Modern.az

Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı?

Prezidentliyə namizədliyini irəli sürənlərin sosial-iqtisadi proqramları varmı?

17 Fevral 2018, 10:30

Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, həmin namizədlər namizədliklərinin təsdiq olunması üçün sənədlərini MSK-ya təqdim ediblər. Onlardan 5 nəfərin namizədliyi təsdiq olunub, digərlərinin də sənədlərinə baxılır.

Maraqlıdır, namizədliyini irəli sürən həmin siyasilərin məsələn, sosial-iqtisadi sahə ilə bağlı hansısa bir proqramı varmı?


Milli Məclisin deputatı Zahid Oruc
Modern.az-a deyib ki, siyasi mövqeyindən asılı olmayaraq  hər bir qüvvə yalnız bir bazis üzərindən hərəkət edə bilər:


“Ölkənin həyatında istər vətəndaş olaraq, istərsə də siyasətçi kimi fəaliyyət apararkən hər kəs bu dövr ərzində hökumətin apardığı əsas işləri dəyərləndirmək imkanı əldə edir. Bu gün dövlətin müəyyənləşdirdiyi stratejik kurs təhlil edilir və onun üzərində ölkənin gələcəyi üçün addımlar atıla bilər. İddiamızın ortaya qoyulduğu ilkin dönəmdə hazırlanmış böyük proqramlardan danışmaq olmaz. Prezident İlham Əliyev ötən illər ərzində iqtisadiyyat üçün fundamental bazisi yaradıb. Yəni Qarabağ müharibəsinin gətirdiyi bəlaları ortadan qaldırmaq,  sovetlərin dağılması ilə yeni iqtisadi sistemə keçidi təmin etmək üçün ciddi addımlar atılıb.

Siyasi mövqeyi, ideologiyasından asılı olmayaraq  hər bir qüvvə yalnız bu bazis üzərindən hərəkət edə bilər. Ümumən götürdükdə hazırkı dövrdə vergi dərəcələri optimaldırmı?  Müəyyən sahələri inkişaf etdirmək üçün hansı differensial yanaşmalar tətbiq edək? Kənd təsərrüfatı sferasında əsas aparıcı sahələr olaraq nələri seçməliyik? Yaxud istehsalın artırılması ilə bizim idxalın azaldılması yönündə daha hansı işlər həyata keçirilməlidir? Uzun illərdir bank sektorunda yaranan problemlərin həlli üçün  nələr tələb olunur? Yəni burada istənilən  partiya, hərəkat, beyin mərkəzləri, siyasi institutların ortaya qoya biləcəyi model yalnız  ulu öndər tərəfindən yaradılan və daha sonra illər ərzində inkişaf etdirilən kursun nəhəng daşları üzərində mümkündür. 

Hətta narazı insanlarla ünsiyyət zamanı da görürsən ki, onlar Azərbaycanın gələcəyini Heydər Əliyevin kursundan kənarda görmürlər. Əgər belədirsə, biz məhz  bu əsasda gələcəyə baxmalıyıq, mümkün variantların həri biri təhlil olunmalıdır. Inkişaf özü ilə bərabər yeni problemlər qarşıya qoyur. Bunlar da qaçılmazdır.  Alternativ iqtisadi sahələrin inkişaf etdirilməsi ilə bağlı çox böyük işlər  görülməlidir.  Düşünürəm ki, namizəd kimi qeydə alınan şəxslər bunları bəyan etməyi bacaracaqlar”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, onlar hələ seçkilər başlamazdan öncə öz iqtisadi paketini hazırlamışdı:


“Biz hətta bu paketi sosial şəbəkələrdə paylaşdıq. Yəni demək istəyirəm ki, bu paket zatən bizdə mövcuddur. Ola bilsin, üzərində bəzi xırda dəyişikliklər edilsin. Ancaq ümumən olduğu kimi qalacaq”.


Azərbaycan Xalq Cəbhəsi partiyasından ayrılan qrupun rəhbəri Razi Nurullayev qeyd edib ki, sosial-iqtisadi proqram artıq müəyyənləşib:


“Əsas tezisləri, mərhələləri tam hazır vəziyyətə gətirilib. Bəzi kiçik detalları da həll edəndən sonra hazır olacaq. İndiyə kimi bəzi detalları açıqlamışam. Amma biz proqramı tam hazır olandan sonra açıqlamaq niyyətindəyik. Səbəb də budur ki, sui-istifadə halları olmasın”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev düşünür ki, proqramı açıqlamaq hələ tezdir:

“Bizim sosial –iqtisadi və digər proqramlarımız artıq hazırdır. Daxili siyasət, xarici siyasət, Qarabağla  bağlı proqramları müəyyən etmişik. Sadəcə bunu indi açıqlamaq bir qədər düz deyil. Çünki seçki kampaniyası başlamayıb. Və imza toplama mərhələsindəyik. Lakin sözsüz ki, biz həm ideoloji baxımdan, həm də partiya proqramımıza uyğun olaraq  sosial problemləri qabardacağıq.

Vətəndaşlarımızın bu gün üzləşdiyi problemlərlə bağlı çıxış yollarını bütün müxanizmlərlə prezident seçildiyim halda göstərəcəm. Sosial-iqtisadi və digər proqramlarımızı təbliğat-təşviqat mərhələsində açıqlamağı düşünürük. Lakin bu gündən biz imza toplama kampaniyasına start verəcəyik”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sosial-iqtisadi proqramın artıq hazır olduğunu deyib:

Bizim artıq bütün sahələr üzrə proqramlarımız hazırdır. Sosial-iqtisadi sahənin də inkişafı ilə əlaqədar çox ciddi konsepsiyalarımız var. Bəziləri kimi kağız üzərində deyil, reallığı əks etdirən fikirlərimiz mövcuddur. Azərbaycan iqtisadiyyatını  daha da yaxşı inkişaf etdirməkdən ötrü  müasir və çevik hökumət lazımdır. Bir-birini təkrar edən, hər gün yeni agentlik açmaqdan söhbət getmir. Müasir tələbatlara cavab verən, dünya standartlarına uyğun olan qurumlar yaratmaq lazımdır  ki, məsələlər həll edilsin.  

Düşünürük ki, çox ciddi kadrlardan ibarət beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan  iqtisadiyyatını bir il müddətində qabaqcıl dövlətlərin səviyyəsinə çatdırmaq  mümkündür. İstər  ağır metallurgiya, istər nəqliyyat, istər kənd təsərrüfatı və digər sahələrdə. Məsələn, bu gün bizim aluminium zavodlarımızın əksəriyyəti işləmir və əvəzində xaricdən aluminium alırıq.  Yaxud Azərbaycanda  balıqçılıq sahəsindən 30 faiz gəlir götürmək mümkündür. Heyvandarlıq, əkinçilik də eynilə bu istiqamətə aiddir. Qeyd etdiyim kimi, bütün bunlar reallıq üzərində qurulmalıdır. Bu sahələri inkişaf etdirmək üçün xüsusi konsepsiyalarımız var.  Əgər mən prezident seçilərəmsə, bunlara nail ola və xalqımızı çətinliklərdən qurtara bilərik”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı namizədliyinin irəli sürülməsi ilə bağlı tərəddüdlərin olduğunu desə də, sosial-iqtisadi sahə ilə bağlı düşüncələrindən  söz açıb:

Ümumiyyətlə prezidentliyə namizədliyimin irəli sürülməsi ictimai rezonans doğurdu. Sosial şəbəkələrdə ciddi müzakirələr oldu. Təşkilatın daxilində də birmənalı fikir yoxdur. Bu səbəbdən namizədliklə bağlı məsələ şənbə günü Ali Məclisdə müzakirə ediləcək. Görünür, hələ qəti bir qərara gələ bilmirəm. Gözləmədiyim əks mövqelər  gördüm.

Amma sosial-iqtisadi sahə ilə bağlı mənim də fikirlərim var. Prezident seçildik, seçilmədik ya da namizəd olduq, olmadıq fərqi yoxdur. Hazırda gündəmə gəlməyən çox ciddi iqtisadi problemlər var.  Monopoliya Azərbaycan iqtisadiyyatnı məhv edir. Əgər bu, aradan qalxarsa, təkcə iqtisadiyyatda deyil, bütün sahələrdə ciddi inkişaf əldə edə bilərik.  Daha sonra yeni iş yerləri açılsa da, onlar görünmür.

Reallıq ondan ibarətdir ki, ölkədə inkişaf yox dərəcəsindədir. Müəyyən abadlıq işləri görülür, infrastrukturlar yaradılır. Amma buna baxmayaraq kənd təsərrüfatı və digər sahələrdə inkişaf  həddindən artıq aşağıdır. İqtisadiyyatın  irəliləməsi üçün ən vacib məsələ xarici investorları cəlb etməkdir. Azərbaycan da xarici investorlar üçün cəlbedici bölgədir. Lakin burada müəyyən əngəllərin olduğunu müşahidə edirik.  Yəni bu istiqamətdə kifayət qədər fikirlərimiz, təkliflərimiz var. Namizədliyim olmasa da, vaxtaşırı bu kimi məsələləri gündəmə gətirəcəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?