Modern.az

Bu gün jurnalistlərin bayramıdır

Bu gün jurnalistlərin bayramıdır

22 İyul 2011, 09:30

Milli Mətbuatımızın yaradılmasından 136 il keçir. Azərbaycan dilində işıq üzü görən ilk milli qəzet olan “Əkinçi”nin 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər ümumilikdə 56 sayı işıq üzü görüb. Ayda iki dəfə 300-400 tirajla nəşr olunmasına baxmayaraq, "Əkinçi"nin çapdan çıxması və iki illik fəaliyyəti milli mətbuatımızın ömürlük təməlini qoyub. “Əkinçi”nin qısa mövcudluğu ana dilində qəzet çıxarmağın mümkünlüyü və gərəkliyini ictimai düşüncəyə yeridə bilib.

"Əkinçi" qəzeti ilə Milli mətbuatımızın tarixi başlansa da, ondan sonra mətbuatda müxtəlif dövrlər yaşandı. "Əkinçi"  ilə başlanan yol sonradan “Kaspi”, “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet-jurnalla davam etdi. Bütün bu qəzet və jurnallar ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar.
Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan və rus dillərində "Azərbaycan" qəzetinin nəşri böyük hadisəyə çevrildi. 1918-ci ilin sentyabrından işıq üzü görən ilk rəsmi qəzet “Azərbaycan” milli demokratik mətbuatımızın ən yaxşı ənənələrinə sahib çıxdı. Bu qəzet sözün əsl mənasında AXC dövrü mətbuat tariximizin zəngin salnaməsinə çevrildi, qısa bir zaman kəsiyində mətbuatla cəmiyyətin sıx təmasını yarada bildi.

Dövrün ideoloji ruporuna çevrilən Sovet Azərbaycanı mətbuatı isə çox da yüksək səviyyədə deyildi. Amma Sovet jurnalistika məktəbi kifayət qədər güclü idi, ixtisaslaşma var idi. O illərdə söz azadlığından başqa həyatın bütün sferası nəşr olunan qəzetlərdə əks olunurdu. Bu da təbii ki, mətbuatın hərtərəfli inkişafına imkan vermirdi.  

Azərbaycanın müstəqil mətbuatı isə 90-cı illərdən sonra yaranmağa başladı. Sovet İttifaqının dağılması və ondan əvvəlki dövr, milli hərəkatın güclənməsi, Azərbaycan xalqının birləşməsi və milli həmrəyliyin nümayişi, milli mətbuatımıza da güclü təsir göstərdi. 1991-ci ilin 18 oktyabrında elan olunan dövlət müstəqilliyimiz isə azad, demokratik mətbuatını da fəaliyyəti üçün tarixi yol açdı.

Azərbaycanda 3000 mindən çox qəzet, jurnal, televiziya, radio, internet saytlar qeydiyyatdadır.

Bayramınız mübarək hörmətli həmkarlar!

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır