Modern.az

İrfan Sapmaz: “Azərbaycan üçün çox darıxmışam” - Bakını 17 il əvvəl tərk etmiş savaş müxbiri ilə MÜSAHİBƏ  

İrfan Sapmaz: “Azərbaycan üçün çox darıxmışam” - Bakını 17 il əvvəl tərk etmiş savaş müxbiri ilə MÜSAHİBƏ   

Müsahibə

14 Fevral 2018, 10:28

İrfan Sapmaz ismi azərbaycanlı jurnalistlərə yaxşı tanışdır. Bir vaxtlar Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru indi haralardadır, nə işlə məşğuldur, Azərbaycanı unutmayıb ki?


Modern.az saytının əməkdaşı İrfan Sapmazla əlaqə saxlayaraq, ondan müsahibə alıb...

İrfan bəy, salam. Sizi Bakıdan - Modern.az xəbər portalından narahat edirik. Azərbaycanda sizı ünlü bir jurnalist kimi xatırlayırıq. Bu da təbiidir, bir müddət Bakıda çalışmısınız. Sizə suallarımız var…

- Salam, xoş gördük. Əlbəttə, buyurun…

- Azərbaycanda işlədiyiniz vaxtları necə xatırlayırsınız?
 

- Mən Azərbaycanda “Doğan Qrup”un “Hürriyət” qəzetinin, “Doğan” Xəbər Agentliyinin(DHA), daha sonra NTV-nin təmsilçisi oldum. Bakıda NTV studiyaları vardı, hər gün oradan Azərbaycanın, Qarabağın səsini dünyaya çatdırırdıq. Biz Bakıda qəzet açdıq, mətbəəmiz vardı...İndi Azərbaycan üçün çox darıxırıq. O günləri çox yaxşı xatırlayıram. O zaman mən evləndim, evləndikdən sonra həyat yoldaşımla Azərbaycana getdik. Bakıda yaşadıq, 2 qızımız dünyaya gəldi. Ümumilikdə 12 il Azərbaycanda yaşadıq. Bunun 6 ilini mən cəbhə bölgələrində keçirdim. Hazırda işğal altında olan Azərbaycan torpaqlarının demək olar ki, hamısında oldum. Müharibə müxbiri kimi bütün hadisələri yaxından izləyirdim.
Xocalı soyqırımını ilk dəfə mən dünyaya çatdırdım. İşğal altında olan Kəlbəcərdən tutmuş ta İran sərhədi boyunca uzanan bütün bölgələrdə, Ağdamda, digər yerlərdə oldum. Daha sonra Azərbaycandan Türkiyəyə döndük.
Azərbaycanda işləmək mənə acılı-şirinli günlər yaşatdı. O dönəmlərdəm bizə həm şox xatirələrqalıb, həmdə xoşagəlməz olayların, işğal anlarının şahidi olmuşuq...

- Bakıda işləmək sizə nələr qazandırdı?

- Azərbaycan mənə çox şey qazandırdı. Sovet sistemi içərisində çalışmanın nə olduğunu öyrəndim. Sovet sistemi dünyada tam fərqli bir sistem idi. 90-cı illərdə Azərbaycanda çalışmaq, Azərbaycanda jurnalist olmaq, Azərbaycanda ayaqda durmaq elə də asan bir şey deyildi. Mənim Azərbaycanda olduğum zamanlarda ölkənizin  əhalisinin sayı 7 milyona yaxın idi, indi isə 10milyonu keçib. Azərbaycanda jurnalist olmaq mənə çox ciddi mənada təcrübələr qazandırdı. Nəyi yazıb-yazmamağın, nəyi danışıb-danışmamağın önəmli olduğunu öyrəndim. Mən həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycanda çalışdım, hər iki mərhum eks-prezidentlə yaxşı dostluq münasibətim var idi. Orada bütün siyasi liderlərlə yaxın təmaslarım oldu.
O zamanlar əlimizdə çox ciddi bir mətbuat gücü var idi. Mən Bakıda əlimdəki media gücü sayəsində Azərbaycanın xarici dünyaya açılan səsi idim. Ona görə də Azərbaycan mənə ciddi təcrübələr qazandırdı. Azərbaycana gəldiyimdə çox gənc idim, gənclik çağımızın önəmli illərini Azərbaycanda keçirdik. Səhvlərimiz də oldu, onların üzərində çalışdıq, beləliklə, Azərbaycanda çox gözəl dönəm keçirdik. Müəyyən problemlərin olmasına baxmayaraq, bu bizim üçün çox gözəl dövr idi. Azərbaycan bizə qardaş ölkədir, eyni dili danışırıq, inanılmaz sevgi və hörmət gördük. Təbii ki, bunları unutmağımız mümkün deyil.


- Azərbaycandan nə zaman ayrıldınız?

- Sonuncu dəfə 2001-ci ildə Azərbaycandan ayrıldım, ondan sonra qardaş ölkəyə gelmək qismət olmadı. Ən son cənab prezident İlham Əliyevlə Davosda görüşdüm, o da sual verdi ki, “Azərbaycana nə zaman gələcəksən?”. Amma hələ ki Azərbaycana gəlmək qismət olmadı. Müharibə müxbiri olduğum üçün dünyanın harasında savaş varsa, oradayam, qanlı-qadalı hadisələri izləyirəm. Hazırda da Suriya ərazisindəyəm, Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını izləyirəm.

 - Siz Azərbaycana Türkiyənin media üslubunu gətirmiş jurnalistsiniz. Bu haqda nə deyə bilərsiniz?

- Mən Türkiyədən Azərbaycana jurnalist olaraq gəldim, başqa bir sənətim-peşəm yox idi. “Hürriyət” qəzetinin Azərbaycanda bürosunu açdıq. “Hürriyət” qəzetində “Doğan Qrup”un təmsilçisi olaraq gəldim. Azərbaycan Türkiyə Agentliyi (ATA) var idi, həm azərbaycanlı, həm də köhnə Sovet Birliyinə bağlı ölkələrdən müxbirlərimiz var idi.
Daha sonra, əvvəl həftədə bir dəfə çıxan “Avrasiya” qəzetini açdıq. Sonradan bu qəzeti gündəlik çıxarmağa başladıq. Həmin dövrdə Azərbaycanda qəzetlər 5 günlük tirajlanırdı. Biz bir ilkə imza ataraq həftənin bütün günləri qəzet çıxarmağa başladıq. Bu qəzet Azərbaycanda çox sevildi, günlük tirajımız 40 min nüsxə idi. Mən bunu sizə belə müqayisə edim, 7 milyon əhalisi olan Azərbaycanda 40 min tiraj, 70 milyon Türkiyədə 400 min tiraj deməkdir. Hətta Türkiyədə bəzi qəzetlər var, 40-50 ilin qəzetləridir, onların tirajları 10min, 20 min ətrafında idi.
Azərbaycanda Sovet birliyindən qalan savadlı, təhsilli, mədəni bir cəmiyyət var idi. 100 faiz oxuma-yazma bilən bir cəmiyyət olduğu üçün qəzetləri çox oxuyurdular. Ona görə də böyük şansımız vardı. Biz “Avrasiya”nı demokratik bir qəzet olaraq yaşatmağa çalışdıq, çox çətinliklərimiz oldu. Özümüzü nə müxalifətə, nə də iqtidara bəyəndirə bildik. O mənada çox ciddi problemlərimiz oldu, hər zaman dik durmağa çalışdıq. Müxalifət bizdən hər zaman bunu istədi ki, hər şeyi yazaq, müxalifət qəzetlərinin yaza bilmədiklərini bizim yazmağımızı istəyirdilər. Biz əlimizdən gəldiyi qədər Azərbaycan şərtlərində azad müxbirlik etməyə çalışdıq. Nə qədər uğurlu olacağımıza ancaq Azərbaycan xalqı qərar verə bilərdi. Nəticədə mən orada birTürkiyə vətəndaşı idim, orada bir qəzet sahibi olaraq həm iqtidar, həm də  müxalifət tərəfindən ciddi dəstəklər gördüm.
“Avrasiya” qəzeti bağlananda Heydər Əliyev hakimiyyətdə idi. Səmimiyyətimizə güvənib bizi ölkədən deportasiya etmədilər. Kimsə bizə “siz Türkiyə vətəndaşısınız, burdan gedin” demədi. Bütün çətinliklərə rəğmən, bu məni xoşbəxt etdi. Həmin dövrdə Azərbaycanın şərtləri fərqli idi, Dağlıq Qarabağ müharibəsinin çətin dövrləri idi, ölkə yenidən düzəlməyə başlayırdı. Bizim də həmin dövrlərdə yanlış xəbərlərimiz ola bilərdi, gənc idik, təcrübəmiz çox deyildi.
İndi həmin zamanlara başqa pəncərədən baxıram. Azərbaycan mətbuat sahəsində də, təcrübə qazanmaqda da mənə çox şey öyrətdi deyə bilərəm.


- Dediniz ki, Azərbaycanda işləriniz çox yaxşı idi. Doğrudan da Bakıdaqəzetləriniz, mətbəəniz vardı… Sonra nə oldusa Bakıdakı bütün işləriniz bitdi: mətbəəniz və qəzetləriniz bağlandı… Nə baş verdi, Azərbaycandan niyə getdiniz?

- Azərbaycanda bizim qəzetimizin tirajı çox yüksək idi, bəli, öz mətbəəmiz də var idi. Azərbaycan qəzetlərinin çoxunu biz çap edirdik. Ancaq sonralar mən Azərbaycanda jurnalist kimi çalışmağın o qədər də asan olmadığını gördüm. Media içərisində olan kimsədən incikliyim və küsgünlüyüm yoxdu. Amma bəziləri bizim fəaliyyətimizdən narahat oldular. Heydər Əliyev zamanında iqtidar içərisində də məndən narahat olanlar var idi. Amma bunu xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev mənə ciddi mənada dəstək verdi. İnanın ki, nə Heydər Əliyev, nə də İlham Əliyev mənə “ölkəni tərk elə, qəzetlərdə, televiziyalarda istədiyini edirsən” mesajını göndərmədi.
Amma bəzi reallıqlardan dolayı, önümüzə çıxaan əngəllərdən sonra ayrıldıq gəldik, indi də Türkiyədə həyatımıza, öz peşəmizə davam edirik.


- Bəziləri sizi hər zaman kəşfiyyata bağlı bir adam kimi tanıdıblar. Bununla bağlı nə deyə bilərsiniz?

- Mən belə məsələlərlə çox qarşılaşdım. Azərbaycanda olduğu kimi, dünyanın harasına gedirsək gedək, bu tip məsələlərlə qarşılaşırıq. Buna normal baxıram. Bu Sovet sistemindən çıxmış ərazilərdə daha da normaldır. SSRİ qapalı bir coğrafiya idi, xüsusilə də Moskvadan xaricə “İtar-TASS” Agentliyi və qəzetlərdən göndərilənlərin çoxu “KQB” agentləri idi. Ona  görə də postsovet cəmiyyətlərində insanlar xaricdən biri gəldiyi zaman həmin adamın kəşfiyyat orqanlarının əməkdaşı olduğunu düşünürdülər.
Mənim haqqımda da çox şeylər danışıldı, mənim MİT-in, “KQB”nin,“CİA”nın agenti olduğum haqqında şayiələr yayılırdı. Mən bunlara önəm vermirdim, mənim bir peşəm var, jurnalistlik... 35 ildir bu sahədə fəaliyyət göstərirəm, dünya səviyyəsində uğurlarım var. Hazırda da Türk Ordusunun “Zeytun budağı” əməliyyatını izləyən buradakı dövlətin agentliyi və televiziyadan başqa tək adamam deyə bilərəm. Allah yardım edir, bu sahədə də alnıaçıq davam edirəm. Mən heçbir yerin agenti deyiləm, türkəm, vətənimi də çox sevirəm. Daha əvvəl də belə suallarla qarşılaşdığım üçün çox da önəm vermirəm.

- Hazırda heç Azərbaycan mətbuatını izləyirsinizmi?

- Əlimdən gəldiyi qədər Azərbaycan mediasını izləyirəm. Ölkə xaricində olduğum üçün çox fürsət tapa bilmirəm. Azərbaycanın həm müxalifət, həm də iqtidar qəzetlərini izləyirəm. Kiminsə xətrinə dəyməmək üçün ad çəkməyəcəm. Azərbaycanda baş verənləri xüsusilə izləməyə çalışıram, çünki mən 12 il orada yaşadım. Təbii ki, orada baş verənlər marağımızı cəlb edir. Ona görə mobil telefon vasitəsi ilə internetdən izləyirəm. Son 6 ayda 5 ölkədə olmuşam, bu üzdən də  hər gün vaxt ayırıb izləyə bilmirəm.

 

- Azərbaycandan kiminləsə əlaqəniz qalırmı? Bakıda dostlarınız varmı?

- Azərbaycanda 12 il yaşadığım üçün həm iqtidarda, həm də müxalifətdə xeyli dostlarım var. Amma üz-üzə gəlmək, görüşmək imkanım olmur. İşimlə bağlı əlaqə saxlaya bilmirəm. Sosial şəbəkələrdən izləyirəm. Allah qismət edərsə, ailəmlə Azərbaycana səyahət edəcəyəm. Qızlarım oradan ayrılanda yaşları çox az idi, Azərbaycanı görmək onlar üçün də maraqlıdır.

 

- Belə deyirlər ki, İrfan Sapmaz Əfqanıstan müharibəsini ilk olaraq dünyaya çatdıran savaş müxbiridir. Buna necə nail oldunuz?

- Bəli doğrudur, Əfqanıstan müharibəsinin başlamasını ilk olaraq dünyaya mən elan etdim. Həmin dövrlərdə “Doğan” Xəbər Agentliyində (DHA) çalışırdım. Mən 1982-ci ildə Əfqanıstana getdim, 6 ilə yaxın orada qaldım. Pakistanda Peşaver Universitetində təhsil aldığım üçün bölgəni bilirəm, bölgə dillərini bilirəm. Əfqanıstanda, Pakistanda çox sayda dostlarım var. Əfqanıstana bələd olduğum üçün Allahın da yardımı ilə müharibənin başlaması ilə bağlı xəbəri bütün dünyaya ilk olaraq mən yaydım. Bu xəbəri vermək elə də asan olmur, bölgəni tanımaq lazımdı.  Xəbəri ilk olaraq necə verdiyimi qısaca olaraq deyim. Əfqanıstanın Penşil vadisində idik, Cəbəllüsarac bölgəsi var, Kabildən 40-50 km aralıda yerləşir. O bölgədə Şimal İttifaqı birlikləri ilə hərəkət edirdik. Ümumilikdə dünyadan 120 jurnalist var idi, Türkiyədən tək mən idim. Mən ora bir qrup jurnalistlə Tacikistan üzərindən keçmişdim. Kabilə ilk raketlər atılmağa başlananda, raketlərin istiqamətinə baxdım. Bu raketlər Pakistan tərəfdən gəlirdi, Pakistanda Şimal İttifaqı birliklərinin hərhansı bir bölmələri yox idi. Səmada qırıcı təyyarələrin uçduğunu gördüm, müəyyən etdim ki, bu hücumları Pakistan etməz. Okeanda Amerikanın savaş gəmiləri var idi, raketlərin  oradan atıldığını təxmin edərək, müharibənin başladığını yazdım. Həmin xəbər də doğru çıxdı. Mənim xəbəri verdiyimdən təxminən 35 dəqiqə sonra Pentaqon xəbərimitəsdiqlədi və müharibənin başladığını elan etdi.

 


- Siz həm dəAzərbaycanın Xocalı faciəsini dünyaya yayan ilk jurnalistlərdən olmusunuz...Amma aradan uzun illər keçsə də, dünya ictimaiyyəti hələ də Xocalı həqiqətləri haqda yetəri qədər məlumatlanmayıb. Bunun səbəbi nədir?

- Şuşadan qayıdırdım, Ağdama gəldim. Ağdamda Xalq Cəbhəsinin binasında idim. Biraz oturduqdan sonra Bakıya getmək üçün qalxdığımda təsadüfən “Xocalıda qırğın var” deyildini eşitdim. Ağdamda Xalq Cəbhəsinin özünümüdafiə batalyonunun rəhbəri vardı -Allahverdi Bağırov, Allah ona rəhmət eləsin. Onunla birlikdə Əsgəran təpəsinə getdik. Oranı çəkdim, əlimdə həm video, həm də fotogörüntülər var idi. Həmin gün İstanbula qayıtdım. O zamanlar Bakıdan İstanbula təyyarə reysi vardı. Allah Cümşüd Nuriyevə kömək olsun. Təyyarədə yer yox idi, Cümşüd Nuriyev təyyarədən bir nəfəri düşürüb, məni mindirdi. Həmin şəkilləri və videogörüntüləri TRT vasitəsilə dünyaya yayımladıq. Həmin dövrdə ancaq TRT var idi. “Hürriyət” qəzetində də birinci səhifəni Xocalı faciəsinə ayırdıq. Daha sonra bütün dünya Xocalı soyqırımından xəbərdar oldu.
Mən düşünürəm ki, Xocalı faciəsi ilə bağlı görülən işlər kifayət qədər azdır. Bunun üçün daha çox çalışmağın lazım olduğuna inanıram. Həm iqtidar, həm müxalifət Xocalı faciəsi, Qarabağ probleminə görə bir yumruq qədər birləşməli, təbliğatı gücləndirməlidir. Bu bir milli məsələsidir, bu məsələnin təbliğatı üçün hamı birgə olmalıdır.  Xocalı soyqırımını bütün dünyaya çatdırmaq üçün çox çalışmaq lazımdır. Mən demirəm ki, bununla bağlı işlər görülmür, amma yetərli deyil.

- Sosial şəbəkələrdən sizin fəaliyyətinizi izləyirik. Afrində Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı şəkillər paylaşırsınız... Hazırda oralarda vəziyyət necədir?

 

- “Zeytun Budağı”əməliyyatının 1 ayının tamam olmağı yaxınlaşır. Hazırda Türkiyə sərhədləri boyunca Reyhanlı, Hassa, Kırıkhan, Kilis və digər şəhərlər, qəsəbələrdən Afrin istiqamətində əməliyyat sürətlə davam edir. Əməliyyatlar müxaliflərin əlində olan Azez bölgəsində davam edir. Mən də hazırda Azezdəyəm. Bursaya dağının terrorçulardan alınmasını da yenə dünyaya ilk dəfə mən çatdırdım. Oradan canlı yayım etdim. Əməliyyatlar Türkiyə sərhədlərindən 10 km Afrinə qədər irəliləyib. Bütün bölgə ələ keçirilmiş vəziyyətdədir. Siravi vətəndaşlara zərər gəlməsin deyə silahlı qüvvələrimiz, xüsusi təyinatlılarımız və Azad Suriya Ordusu diqqətli hərəkət edir. Ona görə də əməliyyatlar biraz yavaş gedir. 15-20 gün ərzində Afrin şəhərinin mərkəzində güclü atışmaların olacağı düşünülür. Allah qismət edərsə,  mən də izləyəcəm. Əməliyyat yüksək sürətlə davam edir. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyib Ərdoğan açıqlamasında demişdi ki, Afrindən sonra Membiç var. Yəni ən azı 5-6 ay bu əməliyyatlar davam edəcək.

 

- Siz illərdir savaş müxbirisiniz. Yaxşı müharibə müxbiri olmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdı?

 

-Müharibə müxbiri olmaq üçün güclü bir media qurumunda çalışmaq lazımdır. Nəyə görə güclü media qurumunda?.. Çünki dünyadakı müharibələri izləmək maddi baxımdan heç də asan deyil. Maddi dəstəyin olması lazımdır, getdiyiniz hər yerdə ciddi xərclər olur, təyyarə biletləri, otellər, yeməklər və digər xərclər. Bundan başqa, böyük media qurumunda çalışıb fərqli sahələrdə təcrübə toplamalısınız. İşlədiyiniz media qurumunun da sizə müharibə müxbiri olaraq güvənməsi lazımdır, uğurlu olduğunuzu bilməlidir. Mənə də bununla bağlı çox mesaj gəlir.
Müharibə müxbiri olmaq təhlükəlidir. Bir neçə dəfə yaralanmışam, başıma çox sayda hadisələr gəlib. Dünyanın heçbir yerində bu gün jurnalistikaya başlayan birini sabah müharibədən reportaj hazırlamağa göndərmirlər. Müharibə müxbiri olmaq üçün böyük təcrübəyə sahib olmaq lazımdır.

 

- İrfan bəy, həm Azərbaycanda, həm Türkiyədə media sahəsində çalışmışınız. Hansı ölkədə işləmək asandır?

- Mən Azərbaycanda çalışdığım dövrlə mətbuatın bu gününü müqayisə etmək istərdim. Mənim çalışdığım zamanlarda bəzi problemlərlə qarşılaşırdıq. Biz Türkiyədə gedərik müxalifət ilə görüşərik, müxalifət liderləri ilə yemək yeyərik, onlara istədiyimiz sualı verərik, iqtidarla da eyni şəkildə. Bunu Türkiyədə heç kim qınamaz. Çünki bizdə hər bir partiyanın müxbiri var. Amma Azərbaycanda mənim olduğum dövrlərdə müxalifətdən xəbər versəydim, anında iqtidar cəbhəsi deyəcəkdi ki, bu müxalifətçidir.
Və tam əksinə, iqtidardan xəbər verdiyimiz zaman müxalifət bizə qarşı cəbhə açırdı. Amma əsl jurnalistika budur, həm iqtidardan, həm də müxalifətdən xəbər verməlisiniz, çünki, cəmiyyət baxıb hamıdan xəbər almaq istəyir. O zamanlar Azərbaycanda həm iqtidarı, həm də müxalifəti məmnun etmək mümkün olmurdu.

Amma hazırda Azərbaycanda vəziyyətin dəyişdiyini görürəm. Məsələn, iqtidar nümayəndələri indi müxalifət qəzetlərinin baş redaktorları ilə bir araya gəlir, yemək yeyir, şəkil çəkdirirlər. Ad çəkmək istəmirəm, amma bu çox gözəl haldır. Azərbaycanın bu mənada uğurlu addım atdığını müşahidə edirik. Amma indi həm mətbuatda dəyişiklik var, həm də cəmiyyətdə. Artıq kimsə, kimisə ittiham etmir. Müxalif qəzetlərin baş redaktorları da iqtidarla bir araya gəlməyə qorxmur.
Amma Azərbaycan şərtləri ilə Türkiyə şərtləri fərqlidir. Azərbaycanda 10 milyon əhali var, Türkiyədə isə 80 milyon əhali var. Türkiyədə çox ciddi mətbuat gücləri var. Ona görə də mətbuatın Türkiyədə çalışma şəkli Azərbaycandan fərqlidir. Müqayisə etməyin doğru olmadığını düşünürəm.

- İllərinizi jurnalistikaya həsr etmisiniz. Heç mətbuatda işləməkdən yorulduğunuz vaxtlar oldumu?

- Mən ailəmin dolanışığını jurnalistika ilə təmin etmişəm. Sual verə bilərsiniz ki, jurnalistikadan başqa bir işdə çalışa bilməzmisiniz? İşləyə bilərəm, hətta sınaqdan da keçirdim. Amma jurnalistikada olduğu qədər uğurlu ola bilmədim. Ola bilər nə zamansa bu sahədən ayrılım. Hələ ki DHA-nın müxbiri olaraq dünyanın bir çox ölkəsində gedən müharibələri izləyirəm.

- İki qızınızın olduğunu dediniz... Onların sizin yolunuzu davam etdirməsini istərdinizmi?

- Heç vaxt buna razı olmaram. Qızlarımdan biri hazırda Tibb fakültəsində  4-cü kursda oxuyur, digəri isə Hüquq fakültəsini bu il bitirəcək. Mən özüm də Azərbaycanda Hüquq fakültəsini bitirmişəm. Övladlarımın jurnalist olmağını istəmərəm, çünki bu sahə Türkiyədə qadınlar üçün çətindir.

 


- Sonuncu dəfə Bakıda çoxdan olmusunuz? Təkrar bura gəlmək fikriniz varmı?

- Azərbaycandan 2001-ci ildə ayrılmışam. Həmin vaxtdan sonra Azərbaycana getmək qismət olmayıb. Qardaş ölkəni internetdən izləyirik, Azərbaycan, Bakı çox dəyişib. Mən Azərbaycanın bütün bölgələrində olmuşam. Müəyyən verilişlər hazırladım, müharibə olan yerlərə getdim. Azərbaycanı çox sevirəm, çox darıxmışam. Allah qismət edərsə, Bakıya ailəmlə birlikdə gedəcəyəm.

 

- Azərbaycandakı inkişafdan xəbəriniz varmı?

- Azərbaycandakı bütün inkişafdan xəbərim var, çox dəyişilib. Bu dəyişiklikləri gəlib yerində görmək istərdim. Dəyişiklik deyiləndə sadəcə binaların yenilənməsi, yolların çəkilməsi deyil, iqtisadi inkişafı da nəzərdə tuturam. Azərbaycanda bu istiqamətdə xeyli addım atılıb, yalnız Bakı deyil, bölgələr də inkişaf edir. Amma bir tərəfdən də bahalaşma barədə eşidirəm. Azərbaycanın əhalisi azdı, buna görə də sürətli inkişafa inanıram. Əsas olan odur ki, iqtidar, müxalifət əl-ələ verib ölkənin inkişafına töhfə versinlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır