Modern.az

II qrupun 26 min 397 abituriyenti qəbul imtahanı verir

II qrupun 26 min 397 abituriyenti qəbul imtahanı verir

Təhsil

22 İyul 2011, 10:59

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-dan Modern.az-a verilən  məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir.
Orta ümumtəhsil müəssisələrindən 1970 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 193 imtahan rəhbəri cəlb olunub.
İmtahanın gedişini işıqlandırmaq üçün 55 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.

II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib.

Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir.

16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 20138 abituriyent, Naxçıvanda 1062 abituriyent, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verir.

II ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 16-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap ediblər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunub. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19:00-dan etibarən «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

 II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər. 

İxtisas seçimi elan olunduğu vaxtdan 2 gün öncə - iyulun 22-də saat 14:00-dan etibarən başlanacaq və internet vasitəsilə avqustun 2-si saat 11:00-dək aparılacaq. II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra – iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. IV ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçmiş abituriyentlər qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra - iyulun 28-dən etibarən ixtisas seçimi edəcəklər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!