Modern.az

“Quş qripi” Azərbaycana yaxınlaşdı - ölkəmizdə vəziyyət necədir? - RƏSMİ CAVAB

“Quş qripi” Azərbaycana yaxınlaşdı - ölkəmizdə vəziyyət necədir? - RƏSMİ CAVAB

13 Fevral 2018, 14:37

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İranda quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilib.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

 

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir