Modern.az

Jurnalist Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ

Jurnalist Ayaz Mirzəyev: “Mən hər gün sınaq qarşısındayam” - MÜSAHİBƏ

Media

19 Fevral 2018, 14:16

“Kimisə tənqid etmək istəyirsənsə, birinci özündən başlamalısan”

Bu gün Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, tanınmış jurnalist Ayaz Mirzəyevin doğum günüdür.

Modern.az saytı bu münasibətlə  jurnalistlə söhbət edib.

- Ayaz müəllim, qanunvericiliyə görə, yaşı 14-29 olan şəxslər gənc sayılır. Maraqlıdır, siz özünüzü hansı yaşa kimi gənc hesab edəcəksiniz? Ya da ömrünüzün hansı mərhələsindəsiniz?

- Belə bir misal var: Yaşa, gül, sev.  Hesab edirəm ki, nə qədər ki yaşayırsan, gülürsən və sevirsən, sən gəncsən. İnsanın öz ruhu onun mənəvi aləmindən asılıdır. Sən özünü daim motivasiya edirsənsə, yaxşı işlər haqqında düşünürsənsə, müəyyən məsələlərdə səbrli olmağa çalışırsansa, həyatdan zövq alırsansa, sən gəncsən. Yəni gəncliyin yaşı olmur. Özümü gənc və ya yaşlı hiss etməklə bağlı xüsusi marağımın olduğunu deyə bilmərəm. Sadəcə ürək dolusu yaşamağı sevirəm. Bu məni gənc  ya da yaşlı göstərir bilmirəm. Buna kənardakılar qərar verə bilər.

- İnsan xislətində nədənsə taleydən narazılıq, şikayət etmək  hər zaman olur. Siz necə, taleyinizdən razısınızmı? Şikayət etdiyiniz zamanlar olubmu?

- Mən təkəbbürlü və naşükür insan deyiləm. Əgər sən kimisə tənqid etmək istəyirsənsə, birinci özündən başlamalısan. Kimdənsə, nədənsə narazılıq edəcəksənsə, öncə özün hədəf olmalısan. Ona görə də mənim taleyimdən narazı olmaq qayğım olmayıb. Buna heç cəhd də etməmişəm. Çünki hər kəsin bir taleyi və onu yaşamalıdır. İnsan hər açılan günə şükür etməlidir. Əgər nəsə yaxşı getmirsə, problem varsa, xoşagəlməz hadisə baş veribsə, bunun bir nömrəli səbəbi insanın özüdür.

- Deyirlər insan həyatda canı, malı və əzizləri ilə sınanır. Sizin ən böyük sınağınız nə olub?

- Mən hər gün sınaqdayam. 35 yaşım var və elə bir gün yoxdur ki, tanrının, yaxınlarım qarşısında sınaq verməyim. Bu baxımdan ən böyük sınağımın nə olduğunu deyə bilmərəm. Çünki belə ayrı-seçkilik də etməmişəm. Sadəcə, hər zaman çalışmışam ki,  bütün sınaqlarda öz mənliyimi qoruyum. Bir ailə başçısı, tam hüquqi vətəndaş, dünyanı dərk etməyə çalışan insan kimi qalım və sınaqlardan başıuca çıxım. Bilmirəm, nə dərəcədə bacarmışam. Amma əsas odur ki, buna cəhd etmişəm.

- Azərbaycan Dövlət İqtisad Universitetini bitirmisiniz. Necə oldu jurnalistikanı seçdiniz?

- Jurnalistikaya təsadüf nəticəsində gəlmişəm. Mən İqtisad Universitetinin həm bakalavr, həm də magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişəm. İqtisadiyyatdan yazan jurnalistlər axtarılırdı. Mən də həmin müsabiqədə iştirak etdim və seçilən iki nəfərdən biri oldum. ANS televiziyasında fəaliyyətə başladım və orada qısa müddətdə mənə inananların etimadını doğrultdum. Hər halda mən belə düşünürəm.Yavaş-yavaş jurnalistikanın müəyyən pillələri ilə irəliləməyə başladım. Jurnalistika Ayaz Mirzəyevi ortaya çıxardı. Yəni jurnalistika ixtisasını seçməyim məni mən elədi. Bəlkə də əldə etdiyim bütün nailiyyətlərə görə valideynlərimə, yaxınlarıma, tanrıya borcluyamsa, bir o qədər də jurnalistikaya borcluyam. Çünki bu sahə mənim duyğularımı, istəyimi ortaya çıxarmaq üçün böyük platforma oldu.

- Uzun müddət televiziyada fəaliyyət göstərmisiniz. Yenidən ekranlara geri dönmək fikriniz varmı?

-  Türklərin sevdiyim bir məsəli var: Böyük tikə ye, amma böyük danışma. Mən də “yox  olmayacaq” və ya “olacaq” kimi ifadələr işlətmək istəmirəm. Hər şeyi zamana və yaranmış situasiyaya buraxıram. Heç vaxt “heç vaxt” demə. Ola bilsin, televiziyaya yenidən qayıdım. Bu artıq mənim istəyim, seçimim, qarşıma çıxacaq imkanlardan asılı olacaq. Həmin imkan mənim istəyimlə üst-üstə düşəcəksə, niyə də yox? Ümumilikdə hazırda belə bir planım yoxdur. Lakin bu o demək deyil ki, yaxın zamanda qayıtmayacam, ya da qayıtmaq istəmirəm. Sadəcə, bu barədə düşünməmişəm və belə bir təklif də olmayıb ki, dəyərləndirim.

- Yəqin özünüz də müşahidə edirsiniz. ANS telekanalı bağlanandan sonra onun yenidən açılmasını istəyənlər, buna ehtiyacımızın olduğunu bildirənlər çoxdur. Necə düşünürsünüz, Azərbaycan teleməkanı həqiqətən ANS-in boşluğunu doldura bilmir?

- Ad günü keçirən şəxsin öz səlahiyyətləri olur və bundan istifadə edib suala cavab vermək istəmirəm. Çünki mənim üçün də müəyyən doğrular, müəyyən prinsiplər var.

- O zaman ad gününüzə qayıdaq. Necə keçirirsiniz? Sadə, yoxsa təmtəraqlı ad günlərini sevirsiniz?

- Son vaxtlar geniş formada ad günümü  keçirdiyim yadıma gəlmir. Bəzən işdə, bəzən səfərdə olub. Adətən ad günümü yaxınlarımla, ailəmlə birlikdə keçirməyə çalışıram. Bu gün də planımda o var.

- Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının üzvüsünüz. Btünü işlərinizə vaxt çatdıra bilirsinizmi?  Ümumiyyətlə işləriniz necədir?

-  İnsan vaxta görə şikayət etməməlidir. Əlbəttə bunlar kifayət qədər vaxt tələb edən, məsuliyyətli işlərdir. Amma biz elə yollar, mərhələlər keçmişik ki, bunlar çərçivəsində müəyyən təcrübələr yaranıb. Şükürlər olsun, hazırda işlərimi həyata keçirməklə bağlı problemim olmayıb. Çalışıram vaxtında layihələri həyata keçirək, tədbirlərdə iştirak edək. Bu baxımdan sağlamlıq, motivasiya çox vacibdir. Vaxtaşırı sevdiyim idman növləri ilə məşğul oluram. Məsələn, futbolu, qaçmağı çox xoşlayıram. İdmanla məşğul olmaq mənim mənəvi və fiziki vəziyyətimə təsir edir. Nəticədə işlərimlə bağlı vaxt kimi bəhanələr irəli sürməyə ehtiyac qalmır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır