Modern.az

BDU-nun Hüquq fakültəsinin dekan müavini: “Heç vaxt təslim olmaq haqqında düşünməmişəm” - MÜSAHİBƏ

BDU-nun Hüquq fakültəsinin dekan müavini: “Heç vaxt təslim olmaq haqqında düşünməmişəm” - MÜSAHİBƏ

Təhsil

14 Fevral 2018, 14:55

Şəhla Səmədova : “Müsəlman aləmində heç vaxt birinci dəfə oğurluq edən adamın əli kəsilmir”


Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədova Modern.az saytına müsahibə verib. Onunla yeni nəşr olunan kitabından tutmuş, uşaqlığı, ailəsi, hədəflərinə doğru getdiyi yol, tələbələri, həyatındakı uğurları və çətinlikləri barədə danışmışıq.


Şəhla xanım, bu günlərdə hüquq elmi üçün dəyərli hesab edilən kitabınızın təqdimat mərasimi oldu. Sizi bu münasibətlə təbrik edirəm. Bu kitabı nə qədər müddətə hazırlamısınız?

 

- Kitabın ərsəyə gəlməsinə demək olar ki, 15 il vaxt sərf etmişəm. Bu, o demək deyil ki, mən 15 il başqa heç bir iş görməmişəm. Sadəcə olaraq, bu kitab cinayət hüququ, müqayisəli cinayət hüququ, beynəlxalq cinayət hüququ və müsəlman cinayət hüququ ilə bağlı apardığım tədqiqatlarımın ümumi bir nəticəsidir. Əsas məqsəd qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təkmilləşdirilməsinə yönəlmişdi. Sual yarana bilər ki, niyə məhz indi bu kitab təqdim edildi? Ötən il “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin sərəncamı oldu. Bu sərəncam  mənim işi yekunlaşdırmağıma təsir etdi, düşündüm ki, artıq bunu yekunlaşdırmaq lazımdır. Sərəncamdan irəli gələn bir çox vəzifələr elmi tədqiqatımla üst-üstə düşürdü.

 

İstərdim ki, lap uşaqlıq illərinizdən başlayaq. Valideynləriniz, bacı-qardaşlarınız barədə məlumat verərdiniz...

- Mən böyük ailədə böyümüşəm. Ailədə beş qız olmuşuq, mənsə ailənin böyük övladı olmuşam. Atam Tofiq Səmədov Dəmir Yolu İdarəsində tanınmış bir ixtisas sahibi olub. Həmişə vəzifədə olub. Dəmir yolu üzrə “İpək yolu”  layihəsinin yerinə yetirilməsi, başqa dövlətlərlə dəmir yolu xətti ilə əlaqələrin yaranması kimi bir çox işlərdə atamın böyük əməyi olub. 1999-cu il fevralın 3-də rəhmətə gedib. Anam ingilis dili müəlliməsi idi.  Ötən il dünyasını dəyişdi. Beş bacı çox demokratik bir mühitdə böyümüşük. Nə valideynlərimizin, nə də bir-birimizin ixtisasını təkrar etmişik. Beşimiz də elmi ad qazanmışıq. Mən hüquq elmləri doktoruyam, bacılarımdan biri filologiya, biri tarix, biri iqtisad, digəri isə fəlsəfə üzrə fəlsəfə doktorudur. Elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparmışıq.

 

 - Belə başa düşdüm ki, imkanlı ailədə böyümüsünüz. Bəzən ailə vəziyyəti yaxşı olan gənclər hədəflərinə daha asan yollarla çatmağa nail olurlar. Eşitdiyimə görə, siz elə əmək fəaliyyətinizin ilkin dövrlərindən belə işləməkdən qaçmamısınız...

 

-  Bəli, düz deyirsiniz. Mən əmək fəaliyyətimə 17 yaşımdan başlamışam. Sovet dövründə Hüquq fakültəsinə o zamanlar müsabiqə yolu ilə 25 nəfər qəbul oluna bilərdi. Sovet vaxtı, 1977-ci il, 25 nəfər rus bölməsinə yer özünüz bilirsiniz, nə demək idi. Həmin vaxt Azərbaycan Dövlət Universitetində Moskvadan gəlmiş komissiya fəaliyyət göstərirdi. Mən iki imtahandan - tarixdən və yazılı ədəbiyyatdan “5” aldım. Sonra təəssüf ki, həmin komissiya fəaliyyətini dayandırdı. Görünür, qısa müddətə gəlmişdilər və bu qəbul imtahanına nəzarət edirdilər. Ondan sonra mənə Filologiya fakültəsindən adını çəkmək istəmədiyim qocaman bir müəllim tamamilə ədalətsiz olaraq “3” qiyməti yazdı. Və bununla da həmin il Hüquq fakültəsinə qəbul oluna bilmədim. Mən bu günə kimi də həmin ədalətsizliyi unuda bilmirəm. Həmişə tələbələrə qarşı ədalətli olmağa çalışıram.

 

-  Amma hədəfinizə doğru getməyə davam etdiniz...

 

-  Bəli. Növbəti il qəbul olunmaq üçün mütləq işləməli idim. Ona görə də 17 yaşımdan əmək fəaliyyətinə başladım. O vaxt isə siz bilməzsiniz, yaşıdlarım bilirlər ki, axşam şöbəsinə qəbul imtahanı əyani şöbə ilə müqayisədə daha tez  keçirilirdi. Odur ki, mən fürsəti əldən vermədən sənədlərimi axşam şöbəsinə verdim və bütün imtahanlardan yüksək qiymətlər alaraq,  universitetə daxil oldum. Axşam şöbəsində oxduğum üçün həm də işləməyə davam etdim.

 

-  Hüquq ixtisasını seçmək istəyiniz nə vaxt yaranıb?

 

-  Mənim ana babam hüquqşünas idi, hakim işləmişdi. Amma deyərdim ki, onun mənə elə də böyük təsiri olmadı. Mən 6-7–ci sinifdə oxuyanda dərk elədim ki, hüquqşünas olmaq istəyirəm. Ondan əvvəl daha çox kəşfiyyatla bağlı filmlərə baxırdım. Zamanla başa düşdüm ki, elə o, hüquqşünas ixtisasına daha yaxın bir sahədir.

 

-  Orta məktəb illərimizdə atam bizə “Cəsarətli olun, insan bir dəfə doğulur”,- fikirlərini tez-tez xatırladardı. Hərdən düşünürəm ki, bunu təlqin etməsi mənə yaxşı mənada təsirsiz ötüşməyib. Bəs sizə ailənizin təsiri olub?

 

- Bilirsiniz, mənim ailə tərbiyəm bir qədər fərqli olub. Çünki 15-16 yaşa qədər nənə-baba himayəsində böyümüşəm. Atam tək oğul olduğu üçün və onun da ilk övladı mən olduğumdan nənə-baba yanında yaşamışam. Mənim təhsillə bağlı bünövrəmi nənəm-babam qoymuşdular. Baxmayaraq ki, onların ilk nəvəsi olmuşam və məni həddən artıq çox istəsələr də, eyni zamanda çox tələbkar idilər. Mən atamda və ya anamda dərsə, mənə qarşı o tələbkarlığı görmədim. 16 yaşda nənəmi itirdikdən sonra ailəmlə yaşamağa başladım. Onlar bacılarımdan oxumağı tələb etsələr də, əksinə gözümdə zəiflik olduğundan mənə daha çox sərbəstlik verirdilər.

 

Hüququşünas kimi işləmədiniz....

 

- 18 yaşımdan 1990-cı ilə qədər Azərbaycan Dəmir Yol İdarəsində hüquqşünas, baş hüquqşünas vəzifəsində işləmişəm... Məhkəmə, arbitraj işlərinə tam müstəqil olaraq çıxırdım.

 

Amma, bildiyimə görə, əmək fəaliyyətinizi bir müddət dondurmusunuz. Hətta deyərdim ki, uzun müddət – 10 ildən artıq. Səbəb nə idi?

 

- Bayaq qeyd etdim ki, valideynlərimin ixtisasını heç birimiz təkrarlamamışıq. Ancaq mənim ailəmdə həyat yoldaşım və övladlarım da hüquqşünasdırlar. Və yoldaşım hüquqşünas olduğundan, hələ gənc vaxtdan - 30 yaşında hakim seçilmiş, Lerik rayonuna işləməyə göndərilmişdi. Sonra müxtəlif rayonlarda işləməli oldu. Üstəlik, uşaqlar da balaca olduğundan ailə vəziyyətimizlə əlaqədar işimdən ayrıldım və yoldaşımla bərabər rayonda yaşamalı oldum. Siz qeyd edirsiniz ki, mən əmək fəaliyyətimdən ayrılmışam, xeyr, həmin illərdə də dərslər aparırdım.

 

Orta məktəbdə?

 

- Bəli, konstitusiya və hüququn əsasları kimi fənləri tədris edirdim.

 

Sizin dediklərinizdən bir daha aydın olur ki, iş həyatında qadınlarla müqayisədə kişilər uğur zirvəsini daha tez fəth edə bilirlər. Yəqin ki, bu, qadının ana olduqdan sonra zamanını daha çox övladlarına həsr etməsi ilə əlaqədardır...

 

- Tamamilə düz deyirsiniz. Xanımlar karyera və ya ailə seçimi qarşısında qalırlar. Nadir hallarda xanımlar hər iksini uğurla davam etdirə bilirlər. Bəli, mən elmə çox gec gəldim- 40 yaşımda.

 


Bəs, elmi potenisalı yüksək olan biri kimi işləmədiyiniz üçün narahat olurdunuzmu?

 

- Çox sıxılırdım. Qeyd edim ki, hüquq fakültəsində müdafiə şəraiti həmişə çox ciddi keçib. 1984-cü ildə diplom işimin rəhbəri Tofiq Qafarov, opponentim Tamerlan Qarayev idi. Adətən opponentlər bir neçə nöqsan tapmalıdırlar.  Ancaq opponentim dedi ki, mən bu işdə qüsur tapmıram, bu iş özü kafedra müəllimləri üçün nümunə ola bilər. Və sonra da elmdə uzun fasilə... Amma düz deyirsiniz, 10 ildən artıq fasilə verməyim məni çox üzürdü. Ona görə də namizədlik dissertasiyamı qısa zamanda və böyük həvəslə yerinə yetirdim. Sizə deyim ki, müdafiə zamanı elmi işim yüksək səviyyədə idi.

 

Buna baxmayaraq, sonra fəaliyyətinizə universitetdə davam etməyə qərar verdiniz. Qısa müddət ərzində professor zirvəsinə qədər ucaldınız. Bu, həqiqətən də, böyük bir uğurdur...

 

- Bilirsiniz, sizə deyim ki, istedad, əməksevərlik bir çox adamda var. Ancaq onların qarşısına yaxşı adamlar, yaxşı dostlar çıxanda  elmi potensiallarına və işgüzarlıqlarına çox böyük dəstək olur. Mən rektorumuz, akademik Abel Məhərrəmovun əmri ilə universitetin beynəlxalq ümumi hüquq kafedrasında pedaqoji fəaliyyətə başladım. 3 il saat hesabı müəllim işlədim. Demək istəyirəm ki, bu mənim gələcək fəaliyyətim əçox böyük kömək etdi.  Həmişə cinayət hüququnu araşdırmağa meylli olsam da, beynəlxalq ümumi hüquq, beynəlxalq cinayət hüququndan dərs deyə-deyə bir daha bu sahəni mənimsədim və bu mənim üçün gələcəkd əbeynəlxalq hüquq və cinayət hüququnun qarşılıqlı əlaqələrini tədqiq etməyə səbəb oldu. Bu təcrübənin mənə çox böyük köməyi oldu. Həm də mən məhz bu sahədə  müəllim işləyəndə böyük pedaqoji təcrübə qazandım. Sonra fəlsəfə doktorluğu üzrə müdafiə etdim və 2004-cü ildən cinayət hüququ kafedrasında fəaliyyətimi davam etdirirəm.

 

Yəqin ki, zaman-zaman qısqanclıqlarla da üzləşməli olmusunuz?

 

- Necə qısqanclıqla?

 

Qısa zamanda bu qədər nailiyyətlər əldə etməyiniz birmənalı qarşılanmaya bilərdi...

 

- Bəli, düz deyirsiniz, belə hallar olub, özüm də eşitmişəm. Mən 2000-ci ildə universitetə gəldim, 2004-cü ildə müdafiə etdim. Sizə deyim ki, mənim üçün fəlsəfə doktoru dissertasiyasını yazmaq daha önəmli idi. Ona görə ki, həmin dövrdə mən fəlsəfə doktorluq dissertasiyasını yazanda özümü bir elmi tədqiqatçı kimi hələ təsdiq etdirməmişdim. İlk növbədə özüm üçün təsdiq etməliydim ki, mən bunu bacararam.  Nəhayət, səviyyəli bir iş ortaya qoydum. Bu müdafiə isə çoxlarına gözlənilməz oldu. Mən müdafiə edəndə çoxları məni universitetdə tanımırdı. Sırf yaxın yoldaşlarım tanıyırdı. Hətta fakültədə də bir o qədər tanınmırdım. Ona görə də, yadımdadır Elmi Şurada dosent adını alanda bu qısqanclığı bir az hiss etdim. Yəni, bu haradan, necə gəldi? Bütün bunları təbii qəbul edirdim.

 

Necə qarşılıq verirdiniz?

 

- Normal. Bilirsiniz, mən özüm də  yaxşı, isti münasibət göstərmək üçün əvvəlcə o adamı tanımalıyam. Məni tanımadıqları üçün münasibətlərin belə olması normal idi.

 

İş yoldaşlarınız sizi təmkinli, hətta, deyərdim ki, hədsiz təmkinli, səbrli biri kimi xarakterizə edirlər. Bu əvvəldən belə olub, ya zamanla aşılamısınız?

 

- Yox, əslində mən təmkinli deyiləm (gülür). Daha çox emosianalam. Ancaq bu tərbiyəmdən irəli gəlir ki, işdə, iş yoldaşlarımla, tələbələrlə münasibətdə təmkinli olmalıyam. Belə olmağa məni həm  də hazırkı  vəzifəm və elmi adım məcbur edir.

 

 - Bir ana kimi ailənizə, o cümlədən övladlarınıza olan yanaşmanızdan danışmağınızı istərdim. Sizin üçün ailə nədir?

 

-  Ailə çox şeydir. Siz də qadınsınız, məni çox gözəl başa düşərsiniz. Mən çalışmışam övladlarımın şəxsi həyatlarına müdaxilə etməyim. Atam qədər demokrat olmasam da, haradasa uşaqlarıma sərbəstlik verməyə çalışmışam. Qızım da, oğlum da hüquqşünas olmaq istədilər. Bəlkə də, hər iki valideynin hüquqşünas olmağından təsirləndilər. Düzünü deyim ki, bu məni çox sevindirdi. Hesab edirəm ki, ailədə davamçılar olanda bu daha gözəldir. Ailə üzvləri bir növ kolleqa da olur, bir-birimizin işi ilə bağlı daha yaxşı məsləhət verib müzakirələr apara bilirik.

 

 - Övladlarınızı tanıyanlar da onların mədəniyyətindən, elmə, təhsilə olan həvəslərindən ağızdolusu danışırlar. Onları yetişdirərkən nələr etmisiniz, övladlarınıza ən çox nəyi məsləhət görmüsünüz?

 

- Xoş sözlərə görə sağ olsunlar.  Qızım Səbinə  mülki proses və beynəlxalq hüquq üzrə fəlsəfə doktorudur, hal hazırda Heydər Əliyev Mərkəzində hüquqşünas vəzifəsində çalışır, eyni zamanda da BDU-da pedoqoji fəaliyyətini davam etdirir. Ceyhun da elmə bağlıdı. Cinayət prosesi kafedrasının doktorantıdır, dissertasiya işini tamamlayıb. Ailədə onların tərbiyəsində ən əsası vətənpərvər, məsuliyyətli və böyük-kiçiyə hörmətlə yanaşmağı üstün tutmuşuq. Bir ana kimi onları çox  gözəl başa düşürəm, xəsiyyətlərini nəzərə alıb hərəsi ilə öz dilində danışmağı bacarıram.

 

Ailədə,  həmişə sabitlik olmur. Yəqin ki, siz də müəyyən dönəmlərdə  problemlər yaşamısınız. Şəhla xanım, həmin anlarda necə hərəkət edir?

 

- Bilirsiniz, zaman ən yaxşı müəllim, həm də ən yaxşı hakim və hakimdir. Zaman keçdikcə hər şey öz qaydasına düşür. Ona görə də, hər şeyi təmkinlə qarşılayıram.

 

Plan qurmaqla aranız necədir, həyatınız planlaşdırdığınız kimi gedirmi?

 

- Plan yox, mən buna xəyal deyərdim. Hərdən hansısa işi həyata keçirmək barədə düşünürəm. Fikrimdən keçir, sonra yaddan çıxır. Amma bir müddət sonra həmin fikrimdəki iş reallaşanda deyirəm ki, mən bunu nə zamansa fikirləşmişdim, belə də olmalı idi.

 
Artıq gerçəkləşdirilməsi qeyri-mümükün olan arzular qalıbmı?

 

-  Yox, elə bir arzum olmayıb ki, deyim gecdir...

 

-  Doktorantlarınız deyirlər ki, siz, yalnız onlara yox, ətrafınızdakı  bütün  gənclərə elmi istiqamət verirsiniz. Gəncləri elmlə məşğul olmağa səsləyirsiniz. Axı elm yollarında irəliləmək elə də asan deyil...

 

- Uşaqlıqda, gənclik illərində qarşılaşdığımız çətinliklər, haqsızlıqlar istər –istəməz yaddaşımıza həkk olunur. Biz ondan bir dərs götürürük, örnək götürürük. Yəqin ki, mənim də yaddaşımda olan həmin hadisələr mənim gənclərə dəstək olmaq istəyimə təsir edir. Başa düşürəm ki, elmə tez gəlməmişəm - 40 yaşda gəlmişəm və nəyə nail olmuşamsa, son 15 ildə nail olmuşam. Demək istəyirəm ki, sırf elmlə məşğul olanda artıq övladlarım da böyümüşdülər.  Ailə vəziyyətim də stabil idi. Amma başa düşürəm ki gənclərin daha çox məsləhətə, düzgün istiqamətə ehtiyacları var. Yəqin ki, vaxtilə mənə də belə kömək olsaydı, qarşıma belə bir insan çıxsaydı, ailə vəzifələrimi elmi işlərimlə uyğunlaşdıra bilərdim.

 

Fasiləyə baxmayaraq, sanki sizdə o boşluq olmayıb. Nəticə demək olar ki, eynidir, bəlkə də daha da ürəkaçandır...

 

- Bilirsiniz, Anzulə xanım, mən heç düşünmürəm ki, fasilə vermişəm. Həmişə öz üzərimdə işləmişəm, Sovet dönəminin sonuncu illəri xüsusilə çətin idi. Adi kitabı tapmaq mümkün olmurdu. Amma mənim evimdə həmişə birinci yerdə kitablar idi. Kitabı müxtəlif yollarla əldə edirdim. Moskvaya gedənlərdən də xahiş etmişəm, özüm gedəndə də kitablar almışam, kitab daşımışam. İndiki gənclərə hazırda bu qəribə görünsə də, biz kitabları əldən də alırdıq, artıq pullar verirdik. Kitaba həmişə önəm vermişəm.

 

Hər bir insan çətinliklərlə qarşılaşır, bəzən hədəflərinin nə qədər cazibədar olmasından asılı olmayaraq ruhdan düşür. Belə anlarınızda çıxış yolunu nədə görürsünüz. Güc mənbəyiniz nədir?

 

- Çətin anlar olub, ancaq mən heç vaxt təslim olmaq haqqında düşünməmişəm. Sizə aldığım zədənin birini nümunə kimi dedim: həmişə əlaçı oxuyan bir uşaq qəbul imtahanlarında iki “5” alsa da, qəbul edilmədi. Söhbət ondan gedir ki, o 25 nəfərdən bir çoxunu mən yaxşı tanıyırdım. Eyni şəhərdə böyümüşdük, bərabər hazırlıqlara gedirdik, onların potensialı mənə bəlli idi. İndi təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, nailiyyətlərim onlarınkından çoxdur. Bu isə mənə haradasa sakitlik, rahatlıq gətirir. Bu nümunəni həmişə tələbələrimə də deyirəm. Güclü olmaq üçün savadlı,  haqlı və optimist olmalısan.

 

Yəni davam etmək, dayanmamaq, hədəfə doğru çalışmaq önəmlidir.

 

- Doğrudur, heç vaxt ümidi itirmək lazım deyil, bu dəfə alınmadı, növbəti dəfə alınar. Universiteti bitirən il aspiranturaya sənəd vermək istədim. Həmin vaxt toy ərəfəsində idim. Buna baxmayaraq, sənədlərimi hazırladım, müraciət elədim. Sənədləri qəbul edən xanım mənim sinif yoldaşımın anası idi.  O, mənə dedi ki, 15 ildir ki, cinayət hüququndan aspiranturaya yer verilmir. Bu yeri isə xüsusi biri üçün veriblər. Sən toy ərəfəsindəsən, vaxtını buna sərf edib, sonra da alınmayanda öz əhvalını pozacaqsan. Bax, mən onda təslim oldum. Başa düşdüm ki, bu ərəfədə sənədlərimi geri götürmək daha məntiqli olar.  Təslim olmaq yəqin həmin an idi (gülür).

 

İndi həmin şəxs öz sahəsi  üzrə işləyirmi?

 

- Bəli, o müəyyən qədər tanınmış bir şəxsdir, ad çəkmək istəmirəm. Amma hələ də dissertasiya müdafiəsini etməyib.

 


Xəyanətə uğramısınızmı? Bu, işdə də, ailədə də, dostlar tərəfindən də ola bilər.

 
- Xəyanət sözü bir az vahiməli səslənir (gülür). Gözləmədiyim hərəkətlərlə qarşılaşmışam. Güvəndiyim, həmişə dəstəyini gördüyüm və özüm də dəstək olduğum adamların qəflətən anlaşılmaz hərəkəti, xoş olmayan münasibətləri ilə rastlaşmışam.

 

Həmin anda nə etmisiniz? Susmusunuz, ya onları birdəfəlik həyatınızdan silmisiniz. Bəlkə, izah etməyə, aydınlaşdırmağa cəhd göstərmisiniz...

 

- Mümkün qədər etik qaydalar çərçivəsində cavab vermişəm. Amma, hə, o adamları artıq həyatımdan silmişəm.

 

 - Tələbələrlə münasibətləri necə qurursunuz. Bugünkü tələblər sizi qane edirmi?

 

- Tələbələrlə münasibətdə hesab edirəm ki, müəllim elə müəllim kimi də qalmalıdır. Yəni, yol göstərən, biliklərə yiyələnməyə kömək edən və mütləq bu yolda tələbkar olmağı bacaran. Birdə müəllim öz davranışı, həyata baxışları, hətta öz görünüşü ilə tələbələrə nümunə olmağa çalışmalıdır. Düzü, mən “müəllim tələbənin dostu olmalıdır” ifadəsini tam qəbul etmirəm.

Biz oxuyan ili rus bölməsində qrupda 25 nəfər idik. Onlardan 3-4 nəfəri ən yaxşı tələbə idi. 2-3 nəfər tamamilə heç nə bilməyən, öyrənmək istəməyən, digərləri isə orta səviyyəli tələbələr idilər. Əksəriyyət orta idi. Eyni vəziyyəti indi də müşahidə edirəm. Mən o 3-4 nəfərin biliklərini dərinləşdirmələri üçün dərsdən kənar vaxtda da əlimdən gələni edirəm. Çünki onlar özləri məndən o bilikləri almağa çalışırlar. Hərdən deyirlər ki, müəllim dərsdədirsə, gərək hər kəs ona qulaq assın. Mənsə düşünürəm ki, auditoriyada  2-3 nəfər  oxumaq istəmirsə, maraqları başqa yerdədirsə mən onların beyinlərinə məcburən heç nəyi yeridə bilmərəm. Belələrinə niyə vaxtı sərf etməliyəm?  Və orta səviyyəli tələbələr də var. Onlar da 50/50-dirlər. 50 faiz müəllimlə, 50 faiz isə öz xəyalları ilə olurlar. Hesab edirəm ki, tələbələr arasında bu nisbət ildən-ilə dəyişilmir.

 

Yaxşı müəllim sizə görə necə olmalıdır? Ona sadə bir tərif deyə bilərsinizmi?

 

- Bu da məni hər zaman düşündürür. Mən müəllimləri iki qrupa bölərdim - sırf müəllim-repetitor və müəllim-tədqiqatçı. Yəni, sırf dərs deyən, öz bildiklərini əzbərçiliyə yönəldən müəllim. Məsələn, müəllim vaxtı ilə özü nə oxuyubsa, sırf onu tələb edir, bildiklərin tələbələrə yazdırır və dərslikdə olanları əzbərlədir.Tələbələrdə ən yaxşı halda həmin kitabdakıları müəllimin bildiyi səviyyədə bilirlər, vəssalam. Buna da pis baxmıram, orta səviyyəli tələbələr üçün bəlkədə kifayətdir. Amma belə müəllim təəssüf ku, öz səviyyəsini dondurub saxlayır. Bir də var ki müəllim – elmi tədqiqatçı. Onlar daha çox əzbərçiliyə yox, nəzəri problemlərə, qanunvericilikdəki ziddiyətlərə və boşluqlara, müqayisəli təhlilə fikir yönəldirlər, tələbənin bir fikrə gəlmələrinə, nəyisə fərdi tədqiq etmələrinə, diskussiyalarda aktiv olmalarına çalışırlar. Mən ikinci qrupa üstünlük verirəm. Etiraf edirəm ki, görəndə ki, tələbə nəyisə əzbərləyib, ona axıra kimi qulaq asa bilmirəm.

 

Az öncə qeyd etdiniz ki, kitab ən yaxşı dostdur. Mən də düşünürəm ki, bütün hallarda insan Allaha və kitaba sığına bilər. İxtisasınızdan kənar ədəbiyyatlar mütaliə etməyə zaman tapa bilirsinizmi?

 

- Çox, çox oxuyuram.Saatın neçə olmasından asılı olmayaraq, axşamlar 2-3 saat oxumasam, yata bilmərəm. Uşaqlıq adətimdir.

 

Daha çox kimləri oxuyursunuz?

 

- Mən təhsilimi rus dilində almışam, bunu nəzərə alın. Ona görə deyə bilmərəm ki, Azərbaycan dilində müasir yazıçıların bütün əsərləri ilə tanışam. Lakin bəyəndiyim yazıçıların əsərlərini öz dilimizdə oxuyuram. Məsələn, Anarın “Sizsiz” əsərini Azərbaycan dilində həvəslə oxumuşam. Yəni sanballı əsərlər olanda onları Azərbaycan dilində oxuyuram. Amma əsasən rus dilində mütaliə edirəm.  Klassikləri çox sevirəm, bəzi əsərləri təkrar da oxuyuram.

 

Dinə münasibətiniz necədir?

 

- Mən özümü nə qatı dindar, nə də tam mənada ateist hesab edirəm. Mənə elə gəlir ki, hazırda mənim möveqeyimdə olanlar çoxluq təşkil edirlər.

 

Həyatınızda etdiyiniz hansısa addıma görə peşmançılıq keçirmisinizmi?

 

- Olur.

 

Paylaşmaq istərdiniz? İşlə bağlı olur ya ailə ilə?

 

- Daha çox ailə ilə bağlı olan məsələlərdir. Bəzən adam fikirləşir ki, indiki ağlım o vaxt olsaydı, məsələnin bu cür gedişinə icazə verməzdim və ya onu başqa yöndə aparardım. Olur... Heç kəs səhvlərdən azad deyil.

 

Sirdaşınız varmı?

 

- İndiki zamanda yəqin ki, qızım və oğlum.

 

Dostunuz var, yəqin ki sirdaş səviyyəsində deyil...

 

- Bəli, elə bir dostum olmayıb ki, sirlərimin hamsını açım. Düzdür, mən dostluğa açıq insanam. Məsələn, hələ də məktəb illərindəki dostlarımla əlaqə saxlayıram. Amma dostlar arasında sirdaşım yoxdur.

 

Mətbəxlə, evdarlıqla  aranız necədir?

 

- (Gülür) Ev işləri görürəm, amma könülsüz. Tam səmimi etiraf edirəm...

 

Bəzi qadınlar fəaliyyətlərinə davam etsələr, uğur qazana bilər, cəmiyyətə faydalı olan layihələrə imza ata bilərlər. Amma müəyyən mərhələyə çatanda onlara ya ataları, ya qardaşları, ya da həyat yoldaşları mane olur, belə vəziyyətdə onlar necə hərəkət etməlidirlər?

 

- Mənə ailəm böyük dəstək olub. Yəqin ki, yoldaşım maneələr törətsəydi bu qədər uğur əldə edə bilməzdim. Seçim qarşısında qalanlara nə deyə bilərəm? Ailəyə üstünlük versinlər. Ailə, uşaqların tərbiyəsi sənin işləməyindən əziyyət çəkirsə, qadın ailəyə üstünlük verməlidir.

 

Yorğun vaxtlarınızda nə ilə məşğul olursunuz?  Bildiyimə görə nəvəniz də var. Onunla zaman keçirirsinizmi?

 

 - Hə, zamanımı böyük nəvəm Sara ilə keçirirəm. Səhər də evdən bərabər çıxırıq. Mən işə, o dərsə gedir. Digər nəvəm Emin isə hələ körpədir.

 

Yəqin onun da sizin yolunuzu davam etdirməsini istərdiniz...

 

-  Yox, mənim üçün ən müqəddəs peşə həkim olmaqdır. İndi başa düşürəm ki, insana, bəşəriyyətə ən vacib olan ixtisas həkimlikdir. Şükürlər olsun, mənim ailəmdə də həkim var. Gəlinim həkimdir. Çox istərdim ki, Sara həkim olsun. Amma həkim olmayacaq. Nə qədər gülməli görünsə də (o, ikinci sinifdə oxuyur), indidən cinayət hüququ ilə maraqlanır, hər bir şeydə səbəbli əlaqə, məntiq axtarır.

 

Yəqin ki, yanında bu barədə çox danışırsınız...

 

-  Danışmışam, həm də özü də maraqlanır, suallar verir. Görünür, o da hüquqşünas olacaq.

 


Cinayət hüququ kafedrasının professorusunuz. Sizcə bütün cinayətlərin kökündə nə dayanır? İnsan niyə cinayət törədir?

 

-  Qısaca olaraq buna belə cavab vermək olar: tərbiyə və mühit.

 

Tədqiqat sahələrinizə nəzər saldım. Cinayət hüququ, müqayisəli cinayət hüququ, beynəlxalq cinayət hüququ və müsəlman cinayət hüququ. Bilirəm ki, buna qısa cavab vermək elə də asan deyil. Ancaq maraqlıdır ki, müsəlman cinayət hüququ xüsusilədigərlərindən nədə fərqlənir?

 

- Müsəlman cinayət hüququ çox maraqlı bir sahədir.  Həm fəlsəfə doktoru, həm elmlər doktoru dissertasiyamda bu sahəni tədqiq etmişəm. İndi deyirlər ki, Quranda yazılanlar 20-ci, 21-ci əsrdə kəşf olunur. Eyni fikri cinayət hüququ barəsində də deyərdim. Qısa misal gətirim: müsəlman cinayət hüququnda 7-ci əsrdə yetkinlik yaşına çatmayan şəxsləri edam etmək olmazdı və onlara ağır fiziki cəza vermirdilər. Amma fikir verin, neçə əsr sonra ABŞ-da yetkinlik yaşına çatmayanların edamı federal səviyyədə yalnız  21-ci əsrdə qadağan olunub. Müqayisə edin: 7-ci və 21–ci əsr. Hərdən deyirlər ki, müsəlman cinayət hüququ çox sərtdir. Orda oğurluq edən adamların əllərini kəsirlər və s. Ancaq nəzərə almırlar ki,  heç vaxt birinci dəfə oğurluq edən adamın əli kəsilmir. İlk dəfə oğurluq edən şəxs tövbə etdikdə o şərtlə bağışlanır ki, bir daha belə əməllər etməyəcək. İkinci dəfə bu əməli törədəndə onun əli kəsilə bilər. Oğurluq etdiyinə görə yox, tövbəsinə, Allaha andını pozduğuna görə. Bəzən bu nüansları düzgün çatdırmırlar. Məsələn, müsəlman hüququnda cinayət törətmiş insanın tövbə etməsi müasir cinayət hüququnun səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə institutu ilə üst-üstədüşür.

 

Şəhla xanım, həyat məktəbində nələr öyrənib? Xüsusi vurğulamaq istədiyiniz, öyrəndikləriniz nələrdir?

 

- Onu öyrənmişəm ki, yaxşı insanlar daha çoxdur, nəinki pislər. Adam öz  məqsədinə doğru mütləq getməlidir. Heç nəyə baxmayaraq. Hər şey zamanla öz yolunu tapır. Ona görə də, adam öz arzusundan geri qalmamalıdır. Hansısa arzunu ürəyində saxlamaqdansa,  ona doğru getmək lazımdır. Mənə görə ən acı şey odur ki, həyatın sonuna yaxınlaşanda deyəsən ki, mən bunu etməliydim, amma etmədim. Əsas odur ki, sən onu alınmasa da et...

 

İnsan etdiklərinə görə yox, etmədiklərinə görə peşman olur...

 

- Bəli!

 

Həyat prinsipiniz nədir?

 

- Mən insanlarda sözünün üstündə durmamağı, yalançılığı və satqınlığı ən mənfi cəhət hesab edirəm. Ədalət, düzgünlük əsasdır.

 


Gələcək planlarınız? Akademik olmaq?

 

- Xeyr (gülür). Mən real və obyektiv insanam. Məndən cavan və yaşlılar var ki, buna daha çox layiqdirlər. Çox təəssüf edirəm ki, cəmi iki hüquqşünas müxbir üzvümüz var: onlardan biri Məsumə xanım Məlikova, Allah ona can sağlığı versin, digəri də Vahid Qəhrəmanovdur.

 

Siz istəmirsiniz?

 

- Mən istəmirəm yox, mən real adamam. Amma çox istərdim ki, yaxın gələcəkdə, heç olmasa universitetin yüz illiyinə qədər azı iki hüquqşünas bu adı qazana bilsin. Layiqli insanlar qazansa, elə bu, mənim istəyimə bərabər ola bilər.

 

İşlədiyiniz mühit sizi qane edirmi?

 

- İşlədiyim mühit pis olsaydı, artıq 7 ildir ki, dekan müavini kimi çalışmazdım. Neqativ, sıxıcı mühitdə nəvəzifəişimdə, nə  də elmi işimdə nailiyyətlər qazana bilməzdim. 2011-ci ildə Hüquq fakültəsinə bir komanda kimi gəlmişik. Bu, dekan, professor Əmir Əliyevin komandasıdır. Fakültədə tədris, elmi mühit, elmi inkişaf göz qabağındadır. Son illər dəfələrlə fakültə də, dekan da BDU üzrə birincilik qazanıblar. Deyə bilərəm ki, burda işləmək mənə komfortdur. Rəhbərlikdən və müəllim-professor heyətindən lazımi dəstəyi ala bilirəm.

 
Uğurlu olmaq istəyən gənclərə, o cümlədən tələbələrə tövsiyələriniz nədir?

 

- Həmişə deyirəm ki, bilikli olsunlar. Ona görə ki, tələbə olduğu dövrdəhardasa onlara güzəşt edilə bilər. Amma onlar mütəxəssis kimi işə başlayanda o güzəştlər olmayacaq. Onlar hansısavəzifədəçalışsalar da, bilikləri, savadları olmasa, həmişə gözükölgəli olacaqlar. Savad adamın həyatda yerini möhkəm edir. İstər ailədə, istər dostlar yanında, istərsə də işdə...

 

Sonda mənim soruşmadığım, ancaq sizin toxunmaq istədiyiniz məsələ qaldısa, buyurun...

 

- Yox, siz eləətraflı hazırlaşıb gəlmisiniz (gülür), bütün sahələrə toxundunuz, təşəkkür edirəm.

 

Mən də sizə dəyərli zamanınızı ayırdığınız üçün minnətdaram, uğurlar.

 

Anzulə Əmirova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi