Modern.az

“İsa Qəmbərin başqanlıqdan getməsi Müsavatın dağılması ilə nəticələndi”

“İsa Qəmbərin başqanlıqdan getməsi Müsavatın dağılması ilə nəticələndi”

16 Fevral 2018, 16:04

Müsavat Partiyasının başqanı Arif Hacılının müavini Tofiq Yaqublunu vəzifəsindən azad etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  

 

Düzdür, T.Yaqublu baş verənlərlə bağlı mətbuata açıqlama verib ki, o yalnız vəzifəsindən azad edilib və partiyanın məclis, eləcə də divan üzvlüyündə qalır.  Lakin onunla başqan arasında kəskin qarşıdurma olduğunu iddia edənlər də var.

 

Bundan öncə Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah da istefa vermişdi. E.Fəttah partiyanın idarəçiliyində yaranan fikir ayrılığını səbəb gətirərək vəzifəsindən çıxmışdı.

 

Müsavat Partiyasında nə baş verir?

 

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, baş verənlər  normaldır:

 

“Əvvəlcə qeyd etmək lazımdır ki, siyasi partiyalarda istefa edənlərin,  gedənlərin və ya geri qayıdanların olması normaldır. Siyasi partiya onun üzvlərinin maraqlarını ifadə edən qrupdur. Əgər kiminsə marağı fərqlənirsə və ya kiminsə marağı ümumi qrupun marağından kənardadırsa, təbii, o şəxs getməlidir. Hər bir partiyanın nizamnaməsi var və həmin nizamnamə partiya üzvlərinin fəaliyyətini tənzimləyir. Hər hansı şəxs bu nizamnamədən kənar fəaliyyət göstərirsə, onun uzaqlaşdırılması təbii haldır. Yəni Müsavat Partiyasında baş verənlər də tamamilə normaldır.

 

Xüsusilə seçkiqabağı partiyanın xalqla ünsiyyəti daha da qabarıq ifadə olunmağa başlayır. O cümlədən seçki öncəsi  siyasi aktivlik dövrü olduğunu bilirsiniz. Kimsə öz marağını başqa formada ifadə etmək istəyirsə, partiyadan uzaqlaşdırıla və ya öz istəyi ilə ayrıla bilər”.

 

S.Cəlaloğlu qeyd edib ki, liderlərin partiyalardan istefası sonda  onun parçalanması ilə nəticələnir:

 

“Uzun müddət Azərbaycanda liderlərin partiyalardakı rolu ilə bağlı yanlış fikirlər formalaşmışdı. Liderin heç bir əhəmiyyəti olmadığını, onun partiyadan getdiyi halda təşkilatın yenə də eyni formada qalacağını düşünənlər var idi. Amma bütün dünyada da qəbul olunub ki, lider  özü də təşkilatın yaranmasında, fəaliyyətində müstəsna əhəmiyyətə malik olan faktordur.

 

O vaxt mən də İsa Qəmbərə istefa verməyi məsləhət görmədim. Lakin həmin zaman liderlərin istefası partiyaların dağılmasına, parçalanmasına səbəb oldu. Məsələn, Lalə Şövkət getdi Azərbaycan Liberal Partiyası dağıldı, Etibar Məmmədov istefa verdi Azərbaycan Milli İstiqlal Partiyası məhv oldu və sair.

 

Faktiki olaraq liderlərin əhəmiyyətini düzgün qiymətləndirə bilmədik. Buna görə də liderlər istefa verdikcə partiyalarda  zəifləmə müşahidə olunur. Müsavat Partiyası da bu hallardan istisna deyil. İsa Qəmbərin başqanlıqdan getməsi partiyanın dağılması ilə nəticələndi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?