Modern.az

“Sputnik-Azərbaycan”ın gəncləri: “İş üçün müraciət etmədiyimiz yer qalmamışdı”  

“Sputnik-Azərbaycan”ın gəncləri: “İş üçün müraciət etmədiyimiz yer qalmamışdı”  

Media

19 Fevral 2018, 10:54

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasında budəfəki təqdimat “Sputnik-Azərbaycan” agentliyinin radio bölməsində  çalışan gənc jurnalistlərdən bəhs edir.

Beləliklə, “Sputnik-Azərbaycan” agentliyinin  gənc əməkdaşları ilə tanış olaq.

 

“Atam jurnalistikanı seçməyimi istəmirdi”

Elvin Səlimov bir ildən çoxdur ki, “Sputnik-Azərbaycan”da çalışır:


“Mingəçevirdə doğulmuşam. 24 yaşım var. 2010-cu ildə 507 balla Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdum. İxtisas seçimi vaxtı atam bu ixtisası seçməyimi istəməsə də, mən yazmışdım. İlk vaxtlar universitetdə yiyələndiyimiz nəzəri bilikləri praktikada tətbiq etmək üçün televiziyalara təcrübəçi kimi müraciət edirdik. Ancaq müraciətlərimizə heç bir cavab verilmirdi. Qarşıma məqsəd qoymuşdum ki, əsgərliyə gedənə qədər heç olmasa haradasa yazdığım xırda bir xəbər də yayımlansın. Bir gün “Kaspi” qəzetinə müraciət elədim. Qəzetin o vaxtkı baş redaktoru Natiq Məmmədli çalışmaq üçün bütün imkanları yaratdı. Müxtəlif mövzularda reportajlarım və xəbərlərim qəzetdə çap olundu. Hər halda bu, mənə qürur verirdi.  Hərbi xidmətdən sonra sağlamlığımdakı problemlər və ölkədə baş verən devalvasiyalara görə bir müddət işsiz qaldım. Bir çox yerlərə müraciət etsəm də, vəziyyət ağır olduğu üçün işçi saxlaya bilmədiklərini deyirdilər”.



Gənc jurnalist “Sputnik-Azərbaycan”da  əsasən radio bölməsi üçün materiallar hazırlayır:


“Bir neçə müddət sonra dostum Elmlər Akademiyasının İnformasiya təminatı şöbəsinə işçi axtarıldığını dedi. Ora müraciət etdim. Təcrübə müddəti keçdikdən sonra işə götürüldüm. Burada çox gözəl kollektiv var idi. Ancaq həmişə aktiv jurnalistika ilə məşğul olmaq istədiyim üçün bu iş mənə sıxıcı gəlirdi.

Daha sonra şans yarandı “Sputnik Azərbaycan”da çalışmağa başladım. Əsasən radio bölməsi üçün materiallar hazırlayıram. Bu hələ karyeramın başlanğıcıdır. Davamlı olaraq özümü inkişaf etdirmək istəyirəm. Peşəkarları izləməyə çalışıram. Hər yazdıqlarını həqiqət kimi qəbul etməsəm də onlardan nələrisə öyrənməyə çalışıram”.


E.Səlimov qeyd edib ki, “Sputnik Azərbaycan”da iş şəraiti çox yaxşıdır:

“Kollektiv isə həmişə mehriban olmağa çalışır. Çünki bu, bizim ümumi işimizə çox təsir edir. Gündəlik planlama nəticəsində tapşırılan işləri görürük. İşim əsasən səslə bağlı olduğu üçün daha çox tədbirlərə gedirəm. İşimin çətin tərəfi hər hansı mövzu ilə bağlı danışa biləcək ekspertə zəng edib düşə bilməməyimdir. Bəzən günün sonuna qədər hansısa eksperti gözləməli oluram ki, material hazırlayım. Artıq iş şəraitinə tam öyrəşmişəm.

Bir dəfə kitab sərgisi keçirilən yerə getdim. Qonaqların arasında ziyalılar, deputatlar var idi. Ən azı 5 nəfərdən açıqlama almışdım. İşə gəldim ki səslərin heç biri diktafona yazılmayıb. Yenidən sərgi salonuna qayıdıb həmin adamları tapıb min bir üzrxahlıqla eyni suallara cavab almışdım”.

“Jurnalistika mənə maraqlı da deyildi”


“Sputnik Azərbaycan”ın digər əməkdaşı Ravid Zahidlinin ailəsi onun üçün jurnalistikanı deyil,  fərqli sahəni istəyib:


“1994-cü ildə Şamaxı rayonunda anadan olmuşam. Bir müddət sonra ailəmlə Bakı şəhərinə köçmüşük. Məktəb vaxtı jurnalistikanın olub-olmamağı mənə maraqlı da deyildi. Ən sevdiyim fənnlər riyaziyyat və fizika olub, boş vaxtlarımda isə şahmatla məşğul olmuşam. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra valideynlərimin istəyi ilə 3-cü ixtisas qrupuna, daha dəqiq, Hüquq fakültəsi üçün sənəd vermişəm. Lakin ixtisas seçimi zamanı oranı qeyd etmədim. Beləcə, 2012-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olundum. Elə ilk dərslərdən müəllimlər bizə jurnalistikanın nə olduğunu anlatmağa çalışırdı - hər kəs esse yazmalı idi. Məktəb vaxtı heç inşa belə yazmayan biri, mən ilk essemi yazdım. Amma o, müəllimin diqqətini cəlb etmişdi. Və hər şey o gün başladı...

Elə birinci kursda jurnalistika üzrə iş axtarmağa başladım, müraciət etmədiyim yer qalmamışdı, lakin heç kimə təcrübəsi olmayan işçi lazım deyildi. Bütün ümidlərim itən zaman “Azadinform” İnformasiya Agentliyinə müsahibəyə dəvət olundum. Bir müddət orada təcrübə keçməli idim, lakin 3-cü getdiyim gün işə götürüldüyümü öyrəndim. Bu agentlik ilk gündən əsl jurnalistika məktəbi oldu mənim üçün. Orada əvvəl Azərbaycan, sonra isə rus redaksiyasında çalışdım”.

Gənc jurnalist  növbəti iş yeri kimi “Sputnik-Azərbaycan”ı seçib:


“2015-ci ildə jurnalist kimi çalışdığım ilk iş yerimi tərk etməli oldum. Bir neçə ay başqa sahələrdə çalışdım və artıq jurnalistikadan tam uzaqlaşdığımı düşünürdüm. “Sputnik” Beynəlxalq İnformasiya Agentliyində işləmək təklifindən də “Azadinform”da xəbər tutdum. Jurnalistikaya qayıtmaq haqda düşünmədiyim bir vaxt (2015-ci il) yenidən müxbir oldum. Artıq 3-cü ildir ki, “Sputnik”in radio bölməsində çalışıram və bunun üçün özümü şanslı hesab edirəm. Əminəm ki, belə kollektiv və şərait başqa heç bir yerli KİV-də yoxdur”.


R.Zahidli qeyd edib ki, jurnalist kimi işlədiyi dövrdə heç bir çətinliyi olmayıb:


“Ən əsas çətinliyim işlə deyil, təhsil ilə bağlı olub. Bakalavr təhsilim iş vaxtına düşürdü. Nə yaxşı ki, universitetim və iş yerim eyni prospektdə yerləşib. Bəzən nahar vaxtı dərsdə, tənəffüs vaxtı isə işdə olurdum. Dərsdə ola-ola işlədiyim, işdə ola-ola oxuduğum vaxtlar olub. Amma magistaturaya (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, MBA (ingilis dili)) qəbul olunandan sonra bu çətinliklər azaldı. Dərslər axşam olduğu üçün daha işimə mane olmur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir