Modern.az

Slavyan - türk mədəniyyətinin qovuşduğu ölkə

Slavyan - türk mədəniyyətinin qovuşduğu ölkə

21 İyul 2011, 18:11

Əməkdar jurnalist


Və yaxud Ukraynanın hər daşının altında qıpçaq-türk izinə rast gəlmək mümkündür


Qloballaşan dünyada informasiyanın dəyəri get-gedə artmaqdadır. Kütləvi informasiya vasitələri də informasiya daşıyıcıları və ötürücüləri olduqları üçün son dövrlərdə istər dövlətlərin beynəlxalq münasibətlərdəki yerinin və rolunun müəyyənləşməsində, istərsə də onların bu və ya digər şəkildə təsir güclərinin artırılmasında müstəsna rola malikdir. XXI əsr hər nə qədər qlobal informasiya əsridirsə, bir o qədər də informasiya imperiyaları əsridir. Yeni əsrdə dünyada istər iqtisadi, istər siyasi, istər mədəni, istərsə də humanitar sahədə öz maraqlarını qəbul etdirmək istəyən hər bir güclü ölkə mütləq öz dövlət siyasətində bu faktoru nəzərə almalı və buradan çıxış edərək dünyaya açılmağı bacarmalıdır.

Qərbi Avropa və Avratlantik ölkələri XX əsrin sonundan başlayaraq informasiya sahəsində və informasiyanın verdiyi imkanlardan lazımi şəkildə istifadə etməyi, həmçinin, bu imkanlardan öz dövlət və milli maraqlarının təmin edilməsi üçün istifadə etməyi bacardılar. Bu prosesdə dünya idarəçiliyində hegemonluğa iddia edən bəzi dövlətlər bir qədər geridə qaldılar. Ona görə də, hazırda təkqütblü dünyamızda yeni qütblərin formalaşması, həmçinin, dünya siyasətində bir tarazlaşdırmanın baş verməsi üçün ayrı-ayrı güclər zaman-zaman meydana çıxmaqda və dünya siyasətinə yeni bir nizam və harmoniya gətirmək iddiasındadırlar. Məhz bu müstəviyə qədəm qoyan hər bir ciddi dövlət dərhal anlayır ki, əgər informasiya sahəsində nailiyyətlər əldə edə bilməzsə, informasiya silahından, mətbuat silahından doğru istifadə etməyi bacarmazsa, əlbəttə ki, bu məqsədə çatmaq olduqca çətin olacaq. Ona görə də, şimal qonşumuz Rusiya Federasiyası son dövrlərdə istər rusdilli mətbuat, istərsə də bütövlükdə transmilli media şirkətləri vasitəsilə yeni dünyada, yeni beynəlxalq münasibətlər sistemində öz sözünü deməyə və öz gücünü ortaya qoymağa meyilli olan ölkələrdən biridir. Görünür, elə bu məqsədlə də 14-17 iyul tarixlərində Ukraynanın Kiyev şəhərində Ümumdünya Rus Mətbuatının 13-cü Konqresi təşkil olunmuşdu.

Bu Konqres artıq ənənə halını alıb və 13 ildir ki, hər dəfə dünyanın ayrı bir ölkəsində gerçəkləşdirilir. Budəfəki Konqresə Azərbaycandan da mötəbər bir nümayəndə heyəti dəvət olunmuşdu. Həmin nümayəndə heyətinin tərkibində biz iyunun 14-də Kiyev şəhərinə getdik. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Nəzərə alsaq ki, tədbirdə Ukrayna prezidentinin iştirakı da gözlənilirdi, bu, tədbirin əhval-ruhiyyəsini daha da rəsmiləşdirir, məsuliyyətli edirdi.

Türklərlə slavyanların ortaq şəhəri

Hoteldə qeydiyyatdan keçib, yerləşdikdən sonra şəhəri gəzməyə qərara aldıq. Kiyev Dnepr çayının sahilində, yaşıllıqlarla əhatə olunmuş, geniş küçələri və prospektləri olan, çox da uca olmayan binalara malik gözəl bir şəhərdir. Ancaq əlbəttə ki, sadəcə bu quru rəsmi təsvirlə Kiyev haqqında danışmağı yekunlaşdırmaq olmaz. Kiyev haqqında danışarkən, ilk növbədə, ağlımıza gələn bu şəhərin adı və onun istər rus dövlətçiliyi, istərsə də Ukrayna dövlətçiliyi tarixində olan roludur. Məsələyə bu aspektdən yanaşanda qarşımıza çıxan ilkin sual belə olur: Kiyev təkcə rus və Ukrayna dövlətçiliyinin tarixində böyük rol oynamış bir şəhərdir, yoxsa bunun başqa kökləri də varmı?

Beləliklə, yuxarıda verdiyimiz suallara müxtəlif elmi və tarixi mənbələrə əsaslanaraq cavab verməyə çalışaq. Əslində, rus dövlətçiliyinin formalaşdığı ərazi kimi təqdim olunan Kiyev şəhərinin alt qatlarında daha qədim tarix var. Kiyev təkcə slavyan etnosunun, slavyan dövlətçiliyinin formalaşması üçün beşik olmayıb. Kiyev, eyni zamanda, poloves-qıpçaq dövlətçiliyinin mənəvi, mədəni mərkəzi olub. Çox təəssüf ki, Kiyevin alt qatlarında bizə, türk qövmlərinə aid olan həqiqətlər bir növ tarixin qalın-qalın səhifələri altında itib-batıb. Amma əlbəttə ki, bunun hamısı itib-batmayıb və bəzi məsələlər var ki, onları bu gün Kiyevdə tarixçilər çox ciddi şəkildə qəbul edirlər. Maraq doğuran məsələlərdən biri də odur ki, hətta əhali arasında da Kiyevin əsl tarixini bilmək, öyrənmək istəyən yeni nəsil formalaşır. Onlar Kiyevi heç də təkcə rus-slavyan mədəniyyətinin beşiyi deyil, eyni zamanda, böyük Turan mədəniyyətinin beşiklərindən biri kimi qəbul edirlər.

Qeyd etmək vacibdir ki, hər nə qədər tarix çox şeyləri unutdurubsa, amma bütün bu unutqanlığın içərisində Kiyev şəhərinin adı bir inci kimi parıldayır. Bu şəhərin kimə aid olduğunu təsdiqedircəsinə mayak kimi işıq saçır. Buna görə də, tədbirə dəvət olunmuş həmkarlarımızla söhbət edərkən nə onlar, nə də yerli ukraynalıların heç biri Kiyev sözünün etimologiyasını izah edə bilmədilər. Dedilər ki, bu Kiy adlı bir rusun soyadı ilə bağlıdır. Mən isə bu zaman həmkarlarıma rus adlı tayfanın slavyan deyil, norveç əsilli avarçəkənlər olduğunu, həmçinin, rus sözünün də norveç dilində elə yelkən, yaxud da avar mənasını verdiyini izah edəndə, sözün doğrusu onların böyük bir qismi təəccübləndilər.

Mən onlara izah etdim ki, rus sözü sizin parus sözündəki həmin rus kökünün elə özüdür (hind-Avropa dillərində türk dillərindən fərqli olaraq şəkilçi sözün kökünün önünə alınır. Bu isə kökün asanlıqla deformasiya olunmasına gətirib çıxarır. Türk dillərində isə şəkilçi kökün sonuna əlavə edilir. Kök toxunulmaz qaldığı üçün biz arxaik dilimizi başa düşməkdə çox da çətinlik çəkmirik. Dil tarixi baxımından bu bizim üstünlüyümüzdür) və norveçlilərin dilində rus sözü avarçəkən deməkdir. Kiyev şəhərini isə norveçlilər bir müddət qıpçaqların əlindən alaraq işğal ediblər. Kiyevskiy Rus da siyasi terminologia kimi elə həmin vaxtlar formalaşıb. Bunun müasir ruslar və onların slavyan əcdadları ilə heç bir əlaqəsi yoxdur. O zaman indiki rusların əcdadları Novqoroddan yuxarıda şimal meşəliklərində yaşayırdılar. Sonrakı dövrlərdə isə rus (avarçəkən) norveçlilər Kiyev Rus-unda get-gedə azlığa çevrilməyə başladılar. Kiyevə axın edən slavyanlar isə norveçli rusların (avarçəkənlərin) adını qəbul etdilər. Beləliklə, tarixdə yeni xalq-rus xalqı formalaşmağa başladı. Buk xalqın adı Norveç dilindən götürülmüş olmaqla milli-etnik tərkibi poloves (qıpçaq), slavyan, kuman-tatar, bulqar, xəzər və bir sıra kiçik Skandinaviya xalqlarından ibarət idi. Getdikcə slavyan etnosunun sayı artaraq onları Kiyev Rus-unda dominanta çevirdi. Lakin bu çox sürmədi. Onlar Kiyev Rus-undan qovularaq Moskva, Ryazan və s. kimi şəhərlərə köç etdilər. Ancaq slavyan təsiri Kiyevdə həmişəlik qaldı.    

 Bu qüvvətləndirici fikrimdən sonra onların beynində tərəddüd əmələ gəlməyə başladı və çox sevindim ki, obyektiv tarixlə bağlı həmkarlarımın beyninə bir sual işarəsi qoymağı bacardım. Çox güman ki, bunlar artıq Kiyev şəhərindən, həmçinin, Ukraynadan danışarkən təkcə onun rus-slavyan mədəniyyətinə beşiklik etməsi barədə deyil, eyni zamanda, poloves-qıpçaq mədəniyyətinə də beşiklik etdiyinə dair tarixi materialları tapıb öyrənəcəklər. Ortaya çıxan həqiqətlər isə slavyan etnosu ilə türk etnosu arasında keyfiyyətcə yeni, daha mehriban münasibətlərin formalaşmasına gətirib çıxaracaq.

Kıyıdakı ev-Kiyev

Bu məqamda həmkarlarımdan birinin çox maraqlı "Yaxşı, Kiyev sözünü biz Kiy adlı şəxsin adı ilə izah etdik, bəs sizin versiyanız nədir" sualı ilə qarşılaşdım. Həmin suala cavab olaraq dedim ki, Kiyev kıyıdakı (sahildəki) ev (Dneprin sahilində) deməkdir. Biz bilirik ki, türklər sahilə, ucqara kıyı deyirlər. Onu da əlavə etdim ki, kıyı sözü Azərbaycan dilində bir qədər arxaikləşibdir. Yəni, biz gözün qapağının bitdiyi və kirpiyin gözə qovuşduğu yerə gözün qıyısı deyirik. Bu qıyı sözü yəni ucqar, son, son sahil deməkdir. Anadolu türkləri isə elə bu gün də sahilə "kıyı" deyirlər.

Dilimizdə hələ bu şəkildə işlənsə də, amma biz kıyını hazırda ucqar nöqtə, sahil kimi işlətmirik. Türkiyədə isə bu gün də kıyı sözünü o mənada işlədirlər. Böyük dəşti - qıpçağın son sərhəddində tikilmiş ev, yaxud qıpçaq dilində desək iv, yaxud qazaxca üy, yaxud Azərbaycanın bəzi regionlarında öy sözü hamısı məskən mənasını bildirir və bu qıpçaqların dəşti-qıpçaq çölünün hüdudlarında yerləşən evidir, məskənidir.  Sizin ad, yaxud soyad kimi qəbul etdiyiniz Kiy sözü də Kıyı sözünün özüdür. Sadəcə, slavyan dillərində bu sözün mənası başa düşülmədiyinə görə onu ad kimi yozmağa çalışırsınız. 

Yenə həmkarlarım təəccüblənən zaman mən dedim ki, yaxşı əgər çox təəccüblənirsinizsə, onda gəlin bu Kiyev sözünü ruscaya tərcümə edək, görək nə alınacaq. Nədən sizin ölkənizin adı Ukraynadır? Nədən XVI, XVII, XVIII əsrlərə qədər Rusiya Ukrayna haqqında danışarkən Malorusiya deyirdi, sonradan birdən-birə Ukrayna oldu. Bu necə formalaşdı? Bu suala cavab olaraq izah etdim ki, kıyı ev sözünü rus dilinə tərcümə etdiniz Ukrayna alındı. Daha doğrusu, Kiyev sözünü, kıyı-ev ev sözünü ruscaya tərcümə edəndə Okraina, yəni, ucqar yer, yaxud ucqar yaşayış məntəqəsi, ev mənasını verir. Hətta mən dedim ki, slavyanların və türklərin ortaq əcdadı olan qıpçaqlardan (poloveslər) biri ana dilində, yəni, türkcə olan Kiyev adını sadəcə rus dilinə tərcümə edib və Okraina sözünü alıb.

Bundan başqa, istərdim ki, Malorusiyanın, yəni, Ukraynanın Velikorusiya, yəni, Rusiya tərəfindən işğalı ilə bağlı bəzi fikirlərimi və tarixi faktları da diqqətinizə çatdırım. Son orta əsrlərdə ruslar Ukraynaya Malorusiya deyirdilər. Hələlik müdrik qıpçaq tərəfindən Kiyev sözü Okraina kimi tərcümə edilib ölkənin adı statusunu qazanmışdı. XVI əsrin ikinci yarısında, daha doğrusu, 1654-cü idə Malorusiya işğal edildi. Həmin dövrdə rus çariçası II Yekaterina Ukraynanın Rusiyaya birləşdirilməsi ilə bağlı xüsusi sərəncam imzaladı. Sərəncamda deyilirdi: "Çevik üsullarla nail olmaq gərəkdir ki, onlar ruslaşsınlar (?!), canavar meşəyə baxan kimi öz keçmişlərinə baxmaqdan əl çəksinlər!".

Sərəncamdan görünür ki, ukraynalıların totemi qurddur. Bütün türklərin totemi kimi, elə II Yekaterina da onların türk kökünə işarə edərək bu bənzətməni aparır. O istəmir ki, ukraynalılar öz keçmişini xatırlasınlar. Belə olsa asimilyasiya cəhdləri baş tutmayacaq. Ona görə də, keçmişlərini unutdurmaq lazımdır. Ancaq ukraynalılar heç də asanlıqla keçmişlərini unutmadılar. Bu gün də unutmayanlar var. Ona görə də, II Yekaterinanın sərəncamındakı bu fikri sonradan Rusiyada zərb-məsələ çevrildi: "Skolko volka ne kormi vse ravno budut v les smotret (Qurdu nə qədər bəsləsən də yenə meşəyə baxacaq)".

Bundan sonra isə 1876-cı ilin 30 may tarixində çar II Aleksandr başqa bir fərman imzaladı. Həmin tarixdə imzalanan qanunla Ukrayna dili (oxu qıpçaq dili) ictimai yerdə işlənməməli, həmin dildə kitab çap edilməməli idi. Bundan sonra Ukraynada qıpçaq dili artıq yalnız məişətdə işlədilə bildi. Sonra isə yavaş-yavaş unuduldu. Halbuki, 1620-ci ildə Vasili Buturlinin başçılığı ilə Ukraynaya göndərilən rus səfirliyinin tərkibində iki tərcüməçi var idi. Tatar Bilal Baysa və xristian-qıpçaq Stepan Konçinsk. Cəmi 200 il sonra isə II Aleksandrın fərmanı sayəsində artıq ruslarla ukraynalılar tərcüməçisiz danışdılar. Qıpçaq dili isə sadəcə, dini mərasimlərin icrası zamanı istifadə edilirdi. 1917-ci ildə baş verən Böyük Oktyabr inqilabından sonra isə dinin və savadsızlığın ləğvi adı altında bu dil kilsələrdən və məişətdən də tamamilə yığışdırıldı. Nəticədə "slavyan əsilli" yeni ukrayna xalqı yaradıldı!

Hələ II Yekaterina o zaman "Malorusiya" adlandırdıqları qıpçaq ellərini işğal altında saxlayan baş komandan Pyotr Rumyantsevə təlimatında yazırdı: "Rus xalqı "maloruslara" gözə çarpmayan, xəlvəti nifrət bəsləməyə vərdiş edib".

Bu hələ də davam etməkdədir. XIX əsrdə alman səyyahı İohan Kol bu qarşılıqlı nifrəti belə ifadə etmişdir: "Malorusiya xalqının Velikorusiyaya qarşı ikrahı o dərəcədə böyükdür ki, bunu milli nifrət kimi səciyyələndirmək tam ədalətli olardı".

Böyük səyyah milli-etnik fərqliliyi tamamilə doğru təsbit edərək, onu dəqiq ifadə etmişdi. Deyilən fikir ruslar və ukraynalıların tamamilə fərqli milli-etnik kökdən gəldiklərini sübut edən bir sosial-psixoloji mənzərə idi (H.B). Ancaq bu məsələ uzun illər boyu lap elə "Qolodomor"a qədər uzansa da, (bəzi ukraynalılar hesab edirlər ki, II Dünya müharibəsində Ukraynada aclıqdan və soyuqdan çoxlu sayda ukraynalının vəfat etməsi təsadüfi hadisə deyil, rusların düşünülmüş siyasəti idi) bu gün Rusiya və Ukrayna iki qardaş ölkə kimi çox mehriban münasibətlər qura biliblər. Əslində, bunlar tarixi keçmişlərdir. Hazırda Ukrayna slavyan ailəsinin ən aparıcı üzvlərindən biridir. Lakin eyni zamanda, Ukraynanın bizimlə də çox sıx tarixi əlaqələri və ortaq keçmişi vardır. Çünki Ukrayna xalqının etnogenezinin formalaşmasında iştirak edən türk tayfaları, hunlar, xəzərlər, qıpçaqlar, tatarlar, bulqarlar və s. Azərbaycan xalqının da etnogenezinin formalaşmasında kifayət qədər ciddi pay sahibi olublar.

Buna görə də, Ukrayna və Rusiya xalqlarını biz özümüzə doğma hesab edirik. Hətta Knyaz Trubetskoy slavyanlar və türkləri eyni psixoloji tipə aid edirdi.               

Çox istərdim ki, məhz həmin məqamda həmkarlarımın üzündəki o təəccübü dəyərli oxucularımız da görə biləydilər. Əlbəttə ki, bu cür maraqlı söhbətlərlə biz "Şato" kafesində önümüzdə olan Kiyev-Ukrayna borşunu yeyirdik. (Yeri gəlmişkən, elə "Şato" sözünün özü də türkcədir. Akademik V.V.Bartold yazır ki, qədim çinlilər çöldən axın edən türklərə Şa-to deyirdilər. Bu sözün türkcədə anlamı isə çöldə tikilmiş müvəqqəti evin sakinləri mənasını verir. Elə indi də ruslar və ukraynalılar xüsusi üsulla tikilmiş çadır evciklərə "Şato" deyirlər.) Ukraynalılar borşla yemək üçün bambuşka deyilən xüsusi çörək növü hazırlayırlar və onu bir qədər qurudub borşun içərisinə doğrayaraq yeyirlər. Bu çox ləzzətli olur.

Hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz

Beləliklə, mən slavyan və türk tarixi, ortaq təmaslarımız haqqında çoxlu sayda misallar gətirdim. Knyaz Trubetskoyun məşhur bir fikrini, həmkarlarıma xatırlatdım. Knyaz Trubetskoy demişdi ki, hər bir rusun dərisini qaşısanız altından tatar qanı axdığını görəcəksiniz. Bu fikir əlbəttə ki, mətbuat nümayəndələrinə Vladimir Putin prezident olarkən Almaniyaya səfəri zamanı səsləndirdiyi fikirdən tanış idi. Ancaq onun müəllifinin kim olduğunu bilmirdilər. Mən nəcabətli knyazı bir növ onlara təqdim etdim, tanıtdım. Onu da bildirmək yerinə düşər ki, Knyaz Trubetskoy Rusiyada o qədər də tanınan ziyalı deyil. Çünki sovet dövründə o inqilabçılar tərəfindən xaricə sürgün olunmuş, əsərləri də qadağan olunmuşdu. Amma son dövrlərdə fikir antologiyası tarixi seriyasında yenidən Rusiyada Knyaz Trubetskoyun əsərləri çap olunmaqdadır.

Mən, eyni zamanda, onun başqa bir fikrini də xatırlatdım. Knyaz Trubetskoy deyirdi ki, biz ruslar hər nə qədər slavyan əcdadlarımızla fəxr ediriksə, bir o qədər də turanlı əcdadlarımızla fəxr etməliyik. Mənim dediyim bu fikirlər Konqresə gəlmiş həmkarlarımda xoş ovqat yaradır və dialoqumuzu daha da səmimi edirdi. Knyaz  Trubetskoyun aşağıdakı fikirləri isə həmkarlarımı hər nə qədər məmnun etməsə də, bir o qədər onlarda maraq doğurdu: "Ruslara mərkəzləşmiş dövləti rus-slavyanlar deyil, türk-tatarlar verib. Ruslar mərkəzləşmiş dövlət yaratdıqlarına görə özlərini türk-tatarlara borclu hesab etməlidirlər. 300 illik monqol-tatar əsarəti ruslara mərkəzləşmiş dövlət verib. 100 illik roma-german təsiri isə ruslara 1917-ci ildə dəhşətli qırğınlarla müşahidə olunan inqilab gətirdi. Hər iki şəhadəti müqayisə etsək görəcəyik ki, biz tariximiz, dövlətçiliyimiz üçün daha çox türk-tatarlara borcluyuq". (K.T.)

Rus dilinin və mədəniyyətinin təbliği istiqamətində mühüm addım

Beləliklə, ilkin tanışlıqdan və bu cür dialoqdan sonra Konqres iştirakçıları arasında çox mehriban ünsiyyət yarandı. Məhz bu əhval-ruhiyyə ilə bir gün sonra Konqresin işinə qatıldıq. Onu da deyim ki, Konqresin ruhu da dünyada olan rusdilli mətbuatın, rus dilində nəşr olunan qəzet və jurnalların təmsilçilərinin bir araya gətirilməsindən və bir növ onların yaşadıqları ölkələrdə rus dilini təbliğ etmək, rus mədəniyyətinə bir rəğbət yaratmaqdan ibarət idi.

Konqresdə iştirak edən Ukrayna prezidenti Viktor Yanukoviç çıxışında bu cür tədbirlərin keçirilməsinin dövlətlər, xalqlar arasında münasibətlərin inkişafına, konkret halda isə Rusiya ilə digər ölkələr arasında münasibətlərin istiləşməyə gətirib çıxaracağını bildirdi. Yanukoviçin sözlərinə görə, Ukraynada son dövrlərdə ciddi şəkildə islahatlar aparılır. 2010-cu ildə yeddi istiqamətdə bu cür islahatlar aparılıb. 2011-ci ildə isə 14 istiqamətdə islahatlar aparılacaq. Yanukoviç xüsusi olaraq vurğuladı ki, onun prezidentliyinə qədər Rusiya-Ukrayna münasibətlərində müəyyən soyuqluq olub və bu soyuqluğu aradan qaldırmaq üçün var gücü ilə çalışır.

Onun çıxışından sonra Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Sergey Narışkin çıxış etdi. Öz çıxışında çox maraqlı məsələlərə toxundu və qeyd etdi ki, rus dilində danışan, beynində rusca düşünən və özünü rusca ifadə etməyi bacaran hər bir şəxs rusdur, rus mədəniyyətinin daşıyıcısıdır. Əlbəttə ki, Sergey Narışkinin bu cəsarətli, amma eyni zamanda, məntiqi və sosial-psixoloji əsası olan fikri ilə mübahisə etməyə dəyməz. Çünki bu doğrudan da, belədir.

Yuxarıda qeyd etdiyimiz kimi, Konqresin məqsədi ayrı-ayrı ölkələrdə rusdilli mətbuatı inkişaf etdirmək, rus diasporasını təşkilatlandırmaqdan ibarət idi. Çünki diaspora da məhz o mətbuat ətrafında təşkilatlanır və Rusiyanın, rus mədəniyyətinin, rus dövlətinin maraqlarını təmin edir. Buna görə də, tədbirə 61 ölkədən 250-dən çox nümayəndə dəvət olunmuşdu. Ancaq çox maraqlı bir nüans vardı. 61 ölkədən gələn 250-dən çox nümayəndənin üçdə ikisindən çoxu qeyri-ruslar idi. Bunların bir qismi yəhudi əsilli rusdillilər, qalan böyük bir qismi isə Rusiyanın və Orta Asiyanın müxtəlif ərazilərindən olan türk kökənli rusdillilər idi. Bu məndə qəribə bir assosiasiya yaratdı. Bir daha bu faktın özü təsdiq etdi ki, Sergey Narışkin nə qədər haqlıdır.

Ona görə də, hesab edirəm ki, rus dövlətçiliyi əldə etdiyi bütün tarixi nailiyyətlərinə görə, nəcabətli knyazın qeyd etdiyi kimi təkcə slavyan etnosuna minnətdar olmamalı, eyni zamanda, rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatını sevən insanlara da borclu olmalıdır və onların qiymətini layiqincə verməlidir. Çox sevindirici haldır ki, son dövrlərdə Rusiya Federasiyasının prezidenti və rus dövləti bunu başa düşərək bu istiqamətdə ciddi addımlar atır.

Naharı SSRİ-də etdik

Tədbirimiz çox maraqlı təşkil olunmuşdu və növbəti gün biz Odessaya yola düşdük. Odessa ilə Kiyevin arası təqribən 500 km-dir. 250-ci kilometrdə "SSRİ Salo" adlanan gözəl bir restoranda nahar təşkil olunmuşdu. Və çox qəribədir ki, bu restoranda nahar edən zaman bu adın da kölgəsi altında hər kəs sanki özünü eyni ölkənin vətəndaşı hesab edirdi. Elə bil ki, SSRİ hələ də mövcud idi. Nahar zamanı ayrı-ayrı xalqların dilindən şən, rusdilli nitqlər söylənilir, dostluq, qardaşlıq, birlik şərəfinə sağlıqlar deyilirdi.

Məhz bu cür şən əhval-ruhiyyə ilə də biz Odessa şəhərinə çatdıq. Odessa Qara dənizin sahilində 1 milyondan bir qədər çox əhalisi olan liman şəhəridir. Bu şəhərin çox da qədim tarixi yoxdur.

Sözün doğrusu, şəhərə girər-girməz mən Odessanın tarixi, yazıları və memarlıq üslubu ilə maraqlanmağa başladım. Nəzərdə tutulmuş ekskursiyada bələdçimiz İrina Kremlyova bizə Odessanın tarixi haqqında müəyyən məlumatlar verdi. Bələdçinin verdiyi məlumata görə, Odessanın əsasını qoyan Deribasskaya soyadlı bir ispaniyalı hərbçi olub. Amma sözün doğrusu, bu izah məni qane etmədi və bələdçi ilə bu barədə daha ətraflı danışmağı qərara aldım.

Oessada da türk izi və ya Deribas kim olub?

Məlum oldu ki, bələdçimiz Odessa Hüquq Akademiyasının dosenti və tarix elmləri namizədidir. Mən soruşdum ki, bəs deribas (dəribas) nə deməkdir və ispan dilində belə söz varmı? Xanım cavab verdi ki, bu sözün izahı yoxdur. Sadəcə olaraq bir soyaddır. O zaman "əgər mən bu sözün mənasını bizim dilimizdə izah etsəm necə olar" sualıma o, "çox yaxşı olar" cavabını verdi.

Dedim ki, dəri bizim dilimizdən tərcümədə "koja" deməkdir, bas isə o dərini emal edən deməkdir. Yəni, dəribas bir peşədir, dəri emal edəndir. Sizin ispan kimi bildiyiniz o şəxs bəlkə türk əsillidir. Bəlkə xristian qıpçaqlardandır. Sözün bizim dilimizdə bu şəkildə, dəqiq izah olunması xanımın xoşuna gəldi. Amma eyni zamanda, sadəcə daxili eqoizmi bunu qəbul etməyə imkan vermirdi. Yenə təkrar etdi ki, o ispaniyalı bir hərbçi olub. Ancaq başqa bir versiya da var ki, o yəhudi imiş. Mənsə təkrar etdim ki, 1415-ci ilədək Odessa tatarlara və xristian qıpçaqlara məxsus yaşayış məskəni olub. Hətta sizin indi Hacıbəy limanı dediyiniz yerin əvvəlki adı Koçubəy limanı olub. Sonradan Osmanlı türkləri buranı 1764-cü ildə işğal etdikdən sonra Koçubəy limanının adını islamlaşdıraraq onu Hacıbəy edirlər. Sonralar isə bura yenidən ruslar tərəfindən işğal edilsə də, Hacıbəy limanı əvvəlki adını yenə də saxlamaqdadır. Deribasskayanın yəhudi olmağına gəlincə isə ola bilər ki, bu şəxs iudizmi (musəviliyi) qəbul etmiş Xəzər türklərindən olsun. Çünki Xəzər xaqanlığının rəsmi dövlət dini iudizm idi. Xəzərlər ərəblərə məğlub olduqdan sonra xaqanlıq çökdü. Xəzər türkləri isə Avropaya səpələndilər. Avropada isə onlar milli-etnik kimlikləri ilə deyil, dini kimlikləri ilə tanındılar. Yəni, hazırda Avropa yəhudiləri kimi tanınan yəhudilərin böyük bir hissəsi musəvi-xəzər türkləridir. Bu izahatıma İrina Kremlyova xeyli maraqla qulaq asdı. Hətta bəzən təsdiqedici hərəkətlər də etdi. Ancaq sonda yenə də ötkəm şəkildə öz fikrini bir daha təkrar edərək bildirdi ki, bizdə elmi dairələrdə ümumiləşmiş fikir belədir ki, Deribasskaya ispandır.

O da bəlli oldu ki, Odessa 1740-cı illərdə Çariça Yekaterinanın vaxtında liman şəhəri kimi formalaşmağa başlayıb. Dəribas soyadlı həmin şəxs orda kiçik bir balıqçı qəsəbəsi qurur və yaşamağa başlayır. Bir müddət sonra Türkiyədən və digər ölkələrdən ora kiçik gəmilərlə gəlib-getməyə başlayırlar. Liman üçün çox uyğun bir yer olduğuna görə orada şəhər formalaşmağa başlayır. Yekaterina öldükdən sonra onun yerinə gələn oğlu Pavel anasına nifrət etdiyi üçün onun gördüyü bütün işləri dayandırır. Ona görə də, Odessa şəhərinin tikilməsi ilə bağlı çar Rusiyasından verilən subsidiyanı dayandırır. Beləliklə, şəhərin tikintisi yarımçıq qalır. Məhz bu zaman Dəribasın daha bir zirək keyfiyyəti ortaya çıxır. Belə ki, o Türkiyə və Yunanıstandan bir gəmi portağal gətirir və onu at arabalarına yükləyərək Sankt-Peterburqa çar Pavelə hədiyyə göndərir. Deyir ki, əgər siz burda şəhərin salınması ilə bağlı maliyyə yardımını dayandırmasanız ən qısa zamanda burda bir gözəl şəhər salacağıq və bu, Rusiya dövlətinin cənub pəncərəsi olacaq. Qara dəniz sahilində Rusiyaya hökmən belə bir liman şəhəri lazımdır. Aldığı hədiyyələrdən və bu məntiqi izahdan sonra Pavel də Odessa şəhərinin tikilməsi üçün büdcədən pul ayırır. Ona görə də, odessalılar bu günə qədər zarafatla deyirlər ki, bu şəhərin əsası rüşvətlə qoyulduğu üçün orada rüşvət alıb-vermək həmişə olub və olacaqdır.

Amma Dəribasın həvəsi bununla da tamamlanmır. Belə ki, o Odessada ilk dəfə ağac əkən şəxs olub. Çünki Odessada su olmadığına görə, yaşıllıq da olmayıb. Ona görə də, bu gün də Dnepr çayından xüsusi kəmərlər vasitəsilə Odessaya içməli su gətirilir.

Dəribas ömrünün axırlarında etiraf edirmiş ki, məni Odessa üçün nəsə etmək ehtirası öldürəcək. Xarakterindəki bütün bu çılğın keyfiyyətləri və mentalitet göstəricilərini təhlil etməklə mən özümdə bir daha əmin oldum ki, Dəribas türk olub. Qoy xanım bələdçimiz nə cür qəbul edirsə etsin…

Bələdçinin sonrakı etirafı

Yeri gəlmişkən, Bakıya qayıtdıqdan sonra bələdçimiz İrina Kremlyovadan məktub aldım. Hər nə qədər Odessada mənim fikirlərimlə razılaşmasa da, sonradan görünür onların məntiqini qəbul etmək məcburiyyətində qalmışdı: "Sizin dilinizdən çoxlu yeni şeyləri öyrənmək və dərk etmək mənim üçün çox xoş idi (Mne bılo oçen priyatno i poznavatelno uznat mnoqo novoqo iz Vaşix ust )".

Bu İrina xanımın səmimi etirafı idi…!

Odessa hamının şəhəridir

Ümumiyyətlə, Odessada bu gün 131 xalqın nümayəndəsi  yaşayır. Bu isə orada insanların bir-birinə mehriban davranmasına və bir-birinə qarşı dözümlü olmasına çox ciddi təsir göstərib. Ona görə də, Odessada heç kəs özünü yad hiss etmir. Bir sözlə, Odessa hamının şəhəridir.

Odessa hələ keçmiş SSRİ zamanından bəri ən varlı şəhərlərdən biri olub. Çünki uzaq ölkələrdən daşınan yüklərin böyük əksəriyyəti Odessa limanı vasitəsilə mənzil başına çatdırılıb. Odessada ən böyük liman Hacıbəy limanıdır. Zaman-zaman bu şəhər Osmanlı türklərinin nəzarətində olub. O dövrdə 1853-1856-cı illərdə olan rus-türk müharibəsi zamanı da Türkiyədən Odessaya ticarət gəmiləri gəlməkdə davam edib. Yəni, o qədər sərbəst bir ticarət zonasıdır ki, hətta müharibə belə o ticarətin qarşısını ala bilməyib.

Odessanın adı barədə maraqlandıqda öyrəndik ki, antik dövrdə Qara dəniz sahillərində Odessius adlı bir şəhər olub. Və Dəribas bu limanın əsasını qoyandan sonra Yekaterinaya məktub göndərir ki, biz qədim Odessius şəhərinin yerində şəhər salmışıq. Əgər istəyirsinizsə, bu şəhərin adını Odessius qoyaq. Ancaq əlbəttə ki, Dəribas səhv edirdi. Çünki antik  Odessius şəhəri Qara dənizin şimal sahillərində deyil, qərb sahilləiində yerləşirdi. Amma hər halda belə çıxır ki, Dəribasın dənizdə batmış şəhər haqqında məlumatı olub. Çox maraqlıdır ki, Yekaterina qadın olduğu üçün Odessius sözünü kişi cinsində qəbul etmir. Onu qadın cinsinə çevirərək Odessiya edir və şəhərin adının da Odessa olması barədə xüsusi göstəriş verir.. 

Arkadiya bulvarı

Odessada mütləq baş çəkilməli olan iki küçə var. Bunlardan biri elə şəhərin əsasını qoyan şəxsin soyadı ilə adlandırılan Deribasskaya küçəsidir. Küçəyə avtomobil girişi yoxdur. Sağ və sol ətraflar əyləncə və istirahət məkanlarıdır. Ancaq küçədə atla hərəkət etmək dəbdədir. Ona görə də çoxlu sayda gənc yaxşı bəslənmiş və yəhərlənmiş atları müəyyən məbləğ müqabilində bir növ icarəyə verirlər. Ancaq bu qiymət bizim dağ kəndlərində uşaqlar tərəfindən qonaqlara təklif olunan "yabıların" qiymətindən qat-qat ucuzdur. İkinci görməli küçə isə "Arkadiya" bulvarıdır. Bu doğrudan da yaxşı istirahət məkanıdır. Bulvar Qara dənizin sahilinə 2-3 kilometr qalmış şəhərin içərisindən başlayır və düz sahilədək davam edir. Sahildə isə ən müxtəlif əyləncə məkanları və mehmanxanalar var. Arkadiya bulvarı səhərə qədər insanla dolu olur. Bələdçimizdən "bəs bu insanlar səhər işə getməyəcəklərmi?…" deyə soruşdum. "Yox" deyə konkret cavab verdi. Gördüyünüz insanlar yerli odessalılar (Görünür şəhərin elitası demək istəyirdi) və şəhərimizin qonaqlarıdır. Qonaqlar təbii ki, istirahət edirlər. Yerli odessalılar isə bir növ renta biznesi ilə məşğul olduqları üçün işləmirlər. Hər belə odessalının icarəyə verməyə "obyekti" və kirayə verməyə bir neçə mənzili var. Ona görə də gecələr əylənir, gündüzlər isə istirahət edirlər. Bu maraqlı məlumat xeyli düşündürücü idi. Görünür Odessa şəhərinin özünəməxsus sosial təbəqələşməsi və strukturu var. Bir şeyi də xüsusi qeyd etmək lazımdır ki, Odessada kinoteatrlar hələ də işləyir. Belə mədəni, kütləvi əyləncə mərkəzlərinin bizdə sıradan çıxmış olması isə yaxşı hal deyil. Görünür bunları bərpa etməliyik.

Azərbaycandan olan nümayəndə heyətinə xüsusi diqqət

Tədbirin maraqlı və məhsuldar keçməsi üçün Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, eyni zamanda, İTAR-TASS-ın baş direktoru İqnatenko əlindən gələni etmişdi. Onun bu işdə ən böyük köməkçisi isə həmyerlimiz, bakılı Mixail Solomonoviç Qusman idi. Hər şeydən görünürdü ki, tədbir yüksək səviyyədə təşkil olunub. Azərbaycandan gələn nümayəndə heyətinə isə xüsusi diqqət vardı.

Tədbir çərçivəsində fürsətdən istifadə edib, həmyerlimiz Qusmanla da görüşdük. Ona vətənindən salamlar çatdırdıq. Yoldaşlarımızdan birinin "Mixail Solomonoviç nə təhərsiniz" sualına o əsl bakılı kimi "dəf kimi" deyə cavab verdi.

Əlbəttə ki, bütün bunlar əhval-ruhiyyəmizi daha da yüksəldirdi və özümüzü orada doğma mühitdə hiss edirdik.

Son olaraq bu səfər zamanı bir daha bizə aydın oldu ki, mədəniyyətin, mətbuatın və informasiyanın milləti yoxdur. Bir daha bizə aydın oldu ki, informasiya erasında informasiyanın rolu və əhəmiyyəti olduqca böyükdür. Hər bir ölkə öz milli və dövlət maraqlarını təmin etmək üçün mütləq kütləvi informasiya vasitələri ilə yaxşı işləməli, onların inkişafı üçün əlindən gələni etməlidir.

Yeri gəlmişkən, Azərbaycanda dövlətin mətbuata münasibətinin yüksək səviyyədə olması və Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin KİV-in inkişafı üçün bu qədər diqqət və qayğı göstərməsinin əsl səbəblərini biz bir daha anlamış olduq. Biz bu barədə həmkarlarımıza geniş məlumat verdik. Bəzi hallarda isə Azərbaycanda dövlətin, Prezidentimizin KİV-ə qayğısı onlarda yaxşı mənada təəccüb doğururdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır