Modern.az

Azərbaycan Seyidləri - Xok seyid ocağı ilə bağlı XATİRƏ

Azərbaycan Seyidləri - Xok seyid ocağı ilə bağlı XATİRƏ

Aktual

19 Fevral 2018, 17:30

“Azərbaycan Seyidləri”  projesinin ilk təqdimatı Naxçıvanın sayılıb-seçilən ocaqlarından olan Xok Seyidlərinin Şəcərəsi barədədir.


Xok Seyidlərinin Şəcərəsi
675 (1277) tarixli “Nəsəbnamə” kitabı əsasında tərtib edilib. Bu günədək qorunub saxlanan şəcərə ayrı-ayrı vaxtlarda dövrünün  tanınmış, əsil nəcabətli, müqəddəs seyid ocaqlarının nümayəndələri tərəfindən təsdiq edilib. Şəcərənin həqiqiliyini  üzərində olan 30 möhür və imza sahiblərinin bu nəsil haqqında yazdıqları yüksək fikirlər bir daha sübut edir.


İranlı araşdırmaçı İbrahim Mövlayi 2017-ci ilin avqust ayında şəcərənin üzərində olan 30 möhürün hər birininin müəllifinin adını və onlar haqqında fikirlərini ayrıca bir səhifədə tərtib edib. İbrahim Mövlayi  şəcərə ilə tanış olduqdan sonra bildirib ki, nəsil şəcərələri ilə məşğul olan alimlərin-nəssabların bir yekdil fikri var ki, bir nəsil şəcərəsində 36 babanın adı varsa və bu adlar zaman-zaman təkrarlanırsa, həmin şəcərəni araşdırmağa ehtiyac yoxdur, bu göstəricilər şəcərənin həqiqiliyinin sübutudur.


Şəcərədə göstərilib ki, bu nəslin 28-ci babası imam Museyi – Kazim (əl-Kazim Musa Cəfər oğlu), 33-cü babası Əmirəlmöminin - Əli Əbu Talib oğlu, 36-cı babası Peyğəmbər (s.a.v.), ulu babası (Əbdülmütəllibin atası) Haşimdir.


Bu nəsil şəcərəsinin üzərindəki möhürlər və şərhlər bu nəsil barədə, onun babalarının yaşayış yeri haqqında bəzi qənaətləri söyləməyə imkan verir. Belə ki, bu nəsil şəcərəsində qeyd edilir ki, bu nəslin 11-ci nümayəndəsi Seyid Saleh Tacəddin oğlu bu nəslin 8-ci nümayəndəsi -  İrəvan sakini Seyid Mahmud Seyid Hüseyn oğluna təqdim etmişdir. Həmin şəcərənin təsdiqləyici hissəsində göstərilirki, həqiqətən Seyid Mahmud Seyid Hüseyn oğlu bu müqəddəs Seyid ocağının nümayəndəsidir və İrəvan şəhərində yaşayıb.


Şəcərədə göstərilən adlara diqqət yetirəndə həmin şəxslərin sonradan yaşayış yerlərini dəyişdikləri məlum olur. Nəsil Şəcərəsində bu nəsil nümayəndələrinin adlarının qarşısında “Seyid” sözünün işlədilməsi və onların İrəvan sakinləri olması göstərilir. Sonradan  Nəsil Şəcərəsi Mirbaba Seyid Mustafa oğlu ilə davam edir. Bu fakt İrəvan sakini, Seyid Mustafa Seyid Əhməd oğlunun sonralar Naxçıvana (İrana daha yaxın əraziyə) köçməsini sübut edir. Çünki İran ərazisində seyidlərin adlarının qarşısında “Mir” sözü işlədilirdi. Seyid Mustafa Seyid Əhməd oğlunun Naxçıvana köçməyi təxminən 1730-cu illərə təsadüf edir. İstanbuldakı Başbakanlıq Arxivində saxlanılan “Naxçıvan sancağının” müfəssəl dəftərlərində  göstərilən fakta - 1727-ci ilə qədər Xok kəndində daimi yaşayış olmayıb faktına istisna etsək, deyə bilərik ki, Seyid Mustafa Seyid Əhməd oğlunun ailəsi Xok kəndində məskunlaşan ilk ailələrdəndir, başqa sözlə, bu kəndin əsasını qoyanlardandırlar.


Seyid Mustafa Xok kəndində anadan olan oğlunun adını Mirbaba qoyub. Mirbaba Seyid Mustafa oğlu təxminən 1734-cü ildə anadan olub.


1810-cu il tarixli təsdiqləyici sənəddə “Naxçıvan sakinləri Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Mirbaba oğlanlarının həqiqətən bu müqəddəs Seyid ocağının nümayəndələri olduğu...” sözləri qeyd edilib. Daha əvvəlki təsdiqləyici sənəddə isə Seyid Mustafa Seyid Əhməd oğlunun babası, Seyid Mahmud Seyid Hüseyn oğluna “İrəvan sakini” deyə xitab edilib və ona İrəvan şəhərində şəcərə təqdim edilib. Həmin şəcərədə  göstərilir ki, Mirbaba və onun uşaqları Seyid Əhməd, Seyid Mustafa və Seyid Məmməd Xok kəndində yaşayıb, 1810-cu ildə onların şəcərələri Naxçıvan vilayəti seyidləri tərəfindən təsdiqedilib.



İ
qtisad üzrə fəlsəfə doktoru, dosent Həsən Məmmədov Modern.az-a Xok seyid ocağının nümayəndəsi Miryaqub Miryusif oğlu ilə bağlı xatirələrini bölüşüb.


İnsanların həyat tarixçəsində, ömür  səhifələrində elə xatirələr olur ki, illər ötdükcə, onilliklər bir-birini əvəz etdikcə belə xatirələr yaddaşlardan silinmir, əksinə qırılmaz tellərlə yaddaşlara bağlanıb, mənən gözəlləşdirir, ülviləşdirir və saflaşdırır insanı.


Bu gün ömrümün daşlı-kəsəkli, enişli-yoxuşlu, hamar və nahamar yollarında irəlilədikcə, dərindən köks ötürərək, qaytarmaq istədiyim ötən günlərimi xatırlayıram...O günlər mənim üçün nə qədər doğma, nə qədər əzizdirlər...


Hamı kimi mənim də həyatımın bir çox illəri orta məktəbdə keçdiyindən, hafizəmdə yaşayan, yaddaşıma həkk olunan xoş xatirələrin bir çoxu da, məhz orta məktəb illəri ilə bağlı olmuşdur. Bu müddət ərzində xatirələri həmişə əziz olan müəllimlərimizin təlim və tərbiyələri sayəsində ətrafı və dünyanı tanımış, müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmuş,  şəxsiyyət kimi formalaşaraq müstəqil həyata qədəm qoymuşam.


Çox zaman mən tək tənha qalıb düşünəndə ötən günləri xatırlayıraq ürəyimdə bir boşluğun dolaşdığını hiss edirəm. Düşünürəm... və qürur dolu hisslərimlə bu boşluğu dolduraraq deyirəm:- “UCA TANRIYA şükürlər olsun ki, kəndimizin qeyrətli, namuslu, savadlı, elə-obaya ziyaları ilə işıq saçan, müdrik müəllimlərimizin əhatəsində böyüdük, boya-başa çatdıq, bu gün də varıq”. Bu günkü xoşbəxt həyatımız üçün müəllimlərimizə borcluyuq. Onların qarşısında səcdədə dayanmaq, minnətdarlıq hissi ilə onları yada salmaq bizim üçün həmişə fəxarətdir.


Kəngərli rayonunun Xok kəndində yüksək intelektual səviyyəli, sayılıb seçilən müəllimlərimiz çox olmuşdur. Onların arasında müqəddəs seyidlər ocağının parlaq övladı, müdrik el ağsaqqalı, əziz və sevimli müəllimimiz, məktəbimizin direktoru, xatirəsi həmişə qəlbimizdə əziz tutulan Miryaqub ağa Seyidovun xüsusi yeri vardır. O, nəinki Xok kəndində, eləcə də qonşu kəndlərdə və Şərur rayonunda savadlı və qabaqcıl riyaziyyat müəllimi kimi tanınırdı.Təkcə onu demək kifayətdir ki, Miryaqub müəllimin riyaziyyat dərsi dediyi sinfə düşən şagirdlər bəxti gətirilənlər hesab olunurdu. İlk gündən ömrünün sonuna qədər eyni həvəs və temparamentlə dərs keçən Miryaqub müəllim şagirdlərinin sevimli müəllimi olmaqla yanaşı, valideynlər tərəfindən çox hörmətlə qarşılanan müqədsdəs bir insan idi. Şagirdlər onu sevdiyi kimi, o, da şagirdlərini sevir və onlara ümidlə yanaşırdı. Ali məktəbdə riyaziyyat fənnindən imtahan verəcək şagirdlərə xüsusi qayğı ilə yanaşır, dərsdən sonra təmənnasız öz evində məşğələlər keçirərək, onların biliklərinin möhkəmlənməsində əlindən gələni edirdi.  Heç yadımdan çıxmır, aşağı sinifdə oxuyarkən ədədin modulunu heç cür qavraya bilmirdim. Rəhmətlik Miryaqub müəllimə müraciət etdim, o, məni evinə dəvət etdi və bircə kəlmə ilə izah etdi ki, ədədin modulu hesablama başlanığıcından həmin ədədə qədər olan məsafəyə deyilir. Məsafə mənfi ola bilməz, məsələn, mənfi bir metr deyə bilməzsən ki, ona görə də mənfi ədədin də modulu müsbət ədəddir. Mənimlə birlikdə həmin dərsə aid bütün misalları həll etdirdikdən sonra yola saldı. Bu hadisədən 40 ildən çox zaman keçsə də, tamamilə başqa ixtisas sahibi olmağıma baxmayaraq ədədin modulu kimi, bir çox riyazi əməliyyatlar, həndəsə məsələlərinin həlli, triqonometriya, loqarifma, inteqral və kombinatorka elementləri və onlar üzərində əməllər bu gün də tam aydınlığı ilə yaddaşıma həkk olunmuşdur. Bu gün ailəmizdə riyaziyyata olan maraq, övladlarımın bu istiqamətdə ali təhsil almalarının köklü səbəbi, bəlkə də onun bu sahədə məndə yaratdığı sonsuz maraq olmuşdur. Şair necə də yerində demişdir:


“İnsan gözlü olsa da kor gəlir kainata,
Müəllim ona göz verir baxmaq üçün həyata.”


Miryaqub müəllim kəndimizdən çıxan yüzlərlə ziyalılara nur verib, işıq verib. Onların yolunu işıqlandırıb. Bu gün respublikamızda və respublikamızın hüdudlarından kənarda fəaliyyətini elm sahəsində, istehsalatda davam etdirən onlarca ziyalıların həyatında bu xeyirxah insanın əməyi danılmazdır.


Əziz və hörmətli müəllimim savadlı bir ziyalı olmaqla yanaşı, həm də qayğıkeş bir insan kimi də xatirəmdə əbədi olaraq yaşayır və yaşayacaqdır.


Bu sətirləri kövrək hisslərimlə yazıram. Mən 6-cı sinifdə oxuyarkən atam vaxtsız dünyasını dəyişdi. Anam, 2-ci sinifdə oxuyan bacım və mən başsız qaldıq. Hiss edirdim ki, mənə bu acını unutdurmaq üçün digər şagirdlərdən fərqli mövqedən yanaşır. Bir gün dərsdən sonra məni direktorun otağına-kabinetinə çağırdı, dərslərimlə maraqlandı, bəzi tapşırıqlar verdi. Sonra oturduğu masanın altından  bir bağlama çıxarıb mənə uzatdı. Dedi ki, havalar soyuyur,uzqdan gəlirsiniz, burada sənə və bacına ayaqqabı və isti paltar almışam bunları götür, apar evinizə. Mənim gözlərim doldu, qəhər məni boğdu, hər şeyimiz var, dedim və imtina etdim. Rəhmətlik məni bağrına basdı, nə qədər təkid etsə də mən razılaşmayıb otaqdan çıxdım. O illərdən uzun zaman fasiləsi bizi ayırsa da indi ömrümün müdrik çağlarında bu hadisəni xatırlayarkən ruhuna rəhmət oxuyaraq deyirəm:- sən əsil insanlıq nümunəsi idin əziz və hörmətli Miryaqub müəllim. ALLAH Sənə rəhmət eyləsin!


Miryaqub müəllimin vaxtsız vəfatı gözlərimin qabağındadır. Həyatda ən yaxın dostum və qardaşım atasını, mən isə mənəvi atamı itirmişdim. Həmin gün atamdan sonra ikinci acını yaşayırdım.


Elə bir müqəddəs gün olmaz ki, valideynlərimizin məzarını yad edərkən, bu işıqlı insanın məzarı yad edilməsin. Ruhuna fatehələr oxunmasın.


Bu gün də cəmiyyət arasında elmdən, insanlıqdan söz düşəndə mütləq Miryaqub müəllimin əziz xatirəsi yad edilir, müəllimlər onunla müqayisə edilir, cavanlara nümunə göstərilir.


Miryaqub müəllim qısa, lakin mənalı bir ömür yaşadı.

Hörmətli müəllimimiz, Sənin unudulmaz və əziz xatirən bizlərin qəlbindən heç zaman silinməyəcəkdir!

Allah Sənə qəni-qəni rəhmət eyləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi