Modern.az

“Heç bir iqtidar növbədənkənar seçkilərə maraqlı olmur, bu, müxalifətin ürəyincə olmalıdır” - MÜSAHİBƏ  

“Heç bir iqtidar növbədənkənar seçkilərə maraqlı olmur, bu, müxalifətin ürəyincə olmalıdır” - MÜSAHİBƏ   

15 Fevral 2018, 12:00

Mahir Abbaszadə: “Laçınlılar bütün seçkilərdə ilk üçlükdə olublar”

 

Milli Məclisin 121 saylı Laçın seçki dairəsindən deputatı Mahir Abbaszadə Modern.az sayının qonağı olub. Deputat növbədənkənar seçkilərdən tutmuş, ölkənin iqtisadi-siyasi vəziyyətinə qədər olan suallarımızı cavablandırıb.

 

- Mahir müəllim, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərinizi  bilmək olarmı?

- Aprelin 11-nə təyin olunmuş prezident seçkiləri Azərbaycan Konstitusiyasına uyğundur. Cənab Prezident Konstitusiyaya əsasən, seçkilərin tarixini dəyişdirə, vaxtını önə çəkə bilər. Bu hal fövqəladə hallar üçün də keçərlidir. Fövqəladə hal zamanı seçkini təxirə də sala bilər. Bütün bunlar Konstitusiyaya əsasən, ölkə rəhbərliyinin müstəsna səlahiyyətinə aiddir. Cənab Prezident İlham Əliyev bu səlahiyyətindən istifadə edərək sənəd imzaladı və seçkilərin oktyabrda deyil, aprelin 11-də keçirilməsi qərarını verdi. Seçkiyə uyğun olaraq Yeni Azərbaycan Partiyası qurultayını keçirdi. Qurultayın qərarına əsasən, İlham Heydər oğlu Əliyev prezidentliyə namizəd olaraq irəli sürüldü.
Demək istəyirəm ki, hər şey qanunvericiliyə uyğun olaraq həyata keçirlir. Təbii ki, seçki prosesi ölkə həyatında mühüm hadisə hesab olunur. Bu həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərinə aiddir. Çünki ölkə seçkidən sonrakı dönəmdə inkişaf strategiyasını müəyyənləşdirir, kimlərlə yola davam edilməsi bəlli olur. Bunlar mühüm hadisələrdir.


- Laçından olan seçicilərinizin seçkilərlə bağlı düşüncəsi nədir?


- Bu, nəinki seçildiyim dairənin insanları, bütövlükdə ölkə üçün önəmli hadisədir. Xalqımız aprelin 11-i seçkilərə qatılacaq və layiqli namizədinə səs verəcək. Hələlik rayonumuzda seçki kampaniyasına start verilməyib. Ziyalılarla, gənclərlə, ümumilikdə insanlarla müəyyən görüşlərimiz olub. İnsanlar seçki ab-havasını müsbət dəyərləndirirlər. O hal ki, ölkənin siyasi həyatında mühüm hadisə olacaq, insanlar da bu siyasi hadisənin iştirakçısı olmaq istəyirlər. Ona görə də digər vətəndaşlar kimi, laçınlılar da aprelin 11-ni səbirsizliklə gözləyirlər. Azərbaycanın seçki tarixçəsinə nəzər salsanız, görərsiniz ki, Laçın bütün seçkilərdə ön cərgədə olan rayonlardan olub. Düzdür, Laçın məcburi köçkün rayonu olduğundan orada bələdiyyə seçkiləri keçirilmir. İstər prezident, istərsə də parlament seçkilərində laçınlı seçicilər həmişə Azərbaycan Respublikasında seçki fəallığı üzrə ilk üçlüyü bölüşüblər. Həmçinin, istər parlament, istərsə də prezident seçkiləri olsun, Laçında həmişə Yeni Azərbaycan Partiyasının namizədi qalib olub. Bu da laçınlıların dövlət başçısına, onun apardığı siyasətə müsbət münasibətinin təzahüründən irəli gəlir. Hesab edirəm ki, qarşıdan gələn seçkilərdə də bu tendensiya qorunub saxlanılacaq.

- Adətən seçki ilində ölkədə qaynar ab-hava müşahidə olunur. Bu da normaldır. Siyasi təşkilatlar, partiyalar ya qrup, ya da fərdi şəkildə rəqabətə girir.
Bu dəfə növbədənkənar seçkilərin vaxtı bəlli olan kimi bəzi müxalifət partiyaları seçkiləri boykot qərarı verdi. Buna münasibətiniz necədir?


- Əslində, hər bir siyasi partiyanın cəmiyyətə nə dərəcədə yaxın olmasını seçki müəyyənləşdirir. Əgər bir siyasi təşkilat seçkilərdə iştirak etmirsə, seçkiyə münasibət bildirmirsə, onun varlığı belə sual altındadır. Əgər siz siyasi təşkilatsınızsa, indiyə kimi təşkilatlanmısınzsa və hesab edirsinizsə ki, xalq sizi dəstəkləyir, o zaman niyə meydandan qaçırsıniz ki?! Ölkədə seçkilərin, xüsusilə növbədənkənar seçkilərin keçirilməsi müxalifətin ürəyincə olmalıdır. Heç bir iqtidar növbədənkənar seçkilərə getməyə maraqlı olmur. Amma müxalifət maraqlı olmalıdır. Çünki müxalifət həmişə seçki gününü çox səbirsizliklə gözləyir. Əgər müxalifət seçkidə iştirak edərsə, iqtidara gəlmək üçün ümidləri reallaşa bilər. Həmçinin, xalqın müxalifətə nə dərəcədə ümidli olması üçün seçkilərə qatılmaq bir hesabat xarakteri daşıya bilər. Çünki bunlar seçki günü müəyyənləşən məsələlərdir.
Təəssüflər olsun ki, ənənəvi müxalifət yenə də ənənəvi adətlərinə sadiq qaldılar və yenə də boykot qərarı verdilər. Onların irəli sürdüyü arqumentlərə fikir versəniz görərsiniz ki, dəyişən heç nə yoxdur. Adamlar 25-30 ildir ki, nə danışırdılarsa, yenə də onu təkrarlayırlar. Dünyada və ölkədə baş verən dəyişikliklərin bu insanlara heç bir aidiyyatı yoxdur. İnsanlar nəinki, danışıqlarında, hətta düşüncələrində dəyişiklik edə bilməyiblər. Sadəcə olaraq, qaraya qara, ağa da qara demək yolunu gedirlər. Bu seçki ərəfəsində də görünən odur ki, onların yanaşmasında dəyişən heç nə olmadı. Eləcə boykot qərarını tutdular. Beləliklə, prezident seçkilərində iştirak etməyəcəklər.

- Seçkilərin tarixinin bir qədər önə çəkilməsi ilə bağlı müxalifət bir neçə arqument ortaya qoydu. REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun da namizədliyi üzərində dayandılar. İddialardan biri də bu oldu ki, nöbədənkənar seçkilərə gedilməsinin bir səbəbi də İlqar Məmmədovun namizədliyini önləmək oldu. Bəs, siz bu barədə nə deyə bilərsiniz?

- Bütün seçkini dediyiniz adamın üzərində formalaşdırmaq fikri özü doğru deyil. Ola bilməz ki, ölkədə bu qədər siyasi hadisənin baş verməsi İlqar Məmmədovla bağlı olsun. Sadəcə olaraq, bəzi müxalif qüvvələrin ortada olan arqumenti budur. Əgər İlqar Məmmədov bu seçki ərəfəsinə qədər azadlıqda olsaydı, ənənəvi müxalifət tamamilə başqa arqument ortaya atacaqdı. Bu, sadəcə olaraq bəhanədir. Ənənəvi müxalifət təkcə İlqar Məmmədovdan ibarət deyil. Ölkədə bu qədər siyasi partiyalar, onların rəhbərləri var. Əgər bunlar bir nəfərə görə siyasi mübarizədən çəkinirsə, belə çıxır ki, bunların bütün fəaliyyəti bir nəfər üzərində qurulub. Heç bir halda İlqar Məmmədova görə seçkinin vaxtının önə, ya da geri çəkilməsi mümkün deyil. Məsələ ilə bağlı hakimiyyət tutarlı arqumentlər ortaya qoyub.


- Mahir müəllim, seçki ili məhsuldar il hesab olunur. Deputat olaraq güman ki, seçicilərinizlə görüşlər keçirirsiz. Həmçinin, təmsil olunduğunuz Laçın rayonu işğal tarixini yaşayır. İşğal taleyini yaşayan rayonun deputatı olaraq çətinlikləriniz nədən ibarətdir? Çünki laçınlıların hamısı eyni yerdə məskunlaşmayıb.

-  Ümumiyyətlə, deputat olmaq böyük fəxrdir. Əgər düşünəndə ki, 45 ya da 50 min seçicin var, insanlar eyni gündə seçki məntəqələrinə gəlir, sənə səs verir, ümidlə baxır, hörmətlə yanaşır və səni 5 illik vəkili edirsə, deməli, o insanların adından danışa bilərsən. Təbii ki, buna imkan verirlər. Bu, hər bir insanın həyatında tarixi hadisədir. Hesab edirəm ki, mənim üçün də parlament tarixinə düşərək fəaliyyət göstərməyim mühüm hadisədir. Həm də ona görə tarixi hadisədir ki, bu insanların içində böyüyürsən, təhsil alırsan doğmalaşırsan. Zaman gəlir bu insanların vəkilinə çevrilirsən. Seçki prosesi zamanı görüşlərin birində orta məktəbdə mənə dərs demiş  müəllimimin çıxışı yadımdan çıxmır. “Bəlkə də dərs dediyim şagirdlər içərisində öz əməyimi mənə qaytarıb verən ən yaxşı şagirdlərimdən birisən. Məhz sənə görə bu gün 500 nəfərlik tribunada çıxış edə bilirəm. Həm də bu kürsüdən sənə baxanda fəxr edirəm ki, şagirdlərimin içində millət vəkili iddiasında olanlar da var”.

Bu cür insanların içində böyüyərək onların müdafiəçisinə çevrilirsən. Bu insanların içində mənim doğmalarım da var. İş ondadır ki, bu insanların problemləri ilə millət vəkili olsam da, olmasam da məşğul olurdum. Millət vəkili olmazdan öncə mənə müraciət edənlər o vaxt da vardı. Sadəcə, millət vəkili olmaq həm əlavə status, həm də əlavə məsuliyyət verir. Məsuliyyətimin artmasının kökündə bu insanların mənə etimad göstərərək, səs vermələridir. Gərək məsuliyəti və statusu dərk edərək bu insanlara elə xidmət göstərəsən ki, onlar da sənin hörmətini qoruyub saxlaya bilsin. Dediyiniz kimi, bizim rayon məcburi köçkün həyatına məhkum olunmuş rayondur. Təbii ki, seçkiyə gedərkən bunları nəzərə almışdım. Fikirləşirdim ki, seçicilərim daimi yaşayış yeri olmayan insanlardır. Onların məişət, mənzil, təhsil problemi var. Bu insanlar 30, 40, 50 il yığdıqlarını bir günün içində itiriblər. Sonradan hər şeyi yenidən zərrə-zərrə əldə edən insanlardır. Bu problemlərin, çətinliklərin öhdəsindən ona görə gələ bilirik ki, güclü dövlətimiz var, güclü hakimiyyətimiz var, hər zaman onların qayğı və diqqətini görürürk. Baxın, bu gün Azərbaycanda bir ədəd də olsa, çadır şəhərciyi yoxdur. Çadır şəhərciklərini ləğv etmək bir deputatın gücü ilə həll edilən iş deyil. Dövlət başçısının apardığı siyasət nəticəsində bütün çadır şəhərcikləri ləğv olunub. Bir milyona yaxın məcburi köçkün yeni evlərlə təmin olunub. Məcburi köçkünlərə verilmiş evlər ən müasir tikilmiş evlərdir. 96-dan artıq qəsəbə salınıb. O qəsəbələrin hər birində məcburi köçkünlər üçün müasir məktəblər, xəstəxanalar tikilib. Bütün dövlət orqanlarına aid olan işlər orada təmin olunub. Dövlət ali məktəblərinə daxil olan məcburi köçkünlərin hamısı ödənişli təhsildən azad olunub. Sosial təminatlarını yaxşılaşdırmaq üçün əlavə müavinətlər verilir. Laçın rayonunu götürdükdə təxminən 75 min əhali var. Onların 10%-i dövlət tərəfindən evlə təmin olunmuş insanlardır. Bu da təxminən 8-10 minə yaxın rəqəm deməkdir. Düzdü, mənzil şəraitinin yaxşılaşdırılmasından söz düşəndə Laçın rayonu o qədər də öndə deyil.  Çünki buna səbəb odur ki, ilk vaxtlarda əsas məqsəd çadır şəhərciyində yaşayan insanları evlə təmin etmək idi. Buna da nail olundu. Bu gün qürurla deyirik ki, Azərbaycanda çadır şəhərcikləri yoxdur.

- Doğru qeyd etdiz ki, ölkədə çadır şəhərciklərinin ləğv olunması təqdirəlayiq haldır. Amma bəzi iddialara görə çadır şəhərciklərinin ləğv olunması ilə məcburi köçkünlər bir müddətdən sonra işğal altındakı torpaqlara qayıtmaq iddiasında olmayacaqlar. Hərçənd ki, Cocuq-Mərcanlıya qayıdış zamanı tam əksini gördük. Məcburi köçkün olaraq sizin də bu barədə fikirləriniz maraqlıdır.

- Həmin iddiaların tamamilə əksini düşünürəm. Hesab edirəm ki, həyat şəraiti yaxşılaşmış məcburi köçkün dövlətə olan inamını bir az da artırır, özünü sahibli hiss edir. Düşünür ki, arxasında dövləti durur. Bu evi dövlət tikib. Deməli, torpaqları da geri qaytaracaq. Hər il Azərbaycan Respublikasının dövlət büdcəsi müəyyənləşəndə 3 istiqamət üzrə maliyyə heç vaxt azalmır. Bəzən olur ki, dövlət büdcəsinin ümumi rəqəmləri azalır, amma 3 sahə azalmır. Bunlar sosial müdafiə xərcləri, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün ayrılan vəsait və müdafiə sahəsinə ayrılan xərclərdir.

- Bunlar həm də bir-birilə əlaqəli məsələlərdir.

- Bunlar heç ayrı-ayrılıqda da təsəvvür olunmur axı! Azərbaycan dövlətinin düşüncəsində əsas yeri ölkəmizin sosial dövlət olması tutur. Onun episentrində isə Azərbaycan vətəndaşı dayanır. İkincisi, Azərbaycan Respublikası Silahlı Qüvvələri möhkəmlənir, ordunun maddi-texniki bazası güclənir. Orduya müasir silahlar alınmalıdır. Üçüncüsü isə 1992-ci ildə Azərbaycanın cəlb olunduğu müharibə nəticəsində evindən didərgin düşmüş insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır.  
Bu 3 məsələ dövlətin prioritetlərindəndir. 2018-ci ilin Dövlət büdcəsinə fikir versəniz, görərsiniz ki, rəqəmlər yenə yüksəkdir. Dövlət büdcəsi ümumi büdcənin 37-% ni sosial təminat xərclərinin bağlanmasına yönəldib. Bu il dövlət büdcəsindən Müdafiə Nazirliyinə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması rəqəmlərinə baxsanız, 2017-ci ilin büdcəsinə nisbətən 2018-ci ilin dövlət büdcəsində 60% artım olub. Bu təxminən, 400 milyondan yuxarıdır. Ona görə də Prezident hər dəfə çıxışında qeyd edir ki, təxminən 20 min məcburi köçkünün evlə təmin olunmasını həyata keçirə biləcəyik. Bunlar dövlətin apardığı sosial-hərbi siyasətdir. Bu siyasətdə Azərbaycan vətəndaşı mərkəzdə dayanıb. Torpaqlara qayıdışla bağlı bayaq doğru qeyd etdiniz. Cocuq-Mərcanlı hadisəsində düşüncələrin əksini gördük. Bir az qabağa getsək, aprel hadisələrini xatırlaya bilərik. Aprel hadisələrində Azərbaycan vətəndaşları bu torpaqların heç vaxt ermənilərdə qalmayacağının nöqtəsini qoydu. Dünyaya bir mesaj göstərdi ki, nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, Dağlıq Qarabağ heç bir statusdan söhbət gedə bilməz. Biz bir yüksəklik və 2 min kvadrat metr ərazini düşməndən azad etdik. Bayaq qeyd etdiyiniz kimi, 150-yə yaxın ev tikilib və insanların istifadəsinə verilib. Bir məsələyə diqqət edin. Cocuq-Mərcanlıya köçənlərin bir qismi nə Cəbrayılda anadan olub, nə də Cəbrayılın üzünü görüb. 2016-cı ilin aprel hadisələrində şəhid olan insanların tarixçəsinə baxın. Laçından Ülvin Məmmədov döyüşlərdə şəhid oldu. Bu insan Laçını görməyib. Hərbi xidməti başa vurmasına 3 gün qalmış əmr çıxıb ki, evə buraxılmalıdır. Komandir soruşanda ki, bir-iki günə döyüş başlayacaq. Kim qalmaq istəyir?! Ülvin Məmmədov iştirak etmək istədiyini deyərək, döyüşlərə qatılıb və qəhrəmancasına şəhid olub. Ona Müdafiə Nazirliyinin xüsusi ordeni verildi. 


- Məcburi köçkün həyatı yaşayan həmvətənlərimiz həm də kənd mühitinə uyğunlaşmış  insanıdır. Bir növ kənd həyatına bağlıdırlar. Bu gün mənzil şəraitlərinin yaxşılaşdırılması  zamanı onların kənd mühitinə uyğunlaşdırılması nəzərə alınırmı? Kənd təsərrüfatı ilə məşğul ola bilirlərmi?

- Maraqlı sualdır. Bu qəsəbələrin coğrafiyasına baxsanız, görərsiz ki, bunların  çox cüzi bir hissəsi Bakıda, Sumqayıtda və Abşeronda salınıb. Əsasən Azərbaycanın rayonlarında salınıb. Həmin qəsəbələr salınarkən cənab Prezidentin göstərişinə əsasən hər bir məcburi köçkün torpaqla təmin olunub. Bu il Azərbaycanın dövlət büdcəsində özünüməşğulluqla bağlı 35 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 7 min ailəni təmin edəcək. 7 min ailə özünüməşğulluq prosesinə cəlb olunacaq. Bu, bizə iki şey verəcək. Yadınızdadırsa, insanların sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən ünvanlı sosial yardım verilirdi. Ünvanlı sosial yardıma olan müraciətlərin sayı azalacaq. Bu bir tərəfdən müsbət haldır. Digər tərəfdən isə ailə təsərrüfatlarının yaranmasına nail ola biləcəyik.  İnsanlar öz ailə təsərrüfatlarını inkişaf etdirməklə həm ailələrini saxlayacaqlar, həm də ünvanlı sosial yardımdan imtina edəcəklər. Bununla da ələbaxımlılıqdan qurtacaqlar.

- Həm də öz bizneslərini yarada biləcəklər. Bir növ kənd təsərrüfatına dəstək xarakteri ənənəyə çevriləcək.

- Xatırlayırısızsa, Prezident “Kənd təsərrüfatı ili” elan edəndə dövlətin prioritet məsələsi var idi ki, ölkə iqtisadiyatının neftdən asılılığı bitməlidir. Qeyri-neft sektoru Azərbaycanda inkişaf etməlidir. Bunun da əsas yollarından biri kənd təsərrüfatına diqqət göstərməkdir. Əhalinin 36%-dən çoxu kənd təsərrüfatı ilə məşğul olur ki, bunların içində məcburi-köçkünlər də var. İstər pambıqçılıq, istər baramaçılıq, istərsə də taxılçılığın inkişafında məcburi köçkünlərin payı var.

- Mahir müəllim, deputat fəaliyyətinizdən əvvəl bank sahəsində çalışmısınız. Necə oldu ki, bank işini bir tərəfə qoyub deputat olmaq iddiasına düşdünüz? Təşəbbüs kimdən gəldi? Əvvəlki illərdə də belə istəyiniz olubmu?

- Bank sektorunda fəaliyyət göstərmək sənətdir. Deputatlıq isə sənət deyil. Bir xidmətdir. Mən Yeni Azərbaycan Partiyasının namizədiyəm. Əvvəllər  millət vəkili olmaq istəyim olsa da, bilirdim ki, bunun reallaşmasını ancaq partiya müəyyənləşdirir. Mən əvvəllər də siyasi proseslərin içində olmuşam. İstər insanlar arasında olan müsbət imic, istər partiyanın mənə olan inamı və uzun illərdir ki, siyasi proseslərdə yaxından iştirak etməyim məni bu arzuya yaxınlaşdırdı. Partiya namizədliyimi dəstəklədi və seçkilərdə qalib gəldim. Digər tərəfdən isə iqtisadçıyam. Uzun müddət bank  sektorunda çalışmışam. İqtisad elmləri üzrə fəlsəfə doktoruyam. Amma nazmizədliyimin irəli sürülməsi və millət vəkili seçilməyim partiyanın təşəbbüsüdür. Hesab edirəm ki, partiya bunun üçün mənə çox böyük etimad göstərib. Bu partiyanın həm üzvü, həm də namizədi, həm də deputatı olmaq qürurverici haldır.


- İqtisad elmləri üzrə fəlsəfə doktorusuz. Azərbaycanın hazırki iqtisadi durumunu necə dəyərləndirirsiz? Devalvasiyadan sonra ölkədə bir neçə bank bağlanma dövrünü yaşadı. Bankların hazırki fəaliyyətini necə dəyərləndirirsiz?

- Hesab edirəm ki, dünyada neftin qiymətinin aşağı düşməsi bizim iqtisadiyyatda 2015-2016-cı illər üçün çox böyük çətinliklər yaratmışdı. Bu çətinliklər həm də ona görə idi ki, neft ixrac edən dövlətlərin böyük əksəriyyətində yaranmışdı. Sonrakı dönəmlərə nəzər salsaq görərik ki, bu çətinliklərdən ən az zərərlə və tez bir zamanda çıxan biz olduq. İstər qonşu, istərsə də digər dövlətlərdə baş verən hadisələr Azərbaycandan da yan keçmədi. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Bu iqtisadi çətinliklər bütün sektorlarda çətinliklər yarada bildi. Xüsusilə, bank sektorunda bunu yaşadıq. Azərbaycan manatının xarici valyutanın qarşısında qiymətinin aşağı düşməsi birdən-birə banklarda çətinliklər yaratdı. Müəyyən çətinliklər o oldu ki, vətəndaşlar banklardan xarici valyuta ilə kredit götürməkdə maraqlı idi. Manat hər gün möhkəmlənirdi. İnsanlar hesab edirdi ki, valyuta ilə götürdükləri krediti manat əmsalı ilə ödəyəndə uduzmurdular. Birdən-birə vəziyyətin dəyişməsi vətəndaşın işini ağırlaşdırdı. Vətəndaşın vəziyyəti ağırlaşırsa, onun ödəmək qabiliyyəti çətinləşirsə, vətəndaşın öhdəçiliyi olduğu bankın da vəziyyəti çətinləşir. Bankın verdiyi vəsait geri qayıtmırsa, onun sərbəstliyi təmin olunmursa, həm likvidlik əmsalına, həm də kapital əmsalına mənfi təsir göstərir. Biz bunu Azərbaycan iqtisadiyyatında yaşadıq. Buna görə də istər Mərkəzi Bank, istərsə də sonradan Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bəzi bankların lisenziyalarını geri aldı, bəzilərinin isə bank fəaliyyətinə xitam verildi ki, bu proses bundan sonra bir az da dərinləşməsin. Ona görə də bu bankların bağlanması zərurət idi.

- Bankların bağlanması davamlı ola bilərmi?

- Buna proqnoz vermək çətindir. Ona görə ki nə qədər ki bankların kapitallaşması, likvidlik əmsalları başa çatmayıb bu proses ola bilsin ki, davam etsin. Amma bütün bunlar iqtisadiyyatımızın möhkəmlənməsinə dəlalət edir. Çünki nəzərə alsaq ki 2017-ci ilin makroiqtisadiyyat göstəriciləri qorunub saxlanıb. Demək olar ki, manata olan xarici təsirlər ortadan qaldırılıb. Manat hiss olunacaq dərəcədə möhkəmlənib. Ölkənin ticarət saldosu müsbətdir. Valyutaya olan ehtiyatımız ödənib. Valyutada olan ehtiyat fondumuz təxminən 42 milyardın üstündədir. Hesab edirəm ki, Azərbaycan manatının möhkəmlənməsi bank sektorunda da müsbət təsirini verəcək.

- Devalvasiyadan sonra Azərbaycan əhalisi ən böyük çətinliyi ərzaq sahəsində yaşadı. Proses indi də davam edir. Yəni bazarlardakı qiymətlər ürəkaçan deyil. Baxmayaraq ki, manatın möhkəmlənməsindən danışdınız, amma yerli və xarici şirkətlər qiymətləri aşağı salmadı. Xüsusilə, kərə yağlarının qiyməti devalvasiyadan sonra necə idisə, indi də elədir.

- Məsələ ondan ibarətdir ki, həmin məhsulları xarici ölkələrdən alırıq. Devalvasiyadan əvvəl Azərbaycan manatı möhkəm idi. Qiymətlərə mənfi təsiri yox idi. Kurs fərqinin özü mal gətirən şəxsə qazanc əldə etməsinə səbəb olur. Qiyməti qaldırmağa ehtiyac yoxdur. Elə ki, proses əksinə davam edir, biz onu xarici ölkələrdən valyuta ilə alırıq. Əgər devalvasiyadan əvvəl bir dolları 0.78 qəpiyə dəyişirdiksə, indi isə 1 dollar 1 manat 70 qəpiyin üstündədir. Bu da öz təsdiqini xaricdən gətirilən mallarda tapdı. Burada razılaşmadığımız müəyyən məqamlar var. Həm xaricdən gətirilən malların, həm də Azərbaycanın daxilində də istehsal olunan məhsulların qiymətində artım hiss olunmaqdadır. Buna nəzarət olunmalıdır. Bu, bəzi işbazların  vəziyyətdən sui-istifadəsi kimi qiymətləndirilməlidir. O malları ki, xarici ölkələrdən valyuta ilə alırıq, ona görə də o malların qiymətinin qalxması normaldır. Yenə deyirəm. Bu il manatın sabitliyi təmin olunub. Əgər qiymətlərin bir az da qalxması varsa, yenə də süni qiymət artımıdır. Prezidentin Azərbaycan iqtisadiyyatında qarşıya qoyduğu vəzifə  ondan ibarətdir ki, biz Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunu inkişaf etdirməklə idxalı əvəzləyən ixrac qabiliyyətli məhsullar istehsal etməliyik. Bununla da xarici valyutanın Azərbayan iqtisadiyyatına verdiyi çətinliklər aradan qaldırılsın. Məhsullar daxildə istehsal olunsun və dövriyyə manatla olsun. Xarici valyutanın qalxıb-düşməsi o qədər də hiss olunmasın. Məqsəd bundan ibarətdir. İxrac qabiliyyətli məhsulun istehsalı ona görə lazımdır ki, ölkə iqtisadiyyatına xarici valyuta gəlsin, ticarət saldosu müsbət olsun.


- Bir müddət bundan əvvəl prezident  xarici ticarətin stimullaşdırılması üçün xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərində ticarət nümayəndəliklərinin yaradılması barədə sərəncam imzalayıb. Bunun Azərbaycan üçün üstünlükləri nədir?

- Üstünlüyü odur ki, “Made in Azerbaijan” brendi adı altında məhsullarımızın xarici ölkələrə aparılması, sərgilərdə iştirak edilməsi, iş adamları ilə yerindəcə müqavilələr imzalanması üçün çox önəmli hadisədir. Azərbaycan dövləti xarici ölkələrdə təşkil olunmuş markalarda, festivallarda öz məhsullarını göstərir. Bu ümumi inkişaf üçün çox önəmli məsələlərdir. Eyni zamanda, bununla bərabər Azərbaycan məhsullarının xarici bazarlarda satışını təmin etmək üçün ənənəvi bazar var.

Artıq 5 ölkəyə ticarət nümayəndəsi təyin olunub. Onlar həmin ölkələrdə baş verən iqtisadi hadisələrdə yaxından iştirak edirlər. “Made in Azerbaijan” brendi adı altında məhsulları həmin ölkələrə çıxarırlar. Bu yaxınlarda xarici ölkələrin birində Azərbaycan məhsullarına rast gəldim. Düzü, bu mənə xüsusi zövq verdi. İnanıram ki, bu tendensiya davam edəcək.

Biz ənənəvi bazarlarla illərdir ki, əlaqədəyik. Qeyd etdiyiniz Rusiya bazarı daha cəlbedici görünür. Biz Rusiya bazarında illərdir ki, tanınırıq. Məsələn, Dubay bazarında məhsullarımızı tanıda bilməmişik. Ticarət ölkələri vasitəsilə biz bu əlaqələri daha yaxşı qura biləcəyik. Ümid edirik ki, qarşıdakı illərdə bu daha yaxşı inkişaf edəcək.

Siyasi fəaliyyətinizdən tutmuş iqtisadi məsələlərə qədər söhbət etdik. Belə məqamda ailədən danışmamaq olmaz. Səhv etmirəmsə, qardaşınız Zahir Abbas tanınmış şairdir. Ailədə yaradıcı insanların sayı çoxdu, yoxsa necə?

- Müəllim ailəsində böyümüşəm. Atam əməkdar müəllimdir. Anam da müəllimdir. Hesab edirik ki, hər bir insanın həyatda formalaşmasında müəllimlərin xüsusi rolu var. Düşünəndə ki, bu insanlar bizim ailə üzvlərimizdir, deməli həm də onlardan çox şeylər öyrənə bilərik. Düşünürəm ki, Zahir hələ öz üzərində çox işləməlidir. Həmçinin, fəxr edirəm ki, müəllim çörəyi ilə böyümüşəm. Qardaşımın şeir yazdığını qeyd etdiniz. Bir neçə kitabın  müəllifidir. Onun təxminən 200-ə yaxın şeirinə mahnı bəstələnib. Azərbaycanın tanınmış sənət adamları həmin mahnıları ifa ediblər. Ailəmizə həmişə sözə qiymət olub. Bəlkə də Zahir bundan ilhamlanıb. Ümumilikdə şairlik bir istedaddır...


- Neçə övladınız var?

- 3 övladım var. Böyük qızım Zəhra 10-cu sinifdə, oğlanlarım Toğrul 8-ci sinifdə, Nahid isə 2-ci sinifdə oxuyur.

- Siyavuş Novruzov Modern.az-a müsahibəsində oğlunun deputat olmaq istədiyini demişdi. Sizdə vəziyyət necədir? Övladlarınız  deputat olmaq istəmir ki?

- Belə bir atalar sözü var. Aşıq gördüyünü çağırar. Təbii ki, valideynin hansı sənət sahibi olması, evdə necə davranması uşağın formalaşmasında mühüm rol oynayır. Uşaqlarımın sənət seçiminə gəlincə, xeyli sərbəstdirlər. Valideyn olaraq onlara tövsiyəm o ola bilər ki, seçdiyiniz sənət sizi cəmiyyətə təqdim edəcək. Elə sənət seçin ki, cəmiyyətə təqdim oluna biləsiniz. Vətən üçün, valideynlər üçün yararlı övlad olun. Kim deyirsə ki, övladlarımla bağlı məsələləri sərbəst buraxmışam, düzü bu səmimiyyətə inanmıram. Valideyn olaraq övladlarımızı həm də müşahidə etməliyik. O zaman övladımızın nəyə meylli olmasını biləcəyik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...