, bu adam siyasi məhbusdur, burada nə işi var? Babamı seminariyadan azad edirlər. Artıq Aşıq Mirzə də dünyasını dəyişmiş olur. Babam Aşıq Əsədin yanında şagirdliyə başlayır. Onun ölümündən sonra Aşıq Yusifin şagirdi olub. Mikayıl Azaflı əvvəllər sırf şair kimi tanınıb və sonralar aşıqlıq edib. 1960-cı illərə aid əlimizdə şəkil var. Orada bir çox görkəmli şair və yazıçılar, eyni zamanda aşıqlar var. Şəkil hansısa qəzet üçün çəkilib. Şəklin arxasında "Şair Mikayıl Azaflı" yazılıb. O vaxt babam Coşqun təxəllüsü ilə şeirlər yazıb.

           
- Aşıq Əkbərlə də Mikayıl Azaflı çox yaxın dost olublar...

           
- Doğrudur. Elə onların ölümü arasında da az fərq var. Babam kimi Aşıq Əkbər də ilk vaxtlar aşıq olmayıb. Bir dəfə babam Əkbərə deyir ki, “balaban ifasını dayandır və aşıqlığa başla. Sənin gözəl səsin var”. Beləcə, Aşıq Əkbər aşıqlıq sənətinə başlayır. Babam Əkbəri "Aşıq sənətinin bülbülü" adlandırırdı.

           

- Həyat elə gətirir ki, haqsız yerə Mikayıl Azaflı yenidən zindan həyatı yaşayıb. Bu necə baş verib?

           
- Babam haqsızlığa dözməyib. Sözü üzə deyən insan olub. Bununla bağlı şeirlər yazırdı. Bu şeirlər də çoxlarına xoş gəlmirdi. Bu səbəbə görə də ona şər ataraq tutmaq istəyirdilər. Nəhayət, evdə silah saxlamaq adı ilə onu tuturlar. Şübhəsiz ki, bu, yalan idi. 1962-ci ildə atamız tutulur. Mikayıl Azaflıya 5 il həbs cəzası kəsilir və bunun 4 ilini zindanda yatır. 1965-ci ildə azadlığa buraxılır.


Babam zindanda olanda ən çox yanına gedib-gələn Məmməd Quliyev adlı bir dostu idi. Məmməd Quliyev Göyçə mahalından olub. Bu şəxs Ağstafaya gəlib və toyda hər kəs "Mikayıldan oxu", "Qızı ilə deyişməsindən oxu" deyir. Bu deyişməni oxuyanda hər kəs ağlayır. Məmməd kişi buna təəccüblənir. Bu hadisədən sonra Məmməd kişi babamla ünsiyyət yaradır. Beləcə atamla dostluq əlaqələri qurulur. Məmməd Quliyev, Adil Həsənov və soyadını xatırlamadığım İsmayıl əmi babamın ən yaxın dostları olub.


Babam zindandan çıxanda bütün aləmə səs yayıldı ki, Mikayıl azad olunub. Bu zaman, bəlkə, bizə 100-dən artıq başı bəzəkli qurbanlıq quzular göndərilmişdi. Aşıq Əsginazı, Aşıq Mahmudu, Aşıq İmranı, Aşıq Əkbəri, Aşıq Murad Niyazlını, Mülklü Həsəni və digərlərini bu məclisdə gördüm. Evimizə hər yerdən aşıqlar gəlmişdi. Məclisdə Göyçə, Borçalı, Gədəbəy, Gəncə, Kəlbəcər və digər bölgələrimizin aşıqları da vardı. Təkcə aşıqlar yox, Azaflını sevən insanlar evə axın edirdilər.

           
- Mikayıl Azaflının zindanda yazdığı məşhur şeirlərindən biri olan "Ağarmayın, ay saçlarım" şeirinin tarixçəsini eşitmək istərdik.

           
- Babamızı həbs edərkən üzünü-başını tük basıbmış. Buna görə bərbər çağırırlar. Mikayıl Azaflı güzgüyə baxarkən özünü tanımır və görür ki, güzgüdən elə bil başqa adam boylanır. Saçı-saqqalı bir neçə gün içində ağarıb. Orada "Güzgü" şeirini yazır. Düzü, zindanda ondan xahiş edirlər ki, bu saç-saqqalın ağarmasına görə bir şeir yaz. Bu gün məşhur olan o şeir beləcə yaranır. Nazpəri Dostəliyeva İçərişəhərdəki Novruz şənliyində "Ağarma, ay saçlarım" havasını oxuyanda Ümummilli liderimiz Heydər Əliyev qulaq asıb çox bəyənmişdi.

           
- "Qoca Qartal" şeirinin yaranma tarixi haqqında cəmiyyətdə müxtəlif fikirlər var. Bəs atanız bu şeirin yaranma tarixini sizə necə danışıb?

           
- Bir gün babamı Şamlıq dərəsinə toya çağırırlar. Azaflı toya gedir. Getdiyi kənddə onun yaxın bir dostu olur. Uzun bir zamanmış ki, görüşmürlərmiş. Toy başlayır. Azaflı ha boylanır, ha baxır dostunu görmür. Həmişə bu kəndə toya gələndə mütləq həmin dostugilə gedərdi. Getməsə də, dostu mütləq görüşünə gələrmiş. Narahat olur. Amma məclisin ayaq tərəfində bir adam Azaflını gördükcə üzünü qəzetlə örtürmüş. Məclisin bu biri başında da bir uşaq dayanmadan ağlayırmış. Nə isə Azaflı bir də boylanıb dostunu axtaranda üzünü qəzetlə örtən adamın dostu olduğunu görür. Bu zaman yanına gedir. Görüşürlər. Azaflı soruşur ki, “ay qardaş, bayaqdan səni axtarıram hardasan?”. Dostu deyir: "Azaflı, sağ ol, dostluqda var ol. Bayaqdan elə mən də məni axtardığını görürəm. Amma başıma elə işlər gəlib ki... Bilirsən ki, yoldaşımla övladımız olmurdu. Valideynlərimiz ayrılmağımızı istədilər. Ayrıldıq. Onu başqasına ərə verdilər. Mən başqası ilə evləndim. Onun övladı oldu, mənimsə yox. İndi bayaqdan məclisdə ağlayan uşaq onunkudur. Özü qəsdlə uşağı ağladır ki, mənə acıq versin. Mən də ona görə sənə yaxınlaşmadım ki, ayrılmağımızı bilmirsən. Birdən onu da soruşub-eləyərsən. Bir yekəpər əri var. Danışığını bilməyənin biridir. Araya dava düşər”. Azaflı çoxdan idi ki, "Qoca Qartal"ı yazıb bəstələmişdi. Amma şeirdəki sətiraltı məna o qədər açıq idi ki, oxumurdu. İndi əlinə fürsət düşmüşdü. Şeir bu ab-havaya çox uyğun idi. Odur ki, oxumağa başlayır.

Qoca qartal, nə gəzirsən,

Dağlar qoynunda-qoynunda.

Bala gördüm anasının

Ağlar qoynunda-qoynunda...

           
İlk bəndi oxuyub qurtaranda məclisin yuxarısından bir yekəpər kişi ayağa qalxır: “Aşıq, oxuyursan söz oxu, bu nə sözdür? Qartal harada olmalıdır ki? Dağlarda olar də... Bir də deyirsən ki, bala anasının qucağında ağlayır. Heç bala da ana qucağında ağlayarmı?”.
Azaflı deyir: "Qartal zirvədə olar (Bir vaxtlar dostu vəzifədə olanda məclisin başında oturarmış, indi sıxıla-sıxıla ayaqda oturub axı) dağın qoynunda onun nə işi var. Bir də ki, bayaqdan orda bir qadının qucağında uşaq ağlayır, kirimir. Yəqin anası deyil, uşaq yetimdir, nədir?".

Kişi hirslənir: "Ağzının danışığını bil, aşıq. Niyə yetim olur. Onun mənim kimi kal atası var”. Azaflı deyir: "Ay kişi, mən sənə kal deyə bilmərəm. Kal heyvana deyirlər". Kişi hirslənir. Arvadını ağır sözlərlə məclisdən çıxarır. Azaflı şeirin o biri bəndlərini də oxuyub qurtarır. Məclis böyük sevgi ilə onu alqışlayır. Dostu Azaflını bağrına basır.

           

Sonralar babam deyərdi ki, o şeir orada yaranmamışdı. O məclis şeiri tanıtmaq üçün bir fürsət idi. Əslində, şeir Azərbaycana həsr olunub. Xəritədə baxanda Azərbaycan qanadları yolunmuş səmada süzən qartala bənzəyir. Bütün bəndlərdə Azərbaycanın faciəsi əks olunub.

           
- Maraqlıdır, Mikayıl Azaflının şeirləri Sovetlər dövründə necə belə tez yayılırdı?

           
- İnanın buna mən də məəttəl qalıram. Mikayıl Azaflının şeirləri SSRİ dövründə sədləri qıraraq türk dünyasına yayılırdı. Bu, həqiqətən maraqlıdır. Bunu xalqımızın, türk dünyasının sənətə və sənətkara böyük məhəbbəti kimi başa düşürəm. Bu işdə zəhməti olanları da xatırlamaq istərdim. O vaxt bir universitet müəllimi varmış - Mirəli Mənafi. O, İrana gedəndə babamın şeirlərini istəyir. Məlahət bacım ona babamın bir çox şeirlərini verir. Sonralar həmin şeirlərin dahi Məhəmmədhüseyn Şəhriyara çatdırıldığını eşitdik. Türkiyədə yayılmasında Qarslı Aşıq İslam Ərdənər və Aşıq Səbri Şimşəkoğlunun böyük xidmətləri olub. Yeri düşmüşkən, bu məqamı da deyim ki, Azaflının xatirəsinin əbədiləşdirilməsilə bağlı bir təşəbbüs, neçə ildir ki, yarımçıq qalıb. 1990-cı ildə Mikayıl Azaflı dünyasını dəyişəndə qərara alındı ki, kənd orta məktəbində onun büstü qoyulsun və məktəbə onun adı verilsin. Büstü qoyuldu, ancaq təəssüf ki, adının məktəbə verilməsi məsələsi həll edilməmiş qaldı.

 


Mahmud ƏYYUB

Aşıqlar Birliyinin üzvü

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır