Modern.az

Baş Prokurorluq, DTX və DİN dini radikalizm problemini müzakirə etdi

Baş Prokurorluq, DTX və DİN dini radikalizm problemini müzakirə etdi

13 Fevral 2018, 20:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.  Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayon strukturlarının məsul nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxış edərək mövzunun aktuallığından danışıb. Natiq eyni zamanda, Sumqayıt şəhərindəki dini durum barədə ətraflı məlumat verib.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu bildirib. O, dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan, dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyini bildirib.

Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından da danışan S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu vurğulayıb.

Prezidentin sərəncamı ilə təsis edilmiş Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətindən bəhs edən DQİDK-nın sədr müavini ali məktəbin yaradılmasını dövlət başçımızın dövlətçiliyə, milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər, yüksək ixtisaslı kadrların hazırlanmasına, eləcə də xalqımızın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılmasına verdiyi yüksək diqqətin daha bir nümunəsi adlandırıb.

Yeni yaradılan institutda dini yazarların yetişdiriləcəyini və araşdırmaların aparılacağını deyən S.Heydərov bildirib ki, burada məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır. Vurğulayıb ki, bu gün ölkədə dini radikalizm və ekstremizmə qarşı alternativ vasitə vətənpərvərlik hissinin gücləndirilməsidir və ona görə də bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsi əhəmiyyətlidir.

DQİDK sədrinin müavini sonda radikalizmə qarşı mübarizədə fəallığın vacibliyini diqqətə çatdırıb və daha məsuliyyətli olmağa çağırıb.

Tədbirdə, həmçinin Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev mövzu ilə bağlı çıxış edib, təmsil etdikləri qurumların dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıblar. Natiqlər dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıblar.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi Rauf Sərdərov dövlətimizin başçısına dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi