Modern.az

Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: “Azərbaycan hücuma hazırlaşır”   

Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: “Azərbaycan hücuma hazırlaşır”   

19 Fevral 2018, 08:47

Azərbaycan prezidenti İlham Əliyevin  Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən 6-cı qurultayı zamanı tarixi torpaqlarımız - İrəvan, Göyçə, Zəngəzurla bağlı verdiyi bəyanatlar Ermənistanda əməlli-başlı qorxu yaradıb, Rusiyada isə çaşqınlığa səbəb olub.

 

Ermənistanın qorxuları barədə dəfələrlə erməni KİV-lərinin özü yazıb, Kremlin etirazı isə daha çox özünün regiondakı bir nömrəli müttəfiqinin xeyrinə hesablanıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan prezidenti İlham Əliyevin “İrəvan bizim tarixi torpağımnızdır” deməsinə reaksiyası belə olub:

 

“Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir (prezidentin İrəvan açıqlaması - red.) gərginliyin azalmasına xidmət etmir”.

 

Ölkə başçısı İlham Əliyev YAP-ın qurultayında bildirib ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq.

 

“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” – prezident İlham Əliyev çıxışı zamanı belə bildirmişdi.

 

Modern.az-ın məlumatına görə, Ermənistanın ekspert çevrələri bu bəyanatdan sonra ölkələrinin ordu potensialını artırmağa çağırıb, hətta bəziləri qeyd edib ki, Ermənistan silahlı qüvvələri modernləşməsə, Azərbaycan nəinki Qarabağı, Zəngəzuru da geri alacaq.

 

Bu müzakirələr fonunda isə Ermənistanın veteran kəşfiyyatçısı Vova Vordanov qeyd edib ki, İlham Əliyevin bəyanatlarını ciddiyə almaq lazımdır.

 

Onun sözlərinə görə, Azərbaycanın strateji taktikasını anlamaq lazımdır:

 

“Biz anlamalıyıq ki, Azərbaycan Sevana qədər haradan çatacaq. Azərbaycan ordusu Gexarxunikə Daşkəsən və Gədəbəydən daxil olmalıdır?”-deyə kəşfiyyatçı qeyd edib.

 

Onun sözlərinə görə, Ermənistan hərbçiləri anlayır ki, Azərbaycan bu istiqamətlər üzrə hücum hazırlayır.

 

“Əgər Azərbaycan Sevana daxil olmaq istəyirsə, o zaman birinci Gexarxunikə hücum etməlidir. Əgər İrəvana girmək istəyirsə, o zaman hücum Naxçıvandan ola bilər” – Vova Vordanov qeyd edib.

 

O vurğulayıb ki, Naxçıvandan hücum olsa, Ermənistan üçün bu, baha başa gələcək:



“Çünki Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib. Onlar qismən hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm”.

 

Vova Vordanov qeyd edib ki, Ermənistan Azərbaycanla real döyüşlərə hazır olmalıdır və əgər belə olmazsa, Ermənistan əlində olan ərazilərə nəzarəti itirə bilər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi