Modern.az

Azərbaycan Seyidləri - Xok seyid ocağının nümayəndəsi - Miryaqub Miryusif oğlu ilə bağlı XATİRƏ

Azərbaycan Seyidləri - Xok seyid ocağının nümayəndəsi - Miryaqub Miryusif oğlu ilə bağlı XATİRƏ

Ədəbi̇yyat

16 Fevral 2018, 12:05

"Seyid" sözünün ərəb dilindən tərcüməsi "ağa" deməkdir. Ümumiyyətlə, ərəb dilində bu söz ehtiram əlaməti olaraq işlədilir. İslam dinində əsl seyidlər Həzrəti Məhəmməd Peyğəmbərin (s) nəslindən olanlar sayılırlar. Məhəmməd Peyğəmbərin (s) nəsli yalnız qızı Fatimənin (ə) İmam Əli (ə) ilə izdivacından doğulmuş Həsən (ə), Hüseyn (ə) vasitəsilə davam edib. Bu gün də dünyanın müxtəlif ölkələrində yüzlərlə seyid yaşayır. İslam dinində seyidlərə ehtiram göstərmək çox təkid olunur. Məclislərdə seyidləri yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib. 
         
Tarixən Azərbaycanın müxtəlif rayonlarında da seyidlər yaşayıb və elə indi də yaşayır. Onlardan bəziləri yaşadıqları bölgələrdə kifayət qədər tanınımış, yüksək hörmət-izzət sahib olublar.


İslamın bütün məzhəblərinin qəbul etdiyi inanca görə, Qiyamətdən öncə Yer üzünə gələcək və ədaləti bərpa edəcək şəxs - şiələrin 12-ci imam saydıqları Həzrəti Mehdi - məhz Məhəmməd  Peyğəmbərin (s.) soyundan, yəni seyidlərdən olacaq. Belə bir zühuru təkallahlığı qəbul edən digər dinlər də gözlədiyindən xristian və yəhudilər də seyidlik mövzusunu, xüsusən də seyidlərin yayıldığı coğrafiyanı dərindən öyrənməyə çalışır.

 

Araşdırma materiallarına görə, Azərbaycanda Məhəmməd Peyğəmbərin (s.), on iki imamın soy-kökünə, qan damarlarına bağlı olan bir neçə nəsil şəcərəsi var. Bu şəcərələr imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür. Toplanmış məlumatlardan o da məlumdur ki, bu genetik kodlar arasında maraqlı fərqlər var. Məsələn 1952-ci ilin iyun ayının 20-də Moskvada olan ingiltərəli “Taylafer” həkim qrupu VIII-əsrin tarixi və təbabət sənədlərinə əsasən, iddia edirlər ki, İslam Peyğəmbərinin nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində, eləcə də qanın rəngində... fərqlər var. Bütün bu fərqlər onlara imkan verir ki, öz bədən quruluşlarına, sümük möhkəmliyinə və beyin qatlarına görə... başqalarından fərqlənsinlər. Dünya təbabəti hələlik bütün bunların qarşısında aciz qalıb. Qeyd edək ki, Taylafer qrupu bütün bunların kökünü araşdırmaq, öyrənmək və təhlil etmək üçün Azərbaycanın doqquz bölgəsinin üstündə dayanır. Yer üzünün dünənki, bugünkü və gələcək möhtəşəm insanları (bütün sahələrdə) öz genetik kodlarının başlanğıcını məhz o nəsildə axtarmalıdır. 


Modern.az
-ın “Azərbaycan Seyidləri” adlı layihəsində Naxçıvanın sayılıb-seçilən ocaqlarından olan Xok Seyidləri Şəcərəsi haqda üçüncü yazını təqdim edirik. 


Xok Seyidlərinin Şəcərəsi 
675 (1277) tarixli “Nəsəbnamə” kitabı əsasında tərtib edilib. Bu günədək qorunub saxlanan şəcərə ayrı-ayrı vaxtlarda dövrünün tanınmış, əsil nəcabətli, müqəddəs seyid ocaqlarının nümayəndələri tərəfindən təsdiq edilib. Şəcərənin həqiqiliyini  üzərində olan 30 möhür və imza sahiblərinin bu nəsil haqqında yazdıqları yüksək fikirlər bir daha sübut edir.                 

 

İranlı araşdırmaçı İbrahim Mövlayi 2017-ci ilin avqust ayında şəcərənin üzərində olan 30 möhürün hər birininin müəllifinin adını və onlar haqqında fikirlərini ayrıca bir səhifədə tərtib edib. İbrahim Mövlayi  şəcərə ilə tanış olduqdan sonra bildirib ki, nəsil şəcərələri ilə məşğul olan alimlərin-nəssabların bir yekdil fikri var ki, bir nəsil şəcərəsində 36 babanın adı varsa və bu adlar zaman-zaman təkrarlanırsa, həmin şəcərəni araşdırmağa ehtiyac yoxdur, bu göstəricilər şəcərənin həqiqiliyinin sübutudur.

Şəcərədə göstərilib ki, bu nəslin 28-ci babası imam Museyi – Kazim (əl-Kazim Musa Cəfər oğlu), 33-cü babası Əmirəlmöminin - Əli Əbu Talib oğlu, 36-cı babası Peyğəmbər (s.a.v.), ulu babası (Əbdülmütəllibin atası) Haşimdir.

Bu nəsil şəcərəsinin üzərindəki möhürlər və şərhlər bu nəsil barədə, onun babalarının yaşayış yeri haqqında bəzi qənaətləri söyləməyə imkan verir. Belə ki, bu nəsil şəcərəsində qeyd edilir ki, bu nəslin 11-ci nümayəndəsi Seyid Saleh Tacəddin oğlu bu nəslin 8-ci nümayəndəsi -  İrəvan sakini Seyid Mahmud Seyid Hüseyn oğluna təqdim etmişdir. Həmin şəcərənin təsdiqləyici hissəsində göstərilir ki, həqiqətən Seyid Mahmud Seyid Hüseyn oğlu bu müqəddəs Seyid ocağının nümayəndəsidir və İrəvan şəhərində yaşayıb.

Şəcərədə göstərilən adlara diqqət yetirəndə həmin şəxslərin sonradan yaşayış yerlərini dəyişdikləri məlum olur. Nəsil Şəcərəsində bu nəsil nümayəndələrinin adlarının qarşısında “Seyid” sözünün işlədilməsi və onların İrəvan sakinləri olması göstərilir. Sonradan  Nəsil Şəcərəsi Mirbaba Seyid Mustafa oğlu ilə davam edir. Bu fakt İrəvan sakini, Seyid Mustafa Seyid Əhməd oğlunun sonralar Naxçıvana (İrana daha yaxın əraziyə) köçməsini sübut edir. Çünki İran ərazisində seyidlərin adlarının qarşısında “Mir” sözü işlədilirdi. Seyid Mustafa Seyid Əhməd oğlunun Naxçıvana köçməyi təxminən 1730-cu illərə təsadüf edir. İstanbuldakı Başbakanlıq Arxivində saxlanılan “Naxçıvan sancağının” müfəssəl dəftərlərində  göstərilən fakta - 1727-ci ilə qədər Xok kəndində daimi yaşayış olmayıb faktına istisna etsək, deyə bilərik ki, Seyid Mustafa Seyid Əhməd oğlunun ailəsiXok kəndində məskunlaşan ilk ailələrdəndir, başqa sözlə, bu kəndin əsasını qoyanlardandırlar.

Seyid Mustafa Xok kəndində anadan olan oğlunun adını Mirbaba qoyub. Mirbaba Seyid Mustafa oğlu təxminən 1734-cü ildə anadan olub.

1810-cu il tarixli təsdiqləyici sənəddə “Naxçıvan sakinləri Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Mirbaba oğlanlarının həqiqətən bu müqəddəs Seyid ocağının nümayəndələri olduğu...” sözləri qeyd edilib. Daha əvvəlki təsdiqləyici sənəddə isə Seyid MustafaSeyid Əhməd oğlunun babası, Seyid Mahmud Seyid Hüseyn oğluna “İrəvan sakini” deyə xitab edilib və ona İrəvan şəhərində şəcərə təqdim edilib. Həmin şəcərədə  göstərilir ki, Mirbaba və onun uşaqları Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Xok kəndində yaşayıb, 1810-cu ildə onların şəcərələri Naxçıvan vilayəti seyidləri tərəfindən təsdiq edilib. 


AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Modern.az-a Xok seyid ocağının nümayəndəsi Miryaqub Miryusif oğlu ilə bağlı xatirələrini bölüşüb.

“Hər bir insanın həyatında, dünyagörüşünün  formalaşmasında onun valideynləri ilə yanaşı, pedaqoqlarının, birinci növbədə orta məktəb müəllimlərinin mühüm rol oynaması, böyük əhəmiyyət daşıması danılmaz bir faktdır. Mənim də gələcək taleyimdə, xüsusilə də peşə seçimimdə orta məktəb müəllimlərimin özəl yeri, xüsusi payı, böyük əməyi və zəhməti olmuşdur. Belə müəllimlərdən biri doğulduğum Naxçıvan MR Şərur (indiki Kəngərli) rayonunun Xok kənd orta məktəbində oxuyarkən riyaziyyat fənnini tədris edən Miryaqub Seyidov olub. (yeri cənnət, ruhu şad olsun).

Qeyd edim ki, Xok kənd orta məktəbində oxuyarkən (1952-1962-ci illər) müəllimlərimizin çoxu qonşu kəndlərdən (Qıvraq, Qarabağlar, Şahtaxtı) gələrdilər. Öz kəndimizdən olan müəllimlər isə cəmi bir neçə nəfər idi: Miryaqub müəllim (riyaziyyat), Abbas müəllim (tarix), Cabbar müəllim (tarix) və s.

Bu müəllimlər içərisində rəhmətlik Miryaqub müəllimin özəl yeri, xüsusi payı və çəkisi olub.

Bizim kəndimiz rayonumuzda dindarlığı ilə seçilirdi və burada çoxlu ağır seyid ailəsi yaşayırdı. Kənd camaatının da onlara xüsusi hörməti var idi. Həmin seyidlər içərisində istər savadına, istərsə də nüfuzuna görə Miryaqub müəllim zirvədə dayanırdı.

Hamıya bəllidir ki, riyaziyyat bütün fənlərin şahı, seçilmişi və ən üstünüdür. Birinci sinifdən başlayaraq sonadək riyaziyyat fənninin (aşağı siniflərdə hesab adlanır) tədris olunması bu fikrin doğruluğunu əyani şəkildə sübut edir. Mənim də uşaqlıqdan ən çox sevdiyim fənn riyaziyyat olmuşdur. Və bu məsələdə, təbii ki, Miryaqub müəllimin riyaziyyat sahəsində yüksək savadı, tələbkarlığı və öz fənnini yüksək peşəkarlıqla tədris etməsi, onu sevdirmək qabiliyyəti mühüm rol oynamışdır. Aşağı siniflərdə (səhv etmirəmsə, beşinci sinifdə) oxuyarkən məndən bir sinif yuxarıda oxuyan şagirdlər bir məsələni həll edə bilməmişdilər. Miryaqub müəllim məni yuxarı sinfə  apa­ra­raq  həmin məsələni həll etməyi tapşırır və mən onu həll edirəm. Həmin hadisədən sonra mən məktəbdə, eləcə də kənddə məşhurlaşır, necə deyərlər, barmaqla göstərilirəm. Bu məsələdə Miryaqub müəllimin mənə olan xüsusi qayğı və rəğbəti, böyük etimadı mühüm rol oynayır. Məhz bu hadisəyə görə Miryaqub müəllim məktəb direktoru Vahab Hüseynov (ruhu şad olsun) qarşısında belə bir məsələ qaldırır: Möhsünün xüsusi istedadı nəzərə alınmaqla onun bir sinif yuxarıya keçirilməsi məsələsi rayon təhsil şöbəsi qarşısında qaldırılsın və müsbət həllini tapsın. Atam Zeynalabdinin dayısı oğlu Vahab müəllim bu təkliflə razılaşmayaraq deyir ki, bu, asan məsələ deyil.  Bir də ki Möhsün onsuz da balacadır (mən 6 yaşında məktəbə getmişəm), elə öz sinfində oxuması məsləhətdir...

8-ci, yoxsa 9-cu sinfi bitirmişdim. Bir dəfə yay tətili zamanı Miryaqub müəllim məni görüb dedi:

- Kitabxanadan Karl Marksın “Kapital” əsərini alıb oxuyarsan. Lenin bu əsəri 15 yaşında oxuyub.

Bəli, Miryaqub müəllim mənə bu cür böyük etimad bəsləyirdi, məni gələcəyin Lenini kimi görmək istəyirdi (həmin vaxt Lenindən böyük kim idi ki). Mən Miryaqub müəllimin sözündən çıxa bilməzdim. O zamanlar mənim gözümdə müəllimdən böyük insan yox idi və mənim ən böyük arzum Miryaqub müəllim kimi müəllim olmaq idi. Və mən kitabxanaya gedib KarlMarksın “Kapital” əsərini aldım, bəlkə də, bir neçə dəfə oxudum, ancaq yaxşı anlamadım....

Bunu yazmaqda yeganə məqsədim Miryaqub müəllimin necə bir qayğıkeş və vətən­pər­vər bir ziyalı olduğunu diqqətə çatdırmaqdır. Bəli, o, kəndimizin inkişaf etməsini, həmkəndlilərinin yaxşı oxumalarını, dərindən elmə yiyələnmələrini, kənd ziyalılarının sayının artmasını, onların yüksək vəzifələrə qalxmasını, bütövlükdə doğma yurdunun adının, nüfuzunun  ucalmasını arzulayırdı və bunun üçün əlindən gələn köməyi əsirgəmirdi. Bəli, unudulmaz Miryaqub müəllim belə bir alicənab və işıqlı bir insan, müəllimlərin müəllimi, yaxşıların yaxşısı idi...

Yuxarı sinifdə oxuyarkən Miryaqub müəllimi kəndimizdəki kolxozun sədri seçdilər və bizim məktəbimizə qonşu Qabıllı kəndindən riyaziyyat müəllimi gəldi: Səfəralı müəllim. Gənc mütəxəssis kimi kəndimizə müəllim işləməyə göndərilən Səfəralı müəllim riyaziyyatı gözəl bilir və fənnini də yaxşı tədris edirdi. Bununla belə, sonuncu – onuncu sinifdə oxuyarkən mənim ədəbiyyat fənninə olan böyük marağım açıq-aşkar şəkildə özünü göstərməyə başladı və mən ədəbiyyat müəllimi olmaq qərarına gəldim. Bu məsələdə qonşu Qıvraq kəndindən olan ədəbiyyat müəllimimin - Qüdrət müəllimin böyük rolu oldu.

Gözəl diksiyası olan, əzbərdən çoxlu şeirlər deyən Qüdrət müəllim mənə ədəbiyyatı sevdirdi və əvvəlki fikrimdən-riyaziyyat müəllimi olmaq arzumdan əl çəkməyimdə mühüm rol oynadı... 

İndiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (bu da bir alın yazısı idi; bəli, mən şərqşünas, tərcüməçi və müəllim ixtisasını qazandım) oxuyarkən yay tətilində kəndə gələndə mənim həyatımda dərin iz buraxmış unudulmaz Miryaqub müəllimlə tez-tez görüşər, söhbətləşər, onun dəyərli məsləhətlərindən hər zaman bəhrələnərdim. Universitetdə oxuduğum illərdə Miryaqub müəllimin qardaşı Alim Seyidovla (o, M.F.Axundov adına Rus dili İnstitutunda oxuyurdu) da dostluq edirdim. Bir müddət kəndimizdə müəllim işləyən, sonralar isə məsul vəzifələrdə çalışan Alim Seyidov da kəndimizə başucalığı gətirən işıqlı insanlardan, gözəl ziyalılardan idi.

Allah rəhmət eləsin, qəbri nurla dolsun...

Bu dünyanın faniliyi, müvəqqətiliyi məlum bir həqiqətdir. Bu dünyaya gələn getməlidir, bu, bir hökmdür. Məhz buna görə də hər bir insan həyatda mənalı yaşamalı, özündən sonra iz qoymalıdır. Belə insanlar, məncə, ölmürlər və nəcib  əməlləri ilə, həyat­dakı xeyirxahlıqları, etdikləri yaxşılıqları ilə,  özlərindən sonra qoyduqları maddi və mənəvi miraslarla qəlblərdə, xatirələrdə yaşayırlar.

Bəli, Kəngərli rayonunun Xok kəndinin seyid ocağının görkəmli yetirməsi, işıqlı ziya­lısı, alovlu vətənpərvər oğlu MiryaqubMiryusif oğlu Seyidov belə xoştaleli insanlardan, qeyrətli Vətən övladlarından biri idi. Belə insanlarla yalnız fəxr etmək olar. Və belə insanlar yalnız cismani olaraq bu dünyanı tərk edirlər. Onların işıqlı xatirəsi isə daima qəlblərdə yaşayır və yaşayacaq. Miryaqub müəllim də belə insanlardandır. Məhz buna görə də onu tanıyanların qəlbində yaşayır və yaşayacaq.

Allah rəhmət eləsin. Amin.



Seyid Miryaqub Miryusif
 oğlunun qəbirüstü abidəsi

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı