Modern.az

“Soydaşlarımızın Göyçə, Zəngəzurdan köçürülməsi üçün Azərbaycanın maşın karvanı göndərməsi kömək deyildi” (MÜSAHİBƏ)

“Soydaşlarımızın Göyçə, Zəngəzurdan köçürülməsi üçün Azərbaycanın maşın karvanı göndərməsi kömək deyildi” (MÜSAHİBƏ)

22 İyul 2011, 11:26

"XİN rəsmiləri ilə Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək istəyən media, QHT nümayəndələrinın mütəmadi görüşlər olmasını arzulayardım"


Torpaqlarımızın işğaldan azad edilməsində hər birimizin üzərinə konkret yük düşür. Ancaq bəzən elə görünür ki, bu məsələdə bir qatışıqlıq var. Sanki media ictimaiyyətin, ictimaiyyət hakimiyyətin vəzifəsini və s. yerinə yetirmək istəyir. Modern.az bu məsələ ilə bağlı media rəhbərləri, ictimai xadimlər və dövlət rəsmilərinin fikirlərini dərc edəcək.
Budəfəki müsahibimiz Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyevdir.

- Azay müəllim, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı media, ictimayyət və hakimiyyət üzərinə düşən vəzifəni yerinə yetirə bilirmi?

- Bu suala birmənalı cavab vermək bir qədər çətindir. Çünki istər hökumət, istərsə də media və ya ictimai qurumları bu prosesdə ümumi maraq və mənafe birləşdirsə də,  onlar fərqli səlahiyyət və funksiyalara malikdirlər. Bu baxımdan ümumiləşmiş şəkildə hər üç qurumun fəaliyyətinə birgə qiymət verməyin doğru olmadığını düşünürəm. Onların ayrı-ayrılıqdakı fəaliyyətinə toxunsaq, əlbəttə burada  kifayət qədər qaneedici və eyni zamanda çatışmayan məqamları görmək mümkündür.

- Məsələn?

- Hökumət və ictimaiyyət torpaqların işğaldan azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bir mənalı şəkildə bərpa olunmasına hər hansı bir şəkildə alternativ görmür. Son 20 ildə aparılan danışıqlar zamanı dövlətimiz  bu haqlı tələbimizi tam müdafiə etməyi bacarmış və bu məsələdə güzəştin olmayacağına hamını inandıra bilmişdir. Hökumətin bu mövqeyini ictimaiyyət birmənalı şəkildə dəstəkləyir və təqdir edir. Bunu müsbət məqam kimi dəyərləndirmək olar. Lakin, bu haqlı davamızda media və ictimaiyyət tam şəkildə səfərbər olunubmu və ya onların mövcud potensialından sona qədər istifadə edilirmi və ən nəhayət hökumət qurumları, media və ictimai qurumlar arasında əlaqələndirmə işi qane edicidirmi sualına cavab istəsəniz, mən təəssüf  ki, “bəli” deyə bilməyəcəm.

- Jurnalist Arif Əliyev belə bir fikir bildirib ki, Qarabağdan yazan jurnalistlərimizin çoxusu Madrid prinsipi nədi, bundan xəbəri yoxdur, bu da cəmiyyəti çaşdırır. Belədə isə  ictimayyət bilmir ki, hansı yükü daşımalıdır. Necə baxırsınız bu məsələlərə?

- ­Biz adətən problemin həlli vəziyyəti və danışıqların gedişatı haqqında mümkün məlumatı cənab Prezidentin keçirdiyi müşavirə və görüşlərdən əldə edə bilirik. Danışıqların konfedensiallığını qorumaq şərtilə, cənab Prezident dəfələrlə Dağlıq Qarabağ  münaqişəsinin həlli prinsiplərini və dövlətimizin mövqeyini ictimaiyyətin diqqətinə çatdırıb və bu baxımdan hesab edirəm ki, ictimaiyyət üzərinə düşən vəzifəni anlamaqda çətinlik çəkmir. O başqa məsələ ki, Dağlıq Qarabağ haqqında danışan və ya yazan istənilən şəxs həm kifayət qədər hazırlıqlı, həm də məlumatlı olmalıdır və bunun üçün müəyyən detallı bilgilərə ehtiyac duyula bilər. Bu fikirlə razıyam və hesab edirəm ki, Xarici İşlər Nazirliyinin rəsmiləri ilə Dağlıq Qarabağ probleminin həllinə töhfə vermək istəyən və onunla yaxından məşğul olmaq imkanında olan istər media nümayəndələri, istər QHT-lər arasında mütəmadi  görüşlərin keçirilməsi və tərəfləri maraqlandıran suallara aydınlıq gətirilməsi yaxşı olar. Mən əlaqələndirmənin zəif olmasından danışarkən, məhz belə təmasların qurulmasının və vətəndaş cəmiyyətinin gücündən maksimum yararlanmanın vacibliyini nəzərdə tuturdum. Mən bir neçə dəfə bu cür görüşlərin təşkili və ya informasiya mübadiləsinin aparılması təklifi ilə çıxış etmişəm.

- Siz həm ictimai proseslərdə aktiv iştirak edir, həm də Parlamentdə təmsil olunursunuz. İctimaiyyətin  torpağlarımızın işğaldan azad edilməsi məsələsində fəallığı  sizi qane edirmi?

- Tam  yox. Çünki Azərbaycan toplumu 20 faiz ərazisi itirilmiş toplum təəssüratı yaratmır. İctimaiyyətinin böyük bir hissəsində sanki bir süstlük var.  Baş vermiş bir çox  hadisələrə bəzən laqeyd münasibətin şahidi oluruq. Çox təəssüflər olsun ki, Azərbaycan ictimayətində belə bir fikir var ki, hər şeyi dövlət, Prezident  etməlidir.  Erməni hərbiçisi bütün hərb qanunlarını pozaraq bizim 9 yaşlı Fariz Bədəlovu snayperlə qətlə yetirdi. Bu hadisə dünyanın istənilən bir ölkəsində baş versəydi, həmin ölkə çalxalanardı, həmin ölkənin siyasi partiyaları, mediası və ictimai qurumları bütün dünyanı ayağa qaldırardı. Baxaq, görək bizdə reaksiya nə dərəcədə adekvat oldu. Yaxud da bir həftə bundan əvvəl Tovuz rayonun Əlibəyli kəndində Aygün Şahmalıyevanın ermənilər tərəfinfən içində bomba olan oyuncaq vasitəsilə  partladılması... Bu vəhşiliyə müəyyən etirazlar olsa da, ictimai təpki gərəkən səviyyədə olmadı. Bu etirazda kütləvilik, sistemlilik və davamlılıq çatışmır. Bu gün kiçik bir hüquq pozuntusunu şişirdərək böyük bir siyasi hadisə kimi beynəlxalq təşkilatlara təqdim edən və dünyanı dövlətimizin üstünə qaldıran bəzi hüquq müdafiəçilərinin səsi bu hadisələrlə əlaqədar nə isə eşidilmədi.  

- Bir məsələ də var 90-cı illərin əvvəllərində ictimai fikir, ictimai rəy, ictimai fəallıq tamamilə başqa şəkildə idi. Sizcə, nə oldu ki, belə bir hal yarandı?

- Vəziyyətin belə bir həddə gəlib çatmasına  müxtəlif izahatlar vermək olar. Məsələn, o dövrdə insanlarda, cəmiyyətdə 70 ilin, bəlkə də 200 ilin yığılıb qalmış enerjisi vardı, müstəqillik yanğısı var idi. Bu enerji hansısa formada özünü biruzə verməli idi. 1988-ci ildə hadisələr baş verəndə insanlar hamısı bir nəfər kimi ayaq üstə idi. Şuşada bir ağacın qırılmasına görə meydana yüz minlərlə insan axışdı. Həmin dövrdə insanlarda çox böyük inam, cəsarət var idi. İnsanlar hesab edirdilər ki, mübarizə ilə nəyəsə nail ola bilərlər. Amma təəssüflər olsun ki, sonrakı mərhələlərdə insanların ümidi qırıldı. Əgər soydaşlarımız Topxanadakı bir ağaca görə əliyalın da olsa, oraya hücum edib meşəni azad etməyə hazır idisə, yaxud da Dağlıq Qarabağa yardım etmək üçün son yemək pulunu gətirib Qarabağa Yardım Fonduna, qadınlarımız isə nişan üzüyunu, sırğalarını gətirib Ləl-cəvahirat Fonduna verirdilərsə, təsəvvür edin, görün, bunlarda hansı yüksək vətənpərvərlik hissləri var idi. Ondan sonra təəssüflər olsun ki, bəzi siyasi avantüristlər bu hisslərin tam şəkildə  həyatda reallaşmasına mane oldular. Sonradan torpaqlar işğal edildi, bir çox hallarda  torpaqlar siyasi intriqaların, didişmələrin və səbatsızlığın qurbanı oldu. 1988-1993-cü illər arası dövrdə hakimiyyət 5 dəfə dəyişildi. 5 ildə də 5 dəfə hakimiyyət dəyişə bilərmi, təsəvvür edin, görün işğala məruz qalan ölkə üçün bu nə deməkdir. Ermənilər isə rusların köməyi ilə bu hərci-mərclikdən maksimum istifadə etdilər. Əlbəttə bütün bunlar insanların mübarizə ruhunda və psixologiyasında izsiz ötüşə bilməzdi. 

- SSRİ vaxtında Azərbaycan tərəfdən kömək  adı altında çox qəribə qərarlar qəbul edilirdi. Məsələn, Göyçəyə və Zəngəzura maşınlar göndərirdilər ki, köçün, gəlin.  Necə baxırsız, belə də kömək olar?

- Əslində bu kömək deyildi, bu, Moskvanın Azərbaycana və azərbaycanlılara  qarşı ermənilərlə birgə hazırladığı deportasiya və işğal planının  tərkib hissəsi idi.  Azərbaycan türklərinin 1988-ci ildə son və birdəfəlik olaraq deportasiyaya məruz qoymaq planını sürətləndirmək və sonradan Dağlıq Qarabağın işğalını asanlaşdırmaq üçün  hətta  rus zabitlərinin himayəsilə böyük yük maşınları Azərbaycanın o vaxtkı hakimiyyəti tərəfindən Ermənistana göndərildi ki, oradakı insanları tezliklə çıxartsınlar. Ən acınacaqlısı isə o oldu ki, həmin azərbaycanlıların Dağlıq Qarabağa yerləşdirilməsinə imkan verilmədi. Məntiqi və ağıllı siyasət yürüdülsəydi, Dağlıq Qarabağa qaldırılan iddianın qurbanı olmuş 200 mindən çox azərbaycanlı məhz bu bölgədə məskunlaşmalı və Qarabağın işğalına mane olmalı idi.  Əgər bu baş versəydi, Dağlıq Qarabağ məsələsi bir dəfəlik həll oluna bilərdi və orada bir  nəfər də olsun separatçı qalmazdı. Təəssüf ki, bu belə olmadı və sonra nə baş verdi bunu hamımız bilirik.

- Siz Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvusünüz. Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycanı beynəlxalq qurumlarda 90-cı illərin cəmiyyətinin, yoxsa bayaq söhbət açdığınız laqeyd cəmiyyət nümayəndəsi kimi təmsil edirlər?

- Heç birini. Bildiyiniz ki, bizim nümayəndə heyətinin üzvləri çox təcrübəli şəxslərdən formalaşıbdır.  Nümayəndə heyəti öz fəaliyyətini quran zaman bir neçə amili əsas tutur. Birincisi, bütün hallarda Azərbaycanın dövlət maraqlarını müdafiə etmək, qorumaq,  ikincisi, Azərbaycanı layiqincə təmsil etmək, yəni ölkəmizi  mədəni, sivil, inkşaf etmiş, oturuşmuş bir ölkə kimi təqdim etmək,  üçüncüsü isə beynəlxalq səviyyəli istənilən diskussiya, dialoq və müzakirələrə hazır olmaq və bu istiqamətdə bacarıq və səriştə nümayiş etdirmək.
Ən mühümü isə  mədəni dünyanın istifadə və qəbul  etdiyi bütün imkanlardan və vasitələrdən  faydalanaraq öz fəaliyyətimizi qururuq, öz prinsipal mövqeyimizi daimi qoruyub saxlıyırıq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Azərbaycan nümayəndə heyəti həm yuxarıda sadaladığım cəhətlərinə, həm də aktiv fəaliyyətinə görə ATƏT PA-da özünəməxsus yerə malikdir.

- ATƏT PA-nın sonuncu sessiyası barədə nə deyə bilərsiniz? Nümayəndə heyəti üzvlərinin çıxışları və gördüyü işlər haqqında tam məlumat əldə edə bilmədik.

- Əvvəla onu deyim ki, biz fəaliyyətimizi ATƏT Parlament Assamblyesında fərd deyil, vahid  komanda şəklində həyata keçirməyə çalışırıq. Hamının birgə səyi nəticəsində görülən işlər haqqında məlumatın ictimaiyyətə çatdırılmasında da çox maraqlıyıq. Bu dəfə də sessiya ilə bağlı mütəmadi olaraq  həm mətbuatı, həm də  ictimaiyyəti məlumatlandırmışıq. Xüsusilə vurğulamalıyam ki, sessiyasının gedişi bizimlə Belqrada ezam edilmiş AzTV-nin əməkdaşı tərəfindən  tam olaraq işıqlandırıldı. Ancaq siz hesab edirsinizsə ki, məlumat daha çox verilsin, biz bunu gələcəkdə nəzərə almağa çalışarıq. 

Mail AĞAXANOV

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi