Modern.az

İcbari tibbi sığorta layihəsinə 18 milyon manat ayrıldı

İcbari tibbi sığorta layihəsinə 18 milyon manat ayrıldı

16 Fevral 2018, 18:24

Prezident İlham Əliyev icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Fərmanda qeyd olunur ki, ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, habelə tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək istiqamətində həyata keçirilən işləri davam etdirmək, icbari tibbi sığorta sisteminin davamlılığını təmin etmək və tətbiqini daha da genişləndirmək məqsədilə icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilsin.

 

Fərmanla “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilir.

Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.5.5.10-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 1 560 000,0 manat, 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən 16 760 000,0 manat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək həmin Agentliyin istifadəsinə verilməsi prosesini davam etdirmək və görülmüş işlər barədə bir ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək taprışılıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılır:

- bu fərman qüvvəyə mindiyi gündən Ağdaş rayonunun inzibati ərazisində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar pilot layihənin həyata keçirilməsini təmin etsin, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində həmin pilot layihənin həyata keçirilməsini davam etdirsin;

- “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 2-ci hissəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş qurumların publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması, strukturlarının optimallaşdırılması, fəaliyyətlərinin və idarəetmə prinsiplərinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli fərmanının 6.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“6.1. Pilot layihənin Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə bu Fərman qüvvəyə mindiyi gündən həyata keçirilməsini təmin etsin.”

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub