Modern.az

Mətbuat Şurasında 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib

Mətbuat Şurasında 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib

Təhsil

21 İyul 2011, 18:54


Bu gün Azərbaycan Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov çıxışına sözügedən dövrün xarakterik xüsusiyyətləri barədə məlumat verməklə başlayıb. «Stalinin ölümündən sonra cəmiyyətdə mülayimləşmə başlamışdı. Bununla belə totalitar mahiyyət yenə də qalırdı. Məhz belə bir dövrdə bu gün burada bizimlə toplaşanlar - sizlər üzərinizə böyük məsuliyyət götürdünüz. Fikir və düşüncələrinizi çatdırdınız. Həmin düşüncələr tədricən daha iti xarakter almağa başladı. Məhz 60-cı illər jurnalistikasını təmsil edən şəxslərin gərgin əməyinin, fədakarlığının nəticəsi idi ki, ana dilimiz öz varlığını qoruyub saxladı», - deyə o vurğulayıb.

Ötən əsrin 60-cı illərinin jurnalistlərinin respublikanın ictimai həyatındakı aktiv roluna toxunan Ə.Amaşov bildirib ki, onların özləri, həmçinin şinellərindən çıxan qələm sahibləri 80-cı illərinin sonlarına doğru başlanan xalq hərəkatında da fəal mövqe nümayiş etdiriblər: «Mətbuat Şurası Milli Mətbuat Günü ərəfəsində bu toplantının təşkili ilə sizlərin fədakar əməyini bir daha vurğulamağı özünə borc bilir. Hesab edirik ki, sizlər 136 yaşlı mətbuatımızın canlı əfsanələri, dövrün salnaməçilərisiniz. Gərgin əmək və zəhmətinizin neçə-neçə jurnalist nəslinin formalaşmasında əvəzedilməz rolu var».

Əməkdar jurnalist Yusif  Kərimov görüşdə iştirak edən qələm sahiblərini Azərbaycan mətbuatı tarixində böyük iz buraxmış şəxsiyyətlər kimi dəyərləndirib. “Bizim tələbəlik illərimiz eyni vaxtlara təsadüf etdiyinə görə, bu sənətin ağrı-acısını da birgə yaşamışıq. Sevincli və kədərli günlərimiz olub. Amma heç vaxt ruhdan düşməmişik. Peşəmizə, qələmimizə sadiq olmuşuq. Çətinliklərin öhdəsindən gəlməyə yardımçı olan hisslər aramızdakı həmrəylik, dostluq və qardaşlıq yaradıb”, - deyə o bildirib.  

Jurnalistikanın şərəfli iş olduğunu deyən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə bildirib ki, onun öhdəsindən gəlmək üçün peşəni sevmək vacibdir. “Təəssüf ki, son zamanlar jurnalistika təhsilində qabiliyyət imtahanları tətbiq olunmadığına görə tələbələr arasında bu fakultəyə təsadüfən düşənlər olur. Jurnalistika cəmiyyəti öz arxasınca aparmalıdır. İndiki dövrdə isə jurnalistika onun arxasınca gedir. Bu, müsbət hal deyil və təəssüf doğurur. Lakin bütün problemlərə baxmayaraq, Azərbaycan jurnalistikası parlaq bir tarixə malikdir. Bu tarixi yaşatmaq üçün biz qocaman jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”, - deyə Y. Əlizadə bildirib.

Daha sonra 60-cı illər jurnalistikasının aşağıda adları çəkilən nümayəndələrinə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.

1.   Yalçın Əlizadə
2.   Yusif Kərimov
3.   Əlikram Abdullayev
4.   Zöhrab Zeynalov
5.   Namiq Abbasov
6.   Əlövsət Bəşirov
7.   Dilarə Vəkilova
8.   Arif Hüseynov
9.   Ələkbər Abbasov
10. Aydın Əliyev
11. Altay Zahidov
12. Nahid Hacıyev
13. Mais Məmmədov
14. İlyas Adıgözəlov
15. Telman Əliyev
16. Telman Qarayev
17. Firidun Rəsulov
18. Ələsgər Cabbarov
19. Elmira Əliyeva
20. Şükufə Tağızadə
21. Ağahüseyn Hüseynov
22. Akif Rüstəmov
23. Mahmud Mahmudov
24. Əlirza Balayev
25. Fazil Rəhmanzadə
26. Oqtay Cəfərov
27. Hidayət Zeynalov
28. Məryəm Həsənzadə
29. Əhməd İsayev
30. Əfqan Əsgərov
31. Kazım Ələkbərov
32. Bəbir Hüseynov
33. Şaddat Cəfərov
34. Vəli Məmmədov
35. Rafiq Həsənov
36. Aqşin Babayev

Təltif olunanlara 22 iyul Milli Mətbuat günü münasibətilə təbriklərini çatdıran MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hər birinin ölkəmizdə jurnalistika peşəsinin cəmiyyətə tanıdılmasında və sevdirilməsində müstəsna xidmətlərinin olduğunu önə çəkib.

Veteran jurnalistlərdən Əlikram Abdullayevin, Mahmud Mahmudovun, Ələsgər Cabbarovun, Əlövsət Bəşirovun və başqalarının çıxışlarında jurnalistikamızın müasir problemlərinin həlli ilə bağlı təkliflər səslənib. Əməkdar jurnalist Fazil Rəhmanzadə 60-cı illər jurnalistlərinin gənc həmkarları ilə görüşünün keçirilməsini irəli sürüb. Bunun təcrübə mübadiləsi baxımdan əhəmiyyətini vurğulayıb.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür