Modern.az

Mərakeş Krallığının səfiri Ceyranbatanda

Mərakeş Krallığının səfiri Ceyranbatanda

13 Fevral 2018, 17:19

Fevralın 13-də Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammed Adil Embarş və səfirliyin əməkdaşları “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.

 

Modern.az xəbər verir ki, qonaqlar əvvəlvə kompleksin Mərkəzi idarəetmə sistemi - SCADA otağında qurğunun idarəolunma proseslərini izləyiblər. Komplekslə tanışlıq çərçivəsində qonaqlara məlumat verilib ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleks Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq bu kompleksdə su ultrasüzgəc texnologiyasına uyğun ən yüksək səviyyədə, heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi  standartlara tam cavab verir.  Qeyd olunub ki, kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

 

Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə keçirilən görüşdə “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov son illər Prezident İlham Əliyevin su sektoruna göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanda əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanır.

 

Mərakeş Krallığının Azərbaycandakı səfiri Muhammed Adil Embarş təmsil etdiyi ölkənin su sektorunda Azərbaycan Respublikası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın böyük təəssürat yaratdığını qeyd edən səfir burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndirib.

 

Komplekslə tanışlıqdan sonra qonaqlar Dünya Su Şurası İdarə Heyətinin üzvlərinin 2017-ci ilin martında keçirilmiş I Bakı Beynəlxalq Su Həftəsinə  xatirə olaraq saldıqları yaşıllıq sahəsi ilə tanış olublar. Səfir Muhammed Adil Embarş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

 

Qeyd edək ki, “Su, Həyat və Ətraf mühit” mövzusunda I Dünya Su Forumu 1997-ci ildə Mərakeşdə keçirilib. Mərakeş Ərəb Su Şurası və Ərəb Su Forumlarında fəal iştirak edir. Dünya Su Şurası və Mərakeş Hökuməti suyun davamlı idarə olunması sahəsində verdiyi töhfələrə görə Mərakeş kralının adına mükafat təsis edib. II Kral Həsən mükafatına “Azərsu” ASC tərəfindən də  3 layihə təqdim olunub. Mükafatın qalibi 18 mart 2018-ci il tarixdə Braziliyada təşkil olunacaq 8-ci Dünya Su Forumu ərəfəsində açıqlanacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir